Dilimizdəki rus sözlərindən niyə qurtula bilmirik?

 

  Sabir Rüstəmxanlı: "Həm dilimizə, həm də həyatımızın müxtəlif tərəflərinə təzyiqlər var...”

Bir çox rus sözləri var ki, hələ də onlardan dilimizdə geniş şəkildə istifadə olunur. Zaman-zaman bu məsələ gündəmə gəlsə də, bunun qarşısını almaq mümkün deyil. Özü də maraqlıdır ki, müstəqillik illərində anadan olan gənc nəslin dillərində də bu sözlər yer alıb.

Pol, rozetka, vapşe, semiçka, xolodilnik, ostanovka, potolok, duxovka, otkaz, zapçast, molodes, uje, morojna, krışa, zakaz, srazu, prosto, panika kimi onlarla misal çəkə bilərik ki, dilimizdə ən çox istifadə edilən rus sözləridir. Mütəxəssislər rus dilinin Azərbaycana hələ də təsirlərinin qalmasında bir sıra səbəblər göstərirlər. Valideynlərin belə sözlərdən istifadə etməsinin keçici hal yaratdığı və onların övladlarının orta təhsillərini rusdilli məktəblərdə almalarına daha çox üstünlük verdikləri bildirilir.

Azərbaycan dilində təhsil verilən məktəblərdə bu məsələyə diqqətin ayrılmamasının da mövcud durumun yaranmasında başlıca rol oynadığı önə çəkilir. Bu tendensiyasının davamlı olmasının arzuolunmaz durum yaratdığı qeyd edilir. Bunların qarşısını almaq üçün bəzi yollar da göstərilir.

VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı bir sıra səbəblər göstərdi:"Dilimizin təmizlənməməsi, surət sonluqlarının köhnə qaydada qalması, rus və digər xarici dillərə meylin olması və bunun azalmaq əvəzinə artması təkcə valideynin, məktəbin günahı deyil. Bu bütövlükdə cəmiyyətin günahıdır. Aşağıdan tutmuş ən yüksək yerlərə qədər dövlət qurumları, yetkililəri daxil, hamı günahkardır. Müəyyən boşluqlar var ki, bu problemlər aradan qalxmır. Bu günləri rus məktəblərinə meylin artmasında, belə məktəblərin sayının çoxalmasında çox şeylər görürük. Hətta mənə dəfələrlə deyiblər ki, uşaqları Azərbaycan məktəblərinə yazmaq istəyirik, lakin valideynlər rus dilli məktəbləri istəyirlər. Vəzifə sahibləri var ki, adlarını demirəm, onların dillələrindən rus dilinin əsas dil olduğunu eşitmişik, hətta gələcəkdə Rusiya ilə yenidən bir olmaq, onlara qoşulmaq fikirlərinin şahidi olmuşuq. Bu səviyyədə düşünənlər cəmiyyətdə hələ də varsa, demək, problemlər olduqca dərindir. Bir kənddə yaşayan sıravi vətəndaş bunları deməz. Görünür, həmin vəzifə sahibləri bir-biriləri ilə danışırlar, məsləhətləşirlər. Bu söz-söhbətlər hansısa gizli bir siyasətimizin uzantısıdır. Ortada dilimizə sovet dövründən az təsirlərinin olmadığı faktı var. Müstəqilik, amma müstəqil olmayan məmurlarımız, insanlarımız var. Müstəqillik ev kimi şüşədə idi, biz onu şüşədən çıxardıq, indi başımızın üstündə durub, bizi boğmağa çalışır. Hər şey göz qabağındadır. Həm dilimizə, həm də həyatımızın müxtəlif tərəflərinə təzyiqlər var. Mədəniyyətimizin müxtəlif sahələrinə də təsirlər az deyil. Bunlar həyatımızın gizli məqamlarının ifadəsidir. Bu, bir ölkə üçün arzuolunmaz tendensiyadır.

 

Sovet dövründə ən ciddi mədəniyyət hadisələri, dil, orfoqrafiya məsələləri müzakirə olunub, amma protokol rusca tutulub. İndi buna sevinməliyik ki, dövlət səviyyəsində yüksək mərtəbələrdə yazışmalar, beynəlxalq ünsiyyət ana dilimizdədir. Amma bunlara baxmayaraq, gizlində rus dilinin təbliğatını aparan insanlar var. Hətta rus dilli məktəblərin sayının artırılmasını dilə gətirənlər də var. Bunlar sonunda Azərbaycanda milli problemlərimizin həllinə mane olan yerlərə aparıb çıxarır. Rus dilini öyrənsinlər, heç kim buna qarşı deyil. Çünki Rusiya qonşumuzdur, bu dil mükəmməl öyrədilməlidir. Amma Azərbaycan uşaqlarının birinci sinifdən 11-di sinfə qədər rus dilində oxuması doğru deyil. Çünki həmin rus məktəblərində təəssüflər olsun ki, proqramlar Azərbaycan mədəniyyətini, dilini sevməyə imkan vermir. Rus mədəniyyətinə, tarixinə sevgi aşılanır. Ona görə də bunlar gələcəkdə böyük problemlər yarada bilər. Mən təhlükələri deyirəm. İctimaiyyət bundan nəticələr çıxarmalıdır".

Xalq şairi onu da bildirdi ki, uşaq baxçasından başlayaraq hər kəs öz dilinə hörmət etməlidir:"Anlayıram ki, Azərbaycanda azsaylı xalqlar var. Onlar ənənəvi olaraq, övladlarını daha çox rus dilli məktəblərə qoyurlar. Halbuki, onlar da Azərbaycan vətəndaşıdırlar. Öz ana dilində məktəb açırsa açsın, yox əgər buna imkanı yoxdursa, ilk növbədə dövlət dilində təhsil almalıdır. Öncəliklə dövlətin dili qorunmalıdır. Qonşu dövlətin dilinə bu hörmət haradan gəlir? Bu hansı qanunda yazılıb? Rus övladları var ki, getsinlər öz məktəblərində təhsil alsınlar, onlara hər cür şərait yaradaq. Amma öz övladlarımızı kütləvi şəkildə nə üçün kənar bir dövlətin dilində oxutmalıyıq?..”

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300