Aydın Canıyev

Lap bir az uzaqdan başlayaq. Yəni 1985-ci ildən. Onda jurnalistikanın birinci kursunda oxuyanda "xarici ölkələr jurnalistikası" fənnindən Akif Rüstəmov (sonradan dekanımız oldu) dərsi danışmağa çağırdı və mən başladım ümumi sözlərlə kapitalist mətbuatını söyməyə - sovet ideologiyasının tədris metodikasına görə. Akif müəllim gördü ki, mən könülsüz söyürəm, ümumi şəkildə. Qayıtdı ki, Aydın, baş aldatma, söyəndə elə söy ki, söyməyinə dəysin, kapitalistin mətbuata münasibəti bütün iyrəncliyiylə üzə çıxsın.

Bu bu yazıda sonacan adlarını sadalayacaqlarıma ilk mesajım. Həm də bizdəki "kapitalist mətbuatı"nın mahiyyətini çatdırmağım üçündü.
İkincisi, cinayət prosessual məcəlləsində belə bir zəif bənd var: hətta ən qatı cinayətkar belə yaxalananda, həbsə alınanda hüquqi qaydalar pozulmamalıdır və bircə punkt pozulubsa, cinayətkar dərhal... azad olunur!

Mən "tretiyskiy sud" deyiləm, kiminsə də vəkili, eləcə də kimsənənin dostu. Amma və lakin... mən vətəndaşam və jurnalistəm. Oxucu, dövlət və bütövlükdə xalq-vətən kompleksi qarşısında peşə borcum var. Konkret isə... nə Aslan İsmayılov, nə Taleh Şahsuvarlı kimi yazının yarısını müdafiəmə don geyindirməyə çalışacam, nə Elçin Mirzəbəyli, Niyaməddin Orduxanlı kimi partiya mənsubiyyətimə görə "zorən cəngavər"liyimlə əqidə borcumdan çıxası olacam, nə də Əli Həziquliyev kimi dostluq münasibətləri baxımından heç bir tərəf üçün öhdəçiliyim yoxdur!

Keçək əsas məsələyə...

Əli Həziquliyev demişkən, hər şey ondan başladı ki...

Nəymiş o şey?

O şey İlham Rəhimovun müsahibəsi. İl ərzində bir neçə dəfə müsahibə alınıb, Rusiya-Azərbaycan münasibətləri yönündə də suallar olub, cavablar verilib. Bu cavablar heç kimə toxunmayıb, normal qəbul olunub ki, Azərbaycanda və Rusiyada tanınmış biznes, biznesdən də qabaq elm adamı olan bir azərbaycanlı fikirlərini bölüşüb. Vəssalam. Heç kim bundan narahat olmayıb, demokratik dəyərlərə sayğı ilə yanaşılıb. Ancaq yox... BAXCP sədri Qüdrət Həsənquliyev və əshabələri hər müsahibəsinə bir mız qoyublar. Bununla da qarşı tərəfdən replikanı haqq ediblər. Növbəti müsahibə və növbəti qıcıq. Hər dəfə də Qüdrət Həsənquliyev tərəfindən bəlli adamların bir neçəsi "cəngavərlik" nümayiş etdiriblər. Ən sonda isə...

Birmənalı şəkildə bu müsahibələrdəki qarşılıqlı ittihamları intervyüerlərin öz öhdəsinə buraxmaq lazım idi - çünki birinin ittiham haqqı varsa, o birisinin də cavab haqqı var. Amma yox... Qüdrət Həsənquliyev partiya sədridir və mütləq İlham Rəhimovun üstünə getmək lazımdı. Əvvəlki "replika atışı"nda İlham Rəhimova dəstək duran olmasa da, daha doğrusu, onun buna ehtiyacı olmadığını hesab eləyərək cavab verməsələr də, sonda tanınmış vəkil, ölkə, xalq, ayrı-ayrı vətəndaşlar qarşısında müstəsna xidmətləri olan Aslan İsmayılov cəsarətlə öz fikirlərini səsləndirir. Həmən də "müsəlləh ordu" ayağa qalxır. Kənardan bu "Niyaməddin Orduxanlı Aslan İsmayılova sərt cavab verdi" (əslində təhqir dolu status və sonradan redaktə olunmuş təhqiramiz "cavab atəşi"), "Taleh Şahsuvarlının "sirk aslanı" üstünə nərildəməkliyi", Elçin Mirzəbəylinin etno-sosio-politoloji-patoloji nifrətlə yazılmış psevdoekspertliyi çox bayağı görünürdü.

Niyə?

Əvvəla, ilkin reaksiya verən Niyaməddin Orduxanlı təhqir dolu mətnlə ortaya çıxdığı üçün və tamamilə böhtan olduğu üçün. Adama deyərlər, Aslan İsmayılov Stavropolda məhkəmə sədri olub, qala da bilərdi, gəlməyə də bilərdi, ona Azərbaycanda müstəntiqlik ancaq düşmən qazandırıb, Sumqayıt hadisələrinin əsl günahkarları ilə bu gün də vuruşmaqdadır və həqiqəti dedikcə daha da dalana sıxılır, amma yenə də dönmür. Niyə agent olsun ki? Yaxud da İlham Rəhimov. Adam SSRİ miqyasında ən gənc elmlər doktoru olub. Həmişə də özünün olmasa da, dədəsinin hesabına imkanlı olub. Rəhimovların kisəsindən yeyiblər, Rəhimovlar kimdənsə pay ummayıb. İkincisi də, İlham Rəhimov və ya Aslan İsmayılov vəzifə hərisləri olsaydı, niyə biri institut direktorluğundan, o birisi məhkəmə sədrliyindən imtina edirdi? Özünüzə şəkiniz gedib deyəsən - vəzifə üçün kiməsə yarınmaq - açması az sonra.

Taleh Şahsuvarlı sıradan bir jurnalist deyil, təfəkkürü, tutumu olan birisidi, amma avantüra və paranoyya həddən yuxarı şkaladadı. Adam öz yazdığı yalana özü inanır. Yazdığı cavaba bax: guya Rüstəm İbrahimbəyov və Milli Şura bir mərhələydi, indi ikinci mərhələ başlayır və burada yer alan İlham Rəhimovdu, Aslan İsmayılov da yarınır və bunlar da hələ başlanmamış missiyanı ifşa ediblər.

Gülməli, əfəndim, çox gülməli!

Ən azından, referendumun nəticələri təsdiqlənən kimi, Konstitusiya növbədənkənar prezident seçkilərini zəruri edəcək və Azərbaycanda İlham Əliyev bir daha və yenidən növbəti, bu dəfə 7 illik müddətə prezident olacaq. Bunu mən - fəhlə Məmmədin oğlu bilirəm, o boyda Rusiya dövlətinin prezidentinin dostu bilmir? Bilmir və hansısa oyuna gedəcək? Gözü çıxan qardaşın nümunəsi göz qabağında deyilmi? Yoxsa sizlər İlham Rəhimova Putinin münasibətini öz dostlarınıza göstərdiyiniz şəkildə görürsünüz? Bax belə jurnalistlik və "cəngavərlik" edirsiniz! Yazdıqlarınızın sanbalı da buna görə yoxdur və gülüş hədəfidir, üstəlik də kimlərisə baqaja qoyur! - bax buna görə əvvəldə yazmışdım ki, ən qatı cinayətkarı yaxalayanda belə pozuntu olmamalıdı!

Taleh Şahsuvarlının yazdığının olmayan dəyəri onda sıfırlanır ki, replika atır: "Ən azından ona görə ki, Qüdrət Həsənquliyevin qulağının dibində hansısa kabinetdə vurulmuş məmur silləsinin izi yoxdur..."

Olam Aslan İsmayılov, çıxaram mətbuata... Kİ, yaz o məmurun adını və Taleh Şahsuvarlını verəm o məmurun əlinə, o məmuru da verəm mətbuatla hökümətin əlinə.
Qaş düzəldən yerdə bir gözü çıxaran Taleh Şahsuvarlı o biri gözü də çıxarmaqla, müvəkkilini tamam kor edir!

Elçin Mirzəbəylinin ekspertliyindən heç olmaz - qısaca: götürüb kəsirsən qənaətlərini, saxlayırsan yaxın gələcək üçün, Qarabağla bağlı rəsmi səviyyədə növbəti bəyanat olanda verirsən əlinə, təkrar-təkrar oxutdurursan!

Faciəli məqam budur ki, bu adamları ekspert kimi telekanallara dəvət edirlər, rəylərini yayımlayırlar, bunlar da "efir-üfür" siyasətinə dəstək olmaqla boğazlarını yaşlayıb boğazdan yuxarı gopa basmaqla elə bilirlər ki, nəsə deyirlər. A bala, o televizordu, o qəzetdi, yazdıqlarınıza, dediklərinizə məhəl qoymurlar. Çünki adını "prezidentin yürütdüyü siyasətə dəstək" qoyurlar və minnətdar Azərbaycan xalqı da prezidentə xatir sizi yaş yuyub quru sərmir. İndiki halda söhbət konkret adamdan gedir, bunu nəzərə almaq lazımdı.

YƏNİ: nə Niyaməddin Orduxanlıya, nə Taleh Şahsuvarlıya, nə də Elçin Mirzəbəyliyə heç kim heç nə deyəsi deyildi!

Səbəb? Aslan İsmayılov qaş düzəltdiyi yerdə vurub göz çıxartmışdı. Kəmaləddin Heydərovu məsələyə qatmışdı.

Mən bu yazıda Qüdrət Həsənquliyevdən bir sətir də yazmaq fikrində deyiləm, çünki adlarını çəkdiyim hər üçünün "patriotluğu" məhz Kəmaləddin Heydərova görədi, nə vətən, nə Qarabağ, nə Putin, nə İlham Rəhimov, nə Qüdrət Həsənquliyev...

Aslan İsmayılova qarşı istənilən səviyyədə təhqirlər yazıla bilər və heç bir məhkəmə onun iddiasını qəbul etməz - bax bu qədər bəsit! Məni həm də ilk növbədə dilləndirən budu - adam bu qədər çılpaq soyunmaz, əfəndilər! Hər üç yazı və üstəlik də Əli Həziquliyevin son yazısı konkret və bəlli saytlarda "karusel" kimi dövriyyəyə buraxılır. Heç vaxt bu tipli yazılar getməyən lent.az-da belə yayımlanır.

İndi guya ki, müdafiə etdiniz, vətən təəssübü çəkdiyinizi nümayiş etdirdiniz, Qarabağın həlli problemlərindən narahat oldunuz?

Kimi baqaja qoyduğunuzun fərqindəsiniz? Bütün kartlarınızı açdığınızı, mənsub olduğunuz mətbəxin ab-havasını faş etdiyinizi düşünmürsünüzmü?
Aslan İsmayılov bircə statusuyla sizi darmadağın etdi - məxsusi Taleh Şahsuvarlının nəzərinə çatdırmaq istəyirəm ki, yüz il keçə kimə işlədiyinizi sizə sübut etmək olmazdı, gördünüz necə tələyə düşdünüz?

Bax buna görə əvvəldə yazmışdım ki, söyəndə də elə söyün ki, bütün mahiyyət üzə çıxsın!

ƏN NƏHAYƏT: Əli Həziquliyevin son yazısı. Digər üç "cəngavər"dən fərqli olaraq, əminəm və bilirəm ki də doğrudan da Qüdrət Həsənquliyevin bu yazıdan xəbəri yoxdu. Digərlərindən fərqli olaraq, təmənnasız yazılan yazıdı. Hərçənd qırmızı xətti kosmik sürətlə keçməklə! Əli Həziquliyev uzun müddət mətbuatda olan adamdı və mübarizə, əqidə adamıdı, onun bu dəstədə belə yanlış yapmasını heç gözləməzdim. Ən azından "ata qızının toyunda iştirak etməz, oynamaz" prinsipi sərgiləyən Elçibəyi görüb, tanıyıb, ən azından, bu xalqa "kişi kişinin qadınının adını çəkməz" devizini miras qoyan, çəkərsə, nələr ola biləcəyini nümayiş etdirən Heydər Əliyev dönəmini görüb, amma nədən bu tip aşağılayıcı yazı?

Dostu qorumaqmı, dosta qahmar çıxmaqmı, dosta haqq qazandırmaqmı? Başqa variant yox idimi?

Bir çobanla dostluq ümummilli səviyyədə təqdir olunursa, bir nəhəng ölkənin prezidenti ilə dost olmaq nədən baş qaxıncı olsun? Azər Rəşidoğlu yazmışkən, Messini də "Qəbələ"nin ehtiyat oyunçular skamyasında oturtsan, hansı istedada malik olduğu bilinməz". Əlbəttə, tələbə dostu Putinin prezidentliyi sayəsində müəyyən imkanlar əldə edib. Amma axı niyə o tərəfi düşünmürsünüz ki, bu dostluğa nail olmaq, əldə saxlamaq, haqq etmək hünəri də var axı! Beş dostuq, ildə əlli dəfə dalaşırıq. Hanı tələbə yoldaşlarımızdan vəzifədə olub bizi sayan dostlar? Hanı imkanı olub bizə yardım edən dostlar? Həmən nömrələrini dəyişirlər, bloka qoyurlar! Nədən qürur duymayaq ki? Nədən o boyda Rusiyada əllimi, yüzmü azərbaycanlıya dəstək olmasını qiymətləndirməyək, nədən yüzlərlə insanı müalicə etdirməyini görməzlikdən gələk, nədən yüzlərlə tələbə oxutdurduğunu alqışlamayaq?

Axı ittihamın yersizdi, Əli Həziquliyev - əgər İlham Rəhimov dünən İlyas İsmayılovun yanındaydısa, dünən də sənin dostun ayrısının yanındaydı! Dünən ondan yazılmırdı mətbuatda, əvəzində dünən mətbuatda ayrı adamlardan ayrı şeylər yazılırdı! Axı niyə arxivlərə baş vurmaq istəməyənlərə arxiv nişan verirsən?
Və niyə kiminləsə yaşamaq, evlənmək qaxınc olmalıdı?! Niyə bu qədər də aşağılayıcı? Və bu faktla İlham Rəhimovun üstünə gedəndə adamın üstünə ayrı qadınlarla olan izdivacların hansı vəzifələrlə nəticələnməyi faktlarıyla gələrlər!

Təəssüf etdim!
Tam bir qaragüruh!

Aslan İsmayılovun cavabını görməzlikdən gəlməkdənsə, "üstünə cumun" komandası kökündən yanlışdı! Bunu Əli Həziquliyev kimi, Azərbaycan xalqına və Azərbaycan mətbuatına bələd olan bir adam dost olaraq lazımi dostlara çatdırmalıydı!

Ən azından, əgər sizlər bu qədər İlham Rəhimova verilən cavabı dartışıb don geyindirəcəkdinizsə, onda Qüdrət Həsənquliyev niyə danışırdı ki? Onda o niyə müsahibə verirdi ki?

Mən şəxsən Qüdrət Həsənquliyevin əleyhinə heç vaxt kəskin yazmayan bir imza kimi (xüsusi vurğulamaq istəyirəm: o siyasətə qoşulduğu gündən mən də jurnalistikadayam) deyirəm: bəli, o bu gün siyasətə birgə başladığı digər əqidədaşlarından fərqli olaraq, konstruktiv müxalifətçi imicini qazanıb, prezidenti birmənalı dəstəkləyir, ümummilli maraqları bacardığı qədər qoruyur, lakin, hədəf İlham Rəhimov götürülməməlidi! İttihamlar və replikalar əndazəsində olmalıdı, hüquqşünaslıq amili xüsusi ilə hiss olunmalıdı, millət vəkilliyinin verdiyi danışmaq statusu ali səviyyədə nümayiş etdirilməliydi, nəinki qeybət janrına üstünlük tanınmalı.

Bu "müsəlləh ordu savaşı" bir daha qaragüruhluq üzə çıxardı, ən pisi, bağışlanmazı odur ki:

əgər doğrudan da, Aslan İsmayılov siz deyən adamdısa, onda bu günə qədər niyə susurdunuz, niyə tanıtmırdınız, niyə savaş açmırdınız?

Deməli, söhbət ümumi maraqlardan getmir! Aslan İsmayılov Kəmaləddin Heydərovun adını çəkməsəydi, bu məğlətələr də olmayacaqdı!

Bu həm də əzələ nümayişidi: kim sizə irad bildirsə, söyüş-qırğınla üstünə gedəcəksiniz! Eləmi? Beləmi olmalıdı?

YAZIYA SÖZARDI: Mənə yazmaq həvəsi həm də ona görə güc gəldi ki, görəsən nə vaxta qədər bu vətəndə həqiqəti deyəndə adamı "itqusdu" etmək üçün "kompromat bankomatları" növbəyə duracaq?

SON: İlham Rəhimovun nə həyatında, nə məşğul olduğu elmi araşdırmalarda, nə dostluğunda o yazılarla heç nə dəyişəsi deyil. Heç kim də çörəyi qulağına yemir. Ağa durur, Ağacan durur. Seçki də olacaq - səslənən ittihamlar boşa çıxacaq. Qarabağ məsələsinin də həlli ölkə prezidentinin razılaşa biləcəyi şərtlər daxilində olacaq, əlbəttə ki, xalqın maraqları nəzərə alınmaqla. Amma, ancaq və lakin... bu gün yazılanlar bir daha sübut olaraq qalacaq: biz nə dostları qoruya bilirik, nə də dost olanlara dəyər verə bilirik!

p.s. di haydı, "kompromat bankomatları", mənimlə bağlı daxılınızdakı "arqumentləri" də buraxın dövriyyəyə, görüm nəyiniz var... Aslanı "tanıtdınız". Guya ki!!!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300