Azərbaycan Demokratik Respublikası 

 

Mayın 28-də Milli Şuranın 26 üzvünün iştirak etdiyi iclasda 24 nəfərin lehinə səs verməsi ilə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olundu

1917-ci ilin Fevral inqilabı Rusiya imperiyasında monarxiyanın süqutu ilə nəticələndi. Monarxistlər xaric bütün siyasi cərəyanların nümayəndələri tərəfindən alqışlanan bu hadisədən sonra demokratik açılım yaşandı. Müəssislər Məclisi çağrılana qədər idarəçiliyi öhdəsinə götürmüş Müvəqqəti hökumət bir sıra demokratik islahatlar apardı, qərarlar qəbul etdi. Çarizm əleyhinə fəaliyyətə görə həbs olunanlar azad edildi, siyasi mühacirlər geri qayıtdı, inqilabçı partiyalar leqal fəaliyyət imkanı əldə etdilər. Əmək və digər hüquqlarla bağlı mütərəqqi qanunlar qəbul edildi, qadınlara səs hüququ verildi.

Lakin Rusiyanın daxili həyatında baş alıb gedən hərc-mərcliyi cilovlamaq mümkün olmadı. Müvəqqəti hökumətin Rusiyanın Birinci Dünya Müharibəsində iştirakını davam etdirmək qərarı xüsusən qeyri-populyar idi və əsgər kütlələrinin narazılığına səbəb olmuşdu. Bundan istifadə edən bolşeviklər əsas təbliğatlarını hərbi hissələrdə aparmağa başladılar. Bu taktika özünü doğrultdu və Oktyabr çevrilişi ilə bolşeviklər hakimiyyətə gəldilər.

Fevral inqilabının demokratik hədəflərindən sonra bir partiyanın hakimiyyətə yiyələnməsi mürtəce hal idi və bolşeviklərin özündən, bir də sol eserlərdən savayı heç bir siyasi qüvvə tərəfindən dəstəklənmədi. Sol eserlərin də bolşeviklərlə ittifaqı yalnız 9 ay, 1918-ci ilin iyuluna kimi davam etdi. Bu dövrdən etibarən isə 1991-ci ildə SSRİ-nin süqutuna qədər sərt birpartiyalı hakimiyyət bərqərar oldu.

Cənubi Qafqazda fəaliyyət göstərən əsas siyasi qüvvələr də bolşevik hakimiyyətini tanımaqdan imtina etdilər və regionun idarə edilməsi üçün Cənubi Qafqaz komissarlığını yaratdılar. Gürcü menşevik Gegeçkorinin rəhbərlik etdiyi komissarlıqda 4 post Azərbaycan nümayəndələrinə (F.Xoyski, X.Məlik-Aslanov, M.Y.Cəfərov və X.Xasməmmədov) verilmişdi. Lakin bu, hələ regionun müstəqilliyinin elan edilməsi demək deyildi.

Noyabr ayında Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. Müəssislər Məclisi ideyası Fevral inqilabının məhsulu idi. Rusiyanın gələcək siyasi və idari quruluşunu məhz bu ali qurum müəyyən etməli idi. Müəssislər Məclisi ideyası əhali arasında o qədər populyar idi ki, hakimiyyətə yiyələnən bolşeviklər belə ondan imtina etməkdən çəkindilər.

Lakin seçkilər bolşeviklərin ciddi məğlubiyyəti ilə nəticələndi. Onlar 767 yerdən yalnız 180-nə sahiblənə bilmişdilər. Cənubi Qafqazda da bolşevik hakimiyyətinə müxalif olan partiyalar – müsavatçılar, gürcü menşevikləri, daşnaklar - qalib gəldilər. Azərbaycanlıları təmsil edəcək 14 nəfərdən 10-u Müsavat Partiyasının üvləri idilər.

Lakin seçkilərin nəticələrinin, Müəssislər Məclisinin qərarlarının hakimiyyətin itirilməsinə səbəb olacağını görən bolşeviklər qurumun fəaliyyət göstərməsinə imkan vermədilər. Yanvarın 18-ə keçən gecə Müəssislər Məclisi silah gücünə dağıdıldı. Beləliklə, Rusiyanın yenidən demokratiya yoluna dönməsi üçün son şans məhv edildi.

Müəssislər Məclisinə Cənubi Qafqazdan seçilmiş nümayəndələr Tiflisdə toplanaraq yaranmış vəziyyəti müzakirə etdikdən sonra regionun öz parlamentini – Seym yaratmaq qərarına gəldilər. Bu zaman Müəssislər Məclisinə seçkilərin nəticələrinin əsas götürülməsi, lakin təmsilçiliyin daha da genişləndirilməsi haqqında razılığa gəlindi. Beləcə, fevralın 23-də işə başlayan Seymdə azərbaycanlılar 44 nəfərlə təmsil olunurdular ki, bunlardan da 30-u Müsavat Partiyasının üzvləri idilər.

Cənubi Qafqaz parlamenti və hökuməti qarşısında duran ən mühüm problem Osmanlı dövləti ilə münasibətlər idi. Belə ki, martın 3-də Rusiyanın bolşevik hakimiyyəti ilə imzalanan Brest-Litovsk müqaviləsinə əsasən 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən alınaraq Rusiyanın ərazisinə qatılmış Qars və Batum vilayətləri geri qaytarılmalı idi. Lakin Seymdəki erməni və gürcü nümayəndələri bunun əleyhinə çıxırdılar.

Ermənilər Qars, gürcülər isə Batum məsələsində güzəştsiz mövqe tuturdular. Azərbaycanlılar isə Qarsın qaytarılmasına loyal yanaşsalar da, Batum məsələsində fərqli mövqe tuturdular. Çünki Batum Bakı neftinin dünya bazarlarına əsas çıxış nöqtəsi idi və Cənubi Qafqazın tərkibində qalması daha əlverişli idi.

Seym sədri Çxenkelinin rəhbərlik etdiyi nümayəndə heyətinin Trabzonda martın 14-dən osmanlılarla apardığı danışıqlar uğurlu olmadı. Türklər Cənubi Qafqazın öz müstəqilliyini elan etmədiyini əsas gətirərək Rusiyanın mərkəzi hökuməti tərəfindən imzalanmış Brest-Litovsk müqaviləsinin şərtlərinin tanınmasını istəyirdilər. Əks halda, Cənubi Qafqazın müstəqilliyinin elan olunmasını, bundan sonra danışıqlar aparmağı təklif edirdilər. Lakin ermənilərin barışmaz mövqeyi müstəqillik elanına imkan vermədi. Ərazi məsələsində isə Seym 1878-ci ildən sonrakı Osmanlı-Rusiya sərhədinin toxunulmazlığında israr edirdi.

Qeyd etmək lazımdır ki, Seymdə Cənubi Qafqazın müstəqilliyini ən israrla dəstəkləyən Azərbaycan nümayəndələri idilər. Gürcülər də getdikcə bu ideyaya daha isti yanaşırdılar.

1 ay sürən uğursuz Trabzon danışıqlarından sonra Seym Türkiyəyə silahlı müqavimət göstərmək qərarı verdi. Bu zaman Azərbaycan nümayəndələri bildirdilər ki, Türkiyə ilə xüsusi dini bağlılıq səbəbindən bu əməliyyatlarda iştirak etməklərini mümkünsüz sayırlar. Aprelin 14-də başlayan və 8 gün davam edən hərbi qarşıdurma Osmanlı ordusunun tam qələbəsi ilə nəticələndi. Nəticədə Seym aprelin 22-də Cənubi Qafqaz Demokratik Federativ Respublikasının yaranmasını elan etdi.

Müstəqilliyin elanı ilə Cənubi Qafqazın yeni hökuməti formalaşdı. Çxenkelinin baş nazir və xarici işlər naziri olduğu hökumətdə bu dəfə də azərbaycanlılar 4 nəfərlə (F.Xoyski, X.Məlik-Aslanov, N.Yusifbəyli, M.H.Hacınski) təmsil olunurdular.

Lakin Cənubi Qafqaz federasiyası ideyası uzunömürlü olmadı. Seymdəki fraksiyalar arasında ciddi fikir ayrılıqları vardı. Bakıdakı Mart qətliamı zamanı Federasiya rəhbərliyinin adekvat olmayan reaksiyası belə nümunələrdən biri idi.

İxtilaflar mayın 11-də Batumda Türkiyə ilə yeni danışıqlar zamanı özünü xüsusilə aydın göstərdi. M.Ə.Rəsulzadə və M.H.Hacınskinin də iştirak etdiyi danışıqlarda azərbaycanlılar, gürcülər və ermənilərin eyni mövqədən çıxış etmədiyi, bu mövqeləri uzlaşdırmağın imkansızlığı üzə çıxdı. Belə olduqda gürcülər Cənubi Qafqaz federasiyasından ayrılaraq müstəqilliklərini elan etmək qərarına gəldilər.

Mayın 26-da Seymin son iclası keçirildi və federasiyanın dağılmasını təsdiq edən qətnamə qəbul edildi.

Mayın 27-də Seymin Azərbaycan fraksiyası ayrıca toplantı keçirərək özünü Milli Şura elan etdi. Müsavat Partiyası Milli Şuranın sədrliyinə Məhəmməd Əmin Rəsulzadənin namizədliyini irəli sürdü. İttihad Partiyası xaricində digər üzvlərin dəstəkləməsi nəticəsində Rəsulzadə sədr seçildi. Fətəli xan Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri oldu.

Mayın 28-də Milli Şuranın 26 üzvünün iştirak etdiyi iclasda ittihadçı Sultan Məcid Qənizadə və hümmətçi Cəfər Axundov bitərəf olmaqla 24 nəfərin lehinə səs verməsi ilə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olundu. Cənubi Qafqazda gedən son proseslərdən bəhs edən preambula hissəsindən sonra bəyan edilirdi:

1.Bugündən etibarən Azərbaycan xalqı həqqi-hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.

2.Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3.Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4.Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5.Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6.Müəssislər Məclisi toplaşana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.

 

Milli Şura Azərbaycanın müstəqilliyini olduqca ağır şərtlər altında elan etmişdi. Əgər 1991-ci ildə müstəqilliyimizi elan edərkən bəzi istisnalarla (ordu, milli valyuta və s.) dövlətin bütün atributlarına malik idiksə, 1918-ci ildə vəziyyət tamamilə fərqli idi. Elan olunan dövlətin ərazisi, sərhədləri belə tam aydın deyildi. Ölkədə ali təhsilli insanların sayı 100-ü keçmirdi. Dövlət strukturlarını sıfırdan formalaşdırmaq lazım gəlirdi.

Ordu yaratmaq üçün nə kadr çatışırdı, nə də silah-sursat. Halbuki qarşıda Azərbaycanın şərq ərazilərini Bakı sovetinin əsarətindən azad etmək kimi həyati əhəmiyyətli məsələ dururdu. Maliyyə vəziyyəti olduqca ağır idi. Siyasi təbəddülatlar və hərbi əməliyyatlar üzündən iqtisadiyyata, xüsusən neft sənayesinə ağır zərbə vurulmuşdu.

Lakin Azərbaycan hökuməti bu çətinliklərin öhdəsindən şərəflə gəldi. Qafqaz İslam Ordusunun köməyil ilə ərazi bütövlüyü bərpa oldu. Azərbaycan Demokratik Respublikası 114 min kv km əraziyə iddia edirdi, bu da bütün Cənubi Qafqaz ərazisinin 3/5 hissəsini təşkil edirdi.

1918-ci il dekabrın 7-də Azərbaycanda məskunlaşan bütün xalqların və siyasi partiyaların təmsil olunduğu parlament fəaliyyətə başladı. Elə həmin gün parlament binasında İstiqlal muzeyi açıldı. 1919-cu ildə milli valyuta dövriyyəyə buraxıldı. Noyabrın 15-də Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Parlamentin noyabrın 17-də qəbul etdiyi qanuna əsasən Dövlət Dram Teatrı yaradıldı.

Maliyyə çatışmazlığına baxmayaraq, 100 nəfər xarici universitetlərdə təhsil almağa göndərildi. Sonralar "Cümhuriyyət tələbələri” adlandırılacaq o gənclər bir neçə il sonra qayıdıb Azərbaycanı inkişaf etdirməli idilər. Fəqət 1920-ci ilin 27 aprel işğalı müstəqil dövlətimizə son qoydu.

Qısa mövcudiyyətdən sonra süqutuna baxmayaraq Azərbaycan Demokratik Respublikasının tariximizdəki nəhəng rolu danılmazdır. Onun həyatımızın müxtəlif sahələrinə təsirlərindən çox danışmaq olar. Ən əsas isə odur ki, ilk Cümhuriyyətimiz özünün demokratik uğurları ilə bu gün ağır şərtlər altında mübarizə aparan insanlar üçün mayak, qürur mənbəyi və ilham pərisidir.

Yadigar Sadıqov, meydan.tv

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300