"Rusiya Xarici İşlər Nazirliyinə ciddi etiraz bildiriləcək”-Hikmət Hacıyev
"Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk. Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyil. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya
separatçılarının lideri Raul Xadjimbanın Rusiya XİN-nin MDB ölkələri ilə üzrə
idarəsinin rəisi Aleksey Pavlovski, habelə qondarma "DQR”, Dnestryanı və Cənubi
Osetiya respublikalarının nümayəndələri ilə görüşünü şərh edərkən bildirib.
H. Hacıyev "Qondarma rejimlərin nümayəndələrinin Rusiya XİN-nin nümayəndəsi ilə
qarşı-qarşıya oturmasını necə qiymətləndirmək olar?” sualına cavab olaraq
bildirib ki, Azərbaycanın etirazı və ciddi narahatlığı Rusiya Xarici İşlər
Nazirliyinə diplomatik kanallarla çatdırılacaq.