Ailədə xanımın statusu necədir? 

 

Bismilləhir-Rahmənir-Rahim!

İslam dünyası gözəl bir mövlud gününü yaşamaqdadır. Xanım Fatimeyi-Zəhra (s.ə) bütün müsəlmanların ən böyük dəyərlərindən biridir. On iki İmamımızın (ə) hər biri ilə xüsusi bağlantısı olan bir şəxsiyyətdir. Əziz Peyğəmbərimizin (s) gözünün işığı, Həzrət Əmirəlmömininin həm sirdaşı, həm də hər mənada dayağıdır.

Xanım Zəhra (s.ə) – ən ali təqva nümunəsidir

Xanım Fatimeyi-Zəhra (s.ə) haqqında danışmaq sözün həqiqi mənasında çox çətindir. Rəbbimiz Qurani-Kərimdə insanın dəyərini açarkən, insanın qiymətini çatdırarkən, bu buyuruşla bəyan etmişdir:"Həqiqətən Allah yanında ən üstününüz – ən təqvalınızdır”.

Əslində Rəbbimiz bu buyuruşu ilə insanların cinsinə görə, mənsubiyyətinə görə deyil, hansı qövmə, hansı qəbiləyə aid olmasına görə deyil, insanları gerçək bir dəyərə görə dəyərləndirmişdir. Bu buyuruş – həm kişilərə və həm qadınlara aid bir buyuruşdur. Hansı insan daha təqvalıdırsa, Allah yanında ən üstün, ən ali də odur.

Xanım Fatimeyi-Zəhra (s.ə) – təqvanın ən böyük nümunəsi, simvollarındandır. Bizlər Xanımın (s.ə) mövludunu qeyd edərkən, həm də əslində təqva gününü, təqvalılıq ruhiyyəsini qeyd edirik.

Bizlər bu mövludu qeyd edərkən, Allahın yaratdığı ən ali dəyərlərdən birinin mövludunu qeyd edirik. Əslində Allahın qüdrətinin, Allahın yaradıcılığının ən ali təzahürlərindən biridir Xanım Fatimeyi-Zəhra (s.ə).

Xanım Zəhranın (s.ə) əmanəti – iffətli davranış

Bu gün həm də müsəlman dünyasında, əslində elə bütün bəşəriyyətin həyatında xanımların bayramıdır. Bəşəriyyətin mərifəti və dərki ən ali dərəcəyə çatdıqda dərk edəcək ki, bütün qadın varlığı, qadın şəxsiyyəti Xanım Fatimeyi-Zəhranın (s.ə) nümunəsində assosiasiya olunur. Xanım Zəhra (s.ə) qadın varlığının ən ali təzahürüdür. Xanımın (s.ə) malik olduğu ən böyük dəyər – təqvalılıqdır. Xanım Fatimeyi-Zəhra (s.ə) varlığının ən ciddi təqva təzahürü – iffətdir.

Bu gün desək ki, bəşəriyyətin yaşadığı ən böyük böhran bu müstəvidədir – yanılmarıq. Təəssüflər olsun ki, insanları İlahi dəyərlərdən uzaqlaşdıraraq ən bünövrəli, ən köklü, ən fundamental məsələni – iffət mövzusunu sıradan çıxartmaq istəyirlər.

Bu gün dünyada Həzrət Fatimə (s.ə) işığına toplaşanlar, Həzrət Fatimə (s.ə) yolunun yolçuları bütün bu dünyada nəinki, xanımlıq iffətinin simvollarına çevrilir, eyni zamanda bunun aktiv müdafiəçisinə çevrilirlər.

Xanım Zəhranın (s.ə) davamçılarının təqvalılıq simvolu olan iffəti qoruması həyatın bütün müstəvilərində olmalıdır, o, bir müsəlman xanım kimi üzərinə düşən məsuliyyətləri, vəzifələri yerinə yetirməlidir. Sözsüz ki, bunların içərisində ən köklü mövzu ailə ilə bağlıdır.Ailənin qurulması, ailədə ülfət və məhəbbətin yaşadılması, ailədə harmonik münasibətlərin qurulması, övladların tərbiyəsi, həyat yoldaşına münasibət – bir xanımın çiyinləri üzərində olan ali bir məsuliyyətdir.

Əgər xanımlar bütün bu münasibətlərdə təqvalı davranış sərgiləyə bilsələr, bütövlükdə ailə nurani bir məkana çevrilər. Ailədə təqvalı ab-havanın yaranmasında xanımların fövqəl dərəcədə mühüm rolları vardır.

Xanımın ailədə nuraniyyətin formalaşmasında rolu

Ailə həyatı bir xanım üçün çox önəmli bir məsələdir. Təəssüflər olsun ki, bu gün toplumda başqa mövzular aşılanır.Birmənalı şəkildə bilməliyik ki, günümüzdə şeytanın (lən) ən böyük oyunlarından biri budur ki, ailə institutunu, ailə ocağını sarsıtsın, sıradan çıxartsın, ailəni ikinci dərəcəli məsələ kimi göstərsin.

Əgər ailə institutu sıradan çıxacaqsa, bütün bəşəriyyət məhvə doğru gedəcək. Ona görə də, xanımların bu gün birinci dərəcəli məsuliyyəti – məhz ailə institutunun möhkəmləndirilməsi ilə bağlıdır.

Savadlı övladların yetişməsi – savadlı anaların tərbiyəsinə bağlıdır

Müsəlman xanımın əsas məsuliyyətlərindən biri də gözəl təhsil almaqdır. Xanım Fatimeyi-Zəhra (s.ə) – elm və hikmətdə zirvədə idi.Bu gün Xanımın (s.ə) yolunu gedən bütün müsəlman xanımları bilməlidirlər ki, sabahın övladlarını tərbiyə edən ananın yaxşı təhsili, savadı, dünyagörüşü olmalıdır.

Övlad belə ananın tərbiyəsi ilə böyüyəndə sabah topluma böyük bir fayda verə biləcək bir şəxsiyyətə çevrilə bilir. Bu cür savadlı, bacarıqlı, tədbirli, bəsirətli ana tərbiyəsi görmüş bir övlad sözsüz ki, çox böyük inkişafa doğru gedə bilər. Ona görə də, xanımın önəmli məsuliyyətlərindən biri də yaxşı təhsil almaqdır.

Ailə bünövrəsini möhkəmləndirən amil – qarşılıqlı ehtiram

Qeyd etdiyimiz kimi, Xanım Zəhra (s.ə) yolunu gedən istər möminlərin, istər möminələrin həyatının ən ciddi mövzularından biri – ailədir. Nə qədər ailə qurmağa tövsiyə varsa, ailənin daxilində də Allah bəyənən kimi davranmaq da mühüm tövsiyələrdəndir. Ailə - insan həyatında hər gün qarşılaşdığı, hər gün yaşadığı, sınaq meydanı olan bir yerdir. Burada necə davranmasından, iradəvi atdığı addımlardan hər kəsin aqibəti çox asılıdır.

Ötən bəhslərimizdə qeyd etdik ki, ailə həyatında və ailədaxili münasibətlərdə ən mühüm və çox diqqət olunmalı məsələlərdən biri – güzəştlilikdir. Ən çox təkid olunan və vurğu edilən mövzudur güzəştlilik. Qeyd etdik ki, güzəştli davranış ailədə kin-küdurəti aradan aparar, izzəti artırar. Güzəştlilik – bəzilərinin səhv düşüncəsinə rəğmən – nəinki insanı xar edər, zəiflədər, əksinə - insanın izzətinin artmasına səbəb olar.

Güzəştlilik ümumilikdə insanda Allahla bağlı bir tofiqat yaradar, özünün bağışlanmasına səbəb olar. Sadə dillə desək, biz bağışlayarkən, güzəşt edərkən, fədakarlıq göstərərkən, digərləri üçün keçərkən əslində həm də Allah hüzurunda öz bağışlanmağımıza fürsət yaratmış olarıq.Güzəştlilik ailədə bir mənəvi aramlıq yaradar.

Ailədə diqqət edilməli, önəm verilməli mühüm mövzulardan biri də ailə üzvlərinin bir-biriləri ilə ehtiramlı davranışıdır. Həyat yoldaşlarının bir-birilərinə, valideyinlərin övladlarına, övladların valideyinlərinə qarşı münasibətdə ehtiramlı davranışı – ailə sütunlarını möhkəmləndirən ən ciddi amillərdir.

Təbii ki, sual yaranır ki, qəlbdə, daxildə ehtiram var, bu, yetərli deyilmi?İnancımızın tövsiyəsi budur ki, insan qəlbində malik olduğu ehtiramı təzahür etdirməli, üzə çıxarmalıdır.Bu, yanlış mövzudur ki, insanın daxilində insanlara qarşı ehtiramın olması kifayətdir və bunu büruzə verməsə də olar. İnancımız bəyan edir ki, insanlar bir-birilərinə qarşı olan durumlarını təzahür etdirməlidir.

Ailədə ehtiram özünü 3 müstəvidə göstərə bilər

Ailədə ailə üzvlərinin bir-birilərinə qarşı ehtiramı üç məsələdə özünü göstərə bilər. Birincisi budur ki, xoş adlarla, münasib adlarla, bəyənilən adlarla, tərəf müqabilinin sevdiyi adla çağırsınlar. Bu, çox önəmli mövzudur ki, ailə üzvləri həm təklikdə olanda, həm də cəmdə olanda bir-birilərini tərəf müqabilinin bəyəndiyi, xoşladığı və şəninə uyğun adla çağırsın.

Təəssüflər olsun ki, ailədə həm kişi tərəfindən, həm xanım tərəfdən əks tərəfə qarşı bu mövzuya bəzən diqqət edilmir. Bunun əksinə olaraq, biz bəzən görürük ki, tərəflər bir-birilərinə ərk edib uyğun olmayan, şəninə uyğun gəlməyən və ya ədəb qaydalarına uyğun olmayan adlarla müraciət edirlər.

Evə daxil olarkən ailə üzvlərini salamlama

Ailədə qarşılıqlı ehtiramın özünü göstərməli olduğu mövzulardan digəri – evə daxil olmaqla bağlı olan məsələlərdir. Burada bəzi məsələlər kişi ilə, bəzi məsələlər xanımla bağlıdır. Kişi evə daxil olarkən ev əhlini salamlamalıdır. Virtuallaşan dünyada bu, xüsusilə bir problemə çevrilib.

İnsan bəzən elə zənn edir ki, gün ərzində bir neçə dəfə sosial şəbəkələr vasitəsilə ailə ilə hal-əhval tutubsa, artıq evə daxil olarkən onları salamlamağa gərək yoxdur. İnancımızın xüsusi tövsiyəsi budur ki, kişi evə daxil olarkən ailə üzvlərini salamlasın. İmam Sadiq (ə) buyurur:"O vaxt ki, ər daxil olur, gərək ailəsinə salam verə və ondan qabaq ayaqqabısını yerə vura və öskürə, ta ki, ailəsini öz gəlişindən xəbərdar edə”.

Mövzu bu buyurulanların zahiri tərəfində deyil. Hədəf budur ki, kişi evə gələndə ailəsi xəbərdar olsun ki, həyat yoldaşı evə gəlib. Kişi evə kəşfiyyatçı kimi gəlməli deyil. Kişi evə daxil olanda evdə xanımı, uşaqlar bilməlidirlər ki, ailə başçısı evə gəlib, bəlkə elə vəziyyətdədirlər ki, istəmirlər o halda görsənsinlər – mübahisə ediblər, əhvalları pisdir və s.

Kişi evə daxil olarkən hər hansı bir formada evə gəldiyini bildirməlidir. Kişinin evə daxil olarkən salam verməsi də çox önəmlidir. Çünki, salamın cavabını vermək də vacib məsələdir və beləliklə, artıq evə daxil olandan ailə üzvləri arasında xoş ünsiyyət qurulmuş olar. Bəzən sadə görünən salamdan başlayaraq, ailədəki problemlər həllini tapır.

Ailə başçısını qarşılama və yola salma

Ailədə qarşılıqlı ehtiramla bağlı üçüncü mühüm məsələ - ev əhlinin evə daxil olan ailə başçısını qarşılaması və evdən gedərkən yola salmasıdır. Xanım evə gələn həyat yoldaşını qarşılamalı, evdən gedərkən yola salmalıdır. Təəssüflər olsun ki, bu da sıradan çıxmaqda olan mövzulardan biridir. Əziz İslam Peyğəmbəri (s) buyurur:"Xanımın vəzifəsi budur ki, həyat yoldaşını evdə qarşılaya və ona "xoş gəldin!” deyə”. Peyğəmbərimiz (s) bizlərə ailə nuraniyyətinin artması üçün gözəl resept verir.

Xanımlara münasibətə gəlincə, dinimiz bu mövzunu da ictimailəşdirir. Həzrət Peyğəmbər (s) buyurur:"Bir-birinizə xanımlarla yaxşı rəftara tövsiyə edin”. Bu, əziz İslam Peyğəmbərinin (s) hər birimizə olan tövsiyəsidir. Möminlər, iman əhli gərək bir-birilərinə xanımlarla yaxşı davranışa tövsiyə etsinlər.

Başqa bir buyuruşda Peyğəmbərimiz (s) buyurur:"Öz əxlaqınızı yaxşı ediniz, qonşularınızla mehriban olunuz, xanımlarınızı əziz tutunuz ki, cənnətə hesabsız daxil olasınız”. İnsanın əxlaqını gözəl etməsi, qonşularla yaxşı davranması, həyat yoldaşını əziz tutması o qədər mühüm məsələlərdir ki, insanın cənnətə rahat daxil olmasına səbəb ola bilər.

Qadınların bəyənilən rəftarı ilə bağlı isə Həzrət Peyğəmbər (s) buyurur:"Üç dəstə qadının qəbir əzabı olmaz, Qiyamət günü də Həzrət Zəhra (s.ə) ilə məhşur olar. O qadın ki, həyat yoldaşının yoxsulluğuna razı olar. O qadın ki, həyat yoldaşının pis əxlaqı qarşısında səbri əldən verməz. O qadın ki, mehriyyəsini həyat yoldaşına bağışlayar”.

Mövludunu qeyd etdiyimiz Həzrət Zəhra (s.ə) isə xanımlara münasibətlə bağlı buyurur:"Sizlərin ən yaxşısı o kəsdir ki, insanlarla rəftarda mülayim və mehriban olar. Ən dəyərli insan o kəsdir ki, həyat yoldaşına qarşı mehriban və bağışlayandır”.

Onu sevənlər cəhənnəmdən uzaqdır

Bir neçə kəlmə ilə də Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək şəxsiyyəti ilə bağlı mövzuya toxunaq. Bu sahədə ən yaxşı mənbə - hədislərimizdir.

Allahın Peyğəmbəri (s) buyurub:«Qızım ona görə Fatimə adlanıb ki, Allah Təala onu və onu sevənləri oddan (cəhənnəmdən) uzaq edib».

İmam Sadiq (ə) buyurub: «Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra».

Səhabələrdən olan Umarə nəql edir: "İmam Sadiqdən (ə) soruşdum: "Həzrət Fatiməni (s.ə) nə üçün «Zəhra» (parlaq) adlandırıblar?». Buyurdu: «Çünki o, mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı»”.

Əziz Peyğəmbərimiz (s) isə Həzrət Fatiməni (s.ə) öz vücudunun bir hissəsi adlandırır: «Fatimə - mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə - mənim üçün ən əziz şəxsdir».

Digər yerdə Peyğəmbəri-Əkrəm (s) buyurub:«Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O, mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O, mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir».

Yenə də Allahın Peyğəmbəri (s) buyurub: «Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır».

Həzrət Zəhra (s.ə) irsindən bir neçə damla

Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək irsindən də bir neçə qiymətli damla ilə təbərrüklənək.

Xanım Fatimeyi Zəhra (s) Allahla münacatında buyurub: «İlahi! Səni and verirəm qeybdən olan elminə və məxluqlar üzərində qüdrətinə, məni sağ qalmağın mənim üçün yaxşı olduğunu bildiyin müddətə qədər sağ saxla və nə vaxt ölüm mənim üçün yaxşı olsa, onda öldür».

Gördüyümüz kimi, Xanım Zəhra (s.ə) insanın mövcudiyyət fəlsəfəsini İlahi rizayət amili ilə bilavasitə əlaqələndirir.

Digər buyuruşda Xanım Fatimeyi-Zəhra (ə) namazın vacib olma fəlsəfəsi ilə bağlı izah edir:«Allah Təala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi».

Oruc tutmağın hədəfi ilə bağlı isə Xanım Fatimeyi-Zəhra (s.ə) buyurur: «Allah Təala orucu, ixlasın möhkəmliyi üçün vacib etmişdir».

Və yenə də Xanım Fatimeyi-Zəhra (s.ə) buyurur:«Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?».

Cəmiyyətdə münasibətlərin əsası ilə bağlı Xanım Fatimeyi-Zəhranın (s.ə) buyuruşu da çox böyük önəm kəsb edir: «Allah ədaləti, qəlblərin rahatlığı üçün vacib buyurmuşdur».

Allahım, bizlərə Xanım Fatimeyi-Zəhraya (s.ə) layiq bir həyat yaşamağı nəsib et!

Allahım, ailələrimizdə nurani ab-havanın olmasını, qarşılıqlı ehtiramın olmasını nəsib et!

Allahım, bizlərə təqvalı, iffətli davranışı nəsib et! Amin!

 

 

 
Hacı İlqar İBRAHİMOĞLU, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300