Azərbaycansayağı tolerantlıq


 

Hələ XVI-XVII əsrlərdə Avropada yaranmış tolerantlıq dini-siyasi termini əvvəllər insanları, əsasən, elə dini və siyasi dözümlülüyə çağırsa da, sonralar ksenofobiya və irqçiliklə mübarizəyə də ciddi dəstək oldu. Zamanla tolerantlıq fərqliliyi konfliktdən uzaqlaşdıran, fərdlərin barabər hüquqlu olmasının vacibliyini bildirən bəlkə də ən əsas bir anlayış modelinə çevrildi. Doqmatizmə yox deyərək, bütün insanların fərqli tərzinə hörmətlə yanaşmaq, onlara fikirlərinin bizim fikirlərimizdən fərqli olmasına rəğmən, dözüm nümayiş etdirmək tolerantlıq adını aldı və bu fəlsəfə başlanğıc mərhələsində çətin olsa da, sosial həyatda özünü təsdiq etdi. Tolerantlıq sənin kimi düşünməyənin fikirlərinə heç də qoşulmaq deyil. Əksinə, onunla razı olmadığına baxmayaraq, sənin kimi fikirləşməyəni olduğu kimi qəbul etmək, onunla heç bir konfliktə girməmək, onunla yaxşı davranmaq deməkdir. Bəli, yəni mənim üçün qəbuledilməz bir şey, başqa bir adam tərəfindən çox asanlıqla qəbul edilə bilər, yaxud mənim üçün çox sevimli, dəyərli və hətta müqəddəs olan nəsə başqası üçün axmaqlıq və ya cəhalət sayıla bilər. Çox sadə... Tolerantlıq insanların arasında olan bütün ziddiyyətlərə, fikir müxtəlifliklərinə baxmayaraq, bir-birilərini dinləmək bacarığıdır. Əsəbləşmədən, aqressiya nümayiş etdirmədən qarşısındakı insanları olduğu kimi qəbul etmək prinsipidir.

 

 

Amma bizim cəmiyyətdə bütün normallıqlar mutasiyaya məruz qaldığı kimi, tolerantlıq da mutasiyaya uğrayıb. Adı var, dadı yox. Eynən demokratiya kimi. Azərbaycanda onların hər ikisini elə bir hala salıblar ki, bu adları verənlər onları görsələr, tanımazlar.

 

Məddahların ümummilli bir tanrıları var idi. Sonra o tanrı da Fridrix Nitsşe demişkən, öldü. Bütün tanrılar kimi. Həmin tanrı, öz məşhur "Azərbaycan xalqı çox dözümlü xalqdır” sözlərini deyəndə mən balaca uşaq idim. O vaxt bunu eşidəndə, içimdə bir işıq yanmışdı ki, adam bunu deməklə yəqin ki, bir-birimizin fərqliliyinə olan hörməti və dözümlülüyü nəzərdə tutur. Bizi bir-birimizə fərqliliyimizdən asılı olmayaraq, hörmət etməyə səsləyir. Bir az böyüyən kimi bunun belə olmadığını, tamamilə cəfəngiyyat olduğunu və o vaxtkı tanrının bunu nəzərdə tutmadığını başa düşdüm. O vaxtkiı tanrımız xalqımızın bir-birinə qarşı dözümlülük nümayiş etdirdiyini, tolerant olduğunu deyil, zülmə və zülmkarlara qarşı tolerant olduğunu, zalımlara və zülmə dözümlü olduğunu nəzərdə tuturmuş və indi mənə elə gəlir ki, o vaxt bunu məndən başqa çox adam başa düşürmüş.

Əlbəttə, çox adam. Çünki mən gözümü açandan, Azərbaycanda çoxunun başqa adamların fərqli fikirlərinə hörmət etdiyini görməmişəm. Bir onu eşitmişəm ki, bütün günü bir-birilərinin arxalarıyca danışıblar. Bir-birilərinin tərzini, seçimini pisləyiblər. Səhərdən axşama kimi bir-birinin ətini didiblər. Sanki yarışa çıxıblar – kim kimin tərzini və seçimini daha çox pislədi - deyə. Bir düşünün, onlar buna sərf etdikləri zamanı xalqın və vətənin rifahı üçün səmərəli istifadə etsəydilər, bəlkə də, indi biz bütün dünya banklarına kreditə pul verirdik. Ən azından, həmin vaxtı kitab oxumağa sərf etmək olardı. Təsəvvür edirsiz, o zaman ərzində oxunan kitablar üçün neçə min mərtəbəli kitabxana lazım olardı?

 

Kitablar demişkən, bizdə dini kitabların ən ideal yeri heç də masa və ya kinolarda gördüyümüz kimi yatanda oxumaq üçün yatağın yanındakı kiçik dolab deyil. Bizim dini kitab, adətən, əlçatmaz yerdə bir büt kimi dayanır və illərlə tozlanır. Din demişkən, indi bizim illərdir ki, yeni tanrımız var. Köhnə tanrının ölümündən sonra məddahlarımız indi də ona qurban aparır. Səfalətin əlindən intihar edənlərin simasında, kreditə görə özünə qəsd edənlərin simasında, yaxud hər gün özümüzkülər tərəfindən öldürülən əsgərlərimizin simasında... Nə bilmişdiz? Bütün bunlar qurban deyil, bəs nədir? Əlbəttə, qurbandır və bu qurbanları bizim siysətə qarışmayan məddah həmvətənlərimiz öz tanrıalrına ərmağan edirlər.

 

Deməli Azərbaycan xalqı tanrıları çox sevən xalqdır. Tanrı olmasa belə, onu min-bir əziyyətlə yaradar və hökmən kimlərisə ona qurban verər. Fədailərin, sənətkarların, yazıçıların simasında...

 

Amma hər şeydən öncə, Azərbaycan xalqı həm də çox dözümlü xalqdır, çox! Başqalarının fərqliliyinə yox, tanrıların zülmünə...

 

RUZGAR MÖVSÜM

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300