Yüz ilə keçilən beş addımlıq yol   

 

"Azərbaycanda qadınların insan haqları sahəsindəki uğurları: 100 ildəki (1918-2018) de-juri və de-facto vəziyyət”

 

 

Cinslərin bərabərliyi onun kişi və qadın olaraq doğulması fərqi ilə yox, hər iki cinsin sosial tələblərinin bərabər surətdə təmin edilməsi, ölkə qanunlarına uyğun olaraq hüquqlarının qorunması, dolayısıyla haqqlarının ödənilməsi tələbidir. Ədalətli və demokratik əsaslarla idarə olunan cəmiyyətlərdə insanların cinsinə görə deyil, bacarıq və imkanlarına görə davranılmalıdır. Araşdırmalar sübut edib ki, məhz demokratik quruluşlarda qadın və kişilərin sosial bərabərliyi daha yaxşı təmin olunur, nəinki avtoritar əsaslarla idarə edilən dövlətlərdə.

Gender məsələlərinin kökündə duran birinci səbəb iqtisadi böhran, psixoloji gərginlikdən yaranan emossional hal, antidemokratik rejimdirsə, ikinci və çox önəmli səbəb mentalitetə əsaslanan, cəmiyyətdə dərin kök salmış stereotiplərdir. Əsrin əvvəllərində Cümhuriyyət qurmuş Azərbaycanın dövlət xadimləri bu stereotipləri qırmaq, qadınların ictimai-siyasi fəallığını artırmaq məqsədi ilə seçib-seçilmək hüququnu verdilər.

 

Qadınların seçki hüququ

 

Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası Azərbaycan qadınlarının həyatında mühüm iz buraxdı.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətində ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilməsi barədə qərar qəbul olundu. Bununla da Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşdü. Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz qalmışdır. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini verməkdə qarşı cinsdən geri qalmadılar. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi.

 

Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik Azərbaycanda Xalq Maarifi Nazirliyi 1918-ci ildə may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis edilib. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq edilib. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi oldu. Bu, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirildi.

 

Məktəblilərə vətəndaşlar, xeyriyyəçilər yardım edirdi. Marifləndirmə işinə tövhə verənlərdən biri də, Mirzə Cəlilin xanımı Həmidə Məmmədquluzadə idi. Həmidə xanım hələ 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyirdi. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini ustalıqla qələmə almışdır.

 

Qızlar məktəbi

ilk qızlar məktəbi ile ilgili görsel sonucu
Hələ 1901-ci ildə Bakıda qızlar məktəbinin açılması müsəlman cəmiyyətində inqilabi bir ideya idi. Məktəbin tikintisi zamanı Bakının ən böyük xeyriyyəçisi Hacı Zeynalabdın Tağıyev yerli müsəlman ruhanilərin ciddi müqaviməti ilə üzləşmişdi. O, bu binanın tikintisi üçün şəhər administrasiyası qarşısında lobbiçilik etmiş, onun tikintisini, sonralar isə bütün fəaliyyət xərclərini maliyyələşdirmişdi. Bu məktəbin açılmasında səy göstərən şəxslərdən biri də böyük maarifçi Həsən bəy Zərdabi olmuşdur. O, hələ məktəb tikilməmişdən öncə də, oğlan və qızların birgə təhsil alması üçün təbliğat aparmış, qızlar məktəbinin açılmasında Zeynalabdin Tağıyevin dəstəkçisi olmuşdu.

Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yaradılması Azərbaycan Cümhuriyyəti dövründə də, ondan sonrakı dövrlərdə də Azərbaycan cəmiyyətinin maariflənməsində, nəinki qadınların, eləcə də kişilərin təhsil almasında, ümumilikdə Azərbaycanda maarifçilik ideyalarının təbliğinə böyük təkan olmuşdu. Müsəlman Şərqində ilk qızlar məktəbinin yaradılması, hələ əsrin əvvəllərində maarifpərvər ziyalılarımızın təhsilə, elmə nə qədər maraqlı olduqlarını göstərir. Onlar qadınları təhsilsiz olan cəmiyyətin inkişafının mümkün olmadığını bilərək qızları təhsilə cəlb etməyə çalışırdılar.

1901-ci ildə Bakıda açılan qızlar məktəbinin yetirmələri Azərbaycan təhsilinin ilk "qadın qaranquşları” idisə, Cümhuriyyətin qadınlara verdiyi seçib-seçilmək hüququ qadın haqqları sahəsində təməl daşı idi. Dünyəvi dövlət qurmaq arzusunda olan cümhuriyyətçilər cinsi ayrıseçkilik mövcud ikən dünyəviliyin mümkün olmayacağını bilirdilər.

 

Parlamentdə qadınlar

azərbaycan xalq cümhuriyyəti parlamenti ile ilgili görsel sonucu

 

Cümhuriyyət dövründə dövlət quruculuğunda qadınların iştirak etməsi barədə hər-hansı məlumat yoxdur. Lakin bu o demək deyil ki, milli hökümət zamanında Azərbaycan qadınlarının təmsilçiliyi olmayıb. Bəzi mənbələrdən əldə etdiyimiz bilgilərə görə Cümhuriyyət parlamentində qadınlar da fəaliyyət göstəriblər.

 

Barəsində yetərincə məlumat olan, parlamentin yeganə qadını kimi haqqında danışılan ilk maarifpərvər Azərbaycan qadınlarından biri, pedaqoq, publisist və yazıçı-jurnalist Şəfiqə Əfəndizadə Parlamentin dəftərxanasında rəis köməkçisi işləyib. Yeri gəlmişkən Şəfiqə Əfəndizadə Cümhuriyyətdən sonrakı dövrdə də ictimai fəaliyyət göstərib, 1923-cü ildən "Şərq qadını” jurnalı ilə əməkdaşlıq etməyə başlamış, redaksiya heyətinin üzvü seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur.

Lakin yuxarıda paylaşdığımız "Parlamentin işçiləri” adlı fotodan aydın olur ki, Şəfiqə Əfəndizadə parlamentdə çalışan yeganə qadın olmayıb. Bəzi mənbələrdə parlamentdə qeydiyyatçı işləyən Rübabə Yaqubzadə və kargüzar Ceyran Şirinzadənin adı keçir. Təəssüf ki, fotodakı digər qadınlar barədə hələlik hər-hansı bir məlumat ortaya çıxarılmayıb.

 

1920-ci ildə AXC süqut etsə də, SSRİ dövründə də qadınların azadlıq və inkişafı baxımından Cümhuriyyətçilərin qoyduğu irs davam etdirilirdi.

 

Qərbdə, bir çox Avropa ölkələrində qadınların seçib-seçilmək hüququ qazanmadığı zamanda, 1918-ci ildə bu hüququ əldə edən Azərbaycan qadını bir əsr ərzində hansı inkişaf yolunu keçdi?

 

Qanunların təntənəsi altında hüquqsuzluq

 

1921-ci il fevralın 8-dən 11-nə kimi Bakıda Azərbaycanın bitərəf qadınlarının birinci qurultayı keçirildi, 1188 nümayəndədən 815-i Bakını, 373-ü isə qəzaları təmsil edirdi. Qurultay "Şərqin bütün qadınlarına müraciət” qəbul etdi ki, onun ritorik xarakteri müraciət etdiyi kontingentin əksəriyyətinin savadsızlığı ilə bir daha təsdiqlənirdi. Qadınların kütləvi şəkildə ictimai həyata və əmək fəaliyyətinə cəlb olunması prosesi başlandı. Əgər 1929-cu ildə istehsalatda cəmi 3000 qadın məşğul idisə, 1933- cü ildə onların sayı 15000-ə çatdı; kənd təsərrüfatında işləyənlərin 37%-i qadın idi.

Qadınların kütləvi əməyə cəlbetmə, qadınların təşkilatlanması sovet Rusiyasının planlarının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edirdi. Çadrasını atan Azərbaycan qadını inqilaba döyüşkən və dağıdıcı qüvvə kimi cəlb olunur, digər tərəfdən gözəgəlimli vitrin rolunu oynayırdı. Təbiidir ki, onlar öz vəzifəsini yerinə yetirən kimi repressiya yaxud qadağanlar onların özünü təqib etməyə başlayırdı. İnqilabdan sonra yaranmış çoxsaylı qadın klub və təşkilatları mərhələ-mərhələ 1930-33-cü illərdə bağlandı.

Azərbaycanın Rusiyada, xaricdə gözəl təhsil almış və öz xalqı, ölkəsi üçün çox işlər görmüş parlaq qadınları – burjuaziya ideologiyası içində meydana gəlmiş mütəfəkkirlər, mesenatlar – ziyalılar pleyadası bolşeviklər tərəfindən əksiqilabi ünsür kimi qəbul olunurdu. Onların tən yarısı hələ 20-ci illərin ikinci yarısında güllələndi, repressiya edildi. Elm və təhsilin ideologiyalaşdırılması vasitələrindən biri "köhnə” ziyalı nümayəndələrinin təqib olunması ilə bağlı müntəzəm kampaniyaların təşkili idi ki, 30-cu illərin ikinci yarısında kütləvi repressiyalara çevrildi. Azərbaycan mədəniyyəti əvəzolunmaz ziyana məruz qaldı.

Başqa respublikalarda olduğu kimi, Azərbaycanda da təsərrüfat və mədəni quruculuğun elə sahəsi yox idi ki, orada qadınlar – artistlər, bəstəkarlar, rejissorlar, rəssamlar işləməsin. Ali təhsil də getdikcə inkişaf etməyə başladı. Hələ 1926-cı ildə Azərbaycanda 5 universitet var idi. Azərbaycan dövlət universitetində tibb, tarix, fizika-riyaziyyat, şərqşünaslıq, pedaqoji, hüquq fakultələri fəaliyyət göstərirdi. Azərbaycan Politexnik İnstitutu açılmışdı. Bütün ali məktəblərdə kişilərlə yanaşı, qadınlar da ali təhsil alırdı.

İnkişaf edən dünyanın təsiri Azərbaycandan yan keçməmişdi. Lakin əsrin əvvəllərində seçib –seçilmək hüququ əldə etmiş Azərbaycan qadını cəmiyyətdə layiq olduğu yeri tuta bilməmiş, Rusiya İmperiyasının varisi, sol radikal sosialist ideologiyasının mövcud olduğu SSRİ-nin özünəməxsus qanunauyğunluqlarına tabe etdirilmişdi.

 

İkinci respublika dövrü

 

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin "Qadınların siyasi hüquqları” üzrə konvensiyasına qoşulmaq barədə qərar qəbul etdi. 1992-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində xalqların əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərinə, kişi və qadınların hüquq bərabərliyinə öz inamını təsdiq etdiklərini əsas götürərək, "Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi haqqında” BMT Baş Məclisinin 1967-ci il 7 noyabr tarixli 2263 nömrəli qətnaməsi ilə elan edilmiş Bəyannaməyə tərəfdar olduğunu bildirdi. Bununla da Azərbaycanda Azərbaycan Respublikasında gender bərabərliyinin təşviqinə start verildi. 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşuldu.
"Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW) – qadın hüquqlarının müdafiəsi haqqında əsas beynəlxalq sənəddir.

Bu gün Azərbaycanda qoşulduğu konvensiyaların bütün tələblərinə əməl olunurmu, Azərbaycan Konstitusiyasında qadınlarla bağlı qəbul olunmuş qanunları tətbiq olunurmu, bu sual doğurur.

Bu gün Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.

 

Statistika və reallıq

 

Azərbaycan Qadın hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli olan bütün beynəlxalq sənədlərə qoşulub. Rəsmi statistikalardakı məlumata görə, Azərbaycan Gender siyasətinin həyata keçirilməsi baxımından müəyyən nəaliyyətlər əldə edib.

Müşahidələrimiz və Azərbaycan reallığı isə onu sübut edir ki, ölkədə cinslərin sosial bərabərliyinin təmin olunması sahəsində atılan addımlar və əldə olunan nəaliyyətlər statistikayla qətiyyən uyğunlaşmır, reallığı əks etdirmir.

Qadınların sahibkarlıq fəaliyyəti ilə bağlı məhdud sayda da olsa məlumatların olması onların bu sahədə iştirak imkanları barədə müəyyən nəticələr çıxartmağa imkan verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkədə fəaliyyət göstərən fərdi sahibkarların sayı 685 min 406 nəfər olub ki, bunların da 143 min 90 nəfərini qadınlar təşkil edib. Qadın fərdi sahibkarın ümumi sahibkarlarda payı 21%-dir. Hazırda kişi sahibkarların sayı (542 min 316) qadın sahibkarlardan 4 dəfəyədək çoxdur.

Gender siyasətinin həyata keçirilməsi məqsədilə yaradılan Qadın problemləri üzrə Dövlət Komitəsi öz hesabatında bu istiqamətdə nəaliyyətlər əldə etdiyini bildirsə də, qadınların səlahiyyətləndirilməsinin təşviq edilməsi sahəsində atılan addımlar qənaətbəxş deyil.

 

Təmsilçilik

 

Azərbaycanda qadınlar səhiyyə, təhsil sahəsində müsbət yöndə fərqlənərək üstünlük təşkil etsələr də, məktəb direktoru, baş həkim kimi vəzifələrdə çox aşağı faizlə təmsil olunurlar. Araşdırmalara görə, bu sferalarda bərabərlik uyğun olaraq 96% və 95% təşkil edir. İqtisadi (59%) və siyasi (23%) sferalarda bu fərq daha kəskindir.

 

Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Seçicilərin daha çoxu qadınlar olsa da, Azərbaycan Respublikasının Milli Məclisində cəmi 20 qadın vəkil var. İdarəçilikdə və yüksək səlahiyyətli seçkili orqanlarda da qadınların təmsilçiliyi olduqca zəifdir. Parlamentdə təmsil olunan deputatların cəmi 16,1 faizi qadınlardır. Hal-hazırda qadınlar bələdiyyələrdə 38 faizlə təmsil olunur.

 

2016-cı ildə dövlət qulluğunda inzibati vəzifə tutmuş 30060 nəfərin cəmi 28,6 faizi və ya 8607 nəfəri qadınların payına düşür.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar verir, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Bir sözlə dövlətin idarə edilməsində mühüm rol oynayır. Amma bu kabinetdə qadınlar gözə dəymir – 18 nazirin hamısı kişilərdir – gender bərabərliyi 100% pozulub.

 

Azərbaycanda 9 komitə vardır. Komitə üzvlərindən yalnız biri qadındır. İki Adminstrasiya rəhbəri var, hər ikisi kişidir. 6 Xüsusi xidmət orqanı var, 6-sının da rəhbəri kişidir. Buradan bu qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının idarə olunmasında qadınlar ümumiyyətlə iştirak etmir. Təyinatlı alt (müavinlik) vəzifələr istisna olmaqla, hökumətdə yüksək vəzifə tutan məmurların içərisində qadın yoxdur. Nazirlər dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirir, dövlətin iqtisadi proqramlarını həyata keçirir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir. Amma bu proseslərin heç birində Azərbaycan qadınları iştirak etmir.

 

Qadınların məruz qaldığı "ailə və məişət zorakılığı”, "İş yerlərində diskriminasiyaya məruz qalma” faktları durmadan artır. Bir neçə QHT və gender bərabərliyi ilə maraqlanan ictimai fəalların bu istiqamətdə sosial şəbəkələrdə apardığı maarifləndirmə tədbirlərindən başqa qadın hüquqlarının təbliği və təşviqi barədə hansısa fakta rast gəlmək mümkün deyil.

 

Azərbaycan qadınının keçdiyi yüz illik inkişaf yoluna baxış

 

Elm, təhsil, incəsənət, mədəniyyət, səhiyyə və digər sahələrdə tam olaraq bir əsr ərzində müəyyən dərəcədə uğurlar əldə etmiş Azərbaycan qadınının qazandığı hüquq və imkanları əsasən kağız üzərində qalıb. Dövlətin qoşulduğu beynəlxalq konvensiyaların şərtlərinə əməl olunmur.

Bütün dünyada cinslər arasında fərq əsrdən əsrə azalmaqdadır. Amma bu inkişafın sürəti o qədər zəifdir ki, cinslər arasında bərabərliyin təmin olunması üçün hələ uzun bir yol keçiləcək. Obrazlı ifadə etsək, Azərbaycan qadını son yüz ildə 5 addım irəliləyib, halbuki 100 addım irəliləyə bilərdi. Bu məsələyə fərqli cəmiyyətlərdə oxşar münasibətlərin olması isə gender bərabərliyinin bütün ölkələrdə yaxın dövrlərdə 100 faiz təmin olunmasının mümkünsüzlüyünü sübut edir.

Azərbaycanda kişi və qadın bərabərliyi haqda qanun 2006-cı ildə qəbul edilib. Qəbul olunmasından artıq 12 il keçməsinə baxmayaraq, bu qanun hələ də işləmir. Qadınların hüququları pozularsa hansı cəzaların tətbiq olunması məlum deyil. Ümumiyyətlə qadın hüququları barədə qanunda boşluqlar var. Bunlardan daha çox nəzərəçarpanı isə ailə münaqişəsi zamanı polisin məsələyə müdaxilə etməsi barədə xüsusi maddənin olmamasıdır. Ailə və məişət zorakılığına məruz qalan qadın, polis tərəfindən qorunmur.

Bu zəmində olan münaqişələrdə dövlət orqanları demək olar ki, qadına sahib çıxmır.Sırf bu səbəblərdən XXI əsrin ikinci on illiyində qadınlar məişət zorakılığı zəminində qətlə yetirilirlər. Araşdırmalar göstərir ki, zorakılıqla üzləşən qadınların əksəriyyəti öz yaxınları tərəfindən psixoloji, fiziki, iqtisadi zorakılığa məruz qalır, qətlə yetirilir, bəzən intihar həddinə çatdırılırlar.

Azərbaycan konstitusiyasında qadınların hüquqları çox mükəmməl təsnif olunub. Lakin kağız üzərində olan bu qanunların işlək hala gətirilməsi mexanizmi təqdim olunmayıb. Bu da sübut edir ki, təkcə hüquqi bazanın olması kifayət etmir, həm də o hüquqlardan istifadə üçün qanunların təbliği və təşviq olunmasına səy göstərilməlidir.

Azərbaycanda bu gün də qız uşaqlarının təhsildən yayındırılması faktı danılmazdır.
Təhsil sistemində qadın və kişilərin bərabər iştirakına şərait yaradılması, hər iki cinsin nümayəndələrinin bir yerdə təhsil alması, sosial stereotiplərin möhkəmləndirilməsi və bərabər təhsil almaq imkanlarının saxlanması üçün tədbirlər görmək lazımdır.

Ötən əsrin əvvəlində təhsil almaq, seçib-seçilmək imkanı əldə etmiş Azərbaycan qadınının indiki dövrdə bu imkanlarının qorunması və inkişaf etdirilməsi üçün səy göstərmək, qadınların azad, hüquqi cəmiyyət uğrunda fəallığını artırmasına həvəsləndirmək lazımdır.

Hüquqi cəmiyyət quruculuğunda iştirak edən qadın öz haqlarını tələb etməklə yanaşı, azad və firavan ölkənin təməl daşı olaraq o cəmiyyətin sağlam sütunu olacaq.

 

Könül Alı

Məqalə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti nin(RİQC)Azərbaycan Cumhuriyyətinin 100 illiyinə vəAzərbaycanda qadınların səsvermə hüququnun 100-cü ildönümünə həsr etdiyi "Azərbaycan Qadınları: 100 Illik Yol” adlı proqram çərçivəsində jurnalistlərin media müsabiqəsi üçün yazılmışdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300