Əhli-beyt (ə) məktəbinin üstünlüyü

Allahın adı ilə! Şiə məktəbi Peyğəmbərin (s) axirəzzamanda yaşayan insanlar üçün əmanət qoyduğu ən xalis məktəbdir. Hər bir şəxs Peyğəmbərin (s) ailəsilə (Əhli-beyti ilə) əlaqə yaradıb, onlarla daha yaxından tanış olmaq istəsə, bu istəyə nail olmaq üçün ən düzgün yol şiə məzhəbidir.

Bunun isbatı üçün aşağıdakı dəlillərə əsaslanırıq:

1. Şiə şəri dəlillərə əsaslanaraq evləri vəhy və mələklərin nazil olduğu Peyğəmbər Əhli-beytindən ilahi hökmləri alaraq onlara itaət edir. Əgər şiələr dinin əsaslarını, əxlaqı və din hökmlərini, eləcə də Quranı tanımaq üçün Əhli-beytə müraciət edirlərsə, bu heç də təsadüfü deyil. Əksinə, bu əqli dəlillərə əsaslanaraq Peyğəmbərin əmrlərinə itaətdən irəli gəlir. Əgər əqli və şəri dəlillər buna maneçilik etməsəydi, şiə İslam birliyinin bərpası üçün sair dörd təriqətdən də itaət edərdi!

2. Dörd məzhəbin üstünlüyünə və o məzhəblərə itaətin lüzumuna heç bir əsasımız yoxdur. Heç bir müsəlman on iki məsum rəhbərin üstünlüyünə tərəddüd etmir. Onlar bəşəriyyətin nicat gəmisi, ümid yeri və insanların arasında olan peyğəmbər əmanətidirlər. Peyğəmbər (s) onların şiələri barəsində buyurub: "Onlardan qabağa keçməyin ki, həlak olarsınız və onlaradan geriyə qalmayın ki, həlakətə uğrayarsınız və onlara nə isə öyrətməyə çalışmayın ki, onlar sizdən daha çox bilirlər”. (1)

3. Üçüncü əsrə qədər Əhli-sünnənin dörd məzhəbi yaranmamışdır. Dörd məzhəbin yaranma tarixinə və banilərinin doğum və vəfat tarixlərinə nəzər saldıqda, həqiqət bir qədər də aydınlanır: Əşəri 270-ci hicri qəməri ilində dünyaya göz açıb, 330-cu ildə dünyasını dəyişmişdir; İbn Hənbəl 164-cü ildə doğulub 241-ci ildə vəfat etmişdir; Şafei 150-ci ildə dünyaya gəlib və 204-cü ildə ölmüşdür; Malik 95-ci ildə doğlub 179-cu ildə dünya ilə vidalaşmışdır; Əbu Hənifə 80-cı ildə dünyaya gəlmiş və 150-ci ildə vəfat etmişdir. Əhli-beyt Peyğəmbər (s) ailəsi olduğundan İslam hökmlərini və Quranı daha yüksək səviyyədə bilirlər. Ona görə də şiələr onlara itaət edirlər. Qeyri-şiələr isə Peyğəmbərin (s) səhabələrini görmüş alimlərə itaət edirlər. Belə olan təqdirdə sual yaranır ki, hansı səbəbdən bütün müsəlmanlar məhz üç əsrdən sonra yaranan təriqətlərə tabe olmalı və başqa məzhəblərdən uzaqlaşmalıdırlar?! Hansı səbəbdən Peyğəmbərin nümayəndələri, elm mərkəzi, nicat gəmisi və Quranla eyni tərəzidə ölçülən Əhli-beyt (ə) unudulmalı və rəhbərlikdən uzaqlaşdırılmalıdırlar?!

4. Əhli-beyt (ə) məktəbinin üstünlüyünə dəlalət edən dəlillərdən biri şiə və əhli-sünnə tərəfindən qəbul olunmuş mütəvatir hədisdir ki, İslam Peyğəmbəri buyurub: "Tezliklə bu ümmət 73 hissəyə bölünəcək və biri istisna olmaqla hamısı həlak olacaqlar” (2)

Bütün İslam firqələri bu hədisi mötəbər hesab edərək hədisdəki qurtuluşa çatan firqənin özlərinə mənsub olduğunu iddia edirlər.

Buna görə də qərəzsiz olaraq Peyğəmbərin (s) hədislərinə diqqət yetiririk: "Səqəleyn” hədisində oxuyuruq ki, hər kəs Quran və Əhli-beytdən möhkəm tutsa, qurtuluşa çatmışdır və bu iki qiymətli şeydən ayrılarsa həlak olmuşdur.” İslam Peyğəmbəri (s) "səfinə” hədisində Əhli-beyti (ə) nicat gəmisinə bənzədərək Onlardan üz çevirənlərin həlak olacaqlarını izah edib. Başqa bir mötəbər hədisdə buyurub: "Əli haqq ilə, haqq da Əli ilədir”. (3) "Qiyamət günündə məhz həzrət Əlinin (ə) şiələri qurtulacaqlar.”(4)

Onlarla başqa hədislər də mövcuddur ki, bunlar hər bir dəstənin Əhli-beytə qoşulduğunu nicat əlaməti hesab edərək bunun həqiqətə uyğun oduğunu bildirirlər. Bəzi hədislərdə həzrət Əlinin (ə) İslam Peyğəmbərindən (s) belə soruşduğu nəql edilir: "Ey Allahın Peyğəmbəri! Xilas olanlar kimlərdir?” Həzrət buyurdu: "Sən, əshabın və sığındıqlarınıza sığınanlar (göstərişlərinizə əməl edənlər) xilas olacaqlar” (5) Camaat həzrət Peyğəmbərdən soruşdular: "Ey Allahın elçisi! Səndən sonra bizim qurtuluş yolumuz hansıdır və xilas olmuş firqəni necə tanımalıyıq?” Həzrət buyurdu: "Ey insanlar mən sizin aranızdan gedir və sizin üçün iki ağır əmanət qoyuram: "Quran və Əhli-beytim”. Nə qədər ki, onlara sarılıb bu iki yadigarıma itaət edirsiniz, yolunuzu azmayacaqsınız. Bunlar Kövsər hovuzunda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar” (6)

Qərəzsiz olaraq Peyğəmbərin bu mövzuda buyurduğu kəlamlara diqqət yetirilərsə, onların həzrət Əlinin (ə) şiələrinə (tabeiyyətində olanlara) açıq-aydın bir işarə olduğu müşahidə olunar. Çünki, şiə Qurana etiqad bəsləmək və ona itaət etməklə yanaşı dinin əsaslarını Əhli-beytdən öyrənir.

Digər qeyd etmədiyimiz hədislər də mövcuddur ki, Əhli-beyt məktəbinin ardıcıllarını əzabdan xilas olan məzhəb kimi hesab edirlər. Məhz bu məktəbin buyurduqlarına itaət etmək bəşəriyyətin xilasına səbəb olacaq. Bu hədisləri araşdırdıqdan sonra belə nəticə almaq olar ki;

1) İslam Peyğəmbəri (s) qurtuluşa çatan məzhəbin rəhbəridir.

2) Quran ayələri və mötəbər hədislərə əsasən Əhli-beyt (ə) Peyğəmbərdən sonra həmin məzhəbə rəhbərlik edirlər.

3) Səqəleyn və səfinə hədislərinə əsasən Əhli-beytə sarılıb onlara tabe olan insanlar xilas olacaqlar.

4) Əhli-sünnə hamılıqla deyirlər ki, Allahın varlığına və Peyğəmbərə şəhadət verən, namaz qılıb oruc tutan, həccə gedən, cihad edən və zəkat verən bir şəxs cənnət əhlidir.

5) Şiələr və əhli-sünnə dini əsasların əksəriyyətində eyni fikirdədirlər. Əlbəttə şiələr bunlardan əlavə Əhli-beytə də itaət edirlər. Deməli, əhli-sünnə qurtuluşa çatmağa layiqdirlərsə, onda şiələr ilk növbədə qurtuluşa çatmalıdırlar. Çünki, onlar qurtuluşa daha çox layiqdirlər.

6) Səhabələrin müxtəlif məsələlərdə olan fikir ayrılıqları danılmazdır və heç kim hətta əhli-sünnə bu həqiqəti inkar etmir. Səhabələrin heç biri digərini kafir hesab etmirdi. Heç bir səhabə məhz bir səhabəyə itaət etməyi zəruri bilmirdi. Bütün bunlara baxmayaraq onların hamısı Əhli-beyti pak insanlar kimi tanıyıb və onlara məhəbbət bəsləmək və itaət etməyi vacib bilirdilər.

7) İslam peyğəmbərinin (s) kəlamları Əhli-beytə itaət etməyə dəlalət edir. Tarix açıq-aydın göstərir ki, şiələr məhz Qurana və Əhli-beytə itaət ediblər. Dinin əsaslarını eləcə də dini hökmləri onlardan öyrəniblər. Şiələr xüsusilə alimlər Əhli-beyt məktəbinə itaət etdiklərinə görə fəxr ediblər. Çünki, onlar Əhli-beytin imamət və rəhbərliyini qəbul etməklə onların dostlarını dost, düşmənlərini düşmən bilirlər. Bunu etməklə özlərini Qurani-kərimə ən uyğun əməl etdiklərini iddia edirlər. Çünki, Quran Əhli-beytin məhəbbətini və itaətini hər bir müsəlmana vacib etmişdir. Buna isə məhs şiələr əməl edirlər. Hədislərdə də bəyan olunub ki: "Əhli-beytin məhəbbəti sözün tamamlayıcısı, nemətin vüsəti və ixtilafların həllidir” Yəni Əhli-beytə itaət etmək bütün məzhəbi ixtilafları aradan qaldırır, dünya müsəlmanları arasında vəhdət yaradır. (7)

Beləliklə dünya müsəlmanları iki nöqtədə birlik yarada bilərlər: Quran və Əhli-beyt. İslam dini yaranandan hazırkı dövrə qədər müsəlmanların bütün problemləri bir-birini qəbul etməmək və vahid din və siyasi mərkəzə arxalanmamaqdadır. Deməli,

Quran və Əhli-beytə itaət etmək və Əhli-beyti dini və siyasi məsələlərdə yeganə müraciət olunası şəxsiyyətlər hesab etmək xalq tərəfindən qəbul olunarsa, bu müsəlmanların problemlərdən yeganə və ən yaxşı çıxış yoludur. Müsəlmanların vəhdətilə ziddiyyət təşkil edib ixtilafa səbəb olsa belə, məzhəb qədər əhəmiyyətli olan bir həqiqət üzə çıxarılmalıdır. Bunun gerçəkliyini anlamaq üçün aşağıdakı nümunələri nəzərdən keçirmək olar:

1) Peyğəmbər (s) Qədir-Xumda həzrət Əlini (ə) özündən sonra xəlifə olacağını elan etdi. Halbuki, o həzrət (s) gələcəkdə hansı hadisələrin baş verəcəyindən məlumatlı idi.

2) Peyğəmbərdən (s) sonra həzrət Əli (ə) İslamın mənafeini nəzərə alaraq müxaliflərlə müharibə etməsə də, hikmətlə dolu "Nəhcül-bəlağə”də onun haqsızlıqla barışmayıb haqqı tələb etməsi açıq-aşkar müşahidə olunur.

3) İslam aləmində (peyğəmbərlik və vəsilik məqamından başqa) son dərəcə uca məqama sahib olan həzrət Məhəmmədin (s) qızı Fatimə (s.ə) də, həzrət Əlinin (ə) haqqını tələb etmiş və onun müdafiəsinə qalxmışdı.

Hazırda İslam dünyası hər dövrdən artıq birliyə ehtiyaclıdır. Ona görə də bütün müsəlmanlar ortaq məsləklər ətrafında toplanmalı, ixtilaflı məsələləri kənara qoymalı, Quran və Əhli-beytə (ə) sığınımalı, İslamın göstərişlərinə itaət edib yekdil olmalı, İslam və müsəlmanların birliyi üçün çalışmalıdır. Müsəlmanların arzusu da məhz budur.

Bu gün bütün müsəlman dünyası bəşəriyyətin xilaskarı həzrət Məhdinin (ə.c) zühurunu gözləyir. Çünki hamı bu arzuların İmamın zühuru ilə həyata keçəcəyini bilir. Biz buna zəmin hazırlamalıyıq!

Qeydlər:

1) "Mənaqibu-Əmiril-Möminin”, c. 2, səh: 376; "Biharül-ənvar”, c. 28, səh. 363

2) "Xisal”, səh. 636; "Əvaliül-ləali”, c. 1, səh. 83; "Biharul-ənvar”, c. 28, səh. 5

3) "Mənaqibu-Əmiril-Möminin”, c. 1, səh. 492; "Şərhul-əxbar”, c. 2, səh. 60; "Mufidul-fusulil muxtarə”, səh. 97; "Əl-ehticic", c. 1, səh. 97

4) "Yənabiul-məvəddət”, c. 1, səh. 77; "Mənaqibu-Əmiril-Möminin”, c. 2, səh. 284 və 287 "Məcməul-bəyan”, c. 6, səh. 103

5) "Əvaliül-ləali”, c. 4, səh. 66; "Mustədrəki səfinətül-bihar”, c. 8, səh. 190

6) "Əmanul-ummət minəl-ixtilaf”, səh. 135

7) "Mən la yəhzuruh əl-fəqih” c. 2, səh. 616

 

 İlahiyyatçı yazar- Şəhriyar ƏLİYEV


Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300