Azərbaycan Qarabağdakı vətəndaşlarının xilası üçün hərəkətə keçə bilər

 

Xankəndidəki hərbi-polis rejimi daxildən çat verdi; politoloq: "Baş verənlərə müşahidəçi kimi yanaşmalı deyilik...”

Ermənistandakı cinayətkar rejimin devrilməsindən və yeni hökumətin qurulmasından sonra Ermənistan ordusunun işğalı altında olan Dağlıq Qarabağ ərazisində də gərginliklər yaşanır. İyunun 1-də qondarma rejimin "təhlükəsizlik xidməti” əməkdaşlarının yerli sakinləri vəhşicəsində döyməsindən sonra keçirilən etiraz aksiyalarında səslənən tələblərin yerinə yetirilməsi üçün çox gözləmək lazım gəlmədi.

Xatırladaq ki, həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Qarabağ separatçılarının lideri Bako Saakyan etirazçıların irəli sürdüyü tələblərin icra olunacağına vəd verəndən sonra fasiləsiz mitinqlər dayandırılmışdı. Budur, Qarabağdakı qondara rejimin "güc strukturları”nın rəhbərləri bir-birinin ardınca istefaya yola salınır.

İyunun 6-da Qarabağ separatçılarının "dövlət naziri” Araik Arutyunyan istefa verdiyini açıqlayıb. 2007-2017-ci illərdə qondarma rejimin "baş naziri” olan Arutyunyan Bako Saakyandan sonra Qarabağdakı rejimin ikinci şəxsi hesab edilirdi. Dağlıq Qarabağdakı separatçı rejimin "polis rəisi”, "general” Kamo Ağacanyan isə istefayasının səbəbini Qarabağda daxili və xarici təhlükəsizliyin və stabilliyin təmin olunması ilə izah edib. Onun ardınca separatçıların "milli təhlükəsizlik xidməti”nin rəhbəri Arşavir Qaramyan da postu ilə vidalaşıb. Beləliklə, etirazçıların əsas tələbi yerinə yetirilib.

Ancaq belə görünür ki, separatçıların başçısı cinayət ortaqları olan "komanda” üzvlərini qurban verməklə özünü xilas edə bilməyəcək. Çünki Nikol Paşinyan Qarabağ klanına birdəfəlik son verməyi hədəfləyib və Serj Sərkisyanın tərəfdarlarını sonuncu nəfərinədək neytrallaşdırmaq niyyətindədir. Elə iyunun 6-da Ermənistan xüsusi istintaq xidmətinin rəisi Vaqram Şaginyan postundan istefa verdiyini açıqlayıb. Eyni gündə Ermənistan Respublikaçılar Partiyasının parlament fraksiyasının 6-cı deputatı istefaya gedib. Beləliklə, Paşinyan Serj Sərkisyanın kadrlarını vurmaqla kifayətlənmir, parlamentdə ona problem yarada biləcək partiyasını da "sökməklə” məşğuldur. Belə olan təqdirdə N.Paşinyanın Qarabağdakı cinayətkar dəstələri, silahlı qrupları nəzərdən qaçıracağını söyləmək olmaz. Elə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın Xankəndi şəhərinə gələrək separatçı liderlə görüşməsi də Paşinyanın planının tərkib hissəsi ola bilər.

Ä°lgili resim

 

Belə bir məqamda xəbər yayılıb ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimin xüsusi xidmət orqanları Bako Saakyana qarşı silahlı qiyama hazırlaşır (azvision.az). Bu barədə separatçı rejimin "Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan bəyan edib. O, facebookda canlı yayıma çıxaraq Qarabağdakı ermənilərə xəbərdarlıq edib. Bildirib ki, baş verəcək silahlı üsyana hazır olsunlar və onun qarşısını almaq üçün qəti şəkildə fəaliyyətə keçsinlər. Qriqoryan həmçinin vurğulayıb ki, bu gün Dağlıq Qarabağdakı qondarma qurumun "baş naziri” Araik Arutyunyanın istefa verməsi elə-belə hadisə deyil. Onun sözlərinə görə, məhz silahlıların təzyiqi ilə Bako Saakyan onu istefaya göndərib. Və əvəzində Qarabağ ermənilərinin narazı olduğu və istefasını tələb etdikləri MTX-nin rəisi Arşavir Qaramyanı təyin edəcək (yuxarıda onun da öz postundan istefa verdiyini yazmışıq - red.) "Bununla da, son günlər Qarabağda baş verən məlum hadisələrin faktiki səbəbkarları nəinki vəzifədən uzaqlaşdırılmayacaq, hətta hakimiyyəti ələ keçirəcək”, - deyə Qriqoryan xəbərdarlıq edib.

Görünən odur ki, Bako Saakyan "separatçı lider” statusunu qorumaq üçün məmurları və hətta yerli erməniləri də qurban verməyə hazırdır. Bunun sonu isə Dağlıq Qarabağda ermənilərin bir-birini qırması ilə nəticələnə bilər. Maraqlısı odur ki, Ermənistandan sonra separatçı Dağlıq Qarabağ rejimində də siyasi böhran yaşanır. Buna qədər isə həm Ermənistanda, həm də işğal altındakı ərazilərimizdə "konstitusiya islahatları” adı altında addımlar atılmışdı, həm Sərkisyan, həm də Saakyan öz hakimiyyətini qorumaq üçün "qanuni baza” yaratmışdılar. Ancaq belə görünür ki, Saakyan da Sərkisyanın ardınca yola salınacaq.

Ancaq bizi düşündürən başqa məsələdir. Ermənistandakı hadisələr bir yana, bu dəfə hadisələr Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda cərəyan edir. Üstəlik, bu ərazidə yaşayanların əksəriyyəti vaxtilə Azərbaycan qanunlarına tabe olub, Azərbaycan vətəndaşlığını daşıyan şəxslər, onların övladlarıdır. Bu ərəfədə bəzi erməni fəallar Qarabağdakı xuntanın girovluğundan xilas olmaq üçün Azərbaycana müraciət etməyin mümkünlüyündən də bəhs etməyə başlayıblar. Ola bilsin ki, bu, Qarabağ ermənilərinin separatçı hakimiyyəti, yaxud İrəvanı şantaj cəhdidir. Ancaq məntiqlə rəsmi Bakı ölkəmizin sərhədləri daxilində baş verən hadisələrə - birbaşa nəzarət imkanı olmasa belə - hansısa formada münasibət bildirmək, bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmək haqqına malikdir.

David Karabekyan ile ilgili görsel sonucu

 

Erməni sosioloq David Karabekyan bildirib ki, Qarabağ İrəvan tərəfindən idarə olunur: "Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, İrəvanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra Xankəndindəki ermənilər də ayağa qalxıb. Xankəndindəki rejim kriminal qaydalarla hərəkət edir”. O bildirir ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa- olsun, xilas olmaq istəyirlər: "Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”.

Gerçəklik bundan ibarətdir ki, Ermənistan hakimiyyəti Qarabağdakı ermənilərə zülm edir, onları qul kimi saxlayır. Bu günlərdə Qarabağda insanların etirazı Ermənistan hakimiyyətinin ədalətsiz və istismarçı siyasətinə qarşıdır. Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Bu mənada hesab olunur ki, Azərbaycan öz vətəndaşlarına sahib çıxmalıdır. Xüsusilə də indiki məqamda, Qarabağ erməniləri separatçı rejimin basqılarından cana doyduqları bir zamanda onları xilas üçün hərəkətə keçməyə Bakının haqqı var.

"Əslində işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış separatçı bölgədə baş verənlərdən Ermənistanın keçirdiyi narahatlıq, sabiq prezident Ter-Petrosyanın həyəcanlı reaksiyası Dağlıq Qarabağ ətrafında rəsmi İrəvanın yaratmağa çalışdığı mifin alt-üst olması ilə bağlıdır”.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

 

Politoloq Elçin Mirzəbəyli bu fikirləri "Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi ekspert qeyd etdi ki, Ermənistan bu günədək beynəlxalq müstəvidə, o cümlədən münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində guya Dağlıq Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqlarına tam təminat verən bir rejimin mövcud olduğunu sübut etməyə çalışırdı: "Rəsmi İrəvan həmçinin iddia edirdi ki, bölgə işğaldan azad edilərsə, orada yaşayan ermənilərin hüquq və azadlıqlarına Azərbaycanın təminat verə biləcəyinə inanmır. Separatçı bölgədəki qeyri-qanuni birləşmələrin əhaliyə divan tutması və ictimailəşən bu faktın arxasınca baş verən kütləvi aksiyalar isə sübuta yetirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər ən adi hüquqlarından belə məhrumdurlar. Təsadüfi deyil ki, aksiya iştirakçıları separatçı rejimin onlarla girov kimi davrandığını, özlərini açıq havada olan həbsxanada hiss etdiklərini bildirirlər. Bütün bunlar isə rəsmi Bakının Azərbaycanın işğal altında olan ərazilərində yaşayan ermənilərin hüquqlarının qorunmadığı, həmin ərazilərin qanunsuz hərbi birləşmələrin və terror qruplarının poliqonuna çevrildiyi barədə bu günədək beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə təqdim etdiyi faktların əsaslı olduğunu təsdiqləyir. Ona görə də Ter-Petrosyan bu qədər narahatdır və qarşıdurmanın görüntüdə siyasi həllinin tapılması üçün Paşinyanla yanaşı, Serj Sərkisyana, Robert Köçəryana, hətta Samvel Babayana müraciət edir. Azərbaycan torpaqlarının işğalı prosesinin iştirakçıları nəyin bahasına olursa-olsun, yaranmış vəziyyətdən siyasi çıxış yolu tapmağa çalışırlar və ən azı buna görüntüdə nail olmağa cəhd göstərirlər ki, sonradan Dağlıq Qarabağdakı separatçı rejimin və oradakı erməni toplumunun ”yetkinliyini" təbliğat tezisinə çevirə bilsinlər".

Politoloq onu da qeyd etdi ki, Ermənistan mətbuatı və ekspertləri Azərbaycanın Dağlıq Qarabağda baş verən hadisələrin fonunda olduqca sakit davranmasından təəccüblənib:"Azərbaycan KİV-inin hadisələrlə bağlı yalnız xəbər yayması, oradakı vəziyyətin daha da gərginləşməməsi üçün heç bir addım atmaması onları çoxsaylı suallar qarşısında qoyub. Erməni KİV-ində tanış olduğum materiallarda bu suallara hələ də tutarlı cavab tapılmadığı açıq-aşkar görünür. Şübhəsiz ki, biz baş verənlərə müşahidəçi kimi yanaşmalı deyilik. İndiki şəraitdə ilk növbədə çox geniş diplomatik hücuma keçmək lazımdır. Azərbaycanın işğal altında olan ərazilərində baş verən qanunsuzluqlar dünya mediasına çıxarılmalıdır. Ermənistanın və onun Dağlıq Qarabağdakı separatçı tör-töküntülərinin seytnot vəziyyətinə və bəlkə də aqoniyaya düşmələri üçün təxirəsalınmaz tədbirlər görülməlı və təbii ki, orada yaşayan insanların hüquq və azadlıqlarının təminat altına alınması üçün hərbi müdaxilə perspektivi də nəzərdən keçirilməlidir”.

Ancaq rəsmi Bakı maraqlı bir mövqedə dayanıb. Azərbaycan hakimiyyəti həm Ermənistanda, həm də Dağlıq Qarabağda baş verənlərə soyuqqanlı yanaşma sərgiləməklə hətta ermənilərin özlərində belə çaşqınlıq yarada bildi. Xatırladaq ki, Ermənistan hakimiyyəti bir sıra hallarda xalqı Azərbaycan faktoru ilə qorxutmağa üstünlük verirdi. Etirazçı elektorat xəbərdar edilirdi ki, ölkədə qarışıqlıq yaransa, Azərbaycan fürsətdən istifadə edəcək və Ermənistanın varlığı sual altına düşəcək. Bakı isə fərqli taktika sərgiləməklə cinayətkar hakimiyyəti arqumentsiz qoydu.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300