Natiq Cəfərli:"Sosial əhəmiyyətli mallara ƏDV və idxal rüsumları ləğv edilməlidir”

 

Ekspert iqtisadi inkişafın və sosial rifahın yolu ilə bağlı təkliflər verdi; dünya təcrübəsi necədir?

Azərbaycanda bəzi məhsullar tamamilə ƏDV və idxal rüsumlarından azad edilib. Lakin təəssüf ki, bu məhsulların içində gündəlik tələbat məhsullarına daxil olan, lakin ölkədə istehsalı həyata keçirilməyən istehlak malları yoxdur.

Məsələn, dövlət siyasətinin bir qolu da demoqrafik siyasətdir və əhali sayının artması önəmli məsələlərdən biridir. Lakin əsasən xaricdən idxal olunan uşaq qidalarının, uşaq bezlərinin və körpələrə məxsus təmizlik vasitələrinin, uşaq paltarlarının qiyməti o qədər bahadır ki, ailələr artıq bir və ya iki uşaq dünyaya gətirib böyütməyə belə çətinlik çəkirlər. Demək olar ki, 3 və ya 4 uşaqlı gənc ailələrə nadir hallarda rast gəlinir. Bu məhsulların ucuzlaşması üçün tətbiq olunan 18 faizlik ƏDV-nin ləğvi müsbət nəticə verə bilər. Bundan başqa, mətbuatın inkişafı dövlətin prioriteti olsa da, qəzet kağızı və çap üçün önəmli olan digər məhsullar ƏDV-dən azad edilmir. Bu kimi bir çox sahələri sadalamaq olar ki, dövlət həmin sahələrə aid bəzi məhsulları ƏDV və idxal rüsumlarından azad etsə, heç nə itirmiş olmaz.

Nazirlər Kabineti ile ilgili görsel sonucu

 

Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 17 nömrəli qərarına əsasən idxal rüsumu və ƏDV-dən azad edilən malların siyahısına nəzər salsaq görərik ki, bunlar əsasən dövlətin özünün müxtəlif qurumlar vasitəsilə idxal etdiyi nəsnələrdir. Məsələn, "Aqrolizinq” ASC-nin idxal edib fermerlərə satdığı cins heyvanlar, əkin üçün müxtəlif toxumlar, gübrələr, bəzi aqrokimiyəvi maddələr, bir sıra kənd təsərrüfatı və emalı texnikası, müxtəlif qurğu və avadanlıqlar, ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri, suvarma qurğuları, kənd təsərrüfatı texnikası üçün nəzərdə tutulmuş qurğular və qoşqu vasitələridir.

Hökumətin aqrar və sənaye sahələrinin inkişafı ilə bağlı qəbul etdiyi proqramların icrası baxımından bu malların idxalının rüsum və vergilərdən azad edilməsi müsbət hal olsa da, bunun digər sahələrə, xüsusən də sosial tələbatın olduğu məhsullara da tətbiqi önəmli məsələdir.

Natiq Cəfərli ile ilgili görsel sonucu

 

Mövzu ilə bağlı "Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, hazırda bu məsələyə çox qəribə bir yanaşma hökm sürür:"Nə zaman sosial əhəmiyyətli malların idxalına tətbiq olunan gömrük rüsumunun və ya ƏDV-nin ləğv olunması məsələsi gündəmə gəlirsə, rəsmi qurumlar dərhal bunun dövlət büdcəsinə zərər vuracağını deyirlər. Ancaq dövlətin hegemon olduğu sahələrdə, məsələn, istehsalla bağlı sənaye avadanlıqları, neftayırma zavodları üçün avadanlıqlar, kənd təsərrüfatında aqrolizinqin gətirdiyi avadanlıqlara isə gömrük rüsumları və ƏDV ləğv edilir. Bu zaman heç dövlət büdcəsi haqqında düşünmürlər. Mən bu yanaşmanı doğru hesab etmirəm”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda istehsal olmayan və gündəlik istehlak malları qrupuna daxil olan məhsullara da bu cür güzəştlərin olması çox vacibdir:"Bu, bazarda çox ciddi ucuzlaşmaya gətirib çıxara bilər. Azərbaycanda uşaq qidaları istehsal olunmur və bu sahədə daxili bazarı qorumaq kimi bir problem yoxdursa, nədən böyük həcmdə vergilər və gömrük rüsumları olmalıdır. Digər tərəfdən, Azərbaycanda dərman istehsalı yoxdur, zavodlar tikilməyib. Hələ ki dərman zavodlarının tikintisi gedir, nə zaman açılacağı və hansı məhsullar buraxacağı da məlum deyil. Buna baxmayaraq, dərmanlara həm ƏDV, həm də gömrük rüsumu tətbiq olunur. Vergilərlə bağlı güzəştlərin tətbiq olunması həm qiymətlərdə ucuzlaşmaya, həm məhsulların bol olmasına, daha çox sahibkarların bu sahələrlə məşğul olmasına səbəb olar ki, bu da son nəticədə rəqabəti artırar. Ancaq bu cür addımlar atılmır. Dövlətin özünün hegemon olduğu iqtisadi sahələrdə vergi və gömrük güzəştlərinə gedilir.

ƏDV və idxal rüsumları ile ilgili görsel sonucu

 

Azərbaycanda istehsal olunmayan, daxili bazarı qorumaq kimi bir problemi olmayan, əsasən də sosial koteqoriyaya aid edilən məhsulların gömrük rüsumu və ƏDV-dən azad edilməsi və ya bu vergilərin minimuma endirilməsi çox vacib addım olardı. Ancaq mən hazırda belə bir addımın atılacağını düşünmürəm. Bəzi hallarda bu istiqamətdə verilən qərarlar da ölkədəki inhisarçılığa görə o qədər də böyük effekt vermir. Məsələn, kərə yağının idxalı ilə bağlı gömrük rüsumu 15 faizdən 5 faizə endirildi, ancaq qiymətlərdə o qədər də böyük ucuzlaşma müşahidə edilmədi. Çünki kərə yağını ölkəyə 4-5 şirkət gətirir, bu sahədə ciddi rəqabət yoxdur".

ƏDV-nin diferensiallaşması məsələsinə gəlincə, Natiq Cəfərli bu sistemin tətbiqinin çətin bir proses olduğunu vurğuladı:"Dünyada diferensial ƏDV tətbiq edən ölkələr var. Lakin onlar hesabatla bağlı çətinlik yaşadıqlarından, bəzi hallarda bunu ləğv ediblər. Ola bilər ki, Azərbaycanda da belə bir qərar qəbul olunsun. Ancaq bu, sonradan hesabatlılıqla bağlı çətinliklərə gətirib çıxara bilər. Çünki Azərbaycanda ƏDV-nin əvəzləşdirilməsi kimi bir anlayış da var. Gömrükdə ƏDV ödənilir və sonradan həmin məhsul başqa bir şirkətə satıldıqda ƏDV-nin əvəzləşdirilməsi aparıla bilər. Qanunvericilikdə də bu nəzərdə tutulub. Bu da bir qarışıqlıq yarada bilər. Mən hesab edirəm ki, çoxşaxəli ƏDV sisteminə keçməkdənsə ƏDV-nin özünün azaldılması daha məntiqli olardı. Bütün məhsullar üzrə 18 faizdən 15 faizə endirilməsi, sosial əhəmiyyət daşıyan məhsullar üzrə, ümumiyyətlə, ləğv edilməsi daha yaxşı bir addım olardı”.

Bu mövzuda xarici təcrübəyə toxunan iqtisadçı bildirdi ki, ƏDV-nin yüksək olduğu ölkələrdə həyat səviyyəsi də bir o qədər yüksəkdir:"Məsələn, ABŞ-da hər ştatda ƏDV dərəcəsi fərqlidir. Bəzi ştatlarda, əsasən də Nyu-Yorkda ticarət vergisi daha çoxdur. Bu şəhərdə satılan malları başqa şəhərlərdə daha ucuz ala bilərsiniz. Bu da həyat səviyyəsi və əhalinin sıxlığı ilə bağlıdır. Azərbaycan federal deyil, unitar bir ölkədir və bütün ölkədə eyni qaydaların tətbiqi vacibdir. Bizim üçün Avropa ölkələrinin təcrübəsi daha önəmli ola bilər. Ancaq yanaşma fərqli olmalıdır. Elə ölkələr var ki, orada ƏDV çox yüksəkdir 22-23 faizdir. Ancaq o vergilər toplandıqdan sonra vətəndaşlara geri dönüşü də təmin olunur. Vətəndaş görür ki, daha çox vergi versə də, pulsuz təhsil, pulsuz sığortalı səhiyyə ilə təmin olunur və sair. Azərbaycanda bizim atacağımız addım ondan ibarət olmalıdır ki, kölgə iqtisadiyyatını gün üzünə çıxaraq. İqtisadiyyatımızın 60 faizi kölgə iqtisadiyyatında formalaşıb. Bu çox böyük rəqəmdir. Ona görə də ilk illərdə vergi dərəcələrini, rüsumları minimuma endirib həm vətəndaşı, həm də biznesi vergi ödəməyə öyrətmək lazımdır. Bundan sonra gələcəkdə vergi dərəcələrinin yüksəlməsi ilə bağlı addımlar atıla bilər. Azərbaycanda nə vətəndaşlar, nə də məmurlar arasında vergi ödəyicisi davranışı formalaşmayıb. Məmurların gəlir deklorasiyası haqqında qərar verilsə də, bu günə qədər tətbiq olunmur. Biznes çalışır ki, gəlirini gizlətsin və daha az vergi ödəsin. O səbəbdən kölgə iqtisadiyyatı formalaşıb. Hökumətin qarşısında duran ən önəmli məsələ odur ki, kölgə iqtisadiyyatını minimuma endirsin. Dünya təcrübəsi də göstərir ki, bunun üçün də ilkin addım vergi və gömrük rüsumlarının minimuma endirilməsidir ki, əhalidə, sahibkarlarda vergi ödəmə vərdişi yaransın. Biznes inkişaf etdikcə, rəqabət yarandıqca, daha çox bazar oyunçusu formalaşdıqca bir neçə ilə vergi və gömrük dərəcələrini artırmaq mümkündür”.

Nərgiz LİFTİYEVA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300