"700 bal toplayanların
sayının artması təhsilin keyfiyyətinin yüksəlməsi ilə bağlı deyil” –Etibar Əliyev
"Ali təhsilin ödənişli olması qaçılmazdır, lakin bir şərtləki...”
"700 bal toplayan abituriyentlərin sayının artması yaxşı haldır. Bunu təhsilin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirənlər var. Məktəb direktorları da bu uşaqlarla öyünürlər. Kurslar 600-dən yuxarı bal toplayan uşaqları reklam kimi təşviq edirlər. Ancaq hətta onların sayı iki dəfə artsa belə, bunu təhsilin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirmək doğru deyil”.
Bu sözləri musavat.com-a tanınmış
təhsil eksperti, "XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev abituriyentlərin
ali məktəblərə qəbul imtahanlarının nəticələrini şərh edərkən deyib.
E.Əliyev bildirib ki, təhsilin keyfiyyətinin yüksəlməsi 500-700 arası bal
toplayan abituriyentlərin sayının kəskin artması və 0-200 bal toplayan
abituriyentlərin sayının kəskin azalması ilə xarakterizə olunmalıdır: "Birinci
faktor gələcəkdə insan kapitalının inkişafına təsir edəcəksə, ikincisi
funksional savadsızlığın aradan qaldırılmasına yardımçı olacaq. Məsələn, Şəmkir
rayonunda Düyərli kənd orta məktəbinin məzunu Təranə Alıyevanın 592 bal
toplayıb, riyaziyyat müəllimli peşəsini seçməsi yenilikdir. Dünyada istedadlı
uşaqlar daha çox xalis elmləri seçirlər. Ona görə də həmin ölkələrin elmi
potensialı yüksək olur. Bu problemin həllində mövcud Olimpiada Mərkəzlərini
inkişaf etdirmək lazımdır. Ən yüksək nəticə göstərən abituriyentlər əlavə
hazırlığa getmələrini danmırlar. Bunun özü də onu göstərir ki, məktəb təhsilinin
keyfiyyəti hələ yetərli deyil”.
Təhsil eksperti hesab edir ki, Dövlət İmtahan Mərkəzi
bu il də qəbul imtahanlarını yüksək peşəkarlıqla keçirə bildi:"Qəbulun
nəticələri yenə də hansı ixtisaslara marağın güclü olmasını ortaya qoydu.
Abituriyentlərin ixtisas seçimində ali məktəblərdəki dəyişikliklərin danılmaz təsiri
vardır.
Valideynlər və orta məktəb məzunlarının böyük kəsimi demək olar, bunu izləyir.
Əgər biliyin qiymətləndirilməsi düzgün həyata keçirilirsə, deməli, qəbulun nəticələri
birmənalı şəkildə qənaətbəxş hesab olunmalıdr. Orta məktəblərdə təhsilin
keyfiyyətinin yaxşılaşdırılmasının qəbul prosesinə birbaşa müsbət təsiri
vardır. DİM-nin keçirdiyi buraxılış və qəbul imtahanlarının məktəb təhsilinin
keyfiyyətinin yaxşılaşdırılmasına təsiri danılmazdır. Bu, yaxın gələcəkdə özünü
daha aydın göstərəcək. İmtahan Mərkəzinin hər il keçirdiyi qəbulun nəticələrinin
təhlili təhsillə məşğul olan şəxslərin stolüstü kitabına çevrilib.
Təhsil eksperti DİM-nin ildə iki dəfə qəbul
imtahanlarının keçirməsini müsbət qiymətləndirir:"Birincisi,
bu, uşaqların stress keçirməsinin qarşısını müəyyən qədər alır. İkincisi,
uşaqlar sualların asan və çətinlik dərəcəsini anlayırlar. İmtahanlar arasındakı
müddətdə isə öz zəif yerlərini təhlil etmək imkanı qazanırlar. Dövlət İmtahan Mərkəzi
işinin rahatlığı üçün bir dəfə də imtahan keçirə bilərdi. Ancaq bu qurum iki
imtahanın nəticəsinin abituriyentlər üçün əhəmiyyətli olmasını nəzərə alıb, bu
addımı atıb. Qısa zaman kəsiyi göstərdi ki, imtahanların iki dəfə keçirilməsi həm
də sosial sifarişdir”.
"Azərbaycanda ali məktəblər əsasən təhsil
haqlarının hesabına "yaşa”dıqlarını deyən E.Əliyev buna görə də ali təhsilin
pullu olmasının qaçılmazlığını düşünür:"Lakin bununla
yanaşı təhsil haqlarını müəyyənləşdirəndə mövcud reallıq da nəzərə alınmalıdır.
Məsələn, tibb ixtisaslarının bir, ya iki ali məktəbdə olması təhsil haqlarının
fantastik artımına şərait yaratmamalıdır. Digər ali məktəblərdən fərqli olaraq,
nəzərə almaq lazımdır ki, Azərbaycan Tibb Universitetinin gəlir gətirən
klinikaları da var. Ödənişli təhsilin tətbiqi nəticəsində bir ixtisasın pullusu
ilə pulsuzu arasında kəskin bal fərqləri yaranır. Lakin həmin tələbələr eyni
qruplarda təhsil alırlar. Ölkədə pullu təhsilin gözdən düşməsinin əsas səbəblərindən
biri tələbələrə dəstək verən xeyriyyə fondları və bankların olmamasıdır. Təhsilin
pullu olması son vaxtlar belə bir deyimi çox aktuallaşdırıb: Pul - təhsildir.
Lakin biliyə görə maddi güzəştlər barədə düşünülməlidir. Bu gün müəllimlər,
ekspertlər, təhsili bilən adamlar hansı ixtisasların gələcəkdə daha lazımlı
olmasını uşaqlara izah etməlidir”.
"Rus bölmələrinin şagirdləri repetitor xidmətindən
çox istifadə edirlər, yoxsa Azərbaycan sektorunun şagirdləri?” sualına ekspert
belə cavablayır:"Məncə, Azərbaycan məktəblərinin. Rus
bölmələrinin müəllimlərinin alternativ dərsliklərdən istifadə etmək imkanları
çoxdur. Bizim müəllimlərin isə belə imkanları demək olar ki, yoxdur. Proqramın
mənimsədilməsinin müxtəlif üsulları, yolları var. Bunun biri də alternativ dərsliklərdəki
metodikalardır. Rus məktəblərində təhsilin keyfiyyətindəki dəyişiklik müəllimlərin
öz üzərində daha çox çalışmaları ilə bağlıdır. Burada şagird-müəllim münasibətləri
də mühüm əhəmiyyət kəsb edir”.
"Ali təhsil müəssisələrinə boş qalan yerlərin elanı göstərdi ki, orta bal tələb
edən ixtisasların demək olar, plan yerləri doldu. Elə ali məktəblər var ki, ilbəil
nəticələrini daha da yaxşılaşdırır. Məsələn, Azərbaycan Dövlət İqtisad
Universiteti, ADA universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı
Ali Neft Məktəbi, Bakı Dövlət Universitetini misal çəkmək olar. Yüksək
ballıların oxuduğu ali məktəbdə təhsil mühiti də fərqli olur. Bu ali məktəblərin
bir qrup ixtisasları yüksək rəqabət yaradır. Nəticədə 700 ballıların da sayı artır.
Aşağı bal toplayan abituriyentlər isə aşağı təhsil haqqı olan ixtisaslar
axtarır, irrasional ixtisas seçimi enməyə məcbur olurlar”, -deyə E.Əliyev
fikrini tamamlayır.
Ləman Mustafaqızı, musavat.com