Sübhan Talıblının “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı yeni kitab nəşr olundu Sübhan Talıblının "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı yeni kitab nəşr olunub.

Sübhan Talıblının elmi ictimaiyyətin və geniş oxucu kütləsinin diqqətinə təqdim olunan "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı kitabı günümüzün çox aktual və mühüm problemlərindən birinə həsr edilmişdir. Belə ki, SSRİ-nin dağılması ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, bunun ardınca erməni silahlı qüvvələri tərəfindən onun tarixi və əzəli torpaqları olan Dağlıq Qarabağın işğalı, bir milyondan çox azərbaycanlının doğma yurd-yuvasından didərgin salınması, Ermənistan silahlı qüvvələri tərəfindən İrəvanda və Dağlıq Qarabağ ərazisində, xüsusilə də Xocalı rayonunda yerli azərbaycanlı əhalinin kütləvi şəkildə soyqırıma məruz qalmaları, bu gün də davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müəllifin adıgedən əsərində planlı, xronoloji ardıcıllıq, tarixi faktların elmi-məntiqi təhlili yolu ilə, beynəlxalq hüquq normalarının tələb etdiyi çərçivədə, tərəflərin etnik-milli maraqları nəzərə alınmaqla şərh edilmiş, qonşu İranın Qafqaz siyasətində Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz milli və region maraqları çərçivəsində atdığı addımlar İran-Ermənistan, İran-Azərbaycan münasibətləri fonunda, eyni zamanda da regionda maraqları təmsil edilən Rusiya və ABŞ kimi super güc dövlətlərin nüfuz dairələri nəzərə alınmaqla müqayisəli təhlil əsasında açıqlanmışdır.

ABŞ və Qərbin iqtisadi-maliyyə sanksiyaları ilə üzbəüz dayanan, 9 ilə yaxın bir müddət ərzində İraqla müharibə şəraitində olan İİR hakimiyyəti Azərbaycana çox mühüm və əhəmiyyətli tranzit bir ölkə, regionda yanacaq resurslarına malik bir dövlət kimi yanaşmaqla müvafiq sahələr üzrə onunla qarşılıqlı əməkdaşlıq münasibətlərini qoruyub saxladı, inkişaf etdirdi, hətta özünün region ölkələrinə münasibətdə həyata keçirdiyi xarici siyasətində əsas istiqamətlərdən birini təşkil edən "islam inqilabının ixracı”nı, islam dəyərlərini təbliğ etmək, yaymaq işində Azərbaycan Respublikasına bir poliqon kimi baxdı. Bu zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış milyonlarla məcburi qaçqın və köçkün ordusuna göstərilən maddi və humanitar yardımlar İran tərəfi üçün "islam inqilabının ixracı”nı həyata keçirmək, islam müstəvisində formalaşan milli-mənəvi və əxlaqi dəyərləri təbliğ edib yaymaq işində əlverişli şərait yaratmış oldu. Monoqrafiyada İİR hakimiyyətinin bu mövqeyi, onun Qafqaz siyasətində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi təşəbbüslər və atdığı addımlar müəllifin oxuculara təqdim edilən "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı kitabında maraqlı və əyani faktların qarşılıqlı müqayisəsi və tutuşdurulması fonunda çox aydın, tutarlı dəlillərlə ortaya qoyulmuşdur. Bundan başqa əsərdə İran İslam Respublikasının xarici siyasətinin nəzəri əsasları, xarici siyasət konsepsiyası xarici siyasətin prinsipləri, İran İslam Respublikasının Cənubi Qafqaz siyasəti, eləcə də İran-Azərbaycan münasibətləri, İranın Ermənistan siyasəti və s. məsələlər geniş təhlil və tədqiq edilmişdir Qeyd edək ki, S.Ə. Talıblının "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)”. Bakı, "Elm və təhsil”, 2016, 362 səhifədən ibarət olan kitabı AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının 18 may 2016-cı il tarixli qərarının 3 saylı prokoluna əsasən "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı monoqrafiya çapa məsləhət görülmüşdür. Əsərin elmi redaktoru t.ü.f.d. AMEA Şərqşünaslıq İnstitutu "Cənubi Azərbaycan” şöbəsinin müdiri Səməd Bayramzadə, rəyçiləri isə AMEA Qafqzşünaslıq İnstitutunun direktoru, millət vəkili, t.e.d., professor Musa Qasımlı, AMEA Tarix İnstitutunun "Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri t.e.d., professor Həsən Əlibəyli və AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, prosessor Cəbi Bəhramovdur. Talıblı Sübhan Ələkbər oğlu 07.05.1980-ci il tarixində Azərbaycan Respublikasının Neftçala rayonunda anadan olmuşdur. 1987-1997-ci illərdə Bakı şəhərinin N.Nərimanov rayonundakı S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında ibtidai və orta təhsil almışdır. 2001-ci ildə Azərbaycan Universitetinin "Beynəlxalq münasibətlər” fakültəsinin bakalavr, 2003-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və hazırda isə aparıcı elmi işçi vəzifəsində çalışır. 2011-ci ilin mart ayından AMEA Şərqşünaslıq İnstitutunun Elmi Şurasının üzvüdür. "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2004-2009-cu illər ərzində Azərbaycan Universitetində, 2006-2012-ci illərdə Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, hazırda isə Azərbaycan Turizm və Menecment Universitetində müəllim vəzifəsində çalışır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Sosial-siyasi elmlər” bölməsinin qərarı ilə 3 metodik proqramı, eləcə də Azərbaycan, Türkiyə, İran, Kipr, Qazaxıstan, Kanada, Rusiya, Gürcüstan, Almaniya, Misir, İraq, Ukraynada elmi məqalələri çap olunub. Hazırda "İran-Türkiyə: regional əməkdaşlq və təhlükəsizlik problemləri” adlı elmlər doktorluğu dissertasiyası mövzusu üzərində işləyir.
Ailəlidir, bir oğlu var.
 
ULUYOL.İNFO
Tural İNTİQAM

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300