Real Hərəkatının Avropada fəal üzvü Rəşad Mehdi ilə uluyol.info olaraq ölkədəki söz azadlığının vəziyyəti ilə bağlı söhbətləşdik.

 

Bir sözlə, mövcud hakimiyyət sistemli şəkildə alternativ fikiri məhv etməkdədir.


Rəşad bəy Azərbaycan jurnalistikasının bu günkü durumunu necə dəyərləndirirsiniz?

 

– Əvvəla bildirim ki, qəzetlərdə və saytlarda müstəqil mövqeyə rast gəlmək çox çətindir. Belə ki, siyasi hakimiyyətin tərifinə əsaslanan yazılar daha çox yer alır. Digər tərəfdən müstəqil yazarlar sıxışdırılır və təqibə məruz qalırlar. Jurnalistlərin peşəkar təşkilatları isə hakimiyyətdən vəsait aldığına görə müstəqil jurnalistləri müdafiə etmirlər.  Sanki, müstəqil mövqe qoyan jurnalistlər sabah həbs olunacaqları ilə bağlı daim psixoloji təzyiq altındadırlar. Çap mediaya xüsusi nəzarət var və yalnız bir-iki qəzeti saymaq olar ki, onlar müxalif mövqe qoyurlar. Lakin müstəqil mətbuatın maddi sıxıntısını da nəzərə alsaq yaxın vaxtlarda ölkədə azad söz ifadə edən mətbuata rast gəlmək çətin olacaq. Çünki, ölkədə qəzet satışı üçün də başqa maneələr yaradılır və qəzetlər vergi cərimələri vasitəsilə məhkəmələrə çəkilir.


Sizin qeyd etdiyiniz kimi jurnalistikanın zəifliyi təkcə ifadə azadlığıyla bağlıdırmı?

 

– Təbii ki, təkcə onunla birbaşa bağlı deyil. Lakin, savadlı və peşəkar müstəqil mövqeyi olan jurnalistlər sıxışdırılanda, həbsə atılanda və maddi cəhətdən çətinlik çəkəndə media sahəsinə gəlmək istəyən şəxslərin sayı azalır. Bu isə müstəqil mövqeyi olmayan və peşəkarlığı aşağı olan şəxslərin jurnalistikada fəaliyyətinə zəmin yaradır. Təbii ki, bu günkü texnoloji imkanlardan istifadə etməklə mətbuatda çalışmaq daha asandır. Bu proses özü də peşəkarlığa təsir edən amillərdəndir. Siz onu deyin ki, mərkəzi televiziyaların heç birində müstəqil və ya aparılan siyasətə əks fikir olan mövqe qoyulmur. Bəlkə də, tədqiqat aparılsa ölkə əhalisinin böyük əksəriyyəti yerli TV-lərə baxmırlar. Çünki, ictimai yüklü məsələlər o qədər də efirə verilmir. Cəmiyyət isə şablon informasiyadan sözün əsl mənasında bezir.

 

Müstəqil mətbuatın zəif olmasını qeyd edirsiniz. Sizcə, keyfiyyətli və peşəkar jurnalistika ilə gündəmdə qalmaq olmazmı?

– Mən bir daha təkrar edirəm, müstəqil qəzet və ya TV-ləri hakimiyyət məqsədli sıradan çıxarır. Onları vəzifəli şəxslər məhkəmələr vasitəsilə cərimələtdirir. Sonra cərimə ödənməyəndə cinayət işi açılır, əməkdaşların normal fəaliyyəti pozulur və s. Son zamanlar "Azadlıq” qəzetinin nəşr oluna bilməməsini və əməkdaşların istintaqa cəlb edilməsini götürün. "Gündəm-xəbər” qəzeti 70 000 manatadək cərimə edilib və faktiki qəzetin bu cəriməni ödəməsi qeyri-mümkündür. Baş redaktora cinayət işi açılıb. Yadınıza salın ki, Azərbaycanın bir neçə regionunda - Zaqatalada, Qubada, Mingəçevirdə və s. -   müstəqil region televiziyaları fəaliyyət göstərirdi. Həmin televiziyalar müxtəlif üsullarla sahiblərinin əlindən alınaraq vahid əldə cəmləşdirildi. İndi mərkəzdən idarəolunan "Region TV” AzTV-nin funksiyasını davam etdirir.  Bir sözlə, mövcud hakimiyyət sistemli şəkildə alternativ fikiri məhv etməkdədir.

 

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300