Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Şəfi Vazeh

 

1. Yazı

 

 

XIX əsrdə ehkamçı-gerilikçi-məzhəbçi "İslam mədəniyyəti”ndən xeyli dərəcədə uzaqlaşıb dünyəvi elmlərin öyrənilməsinin tərəfdarı olub, ümumilikdə isə hər cür təhriflərdən uzaq İslam dininin və Şərq-Türk mədəniyyətinin mahiyyətindən kənara çıxmayan Azərbaycan türk mütəfəkkirlərmizdən biri Mirzə Şəfi Vazeh (1792-1852) olmuşdur. 1792-ci ildə Gəncədə bənna-memar Kərbəlayı Sadıqın ailəsində dünyaya gələn Vazeh, atası dünyadan tez köçdüyü üçün daha çox Hacı Abdulla adlı panteist görüşlü şəxsin himayəsində yaşamışdır. Gəncə mədrəsəsində orta ruhani təhsil (şəriət dərsləri, ərəb və fars dilləri və s.) alan Vazeh buranı yarımçıq tərk etdikdən sonra, müstəqil şəkildə dini və dünyəvi elmləri öyrənməyə davam etmişdir. Mirzə Şəfi Hacı Abdullanın köməyi ilə Cavad xanın qızı Püstə xanımın kənd və mülklərini idarə etmək üçün mirzəlik vəsifəsinə təyin olunsa da, ancaq 1826-1828-ci illər Rusiya – Qacarlar müharibəsi zamanı Püstə xanımın qardaşı Uğurlu bəylə bərabər Tehrana getməsi nəticəsində işsiz qalmışdır. Onun işsizliyi çox üzun sürməmiş, Gəncədə Şah Abbas məscidinin yanındakı mədərəsədə müəllim və xəttat kimi fəaliyyət göstərmişdir.

 

1830-cu illərdə artıq Gəncədə xəttat, müəllim və şair kimi tanınan Mirzə Şəfi, 1840-cı ildə Tiflisə köçüb buradakı qəza məktəbində türk (Azərbaycan) və fars dilləri üzrə müəllim vəzifəsinə təyin olunur. Həmin dövrdə Tiflisdə «Divani-hikmət» ədəbi-fəlsəfi dərnəyinin yaranmasının təşəbbüskarı və təşkilatçısı kimi çıxış edən Mirzə Şəfi ilə A.A.Bakıxanov arasında tanışlıq da məhz bu dərnəkdən başlamışdır. Bu dərnəyin üzvü olan alman ədəbiyyatşünas-tərcüməçisi Fridrix Bodenştedt (yeri gəlmişkən, Bodenştedt Mirzə Şəfinin şeirlərini Almaniyada "Mirzə Şəfinin şərqiləri” başlığı ilə kitabça şəklində nəşr etdirmiş, ancaq az bir müddətdə məşhurlaşmasıyla öz adına çıxmağa başlamışdır. Hətta, uzun müddət Mirzə Şəfinin ictimai-fəlsəfi irsi Avropa və Rusiyada Bodenştedtin adına çıxarılmışdır. Yalnız 1920-ci illərdən sonra Mirzə Şəfinin haqqı özünə qaytarılmağa başlamışdır ki, bu işdə Salman Mümtaz, Ə.Ə.Səidzadə və başqaları mühüm rol oynamışlar) yazır ki, A.A.Bakıxanov Qərb əxlaq və adətləri, vəziyyəti və şəraiti haqqında geniş biliyə sahib idi və Mirzə Şəfi ona «böyük mütəfəkkir» deyə müraciət edirdi. Altı il Tiflisdə yaşayan Vazeh 1846-cı ilin noyabrına Gəncəyə gəlib buradakı qəza məktəbində müəllim kimi fəaliyyət göstərsə də, ancaq 1850-ci ilin yanvarında yenidən Tiflisə üz tutmalı olur. Tiflisdə Zadəganlar gimnaziyasında Türk dili (Azərbaycan) müəllimi təyin olunan Vazeh çox keçmədən İ.Qriqoryevlə birlikdə "Kitabi-Türki” (1851) müntəxəbatını yazmışdır. 1854-1855-ci illərin qovşağında Təbrizdə nəşr olunan "Kitabi-Türki” əsəri Türk dilini (Azərbaycan) və ədəbiyyatına tədris etmək üçün yaradılmış ilk qiymətli əsərlərdən biri hesab olunur. Azərbaycan türk mütəfəkkiri 1852-ci ilin noyabrın 28-də Tiflisdə vəfat etmiş və burada da dəfn olunmuşdur.

 

Dini-fəlsəfi görüşləri. Vazeh də A.A.Bakıxanov kimi İslam dinini, Şərq mədəniyyətini deyil, həmin din ya da mədəniyyət ətrafında sonralar yaranmış dini xurafatı və dini mövhumatı qəbul etməmişdi. Bu anlamda İslam-Şərq mədəniyyətini-fəlsəfəsini dərindən bilən, eyni zamanda dövrünün tərəqqipərvər mədəniyyəti hesab olunan Qərb mədəniyyəti ilə yaxından tanış olan Vazehin dünyagörüşündə əsas tənqid hədəfi İsalm dini deyil riyakar ruhanilər və mollalar idilər. Bu baxımdan M.F.Axundzadənin öz tərcümeyi-halında Gəncə mədrəsəsində ruhani olmaq məqsədilə elmləri öyrəndiyi zaman müəlimi Vazeh ona riyakar və şarlatan olmaqdansa, öz həyatını bu qaragüruhun içərisində puç etməməsini, başqa bir məşğuliyyət tapmasını məsləhət görməsini yazması, Sovetlər Birliyi dövründə bir çox tədqiqatçılar tərəfindən birtərəfli, subyektivcəsinə şərh edilmişdir. Belə ki, Vazeh Gəncə mədrəsəsində dərs verərkən onların arasındakı bir mükaliməni sonralar Axundzadə öz tərcümeyi-halında bu cür qələmə almışdır: «Bir gün həmin möhtərəm şəxs məndən soruşdu: «Mirzə Fətəli, elmləri öyrənməkdən məqsədin nədir?» Cavab verdim ki: - Ruhani olmaq istəyirəm. Dedi: - Demək, riyakar və şarlatan olmaq istəyirsən?». Təəccüb edib çaşıb qaldım ki, görəsən bu nə sözdür? Mirzə Şəfi mənim vəziyyətimə nəzər salıb, dedi: «Mirzə Fətəli! Öz həyatını bu iyrənc camaatın sıralarında zay etmə! Başqa bir peşə dalınca get!». Elə ki, ondan ruhanilərə nifrət etməsinin səbəbini soruşdum, o elə mətləbləri açıb söyləməyə başladı ki, o günə qədər mənə məlum deyildi. Nəhayət, ikinci atam Məkkədən qayıdana qədər Mirzə Şəfi ürfanın bütün məsələlərini mənə təlqin etdi və qəflət pərdəsini mənim gözümdən açdı…».

 

Əlbəttə, Vazehin burada nəzərdə tutduğu İslam dini və onun həqiqi, möhtərəm nüfuz sahibləri deyil, riyakar ruhanilik və zahidlik idi. Yəni, Vazeh Axundzadəni savadsız, nadan ruhani olmaqdansa, dünyəvi elmləri öyrənib müsəlmanların inkişafına xidmət göstərməsini tövsiyə etmişdi. Bizcə, Vazehi narahat edən əsas məsələ dünyəvi, humnanist mahiyyətli İslam dininin, Şərq-Türk mədəniyyətinin öz mahiyyətindən xeyli dərəcədə uzaqlaşıb riyakar ruhanilər, zülümkar məmurlar, məddah ziyalılar ya da şairlərin də sayəsində tənəzzülə uğraması fonunda, Qərb dünyasında baş verən yeniliklər əsasında Avropa xalqlarının inkişaf edərək dünyaya, o cümlədən türk-müsəlman ölkələri, Azərbaycan türkləri üzərində ağalıq etməsi idi. Bu baxımdan M.Ş.Vazehin yaradıcılığında ən çox diqqət çəkən cəhət yalançı ruhanilərin, məddah ziyalıların ya da məddah şairlərin İslam dininə, Şərq-Türk mədəniyyətinə qeyri-səmimi münasibətinin tənqidi idi. Bəzi mənbələrə görə, gerilikçi din xadimlərinin hədə-qorxusundan Vazehi bir çox hallarda Cavad xanın qızı Püstə xanım müdafiə etmişdir. Hər halda bu bir həqiqətdir ki, yenilkçi, ədalətsevər, tərəqqipərvər baxışlarına görə gerilkçi ruhanilər onu incitmiş, hədə-qorxu gəlmiş, gənclərin əxlaqını pozmaqda ittiham edib "laməzhəb” adlandırımışlar.

 

Deməli, Vazehin dini-fəlsəfi görüşlərində əsas yerlərdən birini 16-17-ci əsrlərdən sonra meydana çıxmış sxolastik dini düşüncənin, xüsusilə dini xurafatın və dini mövhumatın tənqidi tutmuşdur. Vazehə görə, bir çox din alimləri İslam dininin qayda-qanunları ilə bağlı əsil həqiqəti millətdən gizlədərək kələkbazlara çevrilmişlər. O, yazır:

 

Fəlakətə, işgəncəyə, kədərə,

Üstün gəlib qılınc çəkmək gərəkdir.

Ümid bağla sən biryolluq hünərə,

Üləmalar, nə desələr, kələkdir.

 

Anlaşılmaz möüzənlə, duanla,

Sən artırma bu dünyada ələmi.

Qoy məqsədin bir şey olsun… gəl anla,

Tez ol qurtar dərdü-qəmdən aləmi!.

 

Bəzi ruhanilərin anlaşılmayan duaları, moizələri ilə xalqın əzabını artırdığını deyən, filosof açıq şəkildə bildirirdi ki, din adı altında xurafatı, mövhumatı təbliğ edən şairlərin şerilərinə də ikiüzlü ruhanilərin anlaşılmaz moizələri kimi, qulaq asmaq mənasızdır. O yazırdı:

 

Nəğməsindən məscid havası gələn şairlərin,

Başları boşdur yəqin, ağılları deyil dərin.

 

Bir şeirində isə Vazeh yalançı müctəhidləri tənqid obyekti kimi götürür. Onun fikrincə, müctəhid irtica və xurafatı, Quranın mahiyyətindən xəbərdar olan mömin müsəlman isə insan azadlığı və xoşbəxtliyini tərənnüm edir. Bir sözlə, Vazeh burada mühafizəkar dindarla yenilkçi-dünyəvi ruhlu müsəlmanı müqayisə edərək belə bir qənaətə gəlmişdir ki, əsil insan və müsəlman elmli, bilikli, yenilkçi şəxsdir:

 

Kim aramızdakı fərqi görür?

Mən kiməm və bizim müctəhid kimdir?

Biz ikimiz də xalqa vəz oxuyuruq ki,

 

Ağla daha çox azadlıq versin;

Mən nəğməylə - o isə iyrənc üz bürüşdürməklə,

Onun ürəyi qalın ətə batmışdır.

Belə ki, o görünmür əsla,

 

Halbuki mən ürəklərdə,

Ağızlarda insanam.

Tərəddüdlə, qısa ayaqları üstündə belə

O çıxış edir qoca qaz kimi

 

Fısıldayır, sanki tosqunluqla

Bütün insan günahlarını mədəsində daşıyır.

Mən ayaqdan yüngüləm, uçuram küçə boyu;

O hirslənir, için çıkir – mən zarafat edirəm

 

O gizlicə məni məsxərəyə qoymağı sevir,

Amma mən onun açıqca cavabını verirəm.

Mənim istehzalarımdan o çox qorxur

Mənə isə onun hiddətini görmək gülüncdür.

 

Filosof-şair aşkar şəkildə xalqın riyakar ruhanilərə, qeyri-səmimi müctəhidlərə deyil, həqiqi möminlərə, millətsevər ziyalılara ehtiyacın olduğunu yazır. Bu anlamda Vazeh milli-dini dəyərləri təhrif edərək öz maraqlarına uyğunlaşdırmağa çalışan ikiüzlü ruhaniləri, məddah ziyalıları tənqid etməklə yanaşı, əsil din xadiminin və milli ziyalının ortaya qoymalı olduğu nümunəni də ifadə etmişdir. Ona görə də Vazehin şeirlərindəki üsyankarlıq İslam dininə deyil, ikiüzlü ruhanilərlə məddah ziyalıların da sayəsində, bu dinin əsil mahiyyətindən kənarda meydana çıxmış xurafat və mövhumata, eyni zamanda içi boş hecalara, uydurmalarla dolu nəğmələrə olmuşdu. O, yazır:

 

Qulağı oxşayan boş hecalardan,

Min cürə uydurma macəralardan,

Cənnət, cəhənnəmdən, dənizdən, çaydan,

Güldən və bülbüldən, günəşdən, aydan,

 

Hicrandan, vüsaldan, qəmdən, kədərdən

Min dəfə çeynınmiş qafiyələrdən,

Şeir quraşdırıb mızıldayanlar!

Sizə şair kimi min nifrətim var!

 

Çünki tutduğunuz bu yol asandır,

Təkcə axmaqlarçün "ürəkaçandır”.

Şeiriniz ürəyi gətirməz cuşa,

Qanan kəslər üçün bəladır başa!

 

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)


Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300