Büdcədən xərclənən milyonların taleyi –"Bakı Abadlıq Xidməti”nin şübhəli işləri

 

Azərbaycanın hökuməti yeni tərkibdə iş başındadır: ölkəmizin sosial-iqtisadi həyatında yeni bir mərhələ başlanıb. Dövlət başçısının etimadını doğrultmayan, xalqın xidmətçisi olmaq əvəzinə, xalqın mənafeyinə zidd davranış sərgiləyən, öz şəxsi mənafeyini ictimai mənafedən üstün tutan bir sıra vəzifə adamları işdən uzaqlaşdırılıblar və bu proses davam edir… Lakin müxtəlif sahələrdə belə məmurların yarıtmaz əməllərinin "izlər”i hələ uzun müddət özünü büruzə verəcək, cəmiyyəti narahat edəcəkdir. Ən təhlükəlisi isə odur ki, dövlət qulluğunun verdiyi səlahiyyətlərdən sui-istifadə edilməsi və özəl sektorun bəzi bədniyyət təmsilçiləri də cəlb olunmaqla büdcə vəsaitlərinin talanmasına şərait yaradılması halları hələ tam aradan qaldırılmayıb.

Teref.info xəbər verir ki, son vaxtlar bu mövzuda çox ciddi ittihamlar Bakı Şəhər İcra Hakimiyyəti ilə "Bakı Abadlıq Xidməti” ASC-nin işbirliyi barədə irəli sürülməkdədir. Maraqlıdır ki, çoxsaylı media qurumlarının məsələni ictimailəşdirməsinə və davamlı olaraq aparılan araşdırmaların dövlət vəsaitindən düzgün istifadə edilmədiyi barədə ehtimalları daha da kəskinləşdirməsinə baxmayaraq, nə adı çəkilən icra orqanından, nə də özəl müəssisədən səs-soraq çıxır. Susmaq ittihamları qəbul etmməkdirsə, onda tezliklə aidiyyəti hüquq-mühafizə orqanlarının da işə qarışacağını gözləmək olar. Çünki korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin getdicə daha da gücləndiyi göz qabağındadır. Hətta ən yüksək vəzifələrdə himayədarları olan məmurlar və sahibkarlar belə qanunazidd əməllərinə görə məhşər ayağına çəkilir, dövlətin və onun qanunlarının kəsərini görür, hətta azadlıqlarını itirməli olurlar.

Bakının abadlğını, yaşıllığını, səliqə-sahmanını qorumağa cavabdeh olanlar da, yəqin ki, belə bir tale ilə üzləşmək istəməzlər. Lakin buna baxmayaraq dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınmağa başlayan paytaxtımızın daha da gözəlləşdirilməsinə, onun hər bir guşəsində daim xoş ovqat oyadan təmizliyin, abadlığın qorunub saxlanmasına ayrılan vəsaitdən səmərəli şəkildə istifadə edilməməsinin və ya bu vəsaitin müxtəlif yollarla talanmasına imkan verilməsinin cinayət əməli sayılması düzgün olmazmı?..

Mediada həmin vəsaitin on milyonlarla manat məbləğində dəyərləndirilməsi barədə ehtimallar irəli sürülür. Təbii bir sual yaranır: niyə jurnalistlər konkret faktlara deyil, ehtimallara əsaslanırlar? Bunun o qədər də mürəkkəb cavabı yoxdur. Sadəcə, Bakının yaşıllaşdırılmasına, abadlığının və səliqə-sahmanının qorunub saxlanmasına ayrılan vəsait şəffaflıqla xərclənmir, yəni bu işlərinin yerinə yetirilməsi üçün heç bir tender, heç bir müsabiqə keçirilmir. Əgər mövcud qanunvericiliyin tələblərinə uyğun bu cür tədbirlər keçirilsəydi, görüləcək işlərin adı, həcmi və qiymətləri açıqlansaydı, tenderin qalibi rəsmən elan edilsəydi, onda hər hansı ehtimala və ya dolayı hesablamalara da ehtiyac qalmazdı. Amma indiki halda bu işlərdə "Bakı Abadlıq Xidməti” ASC-nin inhisarçı mövqeyinin dəyişilməz qalması ən pis və xoşagəlməz ehtimallara əsas verir.

Yeri gəlmişkən, Bakıda son illərdə həyata keçirimiş geniş miqyaslı abadlıq və yenidənqurma işləri təkcə park və bağları əhatə etməyib. Şəhərin mərkəzində və ətraf rayonlarda köhnə binaların müxtəlif müasir tikinti materialları ilə üzlənməsi, küçə və prospektlərin, park və bağların, həmçinin görkəmi yeni memarlıq elementləri ilə zənginləşdirilmiş tikililərin fasadının işıqlandırma sistemləri ilə təchizatı da böyük zövqlə və sanballı vəsait hesabına görülən işlərdəndir. Vaxt keçir, il üstünə il gəlir və şübhəsiz ki, şəhərin simasında texnogen və təbii səbəblərdən bəzi zədələrin özünü büruzə verməsi qaçılmazdır. Paytaxtın ən qələbəlik və turistik baxımdan əhəmiyyətli yerlərində belə zədələrin operativ şəkildə aradan qaldırılması zəruri olduğu kimi, gözdən uzaq, könüldən iraq ərazilərində də buna ehtiyac vardır. Təəssüf ki, müşahidələr bu sahədə də çatışmazlıqların olduğunu göstərir: binaların qopan üzlüklülərinin yeri, çilçırağı qopub düşən, lapmpası sönən işıq dirəklərinin məhzun duruşu adamı qəlbən mütəəssir edir…

"Bakı Abadlıq Xidməti”nin bu məsələlərə dəxli varmı? Yəni paytaxtda abadlığın bu məqamları ilə bağlı da iş aparırımı? Heç ehtimalımız belə yoxdur.

Çünki ictimaiyyət "Bakı Abadlıq Xidməti” ASC-yə paytaxtın abadlığı ilə bağlı, konkret olaraq, hansı işlərin həvalə olunduğundan, bu məqsədlərlə nə qədər dövlət vəsaiti ayrıldığından xəbərsizdir. Əslində, gördüyü iş Bakının saknlərinin və qonaqlarının aşkarca gözü önündə olan bu özəl müəssisənin fəaliyyətindəki "məxfi”liyin səbəbi anlaşılmazdır. Məhz bu vəziyyət "məmur – özəl sektor” əlaqələrinin gizli məqamları barədə düşüncələri qidalandırır.

Paytaxtın abadlığının, yaşıllıqlarının qorunmasına, səliqə-sahmanda saxlanmasına sərf edilən mliyionların taleyinə aydınlıq gətiriləcəkmi? Bu sual hələ də açıq qalır…
Teref.info olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300