Avtomobil bazarı şokda: Dizel mühərrikli avtomobillər rekord həddə bahalaşdı - FOTOLAR

 

Ölkəmizdə benzinin bütün növlərinin bahalaşmasından sonra dizelin də bahalaşacağı gözlənilirdi. Hətta ekspertlər bunun tezliklə baş verəcəyini bildirirdilər. Lakin üstündən aylar keçməsinə baxmayaraq, dizel yanacağının qiymətində hər hansı dəyişiklik müşahidə olunmur. Qeyd edək ki, dizel yanacağının qiyməti də dövlət tərəfindən tənzimlənən qiymətlərə daxildir və Tarif Şurası tərəfindən müəyyənləşdirilir.

Görünür, hökumət aqrar sahənin inkişafını prioritet hesab etdiyindən kənd təsərrüfatı və daşınmada ən çox istifadə olunan dizel yanacağının qiymətini qaldırmaqla bu sahəyə zərbə vurmaq istəmir. Hökumətin dizel yanacağının qiymətini artırmaqda maraqlı olmaması avtomobil bazarına da ciddi təsir göstərib. Belə ki, mühərriki bu yanacaqla işləyən avtomobillərin qiyməti ciddi şəkildə artıb. Səbəb isə dizel yanacağının benzinlə müqayisədə daha ucuz başa gəlməsidir.

Bəs görəsən, hazırda mühərriki dizel yanacağı ilə işləyən avtomobillərin qiymətində nə kimi dəyişiklik var? Bazarda durum nə zamana kimi belə davam edəcək?

Musavat.com-un müxbiri Bakının ən böyük avtomobil bazarında dizel yanacağı ilə işləyən maşınların qiymətlərini araşdırıb.
Öyrəndik ki, benzinin bahalaşmasından sonra dizel mühərrikli avtomobillərə tələbat artıb. Ötən bazar satıcılar Bakıda fəaliyyət göstərən maşın bazarında kəskin şəkildə bahalaşmanın olduğunu bildiriblər.

Araşdırmamız zamanı dizel müəhrrikli bütün növ avtomobillərin qiyməti kəskin şəkildə bahalaşdığını öyrəndik. Misal üçün, buraxılış tarixi 2000-2001-ci il olan, dizel mühərrikli, "Mercedes-E 220” modelinin qiyməti 13 min manatdan başlayan qiymətlərlə təklif olunur. Avtomobilin vəziyyəti ilə əlaqədar olaraq qiymətlər dəyişə bilir. Yaxşı vəziyyətdə olan avtomobillərin qiymətləri 15-16 min manata qədər yüksəlir. Benzin mühərrikli avtomobillərlə dizel mühərrikli avtomobilin arasında minumum 2.3 min manat civarında fərq var. Bazardakı tələbat dizel yanacağı ilə işləyən avtomobillərin bir qədər də bahalaşacağından xəbər verir. Heç kim dizel yanacağı ilə işləyən maşınını satmaq istəmir. Satanlar isə həddindən artıq baha qiymətə təklif edir. Bu cür vəziyyət eynən digər dizel mühərrikli avtomobillərdə də müşahidə olunur.

Hər həftənin bazar günü təşkil olunan avtomobil bazarında iştirak edən avtoblogger Nazlı Süleymanzadənin bazardakı son vəziyyətlə bağlı fikirlərini öyrəndik: "Maşın bazarında dizel mühərrikli avtomobillərlə maraqlananlar həddindən artıq çoxdur. Bu yanacağın ucuz və sərfəli olmasından irəli gəlir. Bundan əlavə, bazarda mühərrikinin həcmi iri olan avtomobillərin alıcılıq qabiliyyəti aşağı düşüb. İrimühərrikli avtomobillərin sayına daha çox rast gəlinir. Misal üçün, mühərrikinin həcmi 2.4 L-dən yuxarı olan avtomobillər müştərisiz qalır. Bir sözlə alıcılar daha çox ekonom avtomobillərə üstünlük verirlər”.

Avtoblogger müştərilərin daha çox ehtiyat hissələri tez tapılan və ucuz olan avtomobillərlə maraqlandıqlarını bildirdi: "Koreya və Yaponiya istehsalı olan avtomobillərin ehtiyat hissələri baha olduğuna və çətin tapıldığına görə müştərisiz qalıb. Yəni digər avtomobillərlə müqayisə etsək satışına nadir hallarda rastlanır. Xüsusi ilə də, Koreya avtomobillərinin bəzi ehtiyat hissələrinin xaricdən gətirildiyinə görə sürücülər zaman və əlavə xərc itkisi il üzləşir. O cümlədən sovet istehsalı olan maşınların da satışı zəifdir. Bir vaxtlar dəbdə olan "Niva” markalı avtomobillərin bazarı "ölüb”. Bu səbəbdən də bu avtomobillərin qiymətində 500-600 manat civarında ucuzlaşma var”.

Araşdırmamız zamanı bazara Almaniya istehsalı olan avtomobillər liderlik etdiyini öyrəndik. "Mercedes-Benz” markasının "C” və "E” kateqoriyasından olan modellərinə daha çox tələbat var. Bu avtomobillər bazarda ən çox alıcılıq qabiliyyətinə malikdir. Bu avtomobillərin də mühərrikinin həcmi aşağı olanlarına üstünlük verilir. Bazarda ən çox satışı həyata keçirilən avtomobillərdən "Kia” və”Hyndai”dır”.

Mövzu ilə bağlı Musavat.com-a danışan Natiq Cəfərli dizel mühərrikli avtomobillərin bahalaşmasını belə izah etdi: "Dizelin satış qiyməti ilə ən aşağı olan "Aİ- 92” markalı benzinin satış qiyməti arasında 30 qəpik fərq yaranıb. Ona görə də gözlənti var idi ki, dizel yanacağının da qiyməti qalxacaq. Bir müddət müştərilər gözləmə mövqeyində qaldılar. Uzun müddərdir ki, dizel yanacağının qalxacağı ilə bağlı söz-söhbətlər olsa da, hələlik qərar verilməyib. Dizel yanacağı ilə işləyən avtomobillərə artan tələbat bununla əlaqəli idi. Təbii ki, təkcə qiymət fərqi ilə əlaqəli deyil. Həm dizel yanacağının ucuz olması, həm də sərfəli olması nüansları var. Bu yanacaqla işləyən avtomobillər daha çox kilometraj gedir. Bu səbəbdən də bazarda dizel mühərrikli avtomobillərə tələbat artdı. Bu da qiymətlərin bahalaşması ilə nəticləndi”.

Ekspert son zamanlar Gürcüstandan ölkəyə gətirilən avtomobillərin həcminin artdığını bildirdi:
"Gürcüstandan gələn avtomobillərin sayı kifayət qədər artıb. 2015-ci ildə durğunluq oldu. O zaman avtomobillərin sayı təqribən 27 dəfə azalmışdı. Bu iki şərtlə bağlı idi. Həm Azərbaycandakı iqtisadi vəziyyət, həm də hökümət 2015-ci ildən aşağı olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoydu. Yaponiya istehsalı və yaxud Cənubi Koreya istehsalı olan avtomobillərə isə 2011-ci ildən aşağı gətirməyə qadağa qoyuldu. Bu da Gürcüstandan gələn avtomobillərin sayını azaltdı. Banklarda da kreditləşmə dayandığı üçün ümumiyyətlə Azərbaycan tarixinə bu sahədə ən kəskin eniş oldu. Keçən ilin sonundan başalayaraq, bir qədər artım müşahidə olunub. Avtomobillərin gətirilməsi həcmi bu ilin ilk üç ayında və keçən ilin üç ayına nisbətən təqribən 5 dəfə artıb. Düzdür, say olaraq o qədər də çox deyil. Azərbaycanda ən pik dövr 2011-ci ildə olub. O zaman ölkəyə 87 min avtomobil gətirilmişdi. İndi hələ 10-12 min avtomobil gətirilir. Görünən odur ki, bazarda əsasən dizel avtomobillərə tələbat yüksək olduğu üçün Gürcüstandan gətirilən avtomobillərin bazarı tutmasına imkan vermir. Yəni tələbatı tam ödəmir”.

Məğrur MƏRD, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300