"İnsanlarımız bilməlidir ki, bu bahalaşmanın hökumət eşalonundakı korrupsiya ilə birbaşa əlaqəsi var. Əgər o korrupsiya, o seçki saxtakarlığı olmasaydı, bu bahalaşma da olmayacaqdı". 

Bunu Toplum Tv-yə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ölkədəki bahalaşmaya və iqtisadi böhrana münasibət bildirərkən deyib. 

Əli Kərimli: "Hiss etsək ki, Azərbaycan cəmiyyəti kütləvi etirazlara çıxır, təşkil edəcəyik" 

Картинки по запросу Əli Kərimli arqument
AXCP sədri bildirib ki, cəmiyyətdən dinc kütləvi aksiyalar tələbi gələrsə, etiraz aksiyaları təyin oluna bilər: "Biz hələ ki, Azərbaycan vətəndaşlarına nə baş verdiyini izah etməklə məşğuluq. Bilirsiniz ki, biz bir neçə dəfə Xalq Cəbhəsi və Milli Şura olaraq bahalaşma ilə əlaqədar mitinqlər keçirdik. Çox təəssüf, keçirtdiyimiz mitinqlərdə baxmayaraq ki, devalivasiyadan və bahalaşmadan, o cümlədən enerji qiymətlərinin bahalaşmasından ziyan görən insanların böyük əksəriyyəti iştirak etmədi. Mitinq əsasən Xalq Cəbhəsi və Milli Şuranın tərəftarları, fəal üzvləri tərəfindən təşkil olundu. Ona görə də indi biz daha çox izahat işi aparırıq ki, nəyə görə bu qiymət artımı belə sürətli baş verir. Hökumətin imkanı vardımı qiymət artımından yayınmağa? Və ya Azərbaycanda fərqli bir situasiya, normal parlament və seçki sistemi, vətəndaş cəmiyyəti, azad mətbuat olsaydı, hökumət özünü bu qədər sərbəst hiss edə bilərdimi ki, mənasız layihələrə milyardlar xərcləyib Azərbaycan xalqının son manatına, son qəpiyinə də tamah salsın? Bütün bunların izahat işlərini aparırıq və nə zaman hiss etsək ki, Azərbaycan cəmiyyəti, doğurdan da, artıq əvvəlki aksiyalarda olduğu kimi deyil, daha kütləvi şəkildə dinc etirazını ifadə etməyə hazırdır, o zaman biz etirazlar təşkil edəcəyik. Bu sahədə hər halda Xaql Cəbhəsi və Milli Şuranın çox böyük təcrübəsi var və biz sosial zəminli çoxsaylı aksiyalar keçirmişik. Bundan sonra da belə aksiyalar keçiriləcək. Biz bunu hər dəfə hər bahalaşma ilə əlaqədar yox, doğurdan da, cəmiyyətdə bu bahalaşmanın səbəb yox, nəticə olduğu anlayışını müşahidə etdikdən sonra etmək istəyirik. Niyə görə Gürcüstanda  dollarla krediti olanlara əvvəlki məzənnə ilə hesablaşmağa imkan verilir, amma Azərbaycanda verilmir? Niyə görə Ermənistan xaricdən aldığı qazın qiymətini daha da ucuzlaşdırır, amma Azərbaycanda bu edilmir? Ona görə ki, həmin ölkələrdə az çox seçki mexanizmi işləyir. Mən hələ daha demokratik ölkələrdən danışmıram. Yəni bunların hamısını biz yorulmadan yüz minlərlə, milyonlarla insana çatdırmalıyıq. Hazırda da bu işlə məqsədyönlü şəkildə minlərlə Xalq Cəbhəsi üzvü baş verənlərin izahatını aparır. Media imkanları məhdud olduğundan sosial şəbəkələrdən istifadə edirik. Sonda bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan xalqından gerçəkdən də kütləi şəkildə dəstək hiss edəcəyimiz və xalqımızın kütləvi dinc etirazlara hazır olduğu qənaəti bizdə hasil olan təqdirdə kütləvi etiraz aksiyaları təyin oluna bilər”.

Arif Hacılı: "Hakimiyyətinin apardığı yanlış iqtisadi siyasətin, səriştəsizliyin, korrupsiyanın, monopoliyanın nəticəsidir"

Müsavat başqanı Arif Hacılı isə bildirib ki, partiya bahalaşmaya reaksiya verib və bunu hakimiyyətin yanlış iqtisadi siyasəti ilə əlaqələndirib: "Yaranmış vəziyyət - bahalaşma, böhran Azərbaycan hakimiyyətinin apardığı yanlış iqtisadi siyasətin, səriştəsizliyin, korrupsiyanın, rüşvətxorluğun iqtisadi sahələr üzərində apardığı monopoliyanın nəticəsidir. Təssüf ki, Azərbaycan hakimiyyəti indi də siyasi-iqtisadi islahatlar aparmaq, iqtisadi və digər sahələrdə verilən təklifləri müzakirə etmək əvəzinə, yalnız əhalidən vəsaitləri toplamaqla problemi həll etməyə çalışır. Bu tamamilə səhv yoldur. Bu yollar ölkədə narazılığı artıracaq və iqtisadi problemlər həll olunmayacaq". 
Картинки по запросу Arif Hacılı arqument.az
Arif Hacılının sözlərinə görə, böhran getdikcə dərinləşəcək və bununla bağlı mütləq müəyyən addımlar atılmalıdır: "Hakimiyyətinin hazırki davranışları faktiki olaraq Azərbaycanda iqtisadi böhranın daha da dərinləşməsi ilə nəticələnəcək. Hazırda həm siyasi partiyaların daxilində, həm də siyasi qurumlar arasında müəyyən məsləhətləşmələr gedir. Yaxın zamanlarda bu məsələlər ilə əlaqədar ciddi siyasi tədbirlərin keçirilməsi istisna deyil”.

Azər Qasımlı: "Bunu qarşısını almaq mümkün deyil"

Respublikaçı Alternativ Hərakatının idarə heyyətinin üzvü Azər Qasımlı isə bildirib ki, iqtisadi böhran gözlənilən idi: "Biz REAL olaraq, bahalaşma ilə bağlı tərəfdarlarımızı, cəmiyyəti məlmatlandırmışdıq. Yəni bu gözlənilən idi. Onu da deyim ki, bu, hələ başlanğıcdır. Hesab edirəm ki, indiki mərhələdə bunu qarşısını almaq mümkün deyil. Bu, cəmiyyət aktiv vəziyyətə gələnə kimi davam edəcək. Yəni hansısa bir müxalif partiya, müxalif təşkilat addım atanda ilk növbədə cəmiyyətin buna hazır olub-olmamasına baxır. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətini hələ də kütləvi etirazlara hazır deyil.  Bu gün REAL-ın gündəmində də kütləvi aksiya yoxdur, çünki bayaq dediyim kimi, tələb cəmiyyətdən gəlməlidir, cəmiyyət isə buna hazır deyil. Amma çox yaxın zamanlarda sosial problemlər daha da dərinləşəcək və cəmiyyət buna təpki verəcək. O zaman biz də REAL olraq, situasiyaya uyğun qərarlarımızı verəcəyik”.

Ülvi Həsənli: "Ölkədə sərvəti dağıdıblar və normal iqtisadiyyat da yarada bilməyiblər"

Картинки по запросу Ülvi Həsənli arqument.az
Nida Vətəndaş Hərakatının İdarə Heyətinin üzvü Ülvi Həsənli baş verənlərə görə hakimiyyəti qınayıb: "Bizim buna münasibətimiz yaxşı ola bilməz. Bunla bağlı bir çox siyasi partiya, qurum artıq bəyanat verib. Yəni biz də bunla bağlı açıqlama vermişik. Bu, əlbəttə, pisdir, çünki insanların vəziyyəti onsuz da yaxşı deyildi və hökumət belə bir don geyindirmək istəyir ki, bunun aşağı təbəqəyə heç bir aiddiyyatı yoxdur, amma bu, cəfəngiyyatdır. İşığın, qazın qiymətinin qalxmasından sonra digər qurumlar da başlayıb açıqlama verməyə. Metro ilə bağlı, "Azəristilik" və bir çox qurumlar açıqlama veriblər ki, ümumiyyətlə bunlar ölkədə bahalaşmaya gətirib çıxaracaq. Yəni ona görə də bu qərar insanların olan-qalan pulunu da əllərindən almağa xidmət edir. Hökumət də bunu kefindən etmir. Bu günə kimi sərvəti dağıdıblar və ölkədə normal iqtisadiyyat yarada bilməyiblər və nəticədə büdcədə çox ciddi kəsrlər yaranmağa başlayıb. Hökumət də bu yolla, əhalinin olan qalan pullarını da alıb büdcəni doldurmağa çalışır. Bu da mümkün deyil, bu siyasətin axırı dalan idi və artıq hökumət yavaş-yavaş o dalana dirənməyə başlayıb”.

Ruslan İzzətli: "Bu hakimiyyət proqramı, vizionu olmayan siyasi komandadır" 

Картинки по запросу Ruslan İzzətli arqument.az
D18 Hərakatının başqanı Ruslan İzzətli isə bildirilib ki, bu hakimiyyət proqramı, vizionu olmayan siyasi komandadır: "Artıq məhsuliyyəti vətəndaşın üzərinə qoymaq lazımdır ki, çıxış yolu artıq vətəndaşdır, çünki  vətəndaş meydanda, prosesin önündə yoxdursa, heç bir siyasi uğurdan danışmaq olmaz. Hakimiyyət ölkənin təbii sərvətlərindən istifadə edərək ayaqda qalır və xalqa da öz yandaş mediaları vasitəsilə uğurlu inkşafdan danışır. Artıq vəziyyət elə yerə gəlib çatıb ki, o dedikləri çiçəklənən Azərbaycan görünmür və stabil inkşaf da bir neçə ilə tam məhv ediləcək. Çünki ac-yalavac vətənlaşlar olan ölkədə heç vaxt stabillik ola bilməz. İndiyə qədər vətəndaşlar siyasi qurumlara dəstək vermədilər, müxalifətin yanında olmadılar. Bu da ya qorxudan, ya da obyektiv və subyektiv səbəblərdən irəli gəlirdi. Düşünürəm ki, bu dönəmlərdə siyasi qurumlar yalnız xalqa informasiya çatdırmaqla məşğul olmalıdır. Vəziyyət elə bir həddə çatıb ki, artıq azad seçkidən, siyasi məhbuslardan deyil, biz vətəndaşların ac olmasından danışırıq. Bu vətəndaşın həyat məsələsi olduğundan onu daha çox maraqlandırmalıdır. İnanıram ki, Azərbaycan vətəndaşına nə qədər basqı edilsə də, vətəndaş meydana çıxıb, prosesin önünə gəlib öz haqqını tələb edəcək”. 
 
Xatırladaq ki, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. 

Həmçinin, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. 

Şuranın  qərarı 2016-cı ilin 29 noyabr tarixindən qüvvəyə minir.


Gülzar Məmmədli

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300