Prezidentin iradlarına məhəl qoymayan direktor İradə Bağırova iş başında

"Gündəm Xəbər"in ötən saylarında "Göygöl Xəqani kənd uşaq musiqi məktəbi korrupsiya bataqlığında batır" başlıqlı məqalə dərc olunmuşdu. Son zamanlar Göygöl Xəqani kənd uşaq musiqi məktəbində baş verənlər, bitməyən qovğalar, məmur özbaşınalığı ilə bağlı redaksiyamızın ünvanına dayanmadan daxil olan, o cümlədən Qərb üzrə bölgə müxbirimizin əldə etdiyi məlumatlar məktəbin direktoru İradə Bağırovanın ölkə başçısının bütün zamanlarda məmur qarşısında qoyduğu tələblərə laqeyd münasibətdən başqa bir şey deyil. Bu gün ölkə başçısının məmur qarşısında qoyduğu günün əsas tələbi məmur özbaşınalığına son verilməsi ilə bağlı olduğu halda, tək paytaxt Bakıda deyil, eləcə də bölgələrdə də bu tapşırıq və tövsiyələrə təəssüf hissi ilə deməliyik ki, hələ də laqeyd münasibət göstərənlər tapılır. Belə halların baş verməsi sonda vətəndaşı incik salır. Bu inciklərin sonu isə məmur tərəfindən vətəndaşın hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır.
Belə hallar bu gün Göygöl rayon Xəqani kənd uşaq musiqi məktəbində sürəkli şəkildə baş versə də, bu olaylara hələ ki, münasibət bildirən yoxdur. Redaksiyamıza daxil olan və eyni zamanda əldə etdiyimiz məlumatlardan da aydın olur ki, rayonun Xəqani kənd uşaq musiqi məktəbində korrupsiya və rüşvətxorluq artıq dayanmadan pik nöqtəsinə doğru irəliləyir. Dünən və bu gün burada baş verənlərin kökündə sübuta yetirilmiş olan korrupsiya və rüşvətxorluq dursa da aidiyyatı qurumların uzun müddət musiqi məktəbində baş verənlərə laqeyd yanaşmaları artıq təəccüb hissi doğurmur. Məktəbin bir qrup müəllimlərinin yazdıqlarından və dediklərindən məlum olur ki, onların hüquq-mühafizə orqanlarına müraciətləri, direktorla müəllimlər arasında münasibətlərin kəskinləşməsi, qovğalar, haqsızlıq, özbaşınalıq, bir sözlə korrupsiya və rüşvətxorluq bu gün rayonda adi hal kimi qarşılanır. Artıq baş verənlərə qarşı səbri tükənən müəllimlər hələ də ədalətli sonluq ümidindədirlər.
Adı gedən məktəblə bağlı faktların, məlumatların redaksiyamıza daxil olandan sonra ictimailəşdirilməsi məktəb direktorunu özündən çıxarıb. O, bu dəfə qovğa siyahısına redaksiyamızı belə qatmağı unutmadı. Bir sözlə, davamlı olaraq baş verən hadisələrə aidiyyəti qurumlar tərəfindən laqeyd yanaşma, məktəbdə hər hansı ölçüyə gəlməyən hüquq və maliyyə pozutuları İradə Bağırovanın görünür kimə və ya kimlərəsə arxayın olmasından irəli gəlir.
Adı gedən musiqi məktəbindən şikayət edənlərdən və əldə etdiyimiz məlumatlardan da məlum olur ki, bir müddət öncə Göygöl rayon Xəqani kənd uşaq musiqi məktəbinin direktorunun qanunsuz əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə artıq müraciət olunub. Məktəbin direktoru İradə Bağırovanın dili ilə desək "onun məktəbi" və eləcə də özü bu yoxlamalardan tərtəmiz çıxıb, hətta prokurorluqda "xərcə" düşən direktor "Qurban" belə kəsəcəyini müəllimlərə vəd edir. Direktorun həqiqətən də özünün dediyi kimi əli möhkəm ətəklərdə olduğundan məktəbdəki "ölü canlar”ın maaş kartından kimin və ya kimlərin maaş alması faktı isə hələ də hüquq-mühafizə orqanları tərəfindən ya aydınlaşdırılmayıb, ya da ki, aydınlaşdırılmaq istənilməyib. Əldə etdiyimiz məlumlardan bəlli olur ki, "Kapital Bank"ın Göygöl şöbəsinin rayon prokurorluğuna Xəqani kənd uşaq musiqi məktəbinin işçilərinin maaş kartları ilə bağlı təqdim olunan diskdəki texniki səbəb əsas gətirilir. Yəni alınan maaşların bank terminallarında olan görüntülərində, işçinin hər ay maaşının kim tərəfindən alınma görüntüsünü təqdim etdiyi yaddaş diskində "texniki nasazlıq” olub. Həmin diskdəki "texniki nasazqlıq” "ölü canlar"ın kimlər olması, maaş kartlarından kimlərin yararlanması faktı hələlik aydınlaşdırılmayıb. Adı gedən musiqi məktəbində baş verənlərlə bağlı şikayətlərdən isə məlum olur ki, məktəbin direktoru İradə Bağırova doğma bacısı qızını elə məktəbdəcə, dərs zamanı döymüş və çox keçmədən onu işdən azad etmişdi. Döyməsinin səbəbi isə, həmin məktəbdə işləyən bacısı qızı İradə Bağırovaya idarəetmədə buraxdığı nöqsanlardan dolayı kollektiv qarşısında xalasına göstərdiyi iradlar olmuşdu. Qohumların qovğası isə sonucda döyülən bacıqızının DİN-in 102 qaynar xəttinə müraciəti və döyənin "sudan quru çıxması” ilə nəticələnəndən sonra, o yəni direktor, bacısı qızını işdən azad etdirməyi bacarır. Digər şikayətçilərlə iş qəlizləşdiyindən, onlara qarşı hədə-qorxular, basqılar olsa da hələlik onları işdən ayıra bilməyən direktor özünəməxsus "sanksiyalar" tətbiq edərək onları gözümçıxdıya salmaqda davam edir.
Məktəbin müəllimi Sevinc Verdiyeva "Gündəm Xəbər”in bölgə büxbirinə müraciətində bildirir ki, direktor İradə Bağırova onun ağır hamiləliyini, yəni həkim nəzarətindən keçməsini belə heç vaxt nəzərə almayıb. Direktorun müavini vəzifəsini daşıyan qızı Aygül Əliyeva ananı təhqir edərək üzərinə hücum çəkib və döyüb. Bu anda Sevinc Verdiyevanın iş yoldaşları və həyat yoldaşının məktəbə gəlməsi onu döyülmədən qurtarıb.
Artıq DİN-in 102 qaynar xəttinə mütəmadi olaraq şikayətlər edilməsinə baxmayaraq direktor və onun qızı ilə bağlı məktəbdə baş verən dava-dalaş, polisin gəlişi həm DİN-in Göygöl rayon şöbəsində, eləcə də məktəb həyatında adi hal kimi qarşılanır. Hadisələrin bu şəkildə davamı, məktəbə musiqi təhsili almağa gələn şagirdlərin gözü önündə baş verməsi isə valideynlərin haqlı narazılığına səbəb olur və davamiyyətə ciddi təsir göstərir.
Daha bir məlumatda isə bildirilir ki, hələ ötən tədris ilində məktəbin direktoru İradə Bağırovanın məcburi köçkün olan valideynlər arasında mübahisəsi düşmüş və direktor valideynin başına stəkan atmışdı. Belə ki, sonu polisə müraciətlə bitən qovğanı isə, məktəbin müəllimi onun dərsini artırılacağı müqabilində öz üzərinə götürmüşdü. Musiqi məktəbində olayların xoşagəlməz şəkildə cərəyan etməsinə səbəb isə uzun illərdən bəri Mədəniyyət Nazirliyinin, eləcə də hüquq-mühafizə orqanlarının laqeyd münasibətlərindən qaynaqlanır desək yanılmarıq. İradə Bağırova ara-sıra bildirir ki, "mənim arxamda duran kürdlərdir”. Baş verənlərlə bağlı suallar çox, münasibət bildirən isə yox.
Sevinc Verdiyevanın dediklərindən məlum olur ki, hələ 2016-cı ilin sentyabr ayında Mədəniyyət və Turizm nazirliyində işə qəbul üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçib və Xəqani kənd uşaq musiqi məktəbinə fortepiano ixtisası üzrə müəllimə təyinatı alaraq işə qəbul olur. Gənc mütəxəssis elə ilk gündən direktorun onunla sərt davranmasından və bu günə qədər olanların kökündə rüşvət durduğunu vurğulayıb. Sevinc xanım qeyd edir ki, ilk işə gələn günü məktəbin direktoru ona "əgər burada qalıb işləmək istəyirsənsə, digər işçilərdən də soruşa bilərsən, "mənim" məktəbimdə işləmək üçün 5000 manat ödəməlisən”, deyə bildirir. Sevinc xanım isə ona mən test imtahanından keçib gəlmişəm dedikdə isə imtahan Bakıda keçirilir, işi sənə burda mən verirəm. Sonrakı günlərin birində isə həmin məbləği vermək istəməyən müəlliməni ağladaraq evə yollayır. Direktorun pul tələbində israrlı olmasını görən gənc mütəxəssis məcbur qalıb Mədəniyyət və Turizm Nazirliyinə zəng vurur, bundan sonra bir müddət , 2016-dan 2017-ci ilin aprel ayına qədər direktorla onun arasında müvəqqəti "atəşkəs", sükut hökm sürür. Sevincin dediyinə görə həmin il, dərs ilinin sonuna yaxın yenidən qalmaqal başlayır və bu günə qədər də davamlıdır.
Sonucda redaksiyamıza, daha sonralar isə Göygöl rayon Prokurorluğuna şikayət edən S. Verdiyevaya , hamilə olmasına baxmayaraq nəinki ona, eləcə də digər işçilərə qarşı da hökm sürən haqsızlıqlar üçün hər hansı müsbət addımlar atılmamışdır. Üstəlik dərs ilinin əvvəlində 12 saat dərs yükü olan gənc müəllimənin , ilin sonuna iki ay qalmış analıq məzuniyyətinə çıxarkən məktəbin direktoru tərəfindən 3 saatı alınıb, özünün dediyinə görə analıq məzuniyyətindən qayıdan 33 saat dərs yükü olan müəlliməyə verilib. Maraqlı isə odur ki, hazırda S.Verdiyevadan bir il sonra, yəni 2017-ci ilin sentyabr ayında Mədəniyyət nazirliyi tərəfindən işə göndərilən müəllim 36 saat dərs yükü ilə təmin olunub. Dərs yükünün müəllimlər arasında qeyri-bərabər bölünməsinin arxasında korrupsiya olmasın? Musiqi məktəbinin direktoru İradə Bağırovanın özünün bir müddət öncə Youtube-də yayılan səs yazısını dinlədikdən sonra bu qənaətə gəlmək olar ki, 12 saat dərs yükü olan müəllimin 3 saatını alıb ixtisası musiqi məktəbində müəllim işləməyə uyğun gəlmyən və 33 saat dərs yükü olan müəllimə verilməsinin arxasında ya "əlliyə əlli” prinsipi, ya da "ölü can"da ola bilər. İşimiz səbəbin daha nə olmasını aydınlaşdırmaq deyil, sadəcə məntiqlə araşdırmaqdır. Araşdırma və lazımi qanuni qiymət vermə isə hüquq-mühafizə orqanlarının işidir. Görünən əsas səbəb isə işin kökündə ölkə başçısının tutduğu irad məmur özbaşınalığıdır.
Bu gün isə adı gedən məktəblə bağlı yetərincə aidiyyatı qurumlara müraciət olunsa da hələlik bu qurumlardan baş verənlərə hər hansı şəkildə münasibət bildirilməyib. Xəqani kənd uşaq musiqi məktəbinin artıq uzun illər, yəni 2011-ci ildən bəri korrupsiya bataqlığında batmasına səbəb aydın olduğu halda bu gün bu məktəbdə baş verənlərdən görünür ki, İradə Bağırovanın əli doğrudan möhkəm ətəklərdədir, əks halda indiyə qədər baş verənlərə münasibət göstərilərdi. Əgər belə olmasa idi, özünün dediyi kimi hələ ötən il Mədəniyyət və Turizm nazirliyi tərəfindən direktorlar üçün keçirilən test imtahanından "qızıl saat" müqabilində keçərək iki ay sonra direktorluq kürsüsünə növbəti dəfə əmrini almazdı. Burada haşiyə çıxmalı olub, yazıçı Süleyman Rəhimovun "Mehman" əsərindəki qızıl saat yadıma düşdü. Deyəsən qızıl saat bütün zamanlarda rüşvət predmetinə çevrilərək həmişə narahatlıq yaradır.
Ötən yazımızda da qeyd etdiyimiz kimi, Rusiyanın paytaxtı Moskva şəhərində olan, Moskvada çəkdirdiyi fotolarını İnstaqram səhifəsində paylaşan məktəbin müəllimi İlhamə Alməmmədovanın paylaşdığı fotolardan məlum olur ki, özü Moskvada adı isə Xaqani kənd musiqi məktəbində işdə gedir. Bununla bağlı məktəbin direktorunun isə cavabı bu oldu ki, İlhamə Alməmmədova hamilədir, işə gəlmir. Həmin ərəfələrdə yəni 2017 -2018 tədris ilində İ. Alməmmədovanın hər hansı səbəbdən işə gəlməməsinin, onun ölkə xaricində olmasına baxmayaraq dövlət büdcəsindən maaş almasının sorumlusu isə məktəbin direktoru İradə Bağırova və Mədəniyyət və Turizm naziri Əfülfəz Qarayev deyil , sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höcət Əsədullayevdir. Hüquq-mühafizə orqanlarından hələlik bu faktla bağlı hər hansı şəkildə münasibət bildirilməyib. Bu gün də İ.Alməmmədovanın adı musiqi məktəbinin jurnalında qeyd olunub, dövlət büdcəsindən maaş ayrılsa da özünün Moskvada olması deyilir. İlhamə Alməmmədovanın işə gəlmədən büdcədən ayrılan maaşına bəs kim əl qoyub? İşin əsl maraqlı tərəfi, kələfin ucu da elə budur. Müəllimlər dayanmadan məmurun özbaşınalığından haray çəkir, narazılıq bildirib şikayət edir, maliyyə pozuntuları ilə bağlı faktlar göz qabağındadır. Aylardır ki, Göygöl Xəqani kənd musiqi məktəbində baş verənlərə münasibət bildirməli olan aidiyyatı qurumlar da susmaqdadır.
Əldə etdiyimiz məlumatlarda deyilir: Musiqi məktəbində baş verənlərdən məlum olur ki, şikayətlərə münasibət bildirən Göygöl rayon prokurorluğu araşdırma apararaq müəllimləri sorğu-sual edərkən məlum olur ki, məktəbin direktoru İradə Bağırova prokurorluq tərəfindən araşdırma aparıldığını bilən kimi heç nədən çəkinmədən işə gəlməyən müəllimlərə maaş kartlarını paylayır və onları uzun illərdən bəri məktəbdə görünməyən müəllimlərlə birgə prokurorluq nümayəndəsinə təqdim edir. Bundan əlavə daha maraqlısı isə o olur ki, prokurluq tərəfindən gələn şəxsin deyil, müəllimlərin əksəriyyətinin qarşısında baş verən şou isə bir qadının kişi adı altında işləməsi faktı olur. Prokurorluğu deyə bilmərik, müəllimlərə məlum olan həqiqət isə direktorun rəfiqəsi olan Arzu müəllimə Afət Əliyevanın, Ruhiyə müəllimə isə Bayram Bağırovun , Günatay müəllimə isə digər bir müəllimin əvəzinə prokurorluğa təqdim olunur. İradə Bağırovanın qızı Günelin və Lamiyə adlı digər işçinin Mədəniyyət nazirliyi tərəfindən işə qəbulla bağlı keçirdiyi test imtahanından keçə bilməməsi və hazırda məktəbdə işləməsi də bu məktəbdə baş verən korrupsiya faktlarından biridir. Eləcə də bir çox şagirdlərin adının yalnız sinif jurnallarında qeyd olunsa da gördüm deyən olmaması, daha dəqiq desək, qız nəvələrinin Mehdiyeva Fatimə və Sevilin Moskvada yaşayıb, orada oxuduqları halda, eyni vaxtda onların adlarının musiqi məktəbində getməsi isə bir ayrı faktdır. 12 saat dərs yükü olan gənc mütəxəssis Sevinc Verdiyevanın ilin sonunda analıq məzuniyyətinə yollanan zaman alınan 3 saat dərsi analıq məzuniyyətindən qayıdaraq 36 saat dərs yükü olan Şabanova Yulyanaya verilsə də hələ bu günə qədər onu gördüm deyən olmayanlardan əlavə ədalətsiz dərs bölgüsünün arxasında korrupsiya və rüşvətin tüğyan etməsindən xəbər verir. Daha bir maraqlı fakt isə analıq məzuniyyətindən qayıtsa da üzünü məktəbdə gördüm deyən olmayan Şabanova Yulyananın təhsilinin musiqi məktəbində müəllim işləməsinə yol vermədiyi halda 36 saat dərs yükü almasıdır. Belə ki, əldə olunan məlumatda deyilir ki, Şabanova Yulyana Humanitar Kolleci bitirmiş və onun ixtisası orta məktəbdə musiqi müəllimi olmasından dolayı onun musiqi məktəbində müəllim işləməsinin mümkünsüzlüyündən xəbər verdiyi halda direktorun dərs yükünün qeyri-bərabər bölməsi, hələ üstəlik ixtisası üzrə uyğun olmayan müəllimənin dərsə gəlməməsi də artıq nədən deyil, nələrdən xəbər verir. Sevinc Verdiyevanın 2016-cı ildən bəri direktor tərəfindən vəzifə səlahiyyətlərini aşaraq hüquqlarının pozulmasının daha bir əyani sübutu isə onun 12 saat dərs yükünü dava-dalaşla almasına baxmayaraq bu il test imtahanından keçib gələn mütəxəssisin 36 saat dərs yükü ilə təmin olunmasıdır. Və nəhayət Youtube-da bir müddət öncə paylaşılan əlavə dərs saatı müqabilində məktəbin digər bir müəllimindən alınan 500 manat rüşvət faktı da var. Daha bir şikayət edən müəllimin, Tamara İsmayılovanın özünün dediklərindən, eləcə də"Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi"nə, Göygöl rayon prokurorluğuna, eləcə də "Gündəm xəbər"ə təqdim etdiyi səs yazısındakı danışıqlardan da məlum olur ki, o, yəni İradə Bağırova 500 manat müqabilində Tamaraya əlavə dərs saatı versə də sonradan 36 saat dərs yükünün maaşının tən yarısını ondan istədikdə aralarında narazılıq yaranıb. Daha sonra Tamara İsmayılova bildirdi ki, o, 2011-ci ildən , yəni ilk gündən İradə Bağırova ilə işlədiyindən münaqişənin sonu davalarla bitəcəyini bildiyindən dinməz-söylənməz bir neçə ay maaşının tən yarısını direktora verdiyini etiraf edir. Ötən ilin sonunda isə o, Tamaradan həmin dərsə görə 500 manat almasına baxmayaraq ikinci yarım ildə 36 saatlıq dərsi 18 saata endirir. 500 manatla bağlı isə bildirir ki, "sənə verəcəyim dərs saatı 12 idi, oldu18”.
Artıq bu məktəbin fəaliyyətindəki maliyyə pozuntularına diqqət yetirdikdə , məlum faktların biri digərinin ardınca ortaya çıxarkən baş verənlərdən məlum olur ki, tək regionda deyil, Mədəniyyət nazirliyində belə özünü prokuror qızı adlandıran Xəqani kənd uşaq musiqi məktəbinin direktoru İradə Bağırovanın əli, ətəyi korrupsiyaya bu məktəbdə fəaliyyətə başlayandan bulaşıb.

"Gündəm Xəbər”

Prezidentin iradlarına məhəl qoymayan direktor iş başındaPrezidentin iradlarına məhəl qoymayan direktor iş başında

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300