"Neft erası bitdi, böhrandan çıxış yolu sənaye və kənd təsərrüfatının inkişafındadır!” – bu, qeyri-neft sektorunun inkişafına indiyədək ayrılan yüz milyonlarla vəsait havaya sovrulandan sonra hakimiyyətin irəli sürdüyü yeni şüardır.

Yadınızdadırsa, İlham Əliyev "2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalamışdı.

Proqram sanki SSRİ-nin beşilliklər planı əsasında tərtib olunmuşdu. Proqramda  şablon, şablon olduğu qədər də reallıqdan uzaq fikirlər səslənirdi.

Məsələn belə bir fikir: "Azərbaycan bu illər ərzində nəinki makroiqtisadi sabitliyi qoruyub saxlamış, hətta iqtisadi artıma görə dünyanın aparıcı ölkələrindən birinə çevrilmişdir. 2007-ci ildə 2002-ci illə müqayisədə ümumi daxili məhsul real ifadədə 2,6 dəfə artmışdır. Bu artım həm neft-qaz sektorunun, həm də qeyrineft sektorunun dinamik inkişafı sayəsində mümkün olmuşdur. Həmin illərdə qeyri-neft sektorunun real artımı 76,1 faiz təşkil etmişdir.”

Proqram uzun uzadı  bir "bəy tərifi”ni xatırladırdı. İllər boyu proqramım icrasından,  "pripiska” rəqəmlərə istinad edib uğurlu iqtisadi siyasəti, qeyri-neft sektorunun dinamik inkişafını aləmə car çəkdilər.

Bəs mədh etdiyiniz qeyri neft sektorundakı dinamik inkişaf hanı? Devalvasiyadan iflic olmuş iqtisadiyyatımıza niyə töhfələrini verə bilmir?

İllər keçdikdən sonra "Nefti unudun, qeyri-neft sektorunu inkişaf etdirməliyik” deyilərkən, dolayısı ilə bu proqramdan yalnız dövlət vəsaitlərini mənimsəmək üçün istifadə edildiyi etiraf olundu.

Bu etirafdan sonra neft gəlirlərinə dayanan siyasətin iflasını hər kəs anladı. Bəllidir ki, bu sərvəti cəmiyyətin məlum təbəqəsi, bir qrup oliqarxlar, məmurlar talan etdi.

Qeyri-neft sektoruna xərclənən pullar sözügedən proqramla məhdudlaşmır. 2004-cü ildə yaradılmış "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondları hesabına 458 milyon manat vəsait ayrılmışdı. Fantastik bir rəqəmdir.

2007-ci ilin yanvarında isə prezident kənd təsərrüfatının inkişafına  daha 73 milyon manat vəsait ayırmışdı.

Kənd təsərrüfatı naziri Heydər Əsədov  İlham Əliyevin iştirakı ilə regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı kənd təsərrüfatının uğurlu inkişafı haqqında pafoslu hesabat vermişdi, bu məbləğin təyinatı üzrə xərcləndiyini sübut etməyə çalışmışdı.

Hanı bəs inkişaf? Niyə xarici bazara xam neftdən və qazdan başqa heç nə çıxarda bilmirik? Niyə istifadə etdiyimiz ərzaq məhsullarının da çoxunu xaricdən alırıq?

Başqa bir fakta da nəzər yetirək: 2015-ci ilin avqustun 19-da ölkə başçısı  "Aqrolizinq”ə 15 milyon manat ayrılması barədə sərəncam imzalamışdı. Sərəncama görə bu vəsait  konkret olaraq "ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsinə  xərclənməli idi.

Amma görün sonra nə baş verdi: Xatırlayırsınızsa keçən həftə kənd təsərrüfatı nazirinin muavini iribuynuzlu mal qaranın sayının azaldılması təklifini irəli sürdü… Əgər iribuynuzlu malqara azaldılmalıdırsa, onda bu milyonlar nə üçün ayrılırdı?

Bunlardan əlavə İlham Əliyev 2014-cü ilin noyabrın 20-də "kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək üçün” 18 milyon manat ayrılması haqqında daha bir sərəncam imzalayıb.

Həmçinin 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə "kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün, 8 milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün” daha 10 milyon manat ayrılması barədə sərəncam imzalayıb.

Prezidentin vəzifəsi ancaq sərəncam imzalamaqdırmı? Dövlət büdcəsindən ayrılan küllü miqdarda vəsaitin sonrakı taleyini bilmək üçün kənd təsərrufatı naziri Heydər Əsədovun hesabatlarını dinləmək kifayət edirmi?

Sadaladıqlarımız açgözlüklə talanan büdcə pullarının çox kiçik bir hissəsidi. Bu milyonlar xüsusi təmtəraqla qanuniləşdirilib və sanki qaniçən drakulaların ağzına hazır ov kimi atılmışdı. İllərlə "inkişaf” nağılları eşitdik. Bu kütləvi inkişaf sonda kütləvi ixtisarla nəticələndi.

Bəziləri "Prezidentin olan-bitəndən xəbəri yoxdu” fikrinə sadəlövcəsinə inanaraq,  hələ içlərindəki ümüd işartısını söndürmək istəmirlər. Bəs bizi xalq olaraq nələr gözləyir? Böhrandan çıxmağımız ücün konkret olaraq hər hansısa addımlar atılırmı? Yoxsa xalqın gözünə kül üfürərək, beləcə davam edəcəklər?

Belə görünür ki, nə prezident, nə də məmurlar geriyə addım atmaq fikrində deyillər. Bəs biz cəmiyyət olaraq bu haqsızlığı aradan qaldırmaq üçün irəliyə doğru nə vaxt addım atacayıq?

Könül ALI

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300