Efir qadağası ilə üzləşən, seriallardan kənarlaşdırılan aktrisa danışdı

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva son günlərdə teatrı, ölkəni tərk edəcəyi ilə bağlı açıqlamalar verir. Aktrisa ilə əlaqə saxlayıb həyatı və yaradıcılığında baş verən son olaylarla bağlı maraqlandıq. Naibə Allahverdiyeva suallarımızı cavablandıraraq ona qoyulan efir qadağasından, seriallardan kənarlaşdırılmasından, atalığı ilə bağlı maraqlı faktlardan danışdı. Maraqlı müsahibəni təqdim edirik:

- Son günlərdə ölkəni, səhnəni tərk edəcəyinizlə bağlı açıqlamalar verirsiz. Nə baş verir?

- Bu bir küskünlükdür məndə. Çünki bu sənətdə mən az-çox tanınmışam, zəhmətim var. Məni tanıyan tamaşaçılar da bilir ki, mən heç vaxt çıxıb efirlərdə özüm haqqımda tərifli fikirlər söyləməmişəm. Amma bəzən insan buna məcbur olur. Görəndə ki, dəyərin verilmir, məcburən bunların hamısını deyirsən. Məni Azərbaycanda sevən həddindən artıq çoxdur. Bunu bayıra çıxanda, səhnədəki alqışlardan görürəm. Mən bəziləri kimi öz dost-tanışını zalda oturdub özümə alqış çaldırmıram, və yaxud özümü güldəstələrinə qərq etdirmirəm. Görəndə ki, məni yalnız xalq sevir, bu mənə pis təsir edir (kövrəlir). Mən bu gün enerjimi itirməmişəm, professional aktrisayam, illərlə bu səhnədə işlədim və təcrübə topladım. Hər halda bu sənətə yiyələnmişəm, 30 il bir igidin ömrüdür. Bayıra çıxanda mənə deyirlər ki, "niyə sizi efirdə görmürük, sizin hansı tamaşalarınıza gələk?”. Belə sözləri eşidəndə özümü çox pis hiss edirəm. Əgər mən lazımsız aktrisayamsa, onda niyə görə mənə bu cür hörmət var? Bu gün mən bəziləri üçün lazımsız aktrisa ola bilərəm, amma insanlar üçün lazımam. 

- Küskünlüyünüz işlədiyiniz teatrdandır, yoxsa..?

- Ümumiyyətlə sənət aləmindəndir. Məndən bir aktrisa kimi istifadə etmirlər. Amma zamanında mən çox görkəmli rejissorlarla işləmişəm. Bu yaxınlarda Rafiq Səməndər barəmdə dedi ki, "Naibə Azərbaycan səhnəsinin qızıl külçəsidir”. Bu cür adamlar çoxlu insanlar gözəl sözlər deyiblər. Əgər mən bu gün aktrisa kimi istifadə edilmirəmsə, çox az rol alıramsa bu mənə yaraşmaz. Mən niyə gedib kiməsə yaltaqlanmalıyam, kiminsə qapısında qalmalıyam, kimdənsə nəsə xahiş etməliyəm? Mənim o dövrüm deyil, mən yorulmuşam artıq. 

Hara getmişəmsə öz rollarımla kollektivimizin üzünü ağ etmişəm. "Pəru-Cadu” tamaşasındakı oynadığım Şamama cadu haqqında Kazan festivalında tənqidçilər xüsusi olaraq danışdılar. Və yaxud "Romeo və Cülyetta” tamaşasında dayə rolunu oynayanda Türk liseyindən tamaşaçılar gəlmişdilər. Onlar mənə dedilər ki, "siz 10 nömrəli aktrisasız”. 

- Teatrda tamaşalarınız varmı?

- İndi "Leyli və Məcnun”da Nicat Kazımov Leylinin anasının verib mənə. Biz 3 dublyoruq... Yəni belə də... Bu haqda çox danışmaq istəmirəm. Ümumiyyətlə sənət aləmindən narazıyam. Belə olmaz, sənət adamını bu cür etmək olmaz! Biz çox duyğusal insanlarıq. Mənim kimi aktrisanı məhv etmək düzgün deyil. Küssün, başını götürsün çıxsın ölkədən. Bu, çox böyük  haqsızlıqdır. Azərbaycan teatr sənəti mənim kimi aktrisanı itirsə əlbəttə ki, təbii ki, bu Azərbaycan incəsənətinə bir zərbədir. Çünki mən artıq yetişmiş bir aktrisayam. Bir ara teatrdan incimişdim, ərizəmi yazıb çıxmaq istəyirdim, teatrın köhnə direktoru Kamal müəllim qoymadı. Mənə dedi ki, "sənin kimi aktrisanı səhnə üçün yetişdirmək üçün 50 il vaxt lazımdır”. Serialları, filmləri, hər yanı küçədən keçən, talantsız, rəngsiz, artistlər ilə  doldururlar. Bəs mən?! Gərək mənim adamım olmalı, kimsə yuxarıdan tapşırmalıdır? Ya hansısa rejissorun sevgilisi olmalıyam teatrda? 

- Sizi bu cür küskün olmağınız bir neçə ay bundan əvvəl ictimaiyyətə məlum olmuşdu, hansı ki, siz artıq əsəb pozğunluqlarına görə dispanserdə müalicə alanda. Sonra şəxsi həyatınız ilə bağlı sevindiri xəbərlər eşitdik. Amma deyəsən o məsələdə də bəxtiniz gətirmədi?

- Şəxsi həyatımda həmin dönüş olan vaxt mən çox pis vəziyyətdə idim. Həmin vaxt o (sevdiyi şəxsi nəzərdə tutur X.G.) mənim həyatıma gəldi, başımı bir qədər qarışdırdı, əsəblərimi sakitləşdirdi, hardasa bir qədər həyatı başqa cür görməyə başladım.

- Yəni, qadın xoşbəxtliyini gördüz. 

-Hardasa hə... amma insanın alın yazısında nə olubsa, o olacaq. Hərdən deyirlər ki, "ağlı olan nə edər nə etməz”. Bu belə deyil, insan gərək doğulanda şanslı doğulsun. Mənim şansım doğulanda olmadı ki, bir yaşımda artıq ata-anam ayrıldı (kövrəlir).

- Sizdən amma toy, nikah xəbərini gözləyirdik...

- Bu məsələ ilə bağlı açıqlama vermək istəmirəm. Bu mənim şəxsi həyatımdır. Şəxsi həyatımda da müəyyən təzadlar oldu. Hələ ki, tam bu barədə danışıb deyə bilmirəm ki, hər şey yaxşıdır, ya pisdir. Orda da təzadlar oldu və bəxtim özünü göstərdi. Ümumiyyətlə qadının haqqı var ki, xoşbəxt olsun. Çünki dünyada insanların artımında Allah qadını o qədər sevir ki, insanların bu dünyada artımı qadının vasitəsi ilə verilib, qadın nə qədər müqəddəsdir. Bu gün qadınların ümumiyyətlə durumu çox ağır vəziyyətdədir. Qadın bu gün həm işləyir, həm uşaq tərbiyə edir, eyni zamanda zorakılığa məruz qalır, incidilir, mentaliteti ortaya atıb qadınlarımızı istismar edirlər. Bu mentalitet deyil, cahillikdir. Bu gün qadınlarımızın gözü açılıb, onlar başa düşüblər ki, onları əzilə bilməzlər və onlar da insandırlar. 

- Ölkədən getmək istəməyiniz yəqin ki, emossional açıqlama idi.

- Bəli, mən öz torpağımı çox sevən insanam. Amma həyatda elə olaylar olur ki, artıq çox küsürəm, inciyirəm. Bu sənətə mən ömrümü vermişəm, ondan başqa həyatda nəyim var ki? Bu sənətin soyuğuna, istisinə, pisliklərinə, haqsızlıqlarına dözdüm, gəldim Naibə Allahverdiyev oldum. İnsanların sevgisini qazanmaq asan deyil. Bir anda populyar olmaq olar, amma illərlə işanların sevgisini qoruyub saxlamaq çətin işdir. İllərə bu sevgini saxlaya bilmişəm. Efirə çıxmasam da, bacarmışam. Amma bunun müqabilində edilən hərəkələr, bayaq dediyim sözlər... Əgər mənə qadağalar qoyulursa, heç bir günahım olmadan müəyyən insanların əmri ilə seriallardan kənarlaşdırılıramsa niyə də küskün olmayım. Mən bəyəm obrazımın öhdəsindən gələ bilməmişəm?  

- Serialdan kənarlaşdırılıbsız?

- Bəli, kənarlaşdırıldım. Mənim heç bundan xəbərim olmadı. 

- Bu, efir qadağası idi, yoxsa... ?

- Bilmirəm nə idi, başa düşmədim. Düşünürəm ki, bu kiminsə zəngindən sonra olub. Bəli, mən efir qadağasında varam. Kanallarin birində qadağanlar siyahısındayam. Səbəbini də bilmirəm. Əgər mən hansısa bir məmuru pisləmişəmsə... mən bu cəmiyyətdə yaşayırımsa öz vətəndaşlıq mövqeyimi bildirə, düzə düz, əyriyə əyri deyə bilərəm. Mən yaltaq deyiləm, nəyi görürəmsə onu deyirəm. 

- Seriallarda yoxsuz, teatrlarda güclə rol aldığınızı deyirsiz, hazırda məhərrəmlik ayıdır, yəqin ki, mərasimlərə də dəvətlər almırsız. Qazancınız dolanışığınıza yetirmi?

- Xınayaxdı mərasimləri ümumiyyətlə sıfır dərəcəsindədir. Demək olar ki, bu aradan çıxıb. Məhərrəmlikdən sonra nə olacaq bilmirəm. Bilirsiz ki, devalvasiyadan sonra vəziyyət çətinləşib, camaat artıq xına mərasimi keçirmədən birbaşa toy edir, çünki imkan yoxdur...
Dövlət zamanında o boyda seriallara pul ayırdı. O pullar hara getdi, kimlərin əlinə düşdü bilinmədi. O pulları prezident serialların inkişafı, aktyorların durumunun yaxşı olması üçün ayırmışdı. Son zamanlarda artıq aktyorları dəvət etməyə başlayıblar. Şəxsən mən aktrisa kimi o pullardan heç nə qazana bilmədim. Niyə həkim, sürücü, kiminsə dost-tanışı, adamı gəlib çəkilməlidir, biz kənarda qalmalıyıq?? 

- Bu günlərdə tədbirlərin birində xalq artisti İlham Namiq Kamal belə bir ifadə işlətdi: "Əsl sənətkarın həmişə pulu çox olur”. Necə düşünürsüz, pullu olmaq üçün peşəkarlıq yetərlidirmi?

- Çünki onlar seriallara çəkilirlər, yaxşı filmlərdə oynayırlar. Daha bizim kimi deyil e, seriala çəkib sonradan pulunu ala bilməyəsən. Yalandan gah deyirlər ki, ya pul çatmır, ya pul yoxdur və sairə. Baxın, Moskvanın aktyorları da filmlərə çəkilir və onların hər biri nə qədər pul alırlar. Mən gedib orada filmə çəkildim və aldığım pula baxanda o aktyorların yanında utandım. Burdan onları öyrətmişdilər ki, bizim artistlərə bu qədər pul verilir, siz də bu qədər verin. Moskvada, Türkiyədə və digər yerlərdə mənim kimi aktyorların vaxtı yoxdur evdə otursun, bütün günü çəkilişlərdədirlər. Mən də gərək bu gün evdə oturmayım, işləyim. Niyə xınayaxdı mərasiminə getməliyəm? Mənə dəfələrə deyiblər ki, sizin yeriniz bura deyil, yeriniz səhnədir.

- Bütün müsahibə boyu arzularınız yalnız səhnə və tamaşalarla bağlı oldu...

- Mənim ən böyük arzum vətənimi gözəl, insanlarını xoşbəxt görməkdir. İnsanlar, cəmiyyət xoşbəxt olarsa bizim üçün də xoş olar. İnsanların əhvalı yaxşı olacaqlarsa onlar tamaşlara gələcək, fimlərimizi izləyəcəklər. 

Qarabağımızın azad olunmasını istəyirəm. Yəqin ki, bilirsiz, mənim atalığım Cahid Hilaloğlu Sovet dövründə Azərbaycan bayrağını Qız Qalasında dalğalandırıb və buna görə 10 il sürgündə olub. Onun qəbri Ağdamda ayaqlar altında qalıb. Arzu edirəm ki, torpaqlarımız geri qayıtsın, gedib onun qəbrinin üstünə gül qoyum. Sənətimdə isə inanmıram ki, bundan sonra nəsə uğurlar görüm... "


Xalidə Gəray, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300