"Dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Avropanın Fransa, İtaliya, Almaniya kimi nəhənglərinin, ABŞ-ın 30-dan cox ştatının , hələ 1995-ci ildən Rusiyanın da rəsmən tanıdığı bir "soyqırım” iddiasının müqabilində biz, Azərbaycan olaraq gerçək bir soyqırım faktını dünya ictimaiyyətinə çatdırmaq xüsusunda nə qədər təsirli fəaliyyət göstərmişik?”

 


Təxminən 17 ildir ki, 31 mart dövlət səviyyəsində Soyqırım günümüz kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü də sayılır. Azərbaycan türklərinin kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən hesab oluna bilər.

Bu günlər bir daha istər ölkə daxilində, istərsə də xaricdə yaşayan soydaşlarımızın da soyqırım günü ilə bağlı tədbirləri keçirilir. Təsadüfi deyil ki, bu il ermənilər də  saxta soyqırım iddialarının 100 illiyini qeyd edir və dünyanın ayrı-ayrı nöqtələrində erməni cəbhəsində böyük hazırlıq işlərinin həyata keçirilməsinin şahidiyik.  Dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Avropanın Fransa, İtaliya, Almaniya kimi nəhənglərinin, ABŞ-ın 30 dan cox ştatının və nəhayət hələ 1995-ci ildən Rusiyanın da rəsmən tanıdığı bir "soyqırım” iddiasının müqabilində biz, Azərbaycan olaraq gerçək bir soyqırım faktını dünya ictimaiyyətinə çatdırmaq  xüsusunda nə qədər təsirli fəaliyyət göstərmişik? Bu məsələ ilə bağlı cavabdeh olan dövlət qurumu ya qurumları qonşularımızın  total təbliğat hücumuna adekvat cavab verə biliblərmi? 

Əlbəttə ki, hələ 20-ci əsrin sonlarında bəşəriyyətin gözləri önündə törədilən Xocalı soyqırımının bəzi ölkələr tərəfindən rəsmi şəkildə tanınmasına nail olmaq görülən işlərin "pik nöqtəsi” sayıla bilər. Amma Meksika, Honduras, Kolumbiya, Peru, Çexiya, Bosniya-Hersoqovina və Pakistanın dünyanın siyasi arenasındakı yerindən bəhs etməkdə hər hansı fayda görmürəm. Dünyanın bizə qarşı ikili standartlarla davranması faktını da qəbul edirəm. Amma ümumilikdə dövlət və millət olaraq bu yöndəki  kompleks fəaliyyətlərimiz nə qədər effektiv olub? Mediamızın rolu bizi soyqırıma məruz qalmaqda da analoqu olmayan bir millət kimi təqdim etməklə məhdudlaşır. Sonucda cəmiyyətdə mübarizə ruhu sönür, problemlərin rasional həll yollarının tapılması ilə bağlı yollar dalana dirənir. 

Digər tərəfdən Azərbaycan ordusunun gücü və potensialından bəhs edən müsahibələr və mövqelərin təqdim edilməsi də artıq cəmiyyətdə ikrah obyektinə çevrilib. Başqa tərəfdən əgər ümummilli məsələlərdə iqtidar –müxalifət  ayırımı qabarırsa və bu tendensiya xaricdəki diaspora fəaliyyətlərindən belə yan keçmirsə nəticədə milli təşkilatlanmada əlbəttə ki fiasko ilə üzləşəcəyik. Elə bu yanlış siyasətin nəticəsidir ki, soyqırım tədbirlərinə soydaşlarımızın cəlb olunması üçün  xaricdə fəaliyyət göstərən qurumlarımız ermənilərdən fərqli olaraq xüsusi maddi-həvəsləndirici vasitələrdən belə istifadə edirlər. Halbuki Ümummilli məsələlərdə mənəvi faktorlar prioritet təşkil etməlidir. Nə yazıq ki, diaspora siyasətimiz yalnız  maddi dayaqlara söykəndiyi üçün bu yetərsizlik özünü aşkar şəkildə büruzə verir.  

Təsadüfi deyil ki, son günlər mühacirətdəki dostlarımızdan biri deyirdi ki, Avropadakı tədbirlərdən birinə qatılan üç minə yaxın erməninin dörd yüzə yaxını uzaq Avstraliyadan gəlmişdi. Üstəlik öz imkanları hesabına. Amma onları təşkilatlandıran məhz erməni diasporası idi. Yaqin ki, bizdən fərqli olaraq  iqtidar- müxalifət yönünü də nəzərə almadan. Bizimkilər isə nə yazıq ki, hələ də Bakıdan gələcək "direktivlər” və bu "direktivlər”i şərtləndirən "qəpik- quruşlar”a ümid etməkdədirlər.

Bütün bunları müşahidə edəndən sonra əlbəttə ki ermənilərin təbliğat triumfunun səbəblərini gedib uzaqda axtarmağa dəyməz. 

Düşünürəm ki, əslində diaspora fəaliyyətini  əsas etibarilə mühacirətdəki soydaşlarımızın vətəndaş təşəbbüslərinin öhdəsinə buraxmaqla daha uğurlu sonuclar ala bilərik. Üstəlik bu sahədə nəhəng dövlət qurumunun  olmaması ilə dövlət büdcəsinə qənaət olunmaqla yanaşı ölkə xaricində diaspora fəaliyyətləri ve lobbiçilik adı ile "tələf” olunan yersiz xərclərin də qarşısı alınar. Hətta Diaspora komıtəsinin maddi "dəstəyi" üstündə gedən "savaşlar” da sona yetmiş olar. Şəxsi müşahidələrim bunu da deməyə əsas verir ki, belə olduğu təqdırdə mühacirətdə Quzey ve Güney Azərbaycan adına fəaliyyət göstərən soydaşlarımız arasında da inteqrasiya, əməkdaşlıq atmosferi də yüksək səviyyədə və səmimi olar. 

Eləcə də diaspora çalışmalarında nisbətən müstəqil və aktiv təşkilatlar üçün süni surətdə yaradılan "alternativlər" də ortaya çıxmaz. Hər halda bu da üzərində dayanmalı olduğumuz önəmli mövzu, eyni zamanda həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması yönündə yetərsiz qalan sferamızdır. Və düşünürəm ki, bu mövzuya təkrar təkrar qayıtmağımızda fayda olar. 

Amma hazırkı status-kvoda Azərbaycan hakimiyyəti, daha korrekt desək hakimiyyətin diaspora ilə məşğul olan qurumu milli faciələrimiz və tarixi həqiqətlərimizin tanıtdırılması yönündəki fəaliyyətlərə daha peşəkar, iqtidar maraqlarını deyil, məhz dövlət maraqlarını, milli maraqları əsas tutan prizmadan yanaşmalıdır. Bu istiqamətdə Türkiyə diasporası ilə paralel çalışmalarda da böyük fayda olacağını düşünürəm. 

Biz dünyaya faktlarla, sənədlərlə, arqumentlərlə səslənməyi bacarmalıyıq. Bəzi dövlətlərin ikili standartları ilə üzləşsək də belə, xalqlara ədalətli mövqeyimizi çatdırmaqda israrlı olmalıyıq. Yeter ki, haqlı olduğumuzu haqlı və doğru yanaşma ilə təqdim edək, tanıtdıraq!

Rüfət MURADLI

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300