Bu gün ABŞ səfirliyi Qüdsə köçürülür:müsəlman Şərqi üçün kritik gün

 

Ekspertlər region üçün yeni təhlükələrdən danışdılar

Ötən ilin dekabrında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Amerikanın Təl-Əvivdəki səfirliyi bu gün Qüdsə köçürüləcək. İlkin mərhələdə ABŞ-ın Qüdsdəki səfirliyinin 50 əməkdaşı olacaq. Açılışda 800 qonağın iştirakı gözlənilir. Ekspertlər isə bu hadisədən sonra regionda gərginliyin yeni mərhələyə qədəm qoyacağını qeyd edirlər.

Politoloq Əhəd Məmmədli Amerikanın İsraildən bərk yapışıb onun istəklərini yerinə yetirdiyini bildirdi:"Tramp Amerika prezidenti seçildiyinə görə yəhudi lobbisinə minnətdarlığını bildirir, borcunu qaytarır. Bunun nəticəsində yenə gərginlik və fələstinlilərin növbəti qətliamı olacaq. Amerika getdikcə dünyada təklənir. BMT- də Fələstinlə bağlı son səsvermə də bunu göstərdi. İsrail qurulandan bu ölkənin özbaşınalığı region üçün baha başa gəldi. Amma sonda bu özbaşınalıq İsrailin özünə daha çox baha başa gələcək. Müsəlman dünyası Osmanlı xilafəti süquta uğrayandan sonra prosesləri uduzmaqda, məğlubiyyətlər ard-arda gəlməkdədir. Qüds məsələsində müsəlman ölkələri birlikdə təpki göstərməlidir. Bu təpkini də yenə Türkiyə təşkil etməlidir. Əks halda, reaksiyalar effekt verməyəcək. Satılmış ərəb monarxlarından bu təpkini təşkil etməyi gözləməyək. Eyni söz Misir prezidenti, xain Sisiyə də aiddir. Hazırda Türkiyənin başı daxildəki proseslərə qarışıb. Qardaş ölkə növbədənkənar seçkilərə hazırlaşır. Bütün bunlara rəğmən, Türkiyə bu proseslərdə də məzlum Fələstin xalqının yanında olacağına şübhəm yoxdur.

 

Səfirliyin açılması aydın məsələdir ki, Fələstinlə İsrail arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək. Müsəlman ölkələri pərən-pərəndir. Ərəb dünyası müharibələr, münaqişələr içində sızıldayır. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir iqtidarları amerikalılar tərəfindən yönəldilir, İran Suriyada vurulur, Qətər qonşuları tərəfindən təklənib. Türkiyə meydanda tək qalıb, Pakistan uzaqdadır. Amerika bu fürsətdən istifadə edib Qüdsdə səfirliyini qurur. ABŞ və İsrail acısından Qüdsdə səfirlik qurmaq çox uğurlu vaxtdır”.

 

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev ABŞ səfirliyinin Qüdsə belə tələsik köçürülməsini heç kəsin gözləmədiyini söylədi:"Tramp belə bu köçürmənin müzakirələrdən sonra 2018-ci ilin sonlarına, ya da 2019-cu ilin əvvəllərinə qədər baş verə biləcəyini demişdi. O zaman hamı bunu verilən qərarın nəticələrinin təhlükəli ola bilməsi ehtimalları ilə əlaqəndirirdi və köçürmənin vaxtını uzatmaqla ola biləcək riskləri araşdırıb önləmək məqsədi olduğunu deyirdilər. Amma belə tezliklə səfirliyin Qüdsə köcürülməsi regionla bağlı hansısa böyük planların olmasından xəbər verir. Hazırda Qüdsdə heç bir dövlətin səfirliyi yoxdur. Əvvəllər Kosta-Rika və Salvador Qüdsdə səfirliklərini açmışdılar. Amma ərəb dövlətlərinin davamlı təkidləri və tələbləri qarşısında 1986-ci ildə bağladılar. Bu günə kimi orada yalnız ABŞ-n baş konsulluğu fəaliyyət göstərir ki, onun da tarixi Fələstin -İsrail konfliktlərindən öncələrə gedir. ABŞ çox yaxşı bilir ki, bu addımın nəticəsi olaraq regionda gərginlik artacaq. Bütün ərəb dövlətləri və müsəlman dünyası buna birgə təpki verməsələr də, onların içindən bir çox dövlətlər müxtəlif vasitələrlə narazılığını bildirəcəklər. Ən təhlükəlisi isə Fələstin muxtariyyətində, İsrailin öz içində buna fanatik dərəcədə qarşı çıxan insanların fəaliyyətinin aktivləşəcəyidir. Məlumdur ki, bu addıma qarşı ilk gündən kəskin reaksiya verən İrandır. Amma hazırda İran elə vəziyyətdədir ki, tam gücü ilə bu qərarın əleyhinə gedə bilmir. Türkiyədə Ərdoğan hakimiyyəti isə Fələstin məsələsinə həmişə çox həssas yanaşıb. Onun da reaksiyasını tezliklə görəcəyik. Digər tərəfdən, ABŞ-ın İranla bağlı nüvə sazişinə yenidən baxması qərarı ilə paralel səfirliyin Qüdsə köçürülməsini də təsadüfü saymıram. Hadisələri izlədikcə görürük ki, regionda ABŞ-ın atdığı addımlara qarşı gedəcək dövlətlərin sayı son illərdə maksimal dərəcədə aşağı düşüb. Rusiya isə hələ ki susur, amma ondan da sürprizlər gözləmək olar. Hesab edirəm ABŞ tərəfi də bunları bilməmiş deyil. İsrail və Fələstin arasında sülhün yaranması, problemin çözülməsi perspektivlərinə kökündən zərbə vuran, iki xalq arasında düşmənçiliyi daha da gücləndirəcək bir addıma gedilirsə, bunlar göz önünə alınırsa, deməl,i burada daha böyük strateji maraqlar və planlar var. Belə görürəm ki Fələstinlə sülhün yaradılmasında, problemin çözülməsində İsrail də maraqlı deyil”.

Cavanşir ABBASLI,

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300