İrəvan: Etirazlar davam edir, hakim partiya hakimiyyəti verməyə tələsmir

 

Ermənistanda "məxməri inqilab" elan edən etiraz hərəkatı təzyiq altında istefa verməyə məcbur olmuş baş nazir Serj Sarkisyanın rəhbəri olduğu hakim Ermənistan Respublikaçılar Partiyasını (ERP ) hakimiyyəti "sarsıntısız" xalqa təhvil verməyə çağırır.

Etiraz hərəkatının lideri Nikol Paşinyan Serj Sarkisyanın istefasını "mübarizənin birinci mərhələsi" hesab edir və tərəfdarlarını ERP-nin hakimiyyətdən tam kənar edilməsinə nail olmayınca itaətsizlik aksiyalarını davam etməyə çağırır.

Çərşənbə günü növbəti axşam mitinqində Paşinyan tərəfdarlarını aprelin 26-da küçəyə çıxmağa çağırıb.

"Biz bu işi axıra çatdırmaq üçün daha bir addım atmalıyıq. İtaətsizlik aksiyası sabah saat 12-də yenidən başlanmalıdır. Küçə və körpüləri bağlayın", - o deyib.

Etiraz aksiyaları Ermənistanın başqa şəhər və rayonlarında da davam edir.

Yerevanda eyni ərazidə bir-birinə yaxın yerləşən hökumət binasının və ERP qərargahının ətrafında polis keşik çəkir. Binalar polis tərəfindən əhatəyə alınıb, yaxınlıqda iki zirehli maşın və çoxlu avtobus dayanıb.

Nümayişçilərlə polis arasında gün ərzində toqquşmalar müşahidə olunmayıb.

Ermənistan polisi "qeyri-siyasi qurum olaraq" hər hansı hərəkata və ya siyasi qüvvəyə qatılmadığını bəyan edib.

"Polis dövlətin sütunlarından biri olaraq, dövlətçilik, sabitlik və ölkənin daxili təhlükəsizliyinin qarantıdır, qanuna əsasən və qanun çərçivəsində hərəkət edir", - bəyanatda deyilir.

Sənəddə həmçinin polis rəisinin "siyasi proseslərdə iştirak" etmədiyi və "heç bir tərəfi" dəstəkləmədiyi bildirilir.

Bağlı yollarda avtomaşınlar geri dönməyə məcburdurlar, lakin sürücülər hələ narazılıq bildirmir, əksinə, siqnallarla nümayişçiləri alğışlayırlar.

"Məxməri inqilab" liderinin daha əvvəl bəyan etdiyi plana əsasən, müvəqqəti hökumət formalaşmalı, parlament dağıdılmalı və yeni "ədalətli parlament seçkiləri" keçirilməlidir.

Əlbəttə, ilk növbədə ERP hakimiyyəti təhvil verməlidir. Lakin Serj Sarkisyanın istefasından sonra baş nazir vəzifəsini birinci baş nazir müavini Karen Karapetyan icra edir.

Aprelin 25-də onun hakimiyyəti təhvil verilməsi ilə bağlı Nikol Paşinyanla görüşü baş tutmadı. Hələlik parlamentdə çoxluq təşkil edən ERP hakimiyyəti əlindən verməmək üçün yollar axtarır. Lakin "meydan" artıq baş nazir vəzifəsinə öz namizədini "təsdiq edib", respublikaçıların hakimiyyətdən "sarsıntısız" imtina etməsi isə "bir-iki günün işidir". Bu mövqe etiraz aksiyalarında səslənir.

Respublikaçılar günü-gündən öz təsir imkanlarını itirir və artıq Daşnaksutyun Erməni İnqilabi Federasiyası çərşənbə günü ERP ilə hakim koalisiyadan çıxdığını elan edib.

On minlərlə etiraz iştirakçıları isə meydanda: "Nikol - baş nazir", - səsləyir.

Etirazçıların bu qərarını parlamentin müxalif "Yelk" ("Çıxış") fraksiyası da dəstəkləyir. Fraksiyanın üzvü Edmon Marukyan rəsmən Paşinyanın namizədliyini təklif edəcəyini deyib.

"Xalq namizədi"Nikol Paşinyanın baş nazir seçilməsi ehtimalı böyükdür. Etiraz hərəkatı liderinin sözlərinə görə, hətta bir neçə mövcud hakim ERP təmsilçiləri onun namizədliyini dəstəkləməyə hazır olduqlarını deyiblər (BBC-Azərbaycanca).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300