"Yeni Müsavat”ın əməkdaşı ermənilər tərəfindən girov götürülmüş gürcüstanlı soydaşlarımızın ailəsindən yazır

 


Girov azərbaycanlının xanımı: "Bizə də deyirlər ki, heç kəsə heç nə danışmayın”

Azərbaycan torpaqlarını on illərdir işğalda saxlayan Ermənistan Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı ərazilərində də müxtəlif təxribatlar törədir, vaxtaşırı bu ərazidəki soydaşlarımızı oğurlayır, mal-qaranı ələ keçirib aparırlar. Bu gün Azərbaycanda 1 il 3 ay əvvəl Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin durumu ilə bağlı narahatlıq var. Lakin Azərbaycanda çoxları bilmir ki, Bolnisi rayonunun Faxralı kənd sakini, 35 yaşlı Turqay Mikayılov da 3 aydan artıq ki, erməni girovluğunda saxlanılır.  

Qarabağ həqiqətlərinin təbliği üçün Gürcüstana səfər edən Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndə heyətinin üzvləri ilə birlikdə Faxralı kəndinə yollandıq. Azərbaycanlıların kompakt yaşadığı 1500-ə yaxın təsərrüfata malik kəndin ucqar nöqtəsində yerləşən evin həyətində bizi ailə başçısının xanımı və kiçik yaşlı uşaqları qarşıladı. Qısa müddətdə girovdan xəbər gözləyən qonum-qonşular da başımıza toplaşdı. 

Ancaq QAT sədrinin müavinləri Fəridə Əsgərova, İlqar Əliyev, mətbuat xidmətinin rəhbəri Əzizə Muradova, rejissor Elxan Xanəlizadə, həmçinin "Qarapapaq” Cəmiyyətinin sədri Elşad Əliyevin gəlişinin məqsədini biləndən sonra girovun xanımı qəti şəkildə heç nə danışa bilməyəcəyini söylədi. Ardınca onun qaynının həyat yoldaşı da kəskin şəkildə "biz sizə heç nə danışa bilmərik, böyüklər icazə vermir” deyib söhbətdən imtina etdilər. 

İsrarımızdan sonra Turqayın həyat yoldaşı ehtiyatlanmağının səbəbini açıqladı: "Bizim tək qorxumuz budur ki, Azərbaycan bu işə qarışmasın. Çünki ermənilərin Azərbaycanla davası var,  Azərbaycan qarışsa, vəziyyət pisləşə bilər. Bizə də deyirlər ki, heç kəsə heç nə danışmayın. Ermənilər elə biləcək ki, o da Azərbaycandandır. Ona nəsə eləyə bilərlər. Qorxumuz buna görədir”.

Soruşsaq da, adını belə deməkdən imtina edən evin xanımına izah edirik ki, ən pisi evin kişisinin ermənilər tərəfindən oğurlanıb aparılmasıdır. Bundan sonra susub-danışmamaq onun vəziyyətinə müsbət təsir edə bilməz. Ancaq məsələnin ictimailəşdirilməsi, gündəmdə saxlanılması onun azadlığını sürətləndirə bilər. İlqar Əli və Fəriddə Əsgərova söhbət əsnasında dedilər ki, onlar Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdə Turqay Mikayılovun qanunsuz olaraq aparılması və İrəvanda saxlanılması barədə məlumat veriblər, onun azad olunması tələbilə aksiya keçirəcəklərini deyiblər. 

Görüşdən sonra da bu məsələni diqqətdə saxlayacaqlar, rəsmi Tiflisə azərbaycanlının azad olunması üçün ciddi tədbirlər görməklə bağlı müraciətlər edəcəklər. Bütün bunlar isə yalnız işin faydasınadır. Bütün bu kimi izahatlarda sonra ailə üzvləri qısa da olsa, bəzi məlumatları verməyə razılaşdılar.

Məlum oldu ki, Turqayın ata-anası rəhmətə gedib. Gülcan və Gülyaz adlı 5 və 4 yaşlı qızı, 4 aylığında oğlu var. 

Hazırda ailədə işləyən yoxdur. Doğmaları deyir ki, Turqay özü işləyirdi, təsərrüfatla, qoyunçuluqla məşğul olurdu. O da gedəndən sonra ailənin çətin günləri başlayıb. Heç bir yerdən də onlara kömək yoxdur. Rəsmi qurumlar da  sadəcə vəd verir. Turqayın qonşuluğunda yaşayan qardaşı da çətin vəziyyətdə yaşadığı üçün ailəyə ciddi yardım etmək imkanından məhrumdur. 

Hadisənin baş vermə səbəblərinə gəldikdə, öyrənirik ki, T.Mikayılov həmin gün Ermənistanla sərhəddə yerləşən Yırğançay kəndi tərəfdəki yaylaqlarda qoyun otarırmış. Ancaq necə olubsa yolu azıb və Ermənistan sərhədini keçərək Cücə kəndinə gedib, orda da saxlanılıb. Bu hadusə iyulun 23-də baş verib. 

Borçalı (Kvemo-Kartli) bölgəsinin qubernatoru Paata Xizanişvili Turqayın bir həftəyə azad olunacağına söz verib. Bunu Turqayın həyat yoldaşı söylədi: "Bu ay kəndə gəlmişdi, getdik başımıza gələnləri danışdıq. Dedi ki, sizə söz verirəm, ayın axırına kimi Turqayı evə qaytaracağıq”. 

Ailə hələ ki, ümidlə gözləyir. Ancaq Turqaya işgəncə verilə biləcəyindən ehtiyatlanırlar.

Turqaya hər 10 gündən bir ailəsi ilə telefon əlaqəsi saxlamaq imkanı verilir. Yoldaşı deyir ki, sonuncu dəfə oktyabrın 7-də zəng etmişdi: "Soruşdum ki, ağrıyan yerin varmı, yemək-zad verirlərmi? Dedi ki, narahat olmayın, yeməyimi verirlər, bir dənə ürəyim ağrıyır, amma dərman verirlər. Ancaq inanmıram, kimdir ona dərman verən”. 

Uçuq-sökük evdə yaşayan ailədən ayrılanda balaca qızcığazlardan arzu-istəyini soruşduq. 5 yaşlı Gülcan utana-utana "atamı istəyirəm” deməklə hamımız kövrəltdi...

*****

Qeyd edək ki, Gürcüstanda nəşr olunan "Müvəkkil” qəzeti də T.Mikayılovun girov saxlanılmasından bəhs edən material dərc edib. Yazıda qubernatorun vədi ilə bərabər, onun "ailəyə yardım edildiyi” barədə fikirləri də əksini tapıb. 

"Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov isə deyib ki, T. Mikayılovun hər hansı günahı olmadığı üçün Ermənistan onu azad etməyə məcburdur: "Ermənistan-Gürcüstan münasibətlərində görünəcək dərəcədə soyuqluq yoxdur. Hesab edirəm ki, əgər bölgənin rəhbəri məsələyə bu qədər ciddi yanaşırsa, əlbəttə, bu proses tezləşə bilər. Çünki nə Ermənistan, nə də Gürcüstan rəsmiləri bölgədə yeni bir gərginliyin yaradılmasında maraqlıdır”. 

*****  

Yeri gəlmişkən, T.Mikayılov erməni girovluğundakı yeganə azərbaycanlı deyil. Söhbət Azərbaycandan itkin və girov götürülmüş 4500-dən çox bacı-qardaşımızdan getmir. Bolnisinin Kəpənəkçi kəndinin sakinləri Ramazan Məmmədov və Yolçu Göyüşov 1993-cü ilin sentyabrında Ermənistan hərbçiləri tərəfindən oğurlanaraq aparılıb, o vaxtdan heç bir xəbər-ətər yoxdur. Bölgəyə getmişkən, onların da doğmaları ilə görüşməyi özümüzə borc bildik. Bu görüşlə ailə üzvlərinin yarasının qaysağını qoparacağımızı bilsək də, girovlarımızın taleyi ilə maraqlanmaq istədik. 

Bolnisi rayonunun Kəpənəkçi (Kvemo-Bolnisi) kəndinin sakini Binəli Göyüşov dedi ki, itkin düşən Yolçu Göyüşov onun əmisi oğludur: "1993-cü ildə sentyabrın 3-də əmim oğlunu 53 baş qaramalla bir yerdə ermənilər meşədən aparıb. Kəndimizdən təxminən 30 km-lik məsafədən aparılıb. O vaxtdan çox axtarışlar olub. Ora getmişik, oradan gəliblər, dövlətin rəsmi orqanları çalışıb. Ancaq heç bir nəticəsi olmayıb”. 

Qardaşı Zülfüqar Göyüşov o günü belə xatırlayır: "İki nəfəri 53 baş malla birlikdə apardılar. Mən onların dalınca getdim, amma Ermənistan tərəfə keçməyə qorxdum, geri qayıtdım. Qardaşım 1937-ci il təvəllüdlüdür, qızları, nəvələri qalıb”. 

Ramazan Məmmədov 1943-cü il təvəllüdlüdür. Onun da doğmaları indiyədək heç bir xəbər öyrənə bilməyiblər. 

İki ağsaqqal soydaşımızın oğurlanmasının üstündən 22 il keçib, ancaq hələ də gözlər yollarda, qulaqlar səsdə qalıb. 

Ermənistanın türklərə qarşı düşmənçilik siyasətinin nəticəsində Borçalıdakı bacı və qardaşlarımız da heç olmasa, əzizlərinin öldü-qaldısından xəbər tutmaq imkanından belə, məhrum edilib. Vəziyyət belədir, Qarabağ savaşı təkcə Azərbaycan-Ermənistan sərhədi, yaxud iki ölkənin qoşunlarının təmas xəttində getmir. 

Beynəlxalq təşkilatlar hər kəsi ermənilərlə sülh danışıqları ilə Qarabağ məsələsinin çözüləcəyinə inandırmaq istəyirlər. Ermənilər üçün isə türkün hansı ölkədə yaşamasının heç bir fərqi yoxdur... 
 
Elşad PAŞASOY
FOTO: "YM”




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300