İşğaldan sonra 4 ay Kəlbəcərdə - 62 nəfərin hekayəti... » Ulu Yol Xəbər portalı

              İşğaldan sonra 4 ay Kəlbəcərdə -62 nəfərin hekayəti...

 

1993-cü ilin aprelin 18-də Başlıbel kəndində baş verən dəhşətli hadisədən 25 il ötür...

Bu gün Kəlbəcər rayonunun ən böyük kəndi olan Başlıbeldə ermənilərin törətdiyi qətliamdan 25 il ötür. Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalından 16 gün sonra Başlıbel kəndində törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb.

Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və onlara qoşulan üç əsgərlə birlikdə əllərində olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Ermənilərin hücumu zamanı 27 nəfər dinc sakin, əslən Zərdab rayonundan olan Vüqar adlı əsgər güllələnərək qətlə yetiriliblər. Vüqarın qəhrəmanlığı-əlindəki silahla müqavimət göstərməsi ermənilərin bütün sakinləri qırmasının qarşısını alıb. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya müharibəsi iştirakçısı olan bir nəfəri-Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər.

19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər- I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

Qeyd edək ki, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşirdi. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər isə Azərbaycan türkləri olub.

İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub. Kənddə işğal dövründə 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi, 2 kitabxana fəaliyyət göstərib. İşğal dövründə kənddə olan 25 ədəd yük avtomobili, 2 UAZ, 2 sərnişin avtobusu, 5 traktor, onlarla digər kənd təsərrüfatı texnikası kənd ərazisində qalıb. Kənd sakinlərindən heç kəs evindən heç bir əmlak çıxara bilməyib. O cümlədən 4500 iribuynuzlu, 12 000 xırdabuynuzlu heyvan, 100 minədək ev quşu, 700 arı ailəsi kənd ərazisində qalıb və ermənilər tərəfindən qarət edilib. Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Başlıbeldə törədilən qətliamdan bəhs edən "Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” adlı kitab Azərbaycan və ingilis dillərində çap edilib.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300