Elçibəy - insanlığın kitabı: sevəni də, satanı da sevən KÖHNƏ KİŞİ » Ulu Yol Xəbər portalı

                   Elçibəy - insanlığın kitabı: sevəni də, satanı da sevən KÖHNƏ KİŞİ

 

Bəzən səsli çıxışlarını, bəzən əlimizə keçən qəzetdə rast gəldiyimiz müsahibələrini, fikirlərini oxuyurduq. Çal saçlı, sərt, hündür boylu kişinin. Əbülfəz Elçibəyi belə, uzaqdan, şifahi tanıyırdım...

Qərbə arzum var idi. Efirdən, ekrandan gördüyüm, radioda səsini eşitdiyim adamlarla üzbəüz ola biləm. Çox əlçatmaz idi bu arzu. Bəlkə də sevgili peşəmə gətirən yola çıxa bilcəyim qədər əlçatmaz. Amma istək varsa, hər şey əlçatandır. Keçilməz bir yol belə yoxdur.

"Azadlıq” qəzetində yeni fəaliyyətə başladığım dönəmlər, Xəqani-33 ünvanında ilk aldığım tapşırıqlardan biri: Düş aşağı! Bəy indi gəlir, Oqtay da səni gözləyir. Sual dolu baxışlarıma, "bəyin köməkçisidir Oqtay”, cavabını vermişdi redaktorum. Nə soruşacam, nə deyəcəm, hansı sualdan başlayacam? Özümə sualları güllə kimi yağdırırdım, ona qalmırdı. Yox, var idi, amma yadıma sala bilmirdim. Və o an. Zəhminin arxasında gülər üzü, mehriban səsi:

-Təzəsənmi?

-Bəli. "Müxalifət”dən gəldim.

-Qalacaqsan, ya gedəsisən?

-....

-Yox qalasısan, heç bizim tərəflərin göycəsini dadmısanmı?

-...

-Hə, sən göycəni də bilmirsən hələ...

-Biz alça deyirik, Əbülfəz bəy.

-Bizim göycəyə çatmaz sizin alça...

Qabdan iki göycə götürüb, mənə uzatdı. Sonra da ilk və gözləmədiyim məsləhətini eşitdim:

-Vicdan və əxlaq, bu ikisindən muğayat ola gərək adam. Yoxsa səni heç nə xilas eləməz.

Zarafatla davam elədi:

-Heç bizim göycə də...

bcfc2099-db72-4a71-8f4e-08bdb41cd536.jpg (66 KB)

 

Jale Mütəllimova, Elçibəy və "Azadlıq" qəzetinin o zamankı redaktoru Gündüz Tahirli

Sonra Güney Azərbaycanla bağlı suallarımı cavablandırdı. Hətta yazacaqlarıma görə istiqamət verdi. Qapıdan çıxanda bir də qayıtdı ki, "vicdanı demişəm, qələmindən də muğayat ol! Yaxşı qələm odur, düşməni də vicdanla yazsın!”

Hələ də bilmirəm düşmənə vicdanlı olacaq qədər kamilləşmişəm, ya yox?! Dəqiq bildiyim bir şey var, hər dəfə nəsə yazanda bu cümlə bir neçə dəfə yaddaşımı silkələyir, oyadır. Bəlkə də qoruyur məni, bilmirəm?!..

***

Sonra Əbülfəz bəylə qəribə bir hadisədə üz-üzə gəldik. Daha doğrusu bir jurnalist olaraq xilas edilmə "əməliyyatım” da sayıla bilər həmin hadisə. Günlərin birində redaksiyamıza bir xanım gəldi. Yaşlı görünürdü, amma yaşını deyəndə heyrətə gəldim. Məlum oldu ki, olmadığı qədər yaşlı görünməsinin səbəbi övlad faciəsidir. Tibb Universitetinin tələbəsi olan gənc qız övladı zorlanaraq, evlərinin qarşısındakı parkda qətlə yetirilib.

O zamanların "Azadlıq” qəzeti sözün birbaşa mənasında tribuna idi. Kim orda söz deyirdisə, dərhal eşidilirdi. Deyirdilər "Azadlıq” yazıb, yəni vəssalam, tədbir görülməlidir. Həmin o, "Azadlıq”da bu ailə faciəsini araşdırdım. Məlum oldu ki, işi aparan müstəntiq də, ailəsi də təhdid olunur. İşi bağlamağa məcburdurlar. Ana və iki azyaşlı balası da təhlükə altındadır. Cinayətkar isə əslində bəllidir, sadəcə yazmağa qorxur çox adam, çünki ailə üzvləri vəzifəli və imkanlıdır. Detallara varmadan deyim, güc strukturlarının yüksək rütbəlilərindən ibarət idi ailə. Elə cinayəti törədən zabit də mühüm postda idi. Cinayəti törətməsinin səbəbi, vəzifəsi və puluna baxmayaraq, gənc qızın onun evlilik təklifini rədd etməsidir. Beləcə yazı yazıldı, yüksək tirajla yayıldı...

Səhəri gün, yenə Xəqani-33, yenə sevgili iş yerinin qarşısı. Mənə orta yaşlarında bir kişi yaxınlaşır. Adımı söyləyir, "bəli, mənəm” deyirəm. Əlini belinə atır. Yenə nəsə anlamıram. Bircə bunu eşitdim:

-Sən mənim qardaşımın həyatını məhv elədin ayyy....

...Hər şey bir anda baş verdi. Bizim redaksiyanın dəmir darvazasından içəri atıldım, qapı dərhal kilidləndi, mən küncə sıxıldım, kimsə bərkdən səsləndi: "qızı götürün!”...

Sonrasında əlbəyaxa dava... Üzərimə gələn kişini dayandırdılar. Polis çağırıldı. Gəldilər, götürdülər, getdilər. Dəmir qapı açıldı, Əbülfəz bəy içəri girdi, iş otağına sarı getdi. Məni də yuxarı, ikinci mrətəbədəki iş otağımıza qaldırdı köməkçilər.
Sonradan öyrəndim ki, məni təhqir edən adam, təcavüzə və ölüm faktına görə artıq vəzifədən uzaqlaşdırılıb həbs edilən zabitin böyük qardaşı imiş. Yüksək rütbəli zabit, xidməti silahı ilə üstümüzə hücuma gəlibmiş. Məni xilas edənlərsə bəyin köməkçiləri və "öncə qızı götürün” tapşırığını verən Əbülfəz Elçibəy özü olub. Çünki həmin anda həm də onun partiya qərərgahına, Xəqani-33-ə gəldiyi iş saatları ilə üst-üstə düşübmüş. Onu da deyim ki, o olaydan sonra xeyli müddət evimə sürücü ilə gedib gəlməyə məcbur idim. Bilmirəm bu məsələdə də onun tapşırığı rol oynamışdı ya yox, amma adama bir təşəkkür borcum var idi. Təşəkkür üçün yanına düşəndə, "bir dəqiqə, sus, qulaq as, yadında qalsın, həmişə düz deyəndə adama hücum eləyərlər. Sən qorxma, sözünü de, amma bir az da ehtiyatla de, özündən muğayat ol!”

O gün bir nağılım da gerçək olmuşdu Əbülfəz bəylə bağlı. Qorxumu yenim deyə, sən heç "Sakarya”nı bilirsən, soruşmuşdu. Oxumuşam cavabma, şeiri səsləndirmişdi. Sonralar mən də o şeiri bacardığım qədər səsləndirdim APA.TV-dəki "P.S” layihəmdə. Onun dediyi kimi yox. O, "Sakarya”nı deyəndə yanından o çay axarmış kimi gəlir adama şeir...

Bir də xəstələndiyi günə qədər, bizə, hər il bir pay gəlirdi "aşağıdan". Onun oturduğu yeri biz belə adlandırardıq. Ordubad göycəsi idi o payın adı. Yoxluğunda artıq payı da gəlmədi. Amma nə yalan deyim, hər il alça vaxtı, Ordubadın göycəsini gözləyirəm, daha gəlməyəcəyini bilsəm də...

64d10a59-e531-42cb-80e3-b26ef3dc7950.jpg (43 KB)

 

Jale Mütəllimova və Elçibəy

Bir şey də müşahidə eləmişdim Əbülfəz bəydə. Yalan deyənə maddım-maddım baxardı. Üzünə heç nə vurmazdı adamın. Yanına haradansa, kimlərinsə yerləşdirdiyi adamlara da maddım-maddım baxmağı vardı. Ən yaxın çevrəsinə belə onlara söz deməyi yasaqlayardı. Niyəsini soruşanlara, "şəxsiyyəti sınmasın, həm də bu gedəcək ayrısını tapacaqlar, hazır bu var mən də tanıyıram, işiniz olmasın”, deyərdi.

Bir xatirəsini də eşitmişdim bəyin. Silahdaşı Novuz əmiyə deyirlər ki, bəs bəyə yeni kostyum alınıb. Kostyumunu uzun müddətdir geyinir. İndi bu hədiyyəni verməyə qorxuruq, bəlkə sən deyəsən bəyə? Təsadüfən bəy söhbət gedən otağa gəlir və nə baş verdiyini soruşur. Novruz əmi deyir, heç, bəy, bir kostyum var, ona baxırıq, bəlkə siz də baxasınız? Bəy arif adam idi. Ona hədiyyə alındığını anlayır, amma qəbul eləmək fikri də yoxdur. Keçir pəncərənin gün vuran tərəfində dayanır. Deyir, Novruz, buna bax, dünən yudurtmuşam, par-par parıldayır. Sonra da baş barmağının işarəsi ilə, bax belədir, yəni əladır, işarəsini göstərir. Beləcə kimin seçdiyi bilinməyən hədiyyəni qəbul etmir, nə də öz "köhnə” kostyumundan imtina eləmir...

...O, bu qədər sadəliyə rəğmən həm də Azərbaycan deyiləndə adı həmişə yada düşəcək kişilərdəndir...

***

Ünvanımız ora idi, Xəqani 33. İndi yolumu bilərəkdən salmadığım tək ünvandır Bakıda o küçə. Yeni, təmtəraqlı təmir ediblər. Binadan utanıram. Elə bilirəm bina deyir, üzümü təzələyiblər, bünövrəm köhnədir, məni tanımadın? Sonra da hikkə ilə, "mən də sizi tanımıram, çoxunuzu, yox elə hamınızı tanımıram”.

...Ordakı xatırələr elə bil məni görüb ağlayar deyə qorxuram o binaya sarı baxmaqdan. Və niyəsə mənə elə gəlir, canına Xəqani 33 "havası” dəyən hər kəs, elə bir az Elçibəydir. Haqqına girilmiş, incidilmiş, amma qürurlu, başı dik, nikbin azərbaycanlı kişi. Və o nikbinliyin arxasında bircə şey var, sevgi. Hər kəsə sevgi, səni sevənə də, satana da sevgi...

Siyasətini, elmini, savadını hamısını kənara qoyuram. Əbülfəz Elçibəy insanlığın kitabı idi. Yaxşı ki, bir neçə səhifənizi oxumaq var imiş qismətimizdə, Əbülfəz bəy.

Yazdım, bitdi. Niyəsə elə bildim hansısa söz yadımdan çıxıb. Hə, yəqin deyəsi idim, yaxşı ki, tanıdığım nümunə adamlar arasnda siz də olmusunuz, köhnə kişi!..

Jalə Mütəllimova, musavat.com
P.S. Yazı paralel olaraq "Elçibəy-80” yazı müsabiqəsinə də təqdim edilir

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300