ABB-nin sağlamlaşdırılmasına ayrılan 8 milyardı Samir Şərifov hara sərf edib?

Azərbaycan Beynəlxalq Bankının durumu təqdim olunandan da ağırdır. Bizimyol.info-ya daxil olan məlumata görə, belə davam etsə çox yaxın zamanda ölkənin nəhəng bankının çoküşünün şahidi olacağıq. Belə ki, bankın toksik aktivlərinin sağlamlaşdırılmasına ayrılan 10 milyard manat nəinki bəs etməyib, daha 10 milyard manat da bankın yox olmasının qarşısını ala biləcək gücdə deyil.

Bankda maliyyə pozuntuları Əvəz Ələkbərovun vaxtında da olub

1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində işləmiş Əvəz Ələkbərov "Report”a müsahibəsində Beynəlxalq Bankın hazırkı durumunu şərh edərkən maraqlı açıqlamalar verib: "Beynəlxalq Bankın fəaliyyəti ilə bağlı narahatlıq o vaxtlar da olub. Mən nazir olanda tez-tez banka məktublar göndərirdik, iradlarımızı bildirirdik. Bankın səlahiyyətli İdarə Heyəti olub, o, yaxşı idarə etməli, riskli kreditləşməyə getməməli, buna isə Müşahidə Şurası nəzarət etməli idi. Bəri başdan bilmək lazım idi ki, intizamsız atılan addımlara görə gec-tez haqq-hesab soruşacaqlar. İndi ABB-nin vəziyyəti yaxşı olsaydı, bütün bank sektorunda vəziyyət yaxşı olardı”.

Samir Şərifov bütün dövrlərdə baş verənlərə cavabdehdir

Sabiq nazirin bir abzaslıq bu mövqeyi çox mətləblərə aydınlıq gətirir. Əvvəla, Ə.Ələkbərov etiraf edib ki, ABB-də maliyyə pozuntuları hələ onun işlədiyi dövrdən var və nazir olaraq da bank rəhbərliyinə məktublar yazmaq, irad bildirməklə kifayətlənib. Bu barədə digər nəzarəedici və qanunverici qurumlara müraciət edilməyib. Halbuki, nöqsanlar aşkarlanan kimi onunla bağlı ilk olaraq dövlət başçısına məruzə edilməliydi. Çünki beynəlxalq bank sıradan bir kommersiya qurumu deyil, dövlətin əsas maliyyə dayağıdır. Bununla belə, cənab Ələkbərov sadalanan addımları atmayıb. Çox güman ki, bankda bu problemlər Ələkbərovdan əvvəlki nazir Fikrət Yusifovun da zamanında olub, ondan sonrakı Samir Şərifovun da. Amma bu adamlar da nə dövlət başçısına vaxtında problemi məruzə ediblər, nə də hüquq-mühafizə orqanlarına xəbər veriblər. Daha dəqiqi, bankda baş verənləri nəyə görəsə, bəlkə də nəyinsə qarşılığında gizlədiblər. Bankda baş qaldıran maliyyə fırıldaqları üç nazirin dövrünə düşür və bu işin məsuliyyətini onların hamısı daşıyır – Fikrət Yusifov və Əvəz Ələkbərov qismən, Samir Şərifov isə bütünlüklə. Çünki, ən çox qanunsuz tranşlar məhz Şərifovun vaxtında reallaşdırılıb və son nazir olduğuna görə də hər şeydən xəbərdardı. İki nazir öz dövründə, o isə bütün dövrlərdə baş verənlərə görə cavabdehdir.

Sabiq maliyyə naziri baş verənlərdən xələfini məsuliyyətli tutur

Cənab Ələbərov onu da deyib ki, bankın səlahiyyətli İdarə Heyəti olub, o, yaxşı idarə etməli, riskli kreditləşməyə getməməli, buna isə Müşahidə Şurası nəzarət etməli idi. Bununla da sabiq maliyyə naziri idarə heyətinin sədri Cahangir Hacıyevlə bərabər xələfini bankda baş verənlərdən birbaşa məsuliyyətli tutur. Və iqtisadçı alim olan Ə.Ələkbərov ölkədə bank sektorunun hazırkı durumunu ABB-nin vəziyyətinə bağlayır.

Devalvasiya bütün ölkələrdə dayanıb, Azərbaycanda davam edir

Sabiq bank sədri Cahangir Hacıyevin son açıqlamasında da xeyli maraqlı məqamlar var. ABB-nin keçmiş rəhbəri həbsindən sonra Mərkəzi Bank və Neft Fondundan Beynəlxalq Banka verilən milyardların hesabını soruşub. Ona görə, ayrıldığı söylənən pullar təyinatına yönəldilməyib. Xüsusilə, keçmiş bankirin təhlil etdiyi rəqəmlər diqqət çəkir. Devalvasiyanı təxribat adlandıran Hacıyev Azərbaycandakı prosesi başqa ölkələrin təcrübəsi ilə müqayisə edib. Deyib ki, Qazaxıstanda 24 faiz, Gürcüstanda 30 faizə qədər, Ermənistanda 20, Rusiya Federasiyasında 45 faiz olsa da sonradan görülən tədbirlər nəticəsində devalvasiya 15 faizdə qərarlaşıb. Hazırda sabitdir. Bizdə isə devalvasiya 100 faizdən də yuxarı oldu və manatın ucuzlaşması hələ də davam edir. Həqiqətən də MB-nin valyuta məzənnələrinə baxanda iqtisadiyyatı zəif olan bir neçə ölkənin milli pulunu çıxmaq şərtilə Azərbaycan manatı bütün valyutalara qarşı dəyərini durmadan itirir.

ABB-nin sağlamlaşdırılmasına ayrılan 8 milyardı Şərifov neynəyib?

O, bankın çöküşünü devalvasiyanın nəticəsi olaraq izah edir. C.Hacıyev: "Devalvasiyanın miqyası, ölçüsü, bankların və əhalinin buna hazırlanmaması bank sektorunu çökdürdü, insanlara ağır təsir etdi. Birinci devalvasiyada Beynəlxalq Bank kapitalının ən azı 20-25 faizini (130-150 mln manat) itirə bilərdi. Lakin bankın menecmenti tərəfindən görülən tədbirlər nəticəsində bu itki 7 milyon manat oldu. Bu vəsait səriştəsiz devalvasiyanın qurbanına çevrildi. Sonra növbəti devalvasiya baş verdi. Bankın zərəri 1 milyard manatdan, 3 milyarda, sonra 6, indi də 10-20 milyard manata qaldırılıb. ABB-nin aktivləri orta hesabla 6 milyard dollar təşkil edirdi. Onun 70 faizi dövlət və dövlət sifarişlərini icra edən təşkilatlara verilən kreditlər olub. Özəl müəssisələrin layihələrinə yönəldilən investisiyaların payı təxminən 2 milyard dollar təşkil edirdi. Həmin vəsait sırf layihələrə sərf edilib. Bu da manatın məzənnəsinə və infilyasiyaya heç bir təzyiq edə bilməzdi. Manata və infilyasiyaya təsir edən faktorlardan biri rəsmi dövriyyədən, yəni bank sistemindən kənar qalan pul kütləsidir və bunun əsas mənbəyi Maliyyə Nazirliyidir. ABB-nin özəl layihələrə qoyulan investisiyaları 2 milyard dollar, xarici banklardan cəlb olunmalar üzrə 1-1,5 milyard dollar təşkil etdiyi təqdirdə dövlətdən 7 milyard manat və Neft Fondundan 1 milyard dollar götürülən vəsait hara sərf olunub, həmin layihələri sağlamlaşdırmaq adı ilə ayrılan milyardlar haradadır”?

Yerini soruşduğuna görə, keçmiş bankir pulun banka yönəldildiyinə inanmır

Həqiqiətən də əgər söhbət 3-3,5 milyardlıq bir problemli sərmayədən gedirsə (Hacıyevin bildirdiyinə görə həmin sərmayələr uğurlu layihələrə yatırılıb-red.), 8 milyard vəsait necə olur da problemi həll etmək gücündə olmur? Bank ondan sonra iflasa uğradılmayıbsa, həmin pul bankın maliyyə problemini qapatmalıydı. Yerini soruşduğuna görə, keçmiş bankir ayrılan vəsaitin iddia olunduğu kimi banka yönəldildiyinə şübhə edir.

Hacıyev: "Mənim vaxtımda 40 milyon mənfəət indi 300 milyon zərər olub”

Haqqında söylənənlərə Hacıyev rəqəmlərlə aydınlıq gətirməyə çalışıb: "Beynəlxalq Bankda işlədiyim dövrlərdə bank hər ili xalis gəlirlə başa vurub. 2014-cu ilin hesabatına görə Beynəlxalq Bankın xalis gəliri 40 milyon manat olub. Gəlin indiki vəziyyətə baxaq: 2015-ci ilin yarım ilində Bankın xalis zərəri 197 milyon manat, 2016-ci ilin yarım ilində isə 323 milyon manatdır, eyni zamanda bankın 125 milyon manat kapital itkisi olub. Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, həmin layihələrin hesabına Bank hər ili xalis gəlirlə başa vurub. Mən bankdan uzaqlaşdırıldıqdan sonra həmin layihələrin təsisçiləri, benefisiarları dəyişdirildi, nəticədə layihələr iflic oldu. Biz dövlət büdcəsindən heç bir vəsait götürmədən hər ili xalis gəlirlə başa vururduq. Beynəlxalq Bank hazırda göstəridiyim külli miqdarda vəsaiti nəğd formada almasına baxmayaraq ili xalis zərərlə başa vurur”.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin "Aqrarkredit” QSC-yə ötürülməsinin birinci mərhələsi başa çatıb. Bu barədə bankın cari ilin birinci yarısına aid konsolidasiya edilmiş audit hesabatında qeyd edilib. Məlumatda bildirilib ki, birinci mərhələdə bankın balansından çıxarılan problemli aktivlər 9 mlrd. 930 mln. manat həcmindədir. Problemli aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. "Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Sənəddə prosesin 2017-ci ilin birinci yarımilliyində tamamlanmasının planlaşdırıldığı qeyd edilib.

Səhmlərini satmaq da ABB-ni xilas etmir

Belə olan halda bankın özəlləşdirilməsi məsələsi yenidən gündəmə gəlir. Bu ilin fevralın 10-da Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda ABB-nin nizamnamə kapitalının artırılması məsələsinə baxılıb. Ümumi yığıncaqda Bankın nizamnamə kapitalının səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb. Bu, o deməkdir ki, Bankın səhmlərinin sayı hazırda 4 227 037 037 olmalıdır. Xatırladaq ki, ABB-nin səhmlərinin nominal dəyəri 0,27 manatdır. Bankın web-saytında səhmdarları ilə bağlı bildirilir ki, ABB-nin nizamnamə fondunda dövlətin payı 54.96% (352,473.96 min manat), qeyri-dövlət müəssisələri 8.49% (54,452.53 min manat), fiziki şəxslər 36,55% (234,360.75 min manat) təşkil edir. Bu, keçənilki məlumatdır. C.Hacıyevin həbsindən sonra nəzarətində olan səhmlərin dövlətə keçdiyini nəzərə alsaq (fiziki şəxslər və müəssisələrdə olan) hazırda bankın nizamnamə kapitalını formalaşdıran 90 faizə yaxın səhmi dövlətdədir. Cəmi 10 faizə yaxın səhmin ayrı-ayrı vətəndaşlarda olduğu ehtimal edilir. Çünki, C.Hacıyev özü də demişdi ki, səhmlərin "kənar şəxslərə” keçməməsi üçün əlindən gələni edib. Belə olan halda bankın qiymətli kağızlarının 3.8 milyonu Maliyyə Nazirliyinin nəzarətindədir. Səhmlərin dövlətdə olan hissəsini hazırkı müəyyənləşdirilmiş nominalı 0,27 manat deyil də gerçək nominalı olan 2 manatla (bankın səhmləri sonradan ucuzlaşıb) hesablasaq. Satıldığı təqdirdə dövlətə 7,6 milyard manat gəlir gətirəcək. Bu, sağlamlaşdırmanın ikinci mərhələsini təmin edirmi, hələlik bir məbləğ açıqlanmadığından bu barədə indiki halda bir söz demək çətindir. Amma ilkin mərhələdə 10 milyard sərf edildiyinin söyləndiyini nəzərə alsaq, bu da yetərli olmayacaq kimi görünür. Deməli, Bankın səhmlərinin dövlətdə olan payının satışı da onu iflasdan xilas eləmir. Bankı tam sağlamlaşdırmadan normal qiymətə satmaq çətin olacaq. Sağlamlaşdırmanın gələn il də davam etdiriləcəyini nəzərə alsaq, bu, 2018-ci ildən tez baş verməyəcək.

Görünən odur ki, Hacıyev kimlərinsə sifarişlərini yetirsə də bu gün "hesabını” təkbaşına vermək zorundadır. Bu qədər proseslərdən sonra bankdakı maliyyə cinayətlərini verdiyi rəqəmlərdə əks etdirməyən "Deloitte Touche” hələ də bankın əsas auditoru olaraq qalır. Bu isə bir sıra məsələlərdə C.Hacıyevi haqlı çıxarır.

Bizimyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300