"Bələdiyyələrdə ailədaxili zorakılıq qurbanları üçün "qadın evləri” olmalıdır”

 

"Bəzən polislər qadının döyülməsinə çox cüzi məsələ kimi baxırlar”

Ailədaxili zorakılıq mövzusu Azərbaycan cəmiyyəti üçün hər zaman aktual olub. O baxımdan problemin daima müzakirə edilməsinə və mətbuatın gündəmində qalmasına ehtiyac var. Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” layihəsinin bir məqsədi də bu problemi ictimai müzakirəyə çıxararaq həllinə nail olmaqdır.

Bu baxımdan sözügedən sahədə uzun illərdir çalışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ilə müsahibəni təqdim edirik.

- Novella xanım, uzun illərdir qadın hüquqlarının müdafiəsi sahəsində çalışırsınız və qadınların zorakılığa məruz qalması ilə bağlı minlərlə faktın şahidi olmusunuz. Sizcə, ailədaxili zorakılığın əsas səbəbləri hansılardır?

- Mən nümunələr çəkməklə bunu izah etmək istərdim. Bizə çox qadınlar müraciət edir. Bu yaxınlarda bir zərərçəkən gəlib, yaşına baxırsan ki, cavan qızdır. Elə ailəyə düşüb ki, onu həddindən artıq sıxırlar. Evdə televizora baxmağa, küçəyə çıxmağa qoymurlar. İki uşaqla və çətinliklə, gizli-gizli bir kollec qurtara bilib. Vəziyyət o həddə çatıb ki, iki uşağını da atıb qaçmaq istəyir. Bu ailədəki mövhumatçılıqdırmı, vəhhabilikdirmi bilmirəm. Qız deyir ki, mən evdən bayıra çıxmaq, yağışın yağdığını, ağacların yarpaq açdığını görmək istəyirəm. Belə ailələrdən bizə gələn zərərçəkənlər çox olur ki, evdə televizoru açmağa gəlinə icazə vermirlər.

Digər bir səbəb odur ki, bəzi qızlar, qadınlar ərə getmək xatirinə vətəndaş nikahında yaşamağa razı olurlar, rəsmi nikah bağlamırlar. Bu məsələdə sevgiyə və sairə güvənmək olmaz. 4 uşağı olan qadın var, əri atıb gedib, nə aliment verir, nə də sahib çıxır.

Ailədaxili zorakılıq hallarının bir səbəbi də odur ki, Rusiyada yaşayan-işləyən kişilər gəlir, burada gənc qızlarla evlənirlər. Daha sonra qızları analarının yanında qoyub Rusiyaya qayıdırlar, orada ailələri də olur, uşaqları da. Qızlarımız isə burada qayınanaya, qayınataya qulluq etməklə günlərini keçirirlər. Qayınana, baldız istəyəndə onları döyür də, söyür də...

- Qadınların təhsil alması, özünü inkişaf etdirməsi, özünə güvənməsi və ən nəhayət, iqtisadi gücünün olması bu kimi halların qarşısını ala bilərmi?

- Bəli, bütün bunların səbəbləri arasında qadınların özlərinə güvənməməsi də mühüm rol oynayır. Mən çox istərdim ki, qızlarımız ilk növbədə əllərinə sənət alsınlar. Qadın güclü olmalıdır. Təhsil ilk növbədə qız uşaqlarına verilməlidir. Oğlan gedib daş da daşıya bilər, ancaq qadın gedib kiminsə qarşısında süpürgə süpürməməlidir. Əgər qızın əlində sənəti varsa, güclüdürsə, işləyib evə qazanc gətirirsə, onun söz deməyə də ixtiyarı var və buna qadirdir. Bu halda onu heç kim əzə bilməz. Bu baxımdan ilk növbədə qadınlarımız söz deməyə qadir olmalıdırlar.

- Novella xanım, bir tendensiya da var, Azərbaycan ailəsində, xüsusən də regionlarda insanlar minbir əziyyətlə uşaq böyüdür. Evlənmək yaşı gəldikdə isə sanki qızlarından bezirlər. Elçi gələnin kimliyini araşdırmadan öyrənmədən qızı evləndirirlər. Bir çox hallarda isə nəticə ya həmin qızın zorakılıq qurbanına çevrilməsi, ya da ata evinə geri dönməsi ilə nəticələnir...

- Belə hallar çox olub. Bir dəfə gənc bir qız gəlmişdi, deyirdi, intihar edəcək. Səbəbini soruşduqda məlum oldu ki, qız oxuyub, ali təhsil alıb, universiteti bitirən kimi ailəsi onu istəmədiyi şəxslə evlənməyə məcbur edib. Qız isə karyera qurmaq istəyir. Biz qızı dinləyəndən sonra onun, valideynlərini, əmisini çağırdıq, söhbət apardıq. Onları razı saldıq ki, qızlarını məcburi ərə verməsinlər, karyera qurmasına imkan yaratsınlar. Ailə fikirləşməlidir ki, qızı tezbazar ərə verməklə canlarını qurtarmırlar, əksinə, sabah ailəsi alınmasa, yenə də boşanıb valideynlərinin üstünə qayıdacaq.

 

- Cəmiyyətdə ailədaxili zorakılıq hallarına, onu törədənlərə qarşı ictimai qınaq da çox zəifdir. Bunun səbəbi nədir, sizcə?

- Burada məsələ daha böyükdür. İlk növbədə televiziyalar bu istiqamətdə müzakirələr təşkil etməlidirlər. İkincisi, QHT-lər regionlara gedib, orada vətəndaşlarla iş aparmalıdırlar. Bizim özümüzün rayonlarda qadın komitələrimiz var. İcra başçılarının yanında da qadınlarla iş üzrə nümayəndə var. Bələdiyyələrlə işləmək lazımdır ki, qadınlar zorakılıqla üzləşən zaman bu quruma müraciət etsinlər. Bizim qadınlar bu hallarda polisə müraciət edə bilmir. Çünki polislər qadının döyülməsi məsələsinə çox cüzi məsələ kimi baxırlar. Baxmayaraq ki, onlara qadına qarşı zorakılıqla bağlı xüsusi tapşırıq verilib. Qanunda da göstərilib ki, qadınlara qarşı zorakılıq hallarında polis müdaxilə etməli və müvafiq tədbirlər görülməlidir. Ancaq bu qanunun işlək müxanizmi yoxdur. Burada qadın komitələrinin, ictimai təşkilatların fəal iştirakına ehtiyac var. Qadınlara qarşı zorakılıqla mübarizə aparan təşkilatlar həssas münasibət göstərməlidirlər. Bizim təşkilat rayonlarda işləyərkən rayonun özündən 4-5 nəfər fəal qadın seçirdik ki, onlar kəndlərdən gələn ərizələri toplasınlar. Çünki qadınlar bu məsələdə həmcinslərinə daha çox güvənirlər. Biz həmin qadınları rayon icra hakimiyyətinin işçiləri ilə, nikah qeydiyyatı idarəsi ilə, polislə, hətta din xadimləri ilə əlaqələndiririk. Din xadimləri ilə işləməyimizin məqsədi isə erkən nikahların qarşısını almaqdır. Çünki bu da zorakılığın bir növüdür. Biz bu qadınların və adını çəkdiyim qurumların iştirakı ilə dəyirmi masa keçiririk. Qadınlara tapşırırıq ki, onlara gələn ərizələrə uyğun olaraq həmin qurumlara müraciət etsinlər. Ancaq bizim təşkilatın da imkanları məhduddur. Bütün rayonları əhatə edə bilmirik. Biz bəzi rayonlarda regional mərkəz yaratmışıq. Məsələn, Lənkəran şəhərindəki mərkəzə hətta Masallı və Lerikdən də ərizələr gəlir. Bütün rayonları əhatə edə bilmək üçün mən bu sahədə çalışan digər QHT-lərə dəfələrlə müraciət etmişəm ki, gəlin ölkə üzrə bölüşdürək və hərəmiz bir region götürək. Sonuna qədər də həmin regionun zorakılıqla bağlı problemlərini həll edək. Birgə və koordinasiyalı işləyək. Ancaq bəzi təşkilatlarda şöhrətpərəstlik hissi buna imkan vermir. Ona görə də bu sahədə vəziyyət belədir.

 

- Qanunvericiliyimiz qadınları zorakılıqdan qorusa da, təəssüf ki, işlək bir mexanizm yoxdur... Qadınlar da əksər hallarda polisə müraciət etməkdən çəkinir. Bu məsələni necə həll etmək olar?

- Qanunda nəzərdə tutulub ki, zorakılıq və döyülmə hallarında zərərçəkən məhkəməyə müraciət edərsə, qarşı tərəf məsuliyyətə cəlb olunsun. Ancaq ona nə dərəcədə əməl olunur? Proses gəlib məhkəməyə qədər çatırmı? Biz bunun monitorinqini aparmamışıq, ona görə bu suallara cavab verə bilməyəcəyəm. Yalnız birgə işlədiyimiz zaman nəyəsə nail ola biləcəyik. Biz qadın hüquqları ilə bağlı çalışırıq, zorakılıqdan tutmuş qadınların seçkilərdə iştirakına, idarəetmədə iştirakına qədər... Bu məsələni də çoxdan qaldırmışıq ki, bələdiyyələrdə qadın evləri olsun. Əgər bələdiyyə üzvlərinin çoxu qadınlardan təşkil olunsa və qadın evləri qurulsa, o zaman qadınlarda bələdiyyələrə müraciət edər. Polisə müraciət etmək məcburiyyətində qalmaz. Bələdiyyə daha çox iş görə bilər, belə hallarda daha çox yardım göstərə bilər. Təəssüf ki, bu təkliflərimizə baxılmır.

- Qadınları zorakılıqdan qorumaqla bağlı hansı ölkənin daha effektiv təcrübəsi var ki, ondan Azərbaycanda da yararlanmaq olar?

- Türkiyənin bu sahədə müəyyən müsbət təcrübəsi var. Mən də qardaş ölkədə olmuşam və bu istiqamətdə görülən işlərlə tanışam. Bayaq qeyd etdiyim bələdiyyələrdə qadın evlərinin yaradılması məsələsini də biz Türkiyə təcrübəsindən götürmüşük. Türkiyədə bələdiyyələrin səlahiyyətləri də daha çoxdur. Onlar zorakılığa məruz qalan qadın üçün həkim çağırırlar, xəsarət halları varsa polisi də çağırırlar. Doğrudur, Türkiyədə hələ də zorakılıq halları yaşanır. Ancaq bununla mübarizədə bələdiyyələr çox böyük rol oynayır. İzmir şəhərində biz şahidi olduq ki, sığınacaqlar necə təşkil olunur, döyülən qadınlar orada necə himayə edilir. Bu təcrübəni biz də tətbiq etməliyik. İsveçin, Finlandiyanın çox gözəl təcrübəsi var, bizim təşkilatın nümayəndələri onunla da tanış olublar. Orada zorakılığa məruz qalan qadınlar üçün hər cür sosial müavinətlər nəzərdə tutulub. Bizdə isə çox pozitiv qanunlar var, ən müsbət təcrübəni götürmüşük, lakin həmin qanunun işlək mexanizmi yoxdur.

 

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu sahədəki işini necə qiymətləndirirsiniz?

– Bu komitə də müəyyən məsələlərlə məşğul olur. İcra hakimiyyətlərində qadın problemi ilə məşğul olan nümayəndələrin təmsil olunması da məhz Komitənin təklifi ilə həyata keçirildi. Ancaq bununla iş bitmir. Nümayəndə kimi təyin edilən qadınların işinə nəzarət də olmalıdır ki, onlar nə iş görürlər. Hər ay onlardan hesabat tələb olunmalıdır. Təyinatla iş bitmir, həmin insanların işə can yandırması önəmlidir.

- Azərbaycan qadını ilə bağlı arzularınız nədir?

- Mən istərdim ki, Azərbaycan qadınları bütün dünyada birinci olsun. Biz buna məhkumuq. 100 il öncə, bütün Avropa dövlətlərindən qabaq Azərbaycan qadını səsvermə hüququ qazanıb. Azərbaycan qadını bu hüquqdan istifadə edib nələrə nail ola bilərdi... Ancaq təəssüf olsun ki, hazırda vəziyyət belə deyil.

Qeyd edək ki, bu müsahibə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Məğrur Mərd, musavat.com

 

Картинки по запросу qadın zorakılıq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300