Ankara İraq türkmənləri mövzusunu kompleks olaraq həll etməyə çalışır

 


İraqda Mosul şəhərinin İŞİD-dən təmizlənməsi əməliyyatının 4-cü mərhələsi başlayıb. Bu barədə Yaxın Şərq Xəbər Agentliyi məlumat yayıb. Hazırda Mosulun qərbində möhkəmlənən könüllü hərbi birləşmələr əməliyyatın 4-cü mərhələsini başladıb. Qeyd edək ki, ötən həftə Telafer şəhərinin hava limanı məhz əməliyyatın 3-cü mərhələsi çərçivəsində azad edilmişdi. 

Könüllü hərbi birliklərlə bağlı Türkiyə və ərəb ölkələri ilə İraq hökuməti arasında fikir ayrılığı var. Ankara bu qüvvələrin Mosul əməliyyatına qatılmasına qarşıdır. Hazırda bu mövzuda fikir ayrılıqları davam edir və bu səbəbdən də Telafer ətrafında möhkəmlənən könüllü hərbi qüvvələr (Həşdi Şabi) İraq baş nazirinin şəhəri azad etmək üçün müvafiq əmrini gözləyirlər. Yeri gəlmişkən, Telafer türkmən şəhəridir və bu şəhərlə yanaşı bütövlükdə bölgədə çoxlu sayda İraq türkməni yaşayır. Ancaq 2,5 milyonluq türkmən qrupunun gələcəyi sual altındadır. 

Qeyd edək ki, Mosul və Şimali İraqda davam edən hərbi əməliyyatların gedişində ən çox əziyyət çəkən türkmənlərin durumu hələ də ağır olaraq qalır. Faktiki olaraq hazırda İraq türkmənləri şimalda kürdlərin, cənubda isə Bağdaddakı mərkəzi İraq hökuməti arasında qalıb. Faktiki olaraq silahlı gücü olmayan türkmənlər regionda baş verən proseslərə təsir edə bilmir. Üstəlik, son iki ildə davam edən ağır müharibə və terror nəticəsində ən çox evlərini itirən etnik qruplardan biri də türkmənlərdir. Bundan başqa, indi türkmənlərin bir hissəsi Ərbildə yerləşən kürd administrasiyası ilə əməkdaşlıq etdiyi halda, digər bir qrup mərkəzi Bağdad hökuməti ilə birgə fəaliyyət göstərir. 

Daha bir çətin vəziyyət türkmənlərin daha əvvəl çoxluqda oolduğu bölgələrin kürdlərin əlinə keçməsidir. Ötən həftə Bakıya gələn İraq Türkmən Cəbhəsi sözçüsü Əli Mehdi türkmənlərə dəstək lazım olduğunu, bu dəstək olarsa, İraqda bir türkmən muxtariyyətinin qurula biləcəyini demişdi. Ancaq hələlik bu dəstək yoxdur. 

Türkmənlərin fikrincə, beynəlxalq siyasi dəstək olaraq, BMT-nin işə qarışması ilə İraqda türkmən muxtariyyəti qurmaq mümkündür. Ancaq bunun üçün ciddi beynəlxalq dəstək, türkmənləri müdafiə edən dövlətlər olmalıdır. Belə dövlətlər isə ilk növbədə türk respublikaları - Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan ola bilər. 

Lakin maraqlıdır ki, İraq türkmənləri məsələsində digər türk dövlətlərinin fəallığı hiss olunmur. Orta Asiya ilə müəyyən mənada məsafə uzaqlığı olsa da Azərbaycan hər baxımdan İraq türkmənlərinə yaxındır. Həm dil, ləhcə, həm də ənənələr, mədəniyyət, ədəbiyyat, musiqi kimi sahələrdə İraq türkmənləri hətta qonşu Türkiyədən daha çox Azərbaycana yaxındır. Bu səbəbdən də hətta sovet dövründə belə Azərbaycanla Kərkük arasında mədəni bağlar qorunub saxlanıb. 

Bu mənada Azərbaycan hökumətinin İraq türkmənləri mövzusunda susqunluğu müəyyən mənada şübhəli görünür. Azərbaycan həm İraq, həm də indi o bölgədə güclü təsirə malik İranla yaxşı əlaqələrə sahibdir. Məhz bu əlaqələrdən Bakı türkmənlərə dəstək vermək üçün istifadə edə bilər. 

Lakin göründüyü kimi Bakı hələlik bu mövzularda çox sakitdir. 

Bizə gələn məlumatlara görə, bu sakitliyin arxasında konkret səbəb var. Məsələ ondadır ki, Bakının İraq türkmənləri mövzusuna məsafəli yanaşmasının əsas səbəbi Türkiyə ilə olan razılaşmadır. Daha doğrusu, Türkiyənin Azərbaycandan istəyidir. Belə ki, əldə etdiyimiz bilgilərə görə, Ankara hazırda İraq türkmənləri ilə bağlı konkret fəaliyyətlər həyata keçirdiyini əsas gətirərək bu mövzunun daha da kampaniyaya çevrilməməsi üçün Bakının qarışmamasını istəyib. Edilən yardımların da Ankara üzərindən aparılması qərara alınıb. Bu səbəbdən də Azərbaycan hökuməti İraq türkmənləri mövzusunda qarışmama xəttini tutub. Hələlik Ankaranın bu xahişinin arxasında hansı planın dayandığı məlum deyil. Ancaq mümkündür ki, Türkiyə hökuməti türkmənlərlə bağlı xüsusi plana malikdir və müəyyən mərhələdən sonra bu plan açıqlansın.//musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300