Elçibəydən sonra unudulan Bütöv Azərbaycan məsələsi » Ulu Yol Xəbər portalı

                      Elçibəydən sonra unudulan Bütöv Azərbaycan məsələsi

Parçalanmış millətlərin və dövlətlərin birləşməsindən Azərbaycan xalqına da pay düşəcəkmi; ekspertlərdən nikbin olanı da var, bədbini də; "Bizim durum fərqlidir, biz ayrılmış dövlətlər kateqoriyasına aid deyilik”

Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin dünyasını dəyişməsindən sonra onun ətrafındakı təşkilat və şəxslərin pərən-pərən düşməsi zaman-zaman müzakirə mövzusu olub. Elçibəyin liderliyini qəbul edən əksər müxalifət partiyaları nəinki bir-birinə zidd mövqelərdə dayanmağa başladılar, hətta hərəkat liderinin ölümündən sonra onun sədri olduğu partiya da param-parça oldu.

Lakin Elçibəyin yoxluğu təkcə bu düşərgəyə zərbə vurmadı. Eyni zamanda Əbülfəz bəyin ideya müəllifi olduğu bir sıra layihələr, həmçinin Güney Azərbaycan mövzusu da arxa plana keçdi. Ə.Elçibəy Kələkidən Bakıya dönəndən sonra Bütöv Azərbaycan Birliyinin sədri kimi Güneylə Quzeyin birləşməsi mövzusunu hər zaman gündəmdə saxlayırdı, təşkilatın həftəlik toplantılarında Güney məsələsinə saatlarla vaxt ayrılırdı, Arazın o tayında yaşayan on milyonlarla soydaşımızın durumundan bəhs olunurdu. Əslində Bakıdakı bu müzakirələr səbəbindən Güney Azərbaycanda milli hərəkat xeyli genişlənmişdi. Son illərdə Güney Azərbaycanın özündə də qəribə bir səssizlik var. Dünyada parçalanmış xalqların birləşməsi ilə bağlı nümunələr var və bu istiqamətdə indiki dönəmdə də səylər davam edir. 1990-cı ildə Qərbi və Şərqi Almaniya birləşib vahid dövlətə çevrildi. Bu günlərdə isə Cənubi Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında yaxınlaşma meyllərini müşahidə etməkdəyik. 19-cu əsrdə Rusiya və İran arasında bölüşdürülmüş Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirilməsi ilə bağlı mövzu isə təəssüf ki, aktual sayılmır. Vaxtilə "Qarabağa yol Təbrizdən keçir” deyən Elçibəyin yoxluğu halında Güney problemi ilə məşğul olanları ara-sıra müşahidə etmişik. Məsələn, bir ara AMİP lideri Etibar Məmmədov fəaliyyətində Güney məsələsini prioritet elan etsə də, bu, ötəri oldu və mövzu unuduldu. Ekspertlərimizin bu məsələ ilə bağlı maraqlı fikirləri var.

Zəlimxan Məmmədli ile ilgili görsel sonucu

 

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Yeni Müsavat”a dedi ki, Elçibəy Güney Azərbaycan mövzusunu və Bütöv Azərbaycan idealını türk dünyası və dünyanın diqqətinə çatdırmaqla bütövlük idealının siyasi gündəmimizə daxil olmasının əsasını qoydu:"Xarizmatik liderlərin yoxluğundan sonra boşluğun yaranması təbiidir. Artıq bütövlük siyasi və ictimai həyatımızın tərkib elementinə çevrilməklə milli ideala çevrilib. Odur ki, bu prosesi durdurmaq mümkünsüzdür. Güney Azərbaycan milli hərəkatı kifayət qədər yol qət edib və yaxın zamanlarda ciddi uğurlar gözləniləndir. Təəssüf doğuran isə Şimali Azərbaycanın siyasi və digər resurslarının bu ideala səfərbər olunmağa həvəssiz münasibətidir. Amma bütün hallarda o taylı-bu taylı millətimizin bu ideala sahiblənməsi ən böyük nəticədir. Bütöv Azərbaycanın qurulması mütləq məsələdir”.

Z.Məmmədlinin fikrincə, ölkəmizdə milli məsələlərə yönəlik siyasətin qüsurluluğu təsirsiz ötüşmür:"Siyasi sistem tarazlığı, optimallığı tapmadıqca bu məsələdə problemlər yaşanacaq. Hakimiyyət psevdobütövçülər, milliyyətçilər, dinçilər yaradıb bu xətlərə dəstək verərək əsl mahiyyətini gizlətməyə önəm verir. Düşünürəm ki, bu gün də bütövlük idealı ilə silahlanmış, mümkün olanları etməyə çalışan siyasilərimiz var. Lideri isə mütləqdir ki, xalq, proses yetişdirəcək. Güney Azərbaycan bu məsələdə daha parlaq görünür. Növbəti mərhələnin qəhrəmanının Güney Azərbaycan, liderinin də güneyli olacağına daha çöz inanıram”.

Fazil Mustafa ile ilgili görsel sonucu

 

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa isə hesab edir ki, bu məsələ bütün Azərbaycan siyasətçilərinin son 70 ildə düşüncəsində hakim olan məsələdir:"Dünyada birləşmə və ya yaxınlaşma prosesi ayrılmış dövlətlər üzərində baş verir. Necə ki, hər iki Almaniya idarəçilik forması fərqli olan dövlətlər idi və bu birləşmə baş tutdu. Koreyalar da eləcə, ayrıca dövlətlərdir. Bizim durum isə fərqlidir, biz ayrılmış dövlətlər kateqoriyasına aid deyilik. Etnik kimlik olaraq isə bir dövlətdən qopmuş deyilik. İndi Albaniya ilə Kosovonun, Rumıniya ilə Moldovanın birləşmə perspektivi bizdən daha çoxdur. Çünki onlar da ayrı-ayrı dövlət quruluşları olan bir etnik kökə malik topluluqlardır. Demək ki, bizim ilk hədəfimiz Bütöv Azərbaycan deyil, İranın tərkibində muxtariyyət qazanmış Azərbaycan olmalıdır”. F.Mustafaya görə, artıq Elçibəyin siyasi şüar olaraq inkişaf etdirdiyi Bütöv Azərbaycan ideyası bu günün reallığında bir mədəniyyət bütünləşməsini özündə ehtiva edə bilər: "Siyasi bütövləşmə üçün isə həmin muxtariyyətin siyasi müstəqilliyə çevrilib-çevrilməyəcəyi yol aça bilər. Bu səbəbdən də siyasi çağırışlarda Bütöv Azərbaycan ideyasını millət üçün bir macəraçılıq faktoruna çevirmək olmaz. Bizim əsas işimiz Güney Azərbaycan türklərinin milli haqlarının əldə edilməsinə və muxtariyyət statusu qazanmasına yardım etmək olmalıdır. Həm də bunu qonşu İran dövləti ilə münasibətləri gərginləşdirmədən etməliyik. Bir də əsas insan haqları kontekstində beynəlxalq birliyin diqqətini soydaşlarımızın durumuna yönəltməklə problemi beynəlmiləl səviyyəyə qaldırmalıyıq. Güneylə bağlı bizə milli ideologiya deyil, strateji yol xəritəsi daha vacibdir. Çünki kağız üzərində yazdıqlarımız dünya reallığına uyğun gəlməzsə, əvvəlki fəlakətləri millətimiz təkrar yaşaya bilər”. Deputatın sözlərinə görə, liderlik məsələsi daha çox problemin mahiyyətini doğru-dürüst anlamaq məsuliyyəti ilə bağlıdır: "Bu mövzuda siyasi divident götürməyə çalışmaq yanlışdır, milləti doğru hədəfə yönləndirmək üçün realist və sağlam fikirlər cəmiyyətdə müzakirə olunmalıdır və hər iki topluluğun aydınları bu müzakirəyə qatılmalıdır. Bu şərtlər özlüyündə hərəkatın liderini də yetişdirə biləcək”.

Faiq Ələkbər ile ilgili görsel sonucu

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbər isə əmindir ki, Azərbaycan türkləri gec-tez birləşərək Qacarlar dövlətinin devrilməsilə qəsb olunmuş haqlarını geri alacaqlar:"Bütöv Azərbaycan Ocaqları Rəsulzadə-Elçibəy yolunu davam etdirən bir təşkilatdır. Mən BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini kimi də deyirəm ki, biz bir an olsun Azərbaycan türklərinin birləşməsi məsələsindən geri çəkilməmişik. Əksinə, bu yolun daha da inkişafına təkan verən hadisələr ərəfəsindəyik”.

Ancaq F.Ələkbər də hesab edir ki, Azərbaycan türklərinin birləşməsi mövzusu ilə digər millətlərin birləşməsi arasında fərqlər var:"Azərbaycanın bir hissəsi Qacarlar dövründə qoruna bilmədi və çar Rusiyası tərəfindən işğal edildi. Bizim üçün Tehran da bir Azərbaycan şəhəri və türk torpağıdır. Azərbaycan türklərinin birləşməsi bu bölgədə çox şeyləri dəyişəcək. Ona görə də Azərbaycan türklərinin birləşməsi digər məsələlərdən çox fərqlidir. Bu birləşmə öz iradəmizlə baş verməlidir. Yəni bunu ”ABŞ, ya Avropa layihəsi" adında verib başqa mənalara yozanlar var ki, bu da yol verilməzdir. Bir sözlə, Azərbaycan türklərinin birləşməsi yalnız bölgənin deyil, dünyanın maraqlı olduğu bir məsələdir. Hərə öz maraqlarını burada əks etdirmək istəyir. Biz burada Azərbaycan və türklük marağını önə çəkərək işimizi görməliyik".

F.Ələkbər Bütöv Azərbaycan məsələsində lider yoxluğunun önə çəkilməsini doğru saymır:"Məncə, məsələni bu şəkildə qoymaq doğru deyil. Liderlər var. Amma bir gün əsas məqamda əsil lider ortaya çıxacaq. Necə ki, zamanında Rəsulzadə və Elçibəy ortaya çıxdılar. İndi də əsil məqamda elə olacaq. Bu birləşmənin baş verməsi ərəfəsində bir lider ortaya çıxacaq. Yəni Azərbaycan türklərinin yüzdə-on hissəsi birləşmək üçün ayağa qalxanda onlarla tanınmış simalardan biri hərəkatın başında dayanacaq, mən buna qətiyyən şübhə etmirəm. İndi düşmənlərimiz çalışırlar ki, önə çıxanları bir-birilərinə qarşı qoysunlar, gözdən salsınlar. Bununla da bu birliyi əngəlləmək istəyirlər, ancaq bacara bilməyəcəklər”.

Güney və Quzey Azərbaycan arasında körpülərin atılması baxımından hansı işlərin görülməsindən danışarkən F.Ələkbər konkret təkliflər səsləndirdi:"İlk növbədə hər iki Azərbaycan- türk ziyalıları birgə konfranslar verməlidir. Yəni ortaq yolumuzla bağlı Azərbaycan Respublikasında, Türkiyə, Avropa ölkələrində və digər yerlərdə birgə konfranslar verərək ideyalarımızı xalqımıza, 40-50 milyon hesab olunan Azərbaycan türklərinə çatdırmalıyıq. Bu konfranslarda hər iki Azərbaycandan ziyalılar iştirak etməlidir. Yəni Azərbaycan türkləri vətənin Güney-Quzeyi demədən bir yerdə milli birlik uğrunda mücadilə verməlidirlər. Bizim üçün ilk növbədə Azərbaycan türklərinin birliyi prioritet təşkil etməlidir. Eyni zamanda Azərbaycan türklərinin birləşməsi yönündə mədəni maarifləndirmə işləri gücləndirilməlidir. Həmçinin Azərbaycan türklərinin tarixi və mədəniyyəti ilə bağlı yeni kitablar yazılmalıdır. Bayramlarımızı birgə şəkildə keçirməyə diqqət etməliyik. İqtisadi əlaqələri gücləndirmək lazımdır. Bir sözlə, Azərbaycanın güneyinin quzeysiz, quzeyinin isə güneysiz ola bilməyəcəyi fikrini bütün sahələrdə ortaya qoymalıyıq. Yəni bizim keçmişimiz bir olduğu kimi, gələcəyimiz də bir olmalıdır. Azərbaycan türklərinin 5-6 min illik tarixi ənənəsini davam etdirməliyik. Bizim bu birliyimiz yalnız Azərbaycan türkləri üçün deyil, digər türk elləri, o cümlədən Xorasanımız, Həmədanımız, Qaşqayımız, hətta türk olmayan etnoslar üçün də önəmlidir. Çünki bizlər bu bölgədə sülh və sabitliyin bərqərar olmasının əsas nüvəsiyik. Ona görə də əsas məsələlərdən biri də odur ki, bu davanın yalnız Azərbaycan türklərinə, türk olmayan xalqlara da ədalət və hürriyyət gətirəcəyi fikrini ortaya qoymalıyıq. Mən zərrə qədər də şübhə etmirəm ki, bu bölgənin, o cümlədən Azərbaycanın gələcəyi türk və bəşəri ruhlu Azərbaycan ideyasından sarılmağımızdır. Şüurumuza yeridilmiş Sovet Azərbaycanı və İran Azərbaycanı ideyalarından qurtulmalıyıq”.

Cavid TURAN, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300