Bakının Nizami rayonunda AĞAC QATİLLƏRİ- ONLAR KİMƏ GÜVƏNİRLƏR? - FOTOLAR
Bakının Nizami rayonunda ağacları qıranlar kimə güvənirlər?

Uluyol.info Miq.az-a istinadən xəbər verir ki, Bakının Nizami rayonu, Qara Qarayev prospektində - "8-ci kilometr bazarı"nın yaxınlığında ağacların qırılması faktı qeydə alınıb. Bundan başqa, hazırda metronun "Neftçilər" stansiyasından üzü "Xalqlar dostluğu" istiqamətinə gedəndə yolun sağında - 9 mərtəbəli binaların qarşısındakı yaşıllıqlar da məhv edilir və yerində təyinatı hələ bəlli olmayan obyektlər tikilir. İndi isə bazar sırasında olan yaşıllıqlar üçün təhlükə yaranıb. Ərazidə yaşayanlar belə deyirlər. Deyilənləri yerindəcə araşdırmaq üçün əraziyə yollandıq. Məlumat üçün bildirək ki, ərazidə illər öncə əkilmiş, gözəlliyi ilə göz oxşayan yüzlərlə şam ağacı var. Ərazi əvvəllər daha geniş olsa da yuxarıda qeyd etdiyimiz səbəblərdən yaşıllıqların müəyyən hissəsi ya məhv edilib, ya da restoranlar tərəfindən zəbt olunub. Yaşıllıqların fotosunu və videosunu çəkə-çəkə üzü "8-ci kilometr" bazarına doğru irəliləyirdik ki, əraziyə dekorativ hasar çəkən ustalar diqqətimizi cəlb etdilər. Ustaların dediyinə görə, dekorativ hasarlar yaşıllığın həm üst (Nizami Rayon İcra Hakimiyyəti tərəfindən), həm də aşağı tərəfindən tikilir: "Bundan başqa, yaşıllığa giriş üçün iki tərəfdən yeni pilləkənlər tikirik".   "Zaman Azərbaycan"-a istinadən araşdırma materialı təqdim edirik:


 
Ağacların qırılıb-qırılmayacağı ilə bağlı suallar verirlər"

Bu işlərin görülməsi məqsədlərinə gəlincə, ustalar iddia etdilər ki, ərazi nəzarətsiz olduğuna görə yüngül əxlaqlı insanların oylağına çevrilib: "Bura yaxın binalarda yaşayan sakinlər şikayətçidirlər. Əlavə pilləkən inşa edirik ki, gediş-gəliş artsın, yüngüləxlaqlılar bura gəlməsinlər".
Ustalar yaşıllıqların qırılacağı ilə bağlı narahatlıqlarla əlaqədar hər gün onlara yüzlərlə vətəndaşın müraciət etdiyini dedilər: "Bezmişik, hər gün çoxlu sayda insan bizə yaxınlaşır, ağacların qırılıb-qırılmayacağı ilə bağlı suallar verirlər".
Söhbətimizin bu yerində ustalardan biri Nizami Rayon İcra Hakimiyyətində çalışan Bəhruz adlı şəxsə zəng vurub, jurnalistlərin çəkiliş aparması barədə məlumat verdi. Danışıb qurtarandan sonra üzünü bizə tutub: "Bəhruz müəllim Nizami Rayon İcra Hakimiyyətində işləyir, gəlib özü suallarınıza cavab verəcək".
Bir az gözlədikdən sonra Bəhruz müəllim zəng vurub şəhərdə işi olduğu üçün gələ bilməyəcəyini söylədi: "Burada işim var deyə gələ bilmirəm. Mənim telefon nömrəmi götürün, əlaqə saxlayarıq. Həmin ərazidə abadlıq işləri görülür, yaşıllıqların qırılacağı barədə deyilənlərin əsası yoxdur".
Bir az keçmişdi ki, özünü Nizami rayonunda fəaliyyət göstərən "JEK"lərdən birinin əməkdaşı kimi təqdim edən ortayaşlı bir kişi bizə yaxınlaşdı və yarızarafat-yarıgerçək dedi: "Nə hay-küy salmısınız". Vəziyyəti ona izah etdik. O, əlini döş cibinə salıb: "Günortadır, gedin restoranda dayının hesabına yeyib-için, əlavə söhbət lazım deyil",-dedi.
Ona etirazımızı bildirdik.

Nazirlik: "Qara Qarayev prospekti - 101 ünvanında ağaclar qırılıb"

Onu başa salandan sonra çəkilişimizə davam elədik. "Lotos" ticarət mərkəzinin yaxınlığındakı pilləkəndən üzüyuxarı çıxanda yaşıllığın bir hissəsində tikiləcək obyektlərin yerinin qoyulduğunu, betonlama işlərinin aparıldığını gördük. Yan-yana müxtəlif ölçüdə obyektlərdən gedir söhbət. Ərazidə çəkiliş apararkən bizə bildirdilər ki, son 15-20 günədək burada ağaclar olub. Lakin gecələr həmin ağaclar kökündən çıxarılıb və izi itirilib. Bir az irəlidə qırılmış ağacların yerində isə dönərxana tikilib və böyük bir əraziyə daşlar tökülüb. Tökülən daşların yerində hansısa obyektlərin tikiləcəyini təxmin etmək olar. Küçə boyu üzü Nizami Rayon İcra Hakimiyyətinə doğru irəlilədikcə bir neçə obyektin yerinin qoyulduğunu görmək olar. Qəribədir, ərazidə abadlıq işlərinin aparıldığını bildirən Nizami Rayon İcra Hakimiyyətinin rəsmiləri, doğrudanmı, bunlardan xəbərsizdirlər?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. İ. İbrahimova faktla bağlı nazirliyin aidiyyəti şöbəsinə bu barədə məlumat verdi və faktın araşdırılacağını dedi.
Günün ikinci yarısında nazirliyin əməkdaşı Şakir Quliyev redaksiyamızla əlaqə saxlayaraq, həqiqətən də, Nizami rayonu, Qara Qarayev prospekti - 101 ünvanında ağacların qırıldığını söylədi. Şakir Quliyevin sözlərinə görə, burada obyekt tikilməsi məqsədi ilə bir neçə ağac qırılıb: "Ərazidə araşdırma apararkən müəyyən etdik ki, Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Vərməziyar kənd sakini - sahibkar Əhmədov Mayis Ənvər oğlu sərv və eldar şamı ağaclarını qırmışdır. Faktla əlaqədar tərəfimizdən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə ona fiziki şəxs qismində cərimə tətbiq edilmişdir".
Ş. Quliyevdən ərazidə inşaat işlərinin dayandırılıb-dayandırılmayacağını soruşduqda cavabı belə oldu: "Bizim səlahiyyətimiz yalnız ağacların qırılması ilə bağlı cərimə tətbiq etməkdən ibarətdir".

"Bu vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir"

Görəsən, həqiqətənmi Nizami Rayon İcra Hakimiyyəti başçısının, qurumun digər səlahiyyətli şəxslərinin bundan və Qara Qarayev prospektində ağacların qırılmasından xəbəri yoxdur? Onlar ağacların yerində obyekt tikintisinə hansı səlahiyyətlə razılıq veriblər? Əgər bu işdən xəbərləri yoxdursa, onda nə vaxt maraqlanıb tədbir görəcəklər?
Yeri gəlmişkən, özünü Nizami Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi kimi təqdim edən Bəhruz adlı şəxs bizimlə söhbətində bu barədə yazının qəzetimizdə çap olunmasını istəmədiyini söylədi. Ondan faktla bağlı suallarımıza ətraflı cavab almaq istəsək də, buna nail ola bilmədik. Əvəzində müxtəlif şəxslər vasitəsilə zəng vurdurub hətta yazının qəzetimizdə çap olunmamasını xahiş etdilər...
Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ağacların qırılmasına şərait yaradan məmurlara sərt xəbərdarlıq etmişdi: "Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə, haradasa, ağac ya köçürülə, ya da kəsilə bilər. Gecə vaxtı gəlirlər, ağacları qanunsuz qırırlar, kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir".

Hal-hazırda Nizami rayon icra başçısı Arif Qasımovdur. O,  Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 

Miq.az-ın əldə etdiyi digər məlumata görə Arif Qasımovun adı mətbuatda qalmaqallı hadisələrlə bağlı çox hallanıb. Bu icra başçısı ən çox NİSYƏ DƏFTƏRİ adı ilə məşhurdur...Bu barədə növbəti yazılarımızda daha ətraflı məlumat verəcəyik...
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300