Bəxtiyar Hacıyevdən ilginc Amerika seçkisi proqnozu 

 

"Prezident Hillari Klintonun dünya və postsovet məkanı üçün prezident Donald Trampdan daha faydalı olacağı şübhəsizdir” 

Bu günlərdə dünyanın gözü Amerikadakı seçkilərdədir. Son olaraq namizədlərin – Hillari Klinton və Donald Trampın debatı yarış marafonundakı son mənzərəni üzə çıxardı.
Musavat.com mövzu ilə bağlı ABŞ siyasətinə bələd olan, Hillari Klintonla şəxsən görüşmüş, Harvard məzunu olan gənc fəal Bəxtiyar Hacıyevlə söhbətləşib. B.Hacıyevin baxışı ilə ABŞ seçkilərini, ordakı vəziyyəti, namizədlərin şanslarını qiymətləndirdik. 

-İlk növbədə Tramp-Klinton arasında baş tutan son debatı qiymətləndirmənizi istəyərdim. Sizcə, qüvvələr nisbəti bu debatdan sonra necədir? 

-ABŞ prezidentliyinə namizədlər arasındakı üçüncü, son debat Donald Tramp üçün sonuncu şans idi. O, seçki kampaniyası dövründə səsləndirdiyi bütün ziddiyətli, təhqiramiz fikirləri unutduracaq, prezident kimi görünəcək çıxış edə, seçkiyə 3 həftə qalmış öz şanslarını müxtəlif elektorat qrupları arasında artıra bilərdi. Eyni zamanda, Donald Tramp üçün Klintonun 30 illik ictimai-siyasi təcrübəsi ilə öz təcrübəsi arasında kontrast yaratmaq imkanı var idi. Debata normal başlayan Tramp, sonradan prezident kimi yox, məktəbli kimi davranaraq, seçki kampaniyası dövründə səsləndirdiyi emosional, təhqiramiz fikirlərini davam etdirdi və nəticədə müxtəlif qrupların dəstəyini qazanmaq şansını itirdi. Tramp son debatda əksəriyyətini meksikalılar təşkil edən immiqrantlarla bağlı ispan dilində cəmi bir söz, "hombre" sözü işlətdi, o da "bad hombre" - pis adamlar şəklində. Bir çox latın-amerikalısı üçün bu, aşağılayıcı fikir idi. Ənənəvi olaraq, qaradərili ABŞ vətəndaşları Klintonlara ciddi dəstək verirlər, Tramp onların səsini qazanacaq güclü bir addım ata bilmədi. Son həftələrdə üzə çıxmış və Trampın qadınlara qarşı seksual xarakterli hərəkətlər etməsi ilə fəxr etməsinin göründüyü video/audio yazılardan sonra, özünü müdafiə cəhdlərində belə qadınları təhqir etdi, beləliklə də, o, qadın seçicilər arasında dəstək qazana bilməyəcək. Tramp ABŞ-da kimin qalib gəlməsindən asılı olmayaraq, seçkilərin nəticəsini tanıyıb-tanımayacağı ilə bağlı suala cavabda da ABŞ-dakı seçki sistemini, məhkəmələri, seçiciləri böyük şübhə altında qoydu. Bu, onun son debatdakı ən böyük səhvlərindən biri oldu. O, Rusiya prezidenti Vladimir Putin, Suriya rəhbəri Bəşər Əsəd haqqında müsbət fikirlər səsləndirdi, bir çox sahədə inkişafa nail olmuş prezident Obama haqqında isə çox mənfi danışdı. Bu isə Obama elektoratının da Hillari Klintona tərəf daha da itələnməsi deməkdir. Klinton isə əvvəlcədən hazırlanmış, standart cavabları ilə, keçmiş təcrübəsinə istinad edərək, cavablarında kifayət qədər məlumatlı, təcrübəli olduğunu göstərərək debatda öz reytinqini bir az da qaldırdı. Trampın yeganə müsbət cəhdi olan və Klintonun 30 illik təcrübəsini sual altında qoymaq istəyinə isə Klinton son 30 ildə ictimai-siyasi fəaliyyətindən böyük uğurları həmin illərdə Trampın qeyri-ciddi işlərlə məşğul olması ilə müqayisə etdi və çox ciddi kontrast yaratdı. Məsələn, Klintonun "Mən bin Ladenin ədalət mühakiməsinə gətirildiyi, öldürüldüyü əməliyyat zamanı Ağ Evin situasiya otağında olanda, sən şou-biznes verilişi aparırdın" məzmunlu cavabı orta-statistik seçicidə kimin prezidentliyə daha hazırlıqlı olması barədə çox aydın təsəvvür yaratdı. Namizədlərin bədən dili də kimin debatdan qalib ayrılması barədə çox şey deyirdi. Tramp həm debat zamanı qəzəbli, özünü müdafiə edən, tərəddüdlü baxışları ilə, həm də çox tez-tez Klintonun çıxışlarına müdaxilələr, etirazlar edərək, özünün gərgin olmasını göstərirdi. Klinton isə özündən əmin, gülərüz, qısa və konkret cavablar verərək, debata və prezidentliyə hazır olduğunu göstərdi. Debat başa çatdıqda bir-biri ilə əl sıxışmayan namizədlərdən Klinton gülər üzlə və əmin addımlarla debatı izləyənlərin arasına getdi, onlar tərəfindən təbrik edildi, qucaqlandı. Tramp isə bu müddət ərzində səhnədə tək və qəzəbli qalmışdı. Səhnədə onun yanına gələn övladları ilə dərhal debat salonunu tərk etməsi, Klintonun isə uzun müddət, təxminən yarım saat sonra, seçicilərlə görüşdən sonra zalı tərk etməsi də iki namizədə olan maraq və dəstəyin göstəricisi idi. 


- İlk gündən etibarənTramp öz emosional, aqressiv, sərt çıxışları ilə fərqlənir. Amma bununla paralel də reytinq qazanır. Sizcə, bu mənzərənin səbəbi nədir? Amerikanlar bu aqressiv adamı niyə sevdilər? 

-Bunun bir neçə sadə səbəbi var. Birincisi, Amerikada siyasi elitadan narazı qruplar var və onlar ölkənin qarşılaşdığı hər problemə görə, siyasi elitanı günahkar görürlər. Siyasi sistemdən kənarda olan şəxslər namizəd kimi seçkidə iştirak etdikdə, onların şansları nisbətən daha yüksək olur. Məsələn, 2008-ci ildə Barak Obamanı uğurlu edən səbəblərdən biri də onun uzun müddət Vaşinqton elitasında olmaması idi. O, özünü zaman-zaman "Vaşinqtondakı sistemə yad şəxs" kimi təqdim edərək, Vaşinqtonun uğursuzluqları ilə özü arasında məsafə saxlayırdı. İkincisi, ABŞ-da immiqrantlara, müsəlmanlara, müxtəlif azlıqlara qəzəb, nifrət formalaşdırmış bir qrup var. Tramp bu narazı elektoratın eşitmək istədiklərini daha ucadan deməklə, onların dəstəyini qazana bildi. Bununla da respublikaçılar arasında kifayət qədər güclü namizədlər olsa da, onların arasından partiyanın namizədi kimi önə çıxa bildi. Trampı əsas seçkilərdə yüksək reytinqdə saxlayan üçüncü səbəb isə, Trampa dəstəkdən daha çox, Klintonlara qarşı olanlardır. Bir çox seçici, maraq qrupları Trampı daha yaxşı namizəd olduğu üçün yox, məhz Hillari Klintona qarşı olduqları üçün dəstəkləyirlər. Klinton həm birinci xanım kimi, həm senator kimi, həm dövlət katibi kimi müxtəlif islahatlara səbəb olacaq addımlar atıb, qanunvericilik təşəbbüsləri göstərib ki, bu da müəyyən qrupların maraqlarına toxunub. 30 ilə yaxın ictimai-siyasi mühitdə üzdə olan şəxs kimi, müəyyən səhvləri olub, bu səhvlər hamının gözü qarşısında olub və buna görə də Klintondan narazı böyük bir qrup formalaşıb. Trampın tərəfdarları arasında bu qrupun da payı çoxdur. 

-Fikrinizcə, seçki kampaniyası dövründə hansı namizəd daha çox xal itirdi və niyə? 

-Demokratlar arasında keçirilən seçkidə Klintona ciddi rəqib olan Berni Sanders ilkin seçkilərdə uduzduqdan sonra Klintonu dəstəkləmək barədə qərarını açıqladı. Respublikaçılar arasındakı ilkin seçkidə uduzan namizədlər isə Trampı dəstəkləmədilər. Bir çox mətbu orqanı, təşkilatlar, fərdlər ABŞ tarixində ilk dəfə, yaxud yüz ildən bir istisna hal kimi hansısa namizədin tərəfini tutmaq barədə qərar qəbul etdilər və bütün bu dəstəklər Klintonun xeyrinə oldu. Bunların arasında xeyli konservativ KİV-lər, nüfuzlu şəxslər də vardı. Donald Trampı dəstəkləyən bir neçə qurum, nüfuzlu şəxs isə seçki kampaniyası dövründə öz dəstəklərini geri çəkməkləri ilə bağlı bəyanatlar yaydılar. Bunun əsas səbəbi isə Trampın qadınlar, immiqrantlar haqqında səsləndirdiyi təhqiramiz fikirlər oldu. Seçkilərin ilk günündən indiyə qədər dəstəyini artıran namizəd Klinton, dəstəyini itirə-itirə gedən namizəd isə Tramp oldu. 

- "Amerikanlar qaradərili adamı prezident seçməz” deyənlər Obama nümunəsində yanıldılar. "Amerikanlar qadını prezident etməz" deyənlərin də yanılma ehtimalı güclüdürmü? Sanki ABŞ dünyaya fərqli təcrübələri öz üzərində keçirməklə örnək olmağa çalışır. 

- ABŞ-da qaradərili, yaxud qadının prezident seçilməsi ilə bağlı tərəddüdləri olanların olmasına şübhə ilə baxıram. ABŞ qaradərili prezident görməyə hazır olduğu kimi, qadın prezident görməyə də çoxdan hazırdır. Bu fikirlər daha çox Azərbaycan kimi ölkələrdə müşahidə olunur. Bəzən sosial şəbəkələrdə müxtəlif ölkələrdə seçkilərin keçirilməsi, nəticələri ilə bağlı Azərbaycan istifadəçilərinin "bütün bunlar şoudur, seçicilərin səsi təsir etmir, seçilən seçilib" və digər məzmunlu şübhələri barədə oxuyuram. Azərbaycanda 25 ildə normal, demokratik seçki müşahidə etməmiş bir gənc nəsil formalaşıb. Onların dünyanın müxtəlif ölkələrindəki seçkilərə də şübhə ilə yanaşmasını, qadın, qaradərilinin seçicilərin səsi ilə seçilməsi barədə şübhələrini də anlayışla qarşılamaq lazımdır. Aşıq gördüyünü çalıb-çağırar. Ancaq düşünürəm ki, ABŞ seçiciləri bu mərhələni çoxdan keçiblər və səs verəcəkləri namizədin cinsinə yox, onun ölkə üçün nə qədər faydalı olacağına səs verəcəklər. Klintonun qələbəsi (bu, bir çox insanda artıq şübhə doğurmur) ABŞ üçün tarixi bir hadisə olacaq. Bu, həm də təkcə ABŞ-da yox, dünyanın bütün ölkələrində qadınların və qızların ruhlanmasına, "istəsəniz və çalışsanız, prezident də ola bilərsiniz" mesajının yayılmasına səbəb olacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, Hillari Klinton keçmiş prezidentin xanımıdır və həyatda kifayət qədər böyük uğurlara, postlara sahib olub. Onun birinci xanım, senator, dövlət katibi postları ilə kifayətlənməyib, öz həyat yoldaşının standartlarına çatmağa can atması gender bərabərliyində də önəmli addımdır. 

- Hər iki namizədin qalibiyyət ehtimalı... Azərbaycan insanına nə verir, sizcə? Və ya hansı namizədin qələbəsi Azərbaycanın ziyanınadır? 

-ABŞ-dakı prezident seçkilərinin ayrıca Azərbaycan üçün faydalı, yaxud zərərli olması barədə danışmaq olmaz. ABŞ xarici siyasəti sadəcə bir nəfərin, bir ölkə ilə bağlı ayrıca siyasət yürüdəcəyi qədər kiçik deyil. Ümumilikdə hansı namizədin dünya, postsovet məkanı üçün daha faydalı olacağı ilə bağlı danışmaq olar. İstər ümumi siyasi təcrübə baxımından, istər xarici siyasət təcrübəsi baxımından, istərsə də Rusiya ilə mövqe, mühakimə baxımından isə prezident Hillari Klintonun dünya və postsovet məkanı üçün prezident Donald Trampdan daha faydalı olacağı şübhəsizdir.

Sevinc TELMANQIZI,musavat.com 

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300