Qiyamətin təsviri      

Allahın adı ilə! Qiyamət gününə inam, bütün səmavi dinlərdə əsas əqidə prinsiplərindən sayılır. İslam dini digər səmavi dinlərdən fərqli olaraq əsas inanc mövzularından olan "dünyanın sonu”-na xüsusi diqqət ayırıb. Dini ədəbiyyatda dünyanın sonu haqda çoxlu sayda məlumatlar yer alıb. Qurani-Kərimdə təqribən 1400 ayə və hədis kitablarında yüzlərlə hədis məhz axirət haqdadır. Dünyanın sonu hadisəsi tarix boyu insanların maraq obyektlərindən olub. Fərqli dövrlərdə insanlar Tanrının vədinin reallaşacağı günü təsvir etməyə cəhd göstəriblər. Buna görə də qiyamətin necə və nə vaxt qopacağı peyğəmbərlərə ünvanlanmış ən mühüm suallardan biri olub. (1) İmamət və nübuvvət mövzuları bir-birinə bağlı olduğu kimi, qiyamət də məadla bağlıdır. Məada inanc insanların həm fərdi yaşayışında həm də ictimai həyatında mühüm təsirə malikdir. Etdiyi bütün əməllərə görə cavabdehlik məsuliyyətini dərk edən şəxs ilahi əzabdan çəkinərək heç bir məxluqa zülm etməz. Quran-Kərim bu məsuliyyəti inkar edənlər barədə buyurur: "Qiyamət qopacağı vaxtı heç kəs təkzib edə (dana) bilməz” "...Qiyamətin qopması bir göz qırpımında, yaxud daha tez olar”. (2) Tarix boyu baş verən dəhşətli hadisələr insanlara vəd olunan Qiamət gününü xatırladıb. Xüsusən də son 100 ildə dünyanı bürüyən fəlakətlər insanların gözlənilən "son gün” mövzusuna diqqətini artırdı, nəticədə çoxsaylı filmlər, əsərlər meydana gəldi. Bu əsərlərin hər birində qiyamətin özünəməxsus təsvirlər var. Ancaq təbii ki, gözlənilən günün ən doğru təsviri Allah kitabında qeyd olunub. Bu kiçik həcmli yazıda "Qiyamət” günü Qurandan bir neçə xüsusiyyət qeyd etməklə təsvir olunacaq:

1- Qiyamət mövzusu qeyb məsələləri sırasında yer alır. Onun bərpası Allaha məxsusdur və heç kəs onun nə vaxt reallaşacağını bilmir: "(Ya Rəsulum!) Səndən qiyamət günü haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: "O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: "O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!”(3)

2- Allahın vəd etdiyi haqq-hesab günü bütün insanlar və cinlər dirilər və Allah onları məhşərdə toplayar: "Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün…”! "…Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik”. (4)

3- Qiyamət günü əməl günü deyil. O gun insanlar və cinlərin etdiyi əməllər artırılıb əskilmədən hesablanacaq: "Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar. O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir” "Haqq-hesab günü üçün (axirətdə) vəd olunduğunuz (nemətlər) bunlardır”. (5)

4- Qiyamət günü bütün şəxslərin batini çöhrəsi üzə çıxacaq və heç kəs öz həqiqi üzünü gizlədə bilməyəcək: "Bütün sirlərin aşkar olacağı o qiyamət günü”. (6) Əlbəttə bu mövzu Qiyamət gününə məxsus deyil, elə dünyanın özündə də insanların batini çöhrəsini müşühidə etmək mümkündür. Lakin qiyamət günü bütün insanların gözü açılar və həqiqəti olduğu kimi görər: "Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar.”(7)

5- İnsanın öz Rəbbi qarşısında dayandığı ədalət məhkəməsində insanın öz bədən üzvləri belə etdiyi əməllərə görə şahidlik edəcək. Bu dünyadan fərqli olaraq orada agızdan başqa üzvlər də danışıq qabiliyyətinə malik olacaq. İnsanın etdiyi yaxşı və pis əməllərinə şahidlik edəcək və insan onu təkzib və ya inkar edə bilməyəcək: "Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik – dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər. "Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. "Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?” – deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı…” (8)

6- Qurani-Kərim qiyamət gününü "Yəvmul-həsrət” adlandıraraq onun başqa bir xüsusiyyətini də açıqlayıb. O gün kafirlər və cəhənnəm əhli peşmanlıq və qəm-qüssə içində olarlar. Onlar dünyada öz ömürlərini hədər yerə xərclədikləri və onlara verilən fürsətlərdən layiqincə faydalanmadıqlarına görə peşman olarlar: "(Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!” "(Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!” – deməsin.” "...Qiyamət vaxtı qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: "Dünyadakı təqsirlərimizə görə vay halımıza...!”(9)

7- Qiyamət günündə insan üçün Allahdan başqa əsla sığınacaq yoxdur: "İnsan o gün öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından qaçacaq” "Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!” "(Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün (qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin dəvətini qəbul edin! O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz!”(10)

8- Qiyamət günü hər bir insan hansısa xalqa mənsub olmadan şəxsən etdiyi əməllərə görə hesabat verəcək: "Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz...” "İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir!”(11)

9- Qiyamət günü heç kəsdən əməllərinin müqabilində fidyə qəbul olunmaz. Heç kəs heç kəsdən Allahın əzabını dəf edə bilməz: "... (Onlara Quranı) xatırlat ki,.. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi. O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə görə əzaba düçar olanlardır...” "Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!” "O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz!”(12)

10- Qiyaməti Quranda ona verilən adlarla da təsvir etmək mümkündür. Məsələn: "Haqqə-Haqq olan” (Haqqə surəsi, 1-3), "Saat-Müəyyən olunmuş vaxt” (Ənam surəsi, 31 və 40), "Saxə-Dəhşətli səs” (Əbəsə surəsi, 33), "Tammə- Böyük bəla (qiyamət)” (Naziat surəsi, 34), "Ğaşiyəh-Dəhşət” (Ğaşiyə surəsi, 1), "Qariəh-Əzab günü” (Qariəh surəsi, 1-3), "Nəbəun əzim-Böyük və mühüm bir xəbər” (Nəbə surəsi, 2), "Vaqiəh-Qiyamətin qopacağı gün” (Vaqiəh surəsi, 1-2), "Yəvmul əzifəh-(hövldən) ürəklərin ağıza gələcəyi gün” (Ğafir surəsi, 18), "Yəvmul bə`s-(hamının dirildiyi) qiyamət günü” (Rum surəsi, 56), "Yəvmut-təlaq yəni görüş günü” (Ğafir surəsi, 15), "Yəvmut-tənad yəni vaveyla günü” (Ğafir surəsi, 32), "Yəvmul-hesab yəni Haqq-hesab çəkilən gün” (İbrahim surəsi, 41), "Yəvmul-həqq yəni haqq olan gün” (Nəbə surəsi, 39), "Yəvmul-xuruc yəni (qəbirlərdən) çıxma günü” (Qaf surəsi, 42), "Yəvmul-xulud yəni əbədiyyət günü” (Qaf surəsi, 34), "Yəvmul-fəth yəni Fəth günü” (Səcdə surəsi, 29), "Yəvmul-fəsl yəni (haqq ilə batili) ayırd etmə günü” (Saffat surəsi, 21), "Yəvmul-məvud yəni vəd olunmuş gün” (Buruc surəsi, 2 və Zuxruf surəsi, 83), "Yəvmul-vəqtil-məlum yəni məlum vaxtın günü” (Hicr surəsi, 38). Bütün bu adlardan qiyamətdən öncə həyata keçəcək bəzi hadisələrin də reallaşacağı aydın olur. Eyni halda insan qiyamətin nə qədər əzəmətli bir gün olduğunu dərk edir. Məhz o gün bütün insanların taleyi hər kəsə bəlli olacaq. Əlbəttə məad barədə olan ayələri araşdırılmasında bir neçə cild kitaba ehtiyac duyulur. Bu kiçik yazı qiyamət və məad barədə olan ayələrə azacıq işarə idi.

Qeydlər: 1-"Bəqərə”-260; "Zariyat”-12; "Nəbə” 1-2; "Naziat”-42. 2- "Vaqiə” 1-2; "Nəhl”-77; "Ənam”-73; "Ali-İmran”-9; "Rum”-43; "Şura”-47; "Nisa”-87; "Hud”-103. 3- "Əraf” 187. 4- "Təğabun” 9; "Kəhf” 99. 5- "Sad” 53; "Zariat” 12-13; "Yasin” 54; "Ənbiya” 47; "Kəhf” 49. 6- "Tariq” 9. 7- "Rəhman” 41. 8- "Yasın” 65; "Fussilət” 20-21. 9- "Zümər” 56; "Məryəm” 39. 10- "Əbəsə” 34-37; "Qiyamət” 10-12; "Şura” 47. 11- "Fatir” 18; "Nəcm” 39-40. 12- "Ənam” 70; "Bəqərə” 123; "Duxan” 41.

İlahiyyatçı yazar- Şəhriyar ƏLİYEV

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300