Sosial mənzillərin satışında vətəndaşlar aldadıldı:260 mənzil 1600 nəfərə satıldı

 

Mənzil İnşaat Dövlət Agentliyinin sosial mənzillərin satışı ilə bağlı keçirdiyi hərracda yaşananlar Azərbaycanda güzəştli mənzil əldə etmək istəyən yüzlərlə vətəndaşın ümidlərini boşa çıxartdı. Səbəb isə elektron hökumət portalında yaranan problem və vətəndaşların bu sistemə çıxış imkanında məhrum olması olub. Prosesdə min nəfərdən çox vətəndaş zərər çəkib. Həmin vətəndaşlar bu gün adıçəkilən qurumun qarşısında toplaşaraq etirazlarını səsləndiriblər.

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, 260 mənzilin satıldığı hərracda 1600 vətəndaşa mənzil əldə etdiyi ilə bağlı bildiriş göndərilib:"Onlayn qaydada şəffaf keçirilməsi nəzərdə tutulan, hər kəsin hüququnun identifikasiya koduna uyğun olaraq təmin olunmasına zəmanət verilən, eyni zamanda bir neçə dövlət qurumunun bir yerdə icra etdiyi layihə faktiki olaraq iflasa uğradı. 260 mənzilin hərraca çıxarılmasına baxmayaraq, bu mənzillər 1600 nəfərə yaxın insana satılıb. Faktiki olaraq, 1325 nəfər sistem tərəfindən mənzil alması ilə bağlı bildirişlə təmin olunub və bu insanlar iki gündür təsdiq etmək üçün gözləyirlər. Əslində bu proses, 24 saat müddətində, mayın 8-də axşam saat 12-ə qədər baş verməli idi. Ötən gün vətəndaşlar, o cümlədən mən özüm "ASAN Xidmət”də olmuşam. Bizə bildiriblər ki, sadəcə texniki problem səbəbindən bu məsələni bu gün həll edə bilmirik. Lakin ən qısa müddətdə təsdiq pəncərəsi açılacaq və siz bildirişlərinizi təsdiq edə biləcəksiniz.



İndi məlum olur ki, bizə bu açıqlama verilən zaman həmin 260 mənzil artıq satılıb və imzalarla təsdiqlənibmiş. Həmin mənzillər artıq qeydiyyata alınıb və onlara giriş mümkün deyil. Qalan 1325 nəfər və sistemin xətaları ucbatından bu prosesdən kənarda qalan 7 min nəfər insan da aldadılıb. Bu gün ortaya çıxan mənzərə onu göstərir ki, bildiriş alan insanlar və bir gün ərzində mənzil problemini həll etməsinə sevinənlər əslində boş bir xəyal qurublar. Mayın 8-də MİDA tərəfindən açıqlama verildi ki, bu 1325 nəfərə verilmiş bildirişlər düzgün deyil və bu insanların faktiki olaraq evi yoxdur. Problem budur və bu günə qədər MİDA-nın mövcud reputasiyasına, bu qurumun şəffaflığı və ədalətliliyi ilə bağlı düşüncələri məhv etdi. Artıq insanlarda bu sistemə inam qalmadı”.

R. Həsənovun sözlərinə görə, yaranmış vəziyyətdən dolayı bir sıra insanlar haqlı olaraq düşünür ki, 260 mənzilin satışı qeyri-şəffaf keçirilib və məhz bunun nəticəsində öz adamları üçün imza şəraiti yaradıblar:" Digər insanlar üçün isə bu şərait yaradılmayıb. Mən bu düşüncəni dəstəkləmirəm və hesab edirəm ki, problem Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırladığı elektron hökumət platformasında baş verib. Bu qarışıqlığın içində kimlərinsə şansı gətirib. Belə bir qarışıq situasiya yaranıb. Bu problemin yeganə həli yolu qarşılıqlı kompromisdir. İnsanlar çox güman ki. 3-5 ay daha gec mənzil sahibi olmaq fikrini qəbul edərlər”.



İqtisadçı təklif etdi ki, mənzil alması ilə bağlı bildiriş verilən insanlar növbəti mənzil satışı zamanı hərraclarda iştirak etmədən layihənin digər hissələrindəki mənzillər onlara verilsin:"Orada hələ ki, satışa çıxarılmamış 1580 mənzil var. Bu isə 1325 nəfərin həmin mənzillərdə yerləşdirilməsinə imkan yaradır. Yerdə qalan 255 mənzil isə hərrac yolu ilə satıla bilər. Mənim təklifim bundan ibarətdir. Bundan əlavə, bu qədər zəhməti hədər edən qurum olaraq Rabitə Nazirliyi cəzalandırılmalıdır. MİDA-nın özü bu işdə xüsusilə aktiv olmalıdır və çalışmalıdır ki, öz reputasiyasını və etibarlılıq imicini konkret addımlarla əhaliyə sübut etsin. Əks halda bu mif artıq iflasa uğrayıb. Növbəti hərraclarda da insanların MİDA tərəfindən həyata keçirilən satışlara inamı olmayacaq. İlkin nəticələrdən məlum oldu ki, bu sistemdə ciddi nöqsanlar var. Əslində isə hər bir işin ilki daha keyfiyyətli olmalı idi. İlk əməliyyatda bu qədər problem ortaya çıxdısa, növbəti satışlara inam azalacaq”.

Nərgiz LİFTİYEVA
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300