Dünyada jurnalist qətlləri artıb
İldən-ilə artan faktlar və statistika barədə bilmədiklərimiz
Aprelin 30-da Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən iki partlayış zamanı ölən 29 nəfərdən 9-u kütləvi informasiya vasitələrinin əməkdaşlarıdır.
Hücum nəticəsində "TOLOnews" telekanalının operatoru, 1TV telekanalının jurnalisti və operatoru, "Mashal TV" telekanalının iki əməkdaşı, və "Azadi Radio"nun ("Azad Avropa Radiosu/Azadlıq Radiosu"nun Əfqanıstan filialı - red.) üç jurnalisti, eləcə də "Agence France-Presse"in Əfqanıstan paytaxtındakı bürosuna rəhbərlik edən fotomüxbir Şah Marai həlak olub.
Qeyd edək ki, hücum xarici ölkələrin nümayəndəliklərinin, eləcə də Əfqanıstanın Kəşfiyyat Agentliyinin yerləşdiyi bölgədə həyata keçirilib. İlk partlayış yerli vaxtla səhər saat 8 (Bakı vaxtı ilə 07:30) radələrində baş verib. Partlayışı motosikletdəki terroçu-kamikadze həyata keçirib.
İkinci partlayış isə 20 dəqiqə sonra - hadisə yerinə təcili yardım xidmətləri və jurnalistlər gələn zaman eyni bölgədə baş verib. Ümumilikdə 29 nəfər ölüb, azı 49 nəfər yaralanıb.
Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Amma bu, jurnalistlərə qarşı son illərdə baş verən çoxsaylı terror olaylarından sadəcə biridir.
Jurnalistlərin Müdafiə Komitəsi qeyri-kommersiya təşkilatının verdiyi məlumata görə, 2015-ci illə müqayisədə 2016-cı ildə daha az jurnalist öldürülüb. Amma ölüm hallarının azalmasının səbəbləri arxayınlıq yaratmamalıdır.
2016-cı ilin əvvəlində "Amerikanın Səsi” bir jurnalistini
itirib. Müstəqil jurnalist Almiqdad Mocalli "Amerikanın Səsi”nə üç ay boyunca
müharibənin Yəmənə olan humanitar təsiri barədə məlumat verirdi. O, Yəməndə peşə
vəzifəsini yerinə yetirərkən Səudiyyə Ərəbistanının başçılıq etdiyi hava hücumu
nəticəsində həlak olub.
Jurnalistləri Müdafiə Komitəsinin yaydığı yeni hesabata əsasən, Mocalli 2016-cı
ildə ölən 48 jurnalistdən biridir. Bu jurnalistlər ya qətlə yetirilib, ya da
döyüş zamanı və ya təhlükəli təyinat zamanı ölüb.
Almiqdad Mocalli
Komitənin müdafiə məsələləri üzrə direktoru bunun səbəblərinin tam aydın olmadığını deyib: "Buradan çıxara biləcəyimiz bir nəticə odur ki, bəzi münaqişələr jurnalistlər üçün o qədər təhlükəlidir ki, artıq daha az insan jurnalistika ilə məşğul olur”, deyə o bildirib.
Bu, əsasən də Yaxın Şərqdə müharibənin getdiyi yerlərə aiddir. Ölənlərin yarısından çoxu Suriya, Yəmən və ya İraqda təyinat zamanı həlak olub. Təkcə ardıcıl olaraq beşinci ildir dünyada ən çox insanın öldüyü ölkə olan Suriyada 14 jurnalist həyatını itirib.
Amma hətta jurnalistlərin qətlə yetirilmə şanslarının daha az olduğu ölkələrdə belə, müxtəlif senzura və hədə-qorxu formaları mövcuddur. Məsələn hesabatda bildirirlir ki, bütün dünyada həbs olunan jurnalistlərin üçdə biri Türkiyədədir.
"Münaqişə zonaları jurnalistlər üçün daha da təhlükəli olmağa başlayır. Bundan əlavə, repressiya da baş verir, jurnalistlər həbs edilərək, sosial media saytlarında deyilən və yazılanlara qarşı təqiblər davam etdirilərək tənqiqi səslər boğulur."
Jurnalistika professoru Stiv Raymer deyir ki, Rusiya da
daxil olmaqla bəzi ölkələrin hökumətləri jurnalistlərə nəzarət etməyin daha
asan yolunu tapıblar.
"Hesabata əsasən, 2013-cü ildən bəri Rusiyada jurnalist öldürülməyib, amma
onların və digər tənqidi səslərin susdurulması üçün o qədər çox qanun qəbul
edilib ki, onların insanları, jurnalistləri öldürməsinə ehtiyac qalmayıb.”
Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, öldürülən hər
10 jurnalistdən təxminən doqquzu xarici deyil, yerli olub. Bu da tarixi
tendensiyalara uyğun statistikadır. 2016-cı ildə baş verən qətllərin yarısından
çoxuna görə radikal islamçı militant təşkilatlarının da daxil olduğu siyasi
qruplar məsuliyyət daşıyır.
Jurnalistlərin Müdafiəsi Komitəsi (Committee to Protect Journalists — CPJ)
2015-ci ildə bütün dünyada 69 jurnalistin peşə fəaliyyəti zamanı həlak olduğunu
qeyd edib. Sputnik-in CPJ.org-a istinadən verdiyi məlumata görə, jurnalistlərdən
28 nəfəri və ya 40 faizinin İslam ekstremistləri tərəfindən öldürüldüyü
bildirilir. Bu siyahıya bu ilin 1 yanvar — 23 dekabr tarixləri arasında
öldürülmüş jurnalistlər daxil edilib. Bu siyahıda 2014-cü ildə 61 jurnalist
vardı.
CPJ-nin hesabatında deyilir ki, 2015-ci ildə öldürülümüş jurnalistlərin sayı
arta bilər, çünki daha 26 jurnalistin qətli üzrə araşdırmalar hələ başa
çatmayıb.
CPJ məhz buna görə jurnalist ölümləri ilə əlaqədar siyahıları vaxtaşırı yenilədiyini
vurğulayıb.
2015-ci ildə jurnalist ölümlərinin ənənəvi xəritəsi də bir qədər dəyişib.
2015-cı ildə ən çox jurnalist ölümü Suriyada qeydə alınıb. Bu il Suriyada 13 jurnalist öldürülüb, baxmayaraq ki, ötən illə müqayisədə bu ölkədə öldürülən jurnalistlərin sayı azalıb.
"Charlie Hebdo" satirik jurnalına silahlı
basqında 9 jurnalistin öldürülməsi nəticəsində Fransa jurnalist ölümlərinə görə
cədvəldə ikinci yerə qalxıb.
3-cü yeri 6 jurnalistlə Braziliya tutur. ABŞ və Türkiyə hər biri 2 jurnalistlə
10-11-ci yerləri bölüşdürür.
Jurnalistlər üçün təhlükəli ölkələrin siyahısında Şimali Sudan, Yəmən, İraq və Banqladeş də var. Adıçəkilən ölkələrin hərəsində bu il 5 jurnalist öldürülüb. Meksika 4, Somali 3 jurnalistin qətli ilə siyahıda ardıcıl olaraq 8-9-cu yerləri tuturlar.
Kenya, Ukrayna, Pakistan, Kolumbiya, Liviya, Polşa, Qana, Hindistan və Qvatemalanın hərəsində 1 jurnalist qətlə yetirilib.
Bütün bu faktlar jurnalistikanın dünyadakı ən təhlükəli peşələr siyahısında olduğunu bir daha sübuta yetirir. Xüsusən müharibə bölgələri jurnalistlər üçün maksimum təhlükəli sayılır.
Musavat.com