Çingiz Özgür:"İşimizin məsuliyyətini bilirik, yekə-yekə danışmasınlar”

 

"Mehman Əliyev hansı yazıya aşağı qiymət veribsə, rəy yerində yazıb ki, "pafos”

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə keçirilən "Elçibəy-80” yazı müsabiqəsinin nəticələri, müsabiqədə iştirak edən bəzi yazarları narazı salıb. Sosial şəbəkələrdə başda gənc yazar Kəramət Böyükçöl olmaqla, bəzi yazarlar statuslar yazıb, müsabiqəni ədalətsiz hesab edirlər. Yazarların narazılığı və səsləndirdikləri ittihamlara musavat.com-a açıqlamasında "Elçibəy-80” yazı müsabiqəsinin münsif heyətində təmsil olunan Çingiz Özgür münasibət bildirib.

Ç. Özgür deyib ki, müsabiqənin ədalətsiz keçirildiyini söyləyənlər yanlış düşüncədədirlər:
"Bütün hallarda biz bilirdik ki, bu cür hallar yaşanacaq. Ədalətsizlik olmayıb, ancaq biz Bəyin ən yaxın dostlarından bu məsələdə məsuliyyətsizlik görmüşük. Məsələn, Ədalət Tahirzadədən, Mehriban Vəzirdən məsuliyyətsizlik gördük. Mehriban Vəzir gəldi, hələ bizə işlərlə bağlı irad da bildirdi ki, kitabda filan şeyi belə edin, münsiflər heyətinə gərək filan adamı da salardız və sairə. Tamam. Bəs sən özün nə üçün bunlara baxmırsan? Özü də o, Təşkilat Komitəsinin də üzvü idi. Bu gün bizim üstümüzə bu adamlar nə üçün gəlməlidir? Bütün münsiflər yazıları oxuyub, bal versəydi və biz də həmin balları toplasaydıq belə bir şey olacaqdı? Bundan əlavə, Ədalət Tahirzadə deyir ki, Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı başım qarışıq oldu. Axı əvvəlcədən bəlli idi ki, bu il Cümhuriyyətimizin yaranmasının 100-cü ildönümüdür. Bu birdən-birə ortaya çıxmadı ki... Ədalət müəllimin özü çox böyük irs qoymuş adamdır. Hazırda mən Kələkidəyəm və bəlkə də Bakıda olsaydım heç bunları deməzdim. Ancaq burada Bəy havası var və mən bütün gerçəklikləri açacağam. Ədalət müəllimin yazılara qiymət verməməsi doğru deyildi. Mən öz şəxsi avtomobilimlə yazıları bir-bir münsiflərə paylamışam. İlk 10 yazını bir çıxardıq ki, münsiflərə güc düşməsin. Yerdə qalan 34 yazını da bir yerdə çıxarıb, paylamışıq. Məsələn, Rauf Arifoğlu ilk 10 yazının hamısını cavablandırıb, yerdə qalan yazılardan isə 5-10-na cavab verib, qalanına cavab verməyə vaxtı olmayıb. Ona görə də ədalətsizlik olmasın deyə, onun verdiyi digər balları da ləğv etmişik.

Biz də ayın 22-si bu müsabiqənin nəticələrini elan etməliydik. Ayın 21-də günorta saatlarında düşüb bir-bir münsiflərdən yazılar yığmışam. Yarım saat, 40 dəqiqə Qulu Məhərrəmlini gözləmişəm. Mehman Əliyevin ofisinə gedib, yazı almışam. Sabir Rüstəmxanlının yanına gedəndə gördüm ki, hələ 2 yazını oxumayıb. Onu çöldə gözlədim ki, Sabir bəy mənim yanımda yazılara qiymət verməsin. Rüstəm Behrudini də onun kimi, gözləmişəm. Ona görə də ədalətsizliklə bağlı bizi kimsə günahlandıra bilməz. Deyirlər ki, birinci yeri Ləman Ələşrəfqızına verdilər. Xeyr, Ləman xanım müsabiqəni qazandı”.

Çingiz Özgür bildirib ki, Kəramət Böyükçöl münsifləri ədalətsizlikdə suçlaya bilməz:

"Münsiflərdən ilk olaraq Mehriban Vəzir bizə dedi ki, yazıları oxuyub, qiymətləndirmək üçün vaxtı olmayacaq. Zaman olduğu üçün Təşkilat Komitəsi olaraq Mehriban Vəziri Oqtay Qasımovla əvəzlədik. Qalanları isə elə anda imtina etdilər ki, Təşkilat Komitəsinin yığışıb qərar verməyə vaxtı olmayıb. Kəramətə gəlincə isə onun yazısı çox gözəl idi. Mən və Əvəz Zeynallı onun yazısına ən yüksək qiyməti vermişdik. Orada birinci yerlə dördüncü yerin arasında heç 50-60 bal fərq yox idi. Qiymətləndirmə 100 ballıq sistemlə gedib. Kəramət bizim üstümüzə niyə düşüb? Getsin Ramiz Rövşənə desin ki, niyə heç bir yazıya bal verməmisən. Çox dəyərli şairimiz Ramiz Rövşən heç bir yazıya qiymət verməyib.

Əgər bütün münsiflər, Mehriban Vəzir, Ədalət Tahirzadə iştirak etsəydi, nəticə dəyişə bilərdi. Ancaq heç bir ədalətsizlikdən söhbət gedə bilməz. Çünki bu, Elçibəyin adına olan müsabiqə idi. Deyirlər ki, niyə münsiflərə yazıları müəllifsiz paylamısız? Yazı müsabiqəsinin ideyasını Təşkilat Komitəsinin iclasında mən irəli sürmüşəm. İlk olaraq təklif olundu ki, birinci yerə 300 manat, ikinci yerə 200, üçüncü yerə 100 manat verilsin. Həmin iclasa Əvəz Zeynallı bir qədər gecikmişdi. Əvəz bəy gəldi, dedi ki, biz Azərbaycanda Əbülfəz Elçibəy üçün yazı müsabiqəsi keçiririksə, bunun qalibi indiyə kimi verilmiş ən yüksək mükafatı almalıdır. İlk olaraq o, 3 min manat təklif etmişdi. Maddi məsələlər olduğu üçün 1500 manatda dayandıq. Əvəz Zeynallı təşkil etdi ki, yazılar elektron poçta göndərilsin. Rauf Arifoğlu söylədi ki, əgər yazılar dərc olunmayacaqsa, bu, necə "Elçibəy-80” müsabiəsidir? Yazıları dərc etməyib saxlamaq olmazdı. İndi Kəramət deyir ki, yazılar müəllifli paylayardız. Yaxşı, bəz bu, heç kimin tanımadığı yazarlara haqsızlıq deyildi? Orada sadəcə imzası olan tələbələr vardı. Bəs Kəramətin imzası onları əzməyəcəkdimi? Bu ədalətli olardı? Mən münsiflər heyətinin ədalətinə inanıram. Kəramət dünən bəyə qarşı hansısa ifadəni işlətmişdi, bu gün də götürüb belə bir yazı yazıb. Kimsə deyə bilərdi ki, gəlin Kəraməti birinci edək və hamı görsün ki, o, Bəyi necə sevir. Ancaq bunu etsəydik, tələbələrin haqqına girərdik. Məsələ bu qədər bəsitdir. Ədalətsizlik yox, bəzi münsiflər tərəfindən məsuliyyətsizlik olub. O adamların hamısının xətrini çox istəyirəm. Ancaq onlar düşünməliydilər ki, bu, Elçibəyin adına keçirilmiş müsabiqədir. 3-cü yeri tutan Səbuhi Məmmədli Kəramətdən 7-8 bal çox toplayıb. Ballarla bağlı əlimizdə kifayət qədər sənədlər var. Deyirlər ki, münsiflər yazıları oxumayıblar. Kimki qiymət veribsə, yazını oxuyub. Baldan əvvəl səbəb göstərmək üçün yer qoyulmuşdu ki, münsif niyə bu qədər bal verdiyinə yorum yazsın. Yazıların 90 faizində o hissə dolub”.

Sonda Çingiz Özgür müsabiqəni ədalətsiz hesab edən yazarlara aşağıdakı kimi cavab verib:
"Mehman Əliyev hansı yazıya aşağı qiymət veribsə, rəy yerində yazıb ki, "pafos”. Qulu Məhərrəmli 98+ qiyməti verib. Bütün yazılara fərdi yanaşıb. Heç bir ədalətsizlik yoxdur. Bizi düşmən elan etməsinlər. Etdiyimiz işin məsuliyyətini çox yaxşı bilirik. Açıq şəkildə deyirəm ki, yekə-yekə danışmasınlar. Hər şey qaydasında olub”.

Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300