akarimli-lider2

"Azad Avropa”da yayımlanan "Azərbaycanın müxalifət partiyasına qarşı repressiyaların yeni dalğası” başlıqlı materialda nələr var?

"Azad Avropa” radiosunda AXCP-yə qarşı repressiyaların növbəti dalğası ilə bağlı analitik Liz Fullerin hazırladığı material yayımlanıb. Elə sərlövhə də belədir: "Azərbaycanın müxalifət partiyasına qarşı repressiyaların yeni dalğası”. Məqalənin tərcüməsini təqdim edirik:

"Nardaran işi” məhkəməsində təqsirləndirilən şəxslərdən AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə ala bilməyən Azərbaycan hakimiyyəti metodunu dəyişib. Son günlər ərzində AXCP-nin dörd fəalı müxtəlif ittihamlarla həbs edilib. Onlardan ikisi mühacirətdə yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin şəbəkəsilə əlaqəli olmaqda günahlandırılır.

Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun dediyinə görə, Azərbaycanda bir neçə müxalifət partiyasının Gülənin "Hizmet” hərəkatı ilə əlaqəsi var. O, xəbərdarlıq edib ki, Gülənin Azərbaycandakı bütün tərəfdarları aşkara çıxarılacaq.

Cəbhəçilərə qarşı repressiyaların yeni mərhələsi

AXCP Müsavatla birlikdə Azərbaycanın ən köklü partiyalarından biridir. Bu partiya 1989-cu ildə yaranmış Azərbaycan Xalq Cəbhəsinin varisidir. 2000-ci ildən partiyanın sədri vəzifəsini tutan 50 yaşlı Kərimli 1995 və 2000-ci illərdə parlamentə seçilib.

İllərdir Kərimliyə ölkədən çıxışı üçün pasport verməkdən imtina edilir. Keçən ilin sonunda isə Ədliyyə Nazirliyi onun AXCP sədri vəzifəsinə yenidən seçilməsinin hüquqiliyini tanımaqdan imtina edib.

AXCP üzvü Qədim Bəkirov avqustun 18-də saxlanılıb və polisə müqavimət ittihamı ilə 25 günlük inzibati həbsə məhkum edilib. Partiyanın digər üzvü Vasif Niftiyev növbəti gün saxlanılıb.

Həmçinin Kərimlinin köməkçisi və dövlət nəşriyyatına borcuna görə çətin dövrünü yaşayan "Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirov da saxlanılıb. Avqustun 22-də məhkəmə Əmirov barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Ədəbi əsərlər Gülənə aid kitablar kimi qələmə verilib

AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli də tutulanlar arasındadır. O, Azərbaycan hökumətini tənqid etdiyinə görə qisas məqsədilə 2015-ci ilin may və dekabr aylarında həbs olunmuşdu.

Polis bildirir ki, avqustun 18-də axtarış zamanı Əhmədlinin evindən qadağan olunmuş dini ədəbiyyat və CD-lər, Gülənə aid vərəqələr, "Hizmet” hərəkatı ilə bağlı sənədlər müsadirə olunub. Əhmədlinin atası bunu inkar edir, o deyir ki, polis evdən ancaq ədəbi əsərlər və 80-ci illərin axırında baş tutan xalq hərəkatına aid bukletlər götürülüb. Polislərdən bunların müsadirə olunmasının səbəbi soruşulanda isə cavab verilib ki, "nə isə götürməliyik axı…”

Əli Kərimli AXCP ilə Gülən arasında hər hansı əlaqəni inkar edir. Bildirib ki, iyulun 15-də çevriliş cəhdi baş verərkən məhz o, Türkiyə hökumətinə anında tam dəstək nümayiş etdirib. Kərimli vurğulayıb ki, 4 AXCP üzvünün saxlanılması siyasi motivlidir.

Mobil telefon şirkəti "Azerfon”da operator işləmiş Fuad Əhmədli abonentlərə aid şəxsi məlumatları başqalarına ötürməkdə təqsirləndirilir. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə bəyanatında deyilir ki, Fuad Əhmədli "Bakcell” şirkətindən Şahin İsrailov və "Azercell Telecom”da çalışan Etibar Musayevlə birgə, çoxlu sayda abonentin şəxsi məlumatlarını qanundan kənar yollarla əldə edərək, Vüqar Qasımov adlı şəxsə ötürməkdə günahlandırılır. Fuadla birgə İsrailov, Musayev və Qasımov da həbs edilib.

Azərbaycanda hakimiyyətin bölgüsü prinsipinin məhvi

AXCP Fuad Əhmədlinin həbsini "yeni repressiya dalğasının başlanğıcı” hesab edir və bəyan edir ki, siyasi fəalların həbsi konstitusiyaya dəyişiklik etmək üçün planlaşdırılan referendumun kəskin tənqidinə görə partiyadan qisas almaq məqsədi güdür. Bir çox müxalif aktivistlər hesab edir ki, bu konstitusiya dəyişiklikləri İlham Əliyevin ailə hakimiyyətini möhkəmləndirmək niyyəti daşıyır.

Kərimli Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət etmişdi ki, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentliyə namizədlik üçün 35 yaş limitinin aradan qaldırılması, birinci vitse-prezident və vitse-prezident vəzifələrinin təsisi ilə bağlı Konstitusiyaya dəyişikliklər layihəsinə baxılarkən maraqlı tərəf kimi onun da iştirakına icazə verilsin. Ancaq onun müraciətinə müsbət cavab verilmədi. Kərimli deyir ki, bu cür yanaşma Konstitusiya Məhkəməsi də daxil olmaqla, bütövlükdə ölkənin məhkəmə sisteminin bir nəfərin – İlham Əliyevin iradəsindən asılı vəziyyətdə olduğunun sübutudur.

Kərimli Konstitusiyaya planlaşdırılan dəyişiklikləri Azərbaycanda hakimiyyətin bölgüsü prinsipinin məhvi kimi görür. Onun fikrincə, dəyişikliklərlə bağlı təklifin motivinin arxasında Əliyevin yaxın çevrəsindəki və parlamentdəki "oliqarxlar”a inamsızlığı dayanır.

26 sentyabrda planlaşdırılan referendumla bağlı neqativ mövqe sərgilədiyinə görə hədəfə alınan yeganə siyasi qüvvə AXCP deyil. REAL hərəkatının 3 üzvü – Elşən Qasımov, Toğrul İsmayıl və REAL-ın icra katibi Natiq Cəfərli də eyni şəkildə həbs edilib. Elşən Qasımov və Toğrul İsmayıl polisə müqavimət ittihamı ilə saxlanılıb. Cəfərli barəsində isə qrant vəsaitlərinin qeyri-qanuni yollarla əldə olunması ittihamı ilə ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

(azadliq.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300