ABŞ və İran gərginliyi müharibəyə çevrilə bilərmi...

 

Elxan Şahinoğlu: "Bu qovğanın sonu bölgə üçün yaxşı olmayacaq”

Amerika prezidenti Donald Trampın İranla nüvə sazişindən imtina etməsindən sonra iki ölkə arasındakı gərginlik pik həddə çatmaqdadır. Görünən odur ki, hər iki tərəfin geri çəkilmək fikri yoxdur, əksinə bir-birilərinin üzərinə daha sürətlə yeriməkdədirlər.

Artıq konfliktə yeni dövlətlər də qoşulmaqdadır. İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr Birləşmiş Ştatların bu qərarını dəstəklədiklərini bəyan ediblər. Belə dövlətlərin sayının artacağı istisna edilmir. İsrailin bu mövqeyindən sonra rəsmi Tehranla olan gərginliyi də birə-on qat artıb.

Doğrudur, Amerika cəmiyyətində bu qərarına görə Trampa daha çox təpkilər var. Lakin onun seçki kampaniyası dövründə verdiyi vədini bu qərarla reallaşdırmaq fikrində olduğuna hazırda şahidlik etməkdəyik. Amerika və İran tərəfindən bir-birinin ünvanına səslənən hədələrin nə vaxta qədər davam edəcəyi və sonunun necə ola biləcəyi yönündə mövqelər müxtəlifdir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Trampın bu qərarı Avrasiya bölgəsindəki vəziyyəti daha da gərginləşdirəcək:"Birincisi, İranın bundan sonra böyük əziyyətlə imzalanan nüvə sazişinə riayət etməsi sual altındadır. Doğrudur, İran prezident Həsən Ruhani deyib ki, ABŞ sazişdən çıxsa da yerdə qalan ölkələrlə - Avropa İttifaqı, Rusiya və Çinlə nüvə sazişinə riayət edəcək. Ancaq bu belə olmaya da bilər. Əgər Vaşinqton yenidən İrana qarşı sanksiyaların tətbiqinə başlayarsa və İrana qarşı raket zərbələri aktuallaşarsa, Tehran özünü qorumaq məqsədilə yenidən nüvə çalışmalarına başlaya bilər. Bu hamı üçün təhlükəlidir. İkincisi, İranda mühafizəkarların prezident Həsən Ruhaniyə qarşı təzyiqi artacaq və ”axı biz deyirdik, Amerikaya inanmaq olmaz" yanaşması güc qazanacaq. İran parlamentində ABŞ bayrağının yandırılması yalnız Vaşinqtona mesaj deyil, mühafizəkarlarla Həsən Ruhanini də xəbərdar ediblər. Vaşinqton öz qərarı ilə Həsən Ruhaninin və İran hakimiyyətindəki islahatçıların mövqelərini zəiflətdi. Üçüncüsü, Donald Trampın qərarı İsraili bölgədə aktivləşdirəcək. İsrail İranın Suriyadakı hədəflərini vurmaqda davam edəcək. Nəticədə iranlı hərbi mütəxəssislər və "Hizbullah” təşkilatının üzvləri həlak olacaqlar. İran da bunun cavabında Fələstindəki tərəfdarları vasitəsilə İsrailə zərbə vurmağa çalışacaq. Bundan başqa İsrail-Livan sərhədində gərginlik artacaq. Beşincisi, Səudiyyə Ərəbistanı İranın bölgədəki maraqlarına qarşı siyasətini sərtləşdirəcək, Yəməndə müharibə alovlanacaq. Bu bölgədə şiə-süni gərginliyinin artmasına şərait yaradacaq. Altıncısı, İrandakı bir sıra mərkəzlər 2000-ci illərin əvvəllərində olduğu kimi Azərbaycana təzyiq edəcəklər. Səbəb kimi Azərbaycanın İranın düşmənləri - ABŞ və İsraillə əməkdaşlığı göstəriləcək. Bakı bu gərginlikdən nə qədər məsafə saxlamağa çalışsa da, ABŞ-İran və İsrail-İran gərginliyinin Cənubi Qafqaza da təsirləri olacaq".

Elxan à žahinoğlu ile ilgili görsel sonucu

 

Politoloq bu gərginliyin Azərbaycanla bağlı iki məsələsinin həllinin qarşısını alacağını düşünür:"Belə gərgin vəziyyətdə iki məsələ də həll olunmayacaq. İsrailin baş naziri İlham Əliyevi prezident seçilməsinin ardından İsrailə rəsmi səfərə dəvət edib. Bu dəvət İlham Əliyevin Türkiyəyə rəsmi səfərdən bir gün əvvəl səsləndirilib. Netanyahu ümid edirdi ki, İlham Əliyev Türkiyənin ardınca İsrailə səfər edəcək. İlham Əliyev gözləməyə üstünlük verdi. İsrail-İran gərginliyi şəraitində İlham Əliyevin İsrailə rəsmi səfəri mümkün görünmür. Azərbaycanın İsraildə səfirliyini açması da yaxın müddətdə baş tutmayacaq. İran bu mövzuya həssas yanaşır. Tehran gərginliyin olmadığı vaxtda belə Azərbaycanın İsraildə səfirlik açması ideyasına mənfi yanaşırdı. İndi isə bu mövzu İran üçün daha həssas vəziyyətə gəlib. Ona görə də Bakı Tehranla gərginliyi artırmamaq üçün İsraildə səfirlik açılması mövzusunu arxa plana atacaq. Tarixin ironiyasına baxın, Hillari Klinton ABŞ prezident seçilsəydi ki, ehtimallar da bundan xəbər verir, bu gün Vaşinqton İranla imzaladığı nüvə sazişinə sadiq qalardı və bölgədə əlavə gərginlik yaranmazdı. Çünki Hillari Klinton prezident Barak Obamanın dövründə dövlət katibi idi və hər iki siyasətçi bir-birini dəstəkləyirdi. Ancaq prezident Donald Tramp fərqli qərar verdi. Barak Obama İsrailin narahatlığını nəzərə almadı, Tramp isə tam əksinə Avropa liderlərinin xəbərdarlıqlarını qulaqardına vuraraq İsrailin istədiyini etdi və nüvə anlaşmasından çıxdı. Bu qovğanın sonu bölgə üçün yaxşı olmayacaq. Amerika qaş düzəltmək istəyəndə vurur göz çıxarır”.

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300