Məhsəti Şərif
Bir il əvvəl Azərbaycanda idim.
Uzun fasilədən sonra getmişdim. Bakıda gəzdiyim ilk günlər içimdə qəribə hiss
vardı… Bakı çox dəyişmişdi. Yollar, körpülər, yeni metro stansiyaları...
Gecələri də hər zaman oldugu kimi al-əlvandı... Amma qəribə sönüklük vardı,
xüsusilə insanaların üzündə. Metroda gözü ayaqqabısının ucuna dikilmiş, rəngi
fikirdən qaralmış, dırnaqları yarısına qədər yeyilmiş sarsilmış kişilər,
baxımlı olmağa çalışan, amma içindəki tədirginlik üzünə yansıyan
qadınlar... O zaman Bakı mənə rəngli, insanları ağ-qara
gəlmişdi. Gözümdə belə canlanırdı. Kimsənin üzündə məmnunluq ifadəsi görmədim,
kimdən halını soruşdum, bir ton giley-güzar eşitdim. Həkimi, müəllimi,
jurnalisti, mühasibi, fəhləsi, tələbəsi hər birinin ayrı gileyi...
Orda olanda dollar sürətlə üzüyuxarı üzməyə başlamışdı. Dollar üzdükcə,
insanlar ayaqda süzülürdü. Banka borcu olan intihar etdi, bank işçilərinin
telefon zənglərindən insanlar telefonalarına baxmaqdan qorxdu. Dollara güvənib
borc alanlar, iş quranlar dollarla bərabər üzdülər. Amma əksinə - üzüaşağı…
Dollar hələ də üzür, onunla bərabər suya girənlər çoxdan batıb... Mən əhalinin
ayağını yorğanına görə uzadan təbəqəsindən danışıram. Hətta yorğan ayaqlarına
çox uzun gəlir bu insanların. Çünki onlar yataqlarında yayılıb yata bilmirlər.
Ayaqlarını qarınlarına yığıb səhərin açılmaması üçün dua edirlər. Səhər
açılacaq, borc günü gələcək, qazpulu, işıqpulu, çörəkpulu və... siyahını
uzatdıqca, uzadacağımız xeyli qayğı…
Ona görə yoxsul insanların yorğanları ayaqlarından çox uzun olur. İnsanlar
onsuz da yoxsul yaşayır, bundan sonrası yaşamamaqdı. Amma xalq yoxsul yaşamağa alışmamalıdır.
Bu düşüncənin nəticəsi çox ağır ola bilər. Yoxsulluğa alışanlar ələbaxımlı olar, ac qarın düşünməz, aqressiv
davranar, ac başı istənilən yerə çəkmək olar. O üzdən xalqı yaşamaga
alışdırın!..
Qazın, işığın pulunu artırdınız, yaxşı etdiniz. İnsanların etirazı, düşüncəsi
Tarif Şurasını maraqlandırmamalıdır. Tarif
Şurasının işi hesablamaq və dövlətin "cibini" doldurmaqdı. Amma xalqı
yoxsulluqla barışdırma cəhdi elə dövlətə ziyan vurmaqdır. Xalqın hesabına
qazanılan pulları niyə bankı dolu məmurlar yeməlidir? Xalqın ayağıyla yorğanını
ölçənlər, yoxsulluğa alışdıranlar düşünürmü bu xalqın həkimi pul qazanmaq üçün
rüşvət alır, müəllimi yaşamaq üçün rüşvət alır, tibb bacısi əl açıb xəstədən
çörəkpulu istəyir, jurnalisti bu aydan o biri aya borcla keçir, maaşını almaq,
iş tapmaq üçün susmağa məhkum olur, fəhləsi gündəlik qarın toxluğuna işləyir,
insanlar ailələrini dolandırmaq üçün qururlarına yenik düşür...
Heç düşüdünüzmü insanlar niyə bu qədər giley-güzar edir? Hə, cənab "yorğan
sırıyan” deputatlarımız, nazirlərimiz, arada bir xalqdan olun. Məsələn, müəllim
olun 200 manata işləyin. Həkim olun 250 manatla, ya da tibb bacısı olun
107 manatla yaşayın. Poçtalyon olun 150 manat alın... Polis olun 400 manata övlad böyüdün... Amma rüşvət almadan olun. Olun və ayağınızı
yorğanınza görə uzadın, baxaq görək sizdən nə olur... //modern.az