Sübahir Qurbanovun 4,5 milyonluq əmlakı ilə bağlı ilginc təfərrüatlar, sənədlər "Azadlıq”da…


Həbsdə olan MTN generallarının cinayət işində nazirdən tutmuş deputatlara, universitet rektorlarından iş adamlarına qədər ən müxtəlif kateqoriyalardan olan adamların adları hallanır. Həmin adamların da bir qismi istintaqda dindirilib.

Bir müddət əvvəl həbsdəki generallardan biri olan Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun Bakının mərkəzində – Mərdanov qardaşları 94 A ünvanında yerləşən üçmərtəbəli, 4,5 milyon manatlıq obyekti 305 min manata alıb oğlu Erkin Qurbanzadənin adına rəsmiləşdirməsi barədə məlumat yayıldı. Bildirilirdi ki, Cəmşid Novruzov adlı şəxs prokurorluğa şikayət edib və sahibi olduğu bu obyektin zorla əlindən alındığını bildirib. Cəmşid Novruzov prokurorluğa müraciətində iddia edir ki, Zabitlər parkının ərazisində yerləşən obyektin əlindən alınmasında Sübahir Qurbanovun Elçin adlı tanışının və keçmiş vəkili Valeri Vəliyevin də rolu olub.
Novruzovun sözlərinə görə, MTN generalı onun bağını, maşınını, anası, həyat yoldaşı və öz adına olan bank hesablarındakı pulları da hədə-qorxu ilə ələ keçirib.

Rektorun qohumu niyə həbs olunub?

Vəkil Valeri Vəliyev ünvanına səslənən ittihamlara, o cümlədən Zabitlər bağındakı obyektlə bağlı məsələyə aydınlıq gətirmək üçün mətbuata açüqlama verib və bir xeyli sənədlər təqdim edib.

Məlum olub ki, Cəmşid Novruzov Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin qohumudur – qızının baldızının əri. Maşınını da Sübahir Qurbanov yox, Əhməd Vəliyevin oğlu, universitetin prorektoru Munir Vəliyev ondan alıb – borcunun əvəzinə. Vəkil maşının etibarnamə ilə Munir Vəliyevə verildiyini təsdiqləyən sənədi də təqdim edib.

Valeri Vəliyev deyir ki, məhz bu qohumluq sayəsində Cəmşid Novruzov Vəliyevlərin sahibi olduğu "Muğanbank”a işə düzəlib, orada İdarə Heyətinin sədr müavini və Kredit Komitəsinin sədri kimi vəzifələrdə çalışıb. Bankın "Gənclik” filialının müdiri vəzifəsində çalışanda – 28 sentyabr 2004-cü ildə saxta sənədlər vasitəsilə 704 min manat vergidən yayınmaqda suçlanaraq, həbs olunub. O, dövlət büdcəsinə vurulan ziyanı ödədiyinə görə 8 ay həbsdən sonra – 2005-ci ilin mayında Qubadlı Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Cəmşid Novruzov tərcümeyi-halında həbsdə olduğunu qeyd eləmir. Həbsdə olduğu dövr üçün "Razvitiye”də maliyyə işləri üzrə baş direktorun müavini işlədiyini göstərir.

O da məlum olub ki, bu, Cəmşid Novruzovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ilk hadisə deyilmiş. O, hələ 90-cı illərdə də sənəd saxtakarlığı ittihamı ilə məsuliyyətə cəlb olunub: "Onun atası Novruzov Şoqu Hüseyn oğlu sovet dövründə Gəncədəki Silikobeton zavodunun direktoru olub. 1988-ci ildə həmin zavodun bazasında təsis edilmiş Sovet-Avstraliya "Razvitiye” birgə müəssisəsinin direktoru olub. Daha sonra birgə müəssisəyə türkiyəli tərəfdaş cəlb olunub və əvvəlcə Sovet-Türkiyə-Avstraliya birgə müəssisəsinə, SSRİ dağılandan sonra isə Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya "Razvitiye” birgə müəssisəsinə çevrilib. İndi heç bir xarici tərəfdaşı olmadığına və təsisçisi kimi isə Şoqu Novruzov göstərilməsinə baxmayaraq, həmin təşkilat eyni adla qalır və Gəncədə vergi uçotundadır. Ali Məhkəmənin 25 iyul 1997-ci il tarixli hökmü ilə Şoqu Novruzov Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya "Razvitiye” birgə müəssisəsinin əmlakını saxta sənədlər düzəltməklə mənimsədiyinə və vergiləri ödəməkdən yayındığına görə o dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 88-1-ci maddəsi , 157-2-ci maddəsinin 2-ci hissəsi və 194-cü maddəsinin 2-ci hissəsi ilə 4 il azadlıqdan məhrum edilib. Həmin cinayət işi üzrə Gəncə şəhər prokurorluğu Cəmşid Novruzova da sənədlərin saxtalaşdırılması və vəzifədən sui-istifadə etməyə görə "Razvitiye”nin baş direktorunun müavini kimi köhnə CM-in 167-ci maddəsinin 2-ci hissəsi və 172-ci maddəsi ilə ittiham elan edib. Sadəcə, o zamn amnistiya aktının tətbiq olunması ilə onun barəsində cinayət işinə xitam verilib”.

Bankın pulları necə ələ keçirilib?

Vəkil deyir ki, 2005-ci ilin mayında həbsdən buraxılandan sonra Cəmşid Novruzov "Royalbanka” işə düzəlib. Müdafiəçinin sözlərinə görə, onun bağını, evini, yaxınlarının bank hesablarındakı pulunu da MTN generalları əlindən almayıb, "Royalbank”dakı əməllərinin üstü açılandan sonra dəymiş ziyanı ödəmək və yenidən cinayət məsuliyyətinə cəlb olunmamaq üçün özü könüllü şəkildə banka verib.

Məsələyə keçmiş.deputat qoşulub…

Valeri Vəliyev onu da qeyd edir ki, "Royalbank”ın sahibi Əli Cam Cəmşid Novruzovu həbs elətdirmək istəyib, amma məsələyə Əhməd Vəliyev qarışandan sonra fikrindən daşınıb: "Novruzov Əli Camın etibarından sui-istifadə edərək onu da aldadıb. Ayrı-ayrı adamların adına kreditlər sənədləşdirərək, pulları özü götürüb. Bu əməllərin üstü açılandan sonra Əli Cam onu işdən qovub və banka vurduğu ziyanı ödəməsini tələb edib. Bildirib ki, əks halda, onun əməlləri haqda materialları hüquq-mühafizə orqanlarına göndərəcək. Məlum olub ki, o, atası Şoqu Novruzovun şəxsi maşınının sürücüsünü "Royalbank”ın Tovuz filialının əməkdaşı kimi sənədləşdirib, uzun müddət bankın hesabına ona əməkhaqqı verib. Bu faktla bağlı materiallar Əli Camın tərəfindən Tovuz rayon prokurorluğuna göndərilib. Bundan dərhal sonra Cəmşid Novruzov əl-ayağa düşüb, banka vurduğu ziyanı tam ödəyəcəyinə söz verib. Hətta hörmətli Əhməd Vəliyevi də minnətçi salıb ki, Əli Cam qalan materialları prokurorluğa göndərməsin. Bu xahişlərdən sonra Əli Cam söz verib ki, vurduğu ziyanı, başqa-başqa adamların adlarına götürdüyü kreditləri ödəsə, ondan şikayətçi olmayacaq. Təsəvvür edin, bu adam müxtəlif şəxslərin adına çox aşağı faizlə "Royalbank”dan guya, kənd təsərrüfatının inkişafına yönəlik kreditlər götürüb, sonra da həmin pulları elə bu bankda yaxınlarının adlarına hesab açıb, daha yuxarı faizlə depozitə qoyub. Sonra da kreditləri ödəməyib. Bu əməllərin üstü açılandan və Əli Camla razılaşmadan sonra anasının adına bankın Beyləqan filialında depozitə qoyduğu 476 min manatı, qızı Nigar Novruzovanın adına Nərimanov filialındakı 80 min manat depoziti mənimsənilən pulların əvəzinə banka köçürüb. Əslində, anasının adına olan 476 min manatın Rəna xanıma heç bir aidiyyəti olmayıb. Bu pullar 13 may 2009-cu ildə Zülfüqarov Hüseynağa Məmmədhüseyn oğlu və 17 mart 2010-cu ildə Cəfərov Araz Əli oğlunun hər birinə illik 7 faizlə verilmiş 200 min (cəmi 400 min) manat kənd təsərrüfatı kreditidir. Həmin pulları Cəmşid Novruzov illik 22 faizlə banka qoyub gəlir əldə etmək istəyib. Beləliklə, 2011-ci ilin noyabr ayında faizlərlə birlikdə 476 min manat olub. Həmin məbləğ də 14 noyabr 2011-ci ildə Rəna Novruzovanın hesabından çıxarılıb və Zülfüqarov Hüseynağa ilə Cəfərov Arazın adına olan kredit borclarını bağlamaq üçün banka köçürülüb. Yaxud qızı Nigar Novruzovanın adına olan 80 min manat depozit 23 dekabr 2011-ci ildə cıxarılıb və həmin gün hesabdan hesaba Cəmşidin yaxın qohumlarının Novruzova Zərəfşan Şoqu qızı, Novruzov Novruz Rüfət oğlu, Novruzov Rüfət Şoqu oğlu və Atayev Akif İnqilab oğlunun bankın Gəncə filialında olan kredit borclarını bağlamaq üçün köçürülüb. O həmçinin həyat yoldaşının adına olan Mərdəkandakı bağını, öz adına olan "Motor” müəssisəsini, sürücüsü Məmmədov Etibar Murtuzəli oğlunun adına olan Lexus LX570 markalı 90HS100 nömrə-nişanlı avtomobili mənimsənilən pulların əvəzinə banka verməyə söz verib. Maşınla, "Motor” müəssisəsi istisna olmaqla, sözünə əməl edib. Maşın məsələsinə gəlincə, Əhməd Vəlliyevin oğlu Munir Vəliyev Əli Cama zəng edib deyib ki, Cəmşid ona borcludur və maşını da həmin borcun əvəzinə götürür. Dövlət Yol Polisinin arayışından da görünür ki, avtomobil 2011-ci ildə etibarnamə ilə Munir Vəliyevə verilib. Bütün bunları Əli Cam özü də məktubunda yazıb”.

Bank sahibi rektorun qohumunun cəzalandırılmasını istəyir


Əli Cam məktubunda onu da qeyd edir ki, Zabitlər Parkının yanındakı obyektin hərracda satılması ilə əlaqədar heç kimə qarşı tələbi, şikayəti yoxdu, heç o əmlakı MTN generalının aldığını da bilməyib. Obyektin satışı ilə bağlı bütün hərəkətlər isə onun xahişi və göstərişi ilə həyata keçirilib. O həmçinin Cəmşid Novruzovun hərəkətlərinə hüquqi qiymət verilməsini və bu əmlakla bağlı saxta sənədlərdən istifadə etdiyinə görə onun cəzalandırılmasını istəyir.
Hazırda MTN generalının oğlunun adına olan obyektlə bağlı da vəkil maraqlı faktlar açıqlayıb. Vurğulayıb ki, Novruzovun əlində sözügedən obyektə və onun yerləşdiyi torpaq sahəsinə aid hər-hansı hüquq verən sənədi yoxdur. Valeri Vəliyev deyir ki, Novruzov bu obyektlə əlaqədar prokurorluğa saxta sənədlər təqdim edib: "Guya, Zabitlər Evi ilə "Razvitiye” birgə müəssisəsi arasında həmin ərazinin icarəyə verilməsinə dair müqavilə bağlanıb. Amma Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin arayışına görə, nə Zabitlər Evi, nə də nazirliyin digər təşkilatı "Razvitiye” birgə müəssisəsi ilə heç bir icarə müqaviləsi bağlamayıb. Yaxud, Zabitlər Evinin rəisinin adından 19 oktyabr 2009-cu il tarixli arayış təqdim olunub. Müdafiə Nazirliyinin sorğuma verdiyi cavabda deyilir ki, Zabitlər Evi tərəfindən belə bir sənəd verilməyib. Cəmşid Novruzovun təqdim elədiyi arayışda rəis kimi Rəşad Abuzərovun adı göstərilib. Halbuki, Abuzərov bu vəzifəyə 2014-cü ildə təyin olunub”.
Müdafiəçi deyir ki, Zabitlər bağındakı qeyri-yaşayış obyekti faktiki olaraq "Royalbank”ın sahibi Əli Cama məxsusdu, onun vəsaiti ilə tikilib.
Valeri Vəliyev onu da əlavə edib ki, Cəmşid Novruzovun vəkili Kamandar Nəsibov həmin obyektlə bağlı məsələni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində də qaldırıb, amma məhkəmə onların bu məsələyə aidiyyətinin olmaması səbəbindən iddianı təmin etməyib.

azadliq.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300