ABŞ İrana qarşı müharibədən vaz keçə bilər

 

Amerika cənub qonşumuzda gedən daxili prosesləri dollarla körükləyir; Elçin Mirzəbəyli: "Tramp” Mən danışıqlara hazıram" deməklə məsuliyyəti İran rəhbərliyinin üzərinə qoyur"

İrana qarşı sanksiyaların yeni mərhələsi avqustun 4-dən başlanacaq. Bu mərhələdə İranın maşınqayırma və qızıl ticarəti sektoruna sanksiya qoyulacaq. Xatırladaq ki, bu barədə ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk açıqlama vermişdi. Vaşinqtonun İrana qarşı tətbiqinə hazırlaşdığı yeni sanksiyalardan danışan ABŞ rəsmisi sanksiyaların növbəti mərhələsinin icrasına noyabrın 6-dan başlanacağını da anons etmişdi. Dediyinə görə, bu mərhələdə isə İranın energetika və bank sektoruna qarşı sanksiya tətbiq ediləcək.

ABŞ hökumətinin İranla bağlı strategiyasını media nümayəndələrinə şərh edən Huk bildirmişdi ki, Vaşinqtonun yeni sanksiyalar verməkdə məqsədi İran rejimini devirmək yox, onun rəhbərliyinin rəftarını dəyişməkdir. ABŞ-ın nüvə sazişindən çıxmasından sonra Vaşinqtonla Tehran arasındakı gərginlik müharibə həddinə çatıb. Hətta Avstraliya mediası avqust ayında İranın bombalanacağını xəbər vermişdi.

Ancaq bunun ardınca maraqlı proseslər cərəyan etməkdədir. Belə ki, ABŞ prezidenti Donald Tramp İran prezidenti Ruhani ilə şərtsiz görüşmək niyyətində olduğunu bəyan etdi. Hərbi hücum təhdidlərini səsləndirdikdən bir həftə sonra ABŞ prezidenti Donald Tramp dünən heç bir ilkin şərt olmadan İran prezidenti Həsən Ruhani ilə istədiyi zaman görüşməyə hazır olduğunu bildirib. İtaliya baş naziri Cüzeppe Konte ilə birgə mətbuat konfransında Tramp deyib: "İran təmsilçisi ilə görüşmək istərdim, əlbəttə ki, görüşmək istəyirlərsə...”. "Heç bir ilkin şərt yoxdur, - deyə o əlavə edib. - Əgər görüşmək istəsələr, istədikləri zaman görüşəcəyəm. Bu, ölkəmiz üçün faydalıdır, onlar üçün də, bizim və dünya üçün xeyirlidir”. Ancaq Tehran bu təklifin qarşılığında şərtlərinin olduğunu açıqlayıb.

Son bir neçə gün ərzində isə İranda xalq etirazlarının genişlənməsi müşahidə olunur. Belə aydın olur ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar habelə İran rialının dollara münasibətdə sürətlə dəyər itirməsi iranlıları ayağa qalxmağa təhrik edib. Yayılan məlumatlara görə, qiymət artımına və milli valyutanın devalvasiyasına görə İranı bürümüş etiraz dalğası ölkənin paytaxtına - Tehrana çatıb. Virtualaz.org "Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkədəki iqtisadi vəziyyətdən narazı vətəndaşlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Daha öncə Məşhəd, Şiraz və İsfahan şəhərlərində ölkədə iqtisadi şəraitin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirilib.

Aksiya iştirakçıları hakimiyyəti qida məhsullarının qiymətlərinin artırılmasının qarşısını almağa və milli valyutanın məzənnəsinin aşağı düşməsini dayandırmağa çağırıblar. Aksiya polis tərəfindən dağıdılıb.

Tramp ABŞ-ın may ayında çıxdığı İranla "gülünc” nüvə razılaşmasını əvəz edəcək bir tənzimləməni müzakirə etmək istəyir. O etiraf edib ki, İran liderləri hələ onunla görüşməyə hazır deyillər, amma son nəticədə onların təmasa girəcəklərini düşünür. Belə görünür ki, ABŞ liderinin "İran xalqının yanındayıq” bəyanatı da müsəlman qonşumuzun daxilindəki gərginliyi tətikləyən faktorlardandır.

Dövlət katibi Mayk Pompeo isə dəfələrlə İranda rejimə qarşı etirazlara dəstək bildirib və regionda İranın mövqeyinə dair geniş dəyişikliklərin siyahısını təqdim edib. Ancaq maraqlıdır ki, Tramp Pompeonun dialoq üçün tələb olunan şərtlərini kənara qoyub. "Heç bir şərt yoxdur. Əgər görüşmək istəsələr, istədikləri zaman görüşəcəyəm”, - deyə bildirib.

 

Beynəlxalq Böhran Qrupunun tədqiqatçısı Əli Vaiz dünən "əl-Monitor”a bildirib:"İranlılar daxilən ziddiyyətli bir administrasiya ilə niyə danışıqlar aparsın ki?! Onlar Pompeonun 12 ön şərti və ya prezidentin ilkin şərtsiz təklifinə inansınlar? Bu mərhələdə heç bir İran lideri başına dirənmiş silahla danışıqlar apara bilməz. Prezident Tramp İranla bütün razılaşmaların ana mövzusunu tapa bilmədi, amma administrasiyasında da heç kəs İrana fayda gətirəcək bir müqavilə imzalanmasını istəmir”. "Trampun təhdidləri və təhqirləri İranı zəhərləyib, - Əli Vaiz əlavə edib. - Ruhaninin yenidən siyasi danışıqlara cəlb olunmasının təməli yoxdur”.

Bu arada Tehranın güc nümayiş etdirməsi maraq doğurur. GünAzTV xəbər verir ki, avqustun 2-dən başlayaraq İranın dəniz qüvvələri körfəzdə hərbi təlimlərə başlayıb. Bu barədə Amerikanın adının açıqlanmasını istəməyən bir təhlükəsizlik rəsmisi CNN telekanalına açıqlamasında məlumat verib. Təlimlərin keçirilməsi, ABŞ-ın Mərkəz Komandanlığının (CENTCOM) sözçüsü Uilyam Urbanın bununla bağlı açıqlamasından bir gün sonraya təsadüf edib. Amerikanın adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, cümə axşamı günündən (dünəndən) Hörmüz boğazının və Oman dənizinin yaxınlığında keçirilən hərbi təlimlərə "Sepah”ın sürət qayıqları və bəzi hərbi gəmiləri qatılıb.

ABŞ-İran qarşıdurması hansı həddədək davam edə bilər? Demək olarmı ki, Ağ Ev savaş ritorikasına son qoyaraq İranı daxildən sarsıtmaq siyasətinə üstünlük verəcək?

BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat”a bildirdi ki, Çinin İrandan neft almaqda davam edəcəyi barədə qərarından sonra Trampın belə bir açıqlama ilə çıxış etməsi kifayət qədər maraqlı görünür:"Qeyd edim ki, İrandan neft alan ölkələrin ardıcıllığı əsasən belədir: Çin, Hindistan, Yaponiya, Cənubi Koreya. Artıq Yaponiya və Cənubi Koreya ABŞ-ın sanksiyalarına uyğun davranacaqlarını bəyan ediblər. Hindistanın neft və təbii qaz nazirliyi isə ölkənin emal zavodlarına İrandan neft alışını ”0"-a endirmələri ilə bağlı göstəriş verib. Çin İrandan neft almaqda davam edəcəyini bildirsə də, həcmi artırmayacağını bəyan edib. Bu isə o deməkdir ki, İran neft idxalından əldə edəcəyi gəlirlərin 60 faizini itirəcək".

 

Siyasi təhlilçi İran daxilində baş qaldıran etirazlardan da bəhs etdi:"Bəlli olduğu kimi, may ayından başlayaraq İranın milli valyutası iki dəfədən çox dəyər itirib. İnsanlar kütləvi şəkildə milli valyutanı dollara dəyişirlər. Ölkədə valyuta qıtlığı yaranıb. Sahibkarlar çox böyük zərər görüblər. Ard-arda sənaye və istehsal müəssisələri qapadılır. Vətəndaşlar iş yerlərini itirirlər. Bu isə öz növbəsində kütləvi etirazların daha da güclənməsinə rəvac verir”. E.Mirzəbəylinin sözlərinə görə, belə bir şəraitdə Trampın İran prezidentini heç bir ön şərt olmadan görüşə dəvət etməsi ilk növbədə İran cəmiyyətinə ünvanlanmış mesaj kimi qəbul oluna bilər: "Bildiyimiz kimi, Donald Tramp hər dəfə İrana yönəlik bəyanatlarla çıxış edəndə, ABŞ-ın İran vətəndaşları ilə hər hansı bir probleminin olmadığını bildirir. Bu addım da ola bilsin ki, prezident Ruhaniyə görüş zamanı ABŞ-ın tələblərinin çatdırılması ilə bağlı olacaq. Trampın bu təklifi əslində Ruhanini ciddi bir seçim qarşısında qoyur. Əgər o, görüşə razılıq verəcəksə, bu, mühafizəkarların açıq müstəvidə hərəkətə keçməsinə zəmin yaradacaq. Görüş baş tutacağı təqdirdə Ruhaninin sərgiləyəcəyi davranışlardan da çox şey asılıdır”.

Politoloq deyir ki, bütün hallarda, görüş baş tutsa da, tutmasa da, İranda daxili problemlərin aradan qalxacağı inandırıcı görünmür. Çünki bu görüşün sanksiyaların aradan qaldırılmasına zəmin yaradacağı ehtimalı çox azdır:"Tramp "Mən danışıqlara hazıram" deməklə məsuliyyəti İran rəhbərliyinin üzərinə qoyur. Görüş nəticəsiz qalacağı təqdirdə isə şübhəsiz ki, ölkədəki sosial gərginliyin əsas səbəbkarı kimi İran hökuməti göstəriləcək və bu da öz növbəsində etirazların güclənməsinə rəvac verəcək. Şübhəsiz ki, ABŞ İranı içəridən vurur. Əslində sanksiyaların məqsədi də elə bundan ibarətdir. Əks təqdirdə, biz hərbi müdaxilənin, yaxud rəsmi Tehranın regional və qlobal miqyasda hərəkətlərinin məhdudlaşdırılmasına yol açan addımların şahidin olardıq".

Qarşıdakı dönəmlərdə nə baş verəcək, demək çətindir. Amma belə görünür ki, Ağ Ev İran daxilindəki etirazları körükləmək üçün bütün potensialını işə sala bilər.

E.PAŞASOY, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300