Umuxanım Hüseynzadə
Qədim Türk cəmiyyətlərində
ailə ən əhəmiyyətli ictimai birlik olduğundan, ailənin təməlini təşkil edən
qadın, Türk dastanlarında və Türk fəlsəfəsində elə uca bir mərtəbəyə
qoyulmuşdur ki, qadını bir yüksək varlıq halına gətirən törəyə və mədəniyyətə
heyran olmamaq mümkün deyil. Qadın, kişinin yeganə yoldaşı və uşaqlarının anası
olduğundan başqa həm də əhəmiyyətli bir vəzifə ilə vəzifələndirilmişdir. O,
Türk Millətinin tək bərəkət mənbəyi kimi dəyərləndirilmişdir. Qadına verilən
bir sıra hüquqlardan bəhrələnərək Türk xanımı xanların, xaqanların, cəngavərlərin
qarşısında ona hörmətlə təzim olunduğu bir şərəf abidəsi kimi baxılmışdır. Türk dastanlarında
qadın ilahi bir varlıq mövqeyinə yüksəldilmişdir. Belə ki, əlçatmazlığı,
toxunulmazllğı, qürur və şərəf qaynağı olması, onu hər zaman istər ailə istərsə
də cəmiyyət içində yüksək dəyərə sahib etmişdir.
Ən qədim Türk inancına görə, "Xan ilə
Xatun" göy ilə yerin övladları olmuşdur. Qadın burada yeddinci qat göyə
yüksələn bir varlıq kimi səciyyələndirilmişdir. Qadına, belə bir müqəddəslik
verən törədə onun döyülməsinin, xor görülməsi əsla mümkün olmayıb. Türk mədəniyyətində
və dastanlarında qadın kişinin daim yanında, onun güc və ilham qaynağı
olmuşdur. Dədə Qorqud hekayələrindən olan "Dəli Domrul" da, Domrul
canının əvəzini qadınından tapmış, qadın ona heç çəkinmədən canını verəcəyini
söyləmişdir. Yenə Türk mədəniyyətində dastan qəhrəmanlarından biri yaxşı at minən,
qılınc istifadə edən, döyüşə bilən qadınlarla evlənmək istəməsi qeyd
olunmuşdur. Necə ki, Dədə Qorquddakı Bamsı Beyrək hekayəsində iştirak edən
"Banu Çiçək" bunun ən gözəl və bariz nümunəsi kimi göstərilə bilər.
Qırğızların Manas Dastanında qadın, evinin, namusunun qoruyucusudur.
Qazaxlarda qadına verilən dəyər bu atalar özüylə çox gözəl izah edilmişdir: "Birinci zənginlik
səhiyyə, ikinci zənginlik isə qadındır." Bütün Türk dastanlarında Qadına
sarsılmaz bir hörmət, sevgi və sədaqət ən üstün dərəcədə vurğulanmışdır. Gərdəyə girdiyi gün muradına
çatmayıb öz ərənini döyüşə yola salıb, yalnız qalan qadın əri ölənə qədər onu
gözləyəcəyini və üzərinə heç bir kişi tanımayacağına and içərmiş. Qadınların
döyüşdə düşmənin əlinə keçməsi isə Türk kişisi üçün böyük bir zillət sayılardı.
Oğuz Xaqan Dastanında qadına təcavüz edənlərin öldürüldüyü və
ya gözlərinə mil çəkildiyi ifadə edilməkdədir. İran tarixçilərindən biri olan Gərdizi
belə demişdir: "Məlumdur ki, Türk qadınları çox iffətlidirlər." Burda
iffət deyərkən Gərdizi məhz Türk qadınının əxlaqi təmizliyini tərənnüm
etmişdir. Bu tərif boşuna deyil. Necə ki, qadın adları arasında təmiz, fəzilətli
mənasına gələn "Hun, Sabir, Arik, Arig, Uyğur" kimi adların olması səbəbsiz
deyil. Eyni şəkildə İbni Batuta öz Şahnaməsində Krımdakı xatirələrini izah edərkən
belə demişdir: "Burada qəribə bir hala şahid oldum ki, o da Türklərin
qadınlarına göstərdiyi hörmətdir. Burada qadınların qiyməti və dərəcəsi kişilərdən
daha üstündür."
İslamiyyətdən əvvəl Türk toplumlarında qadınsız bir
iş görülməzdi. Qadın
kişinin tamamlayıcısı idi. O, davamlı kişinin yanında onunla çiyin-çiyinə mübarizə aparardı. Xarici dövlətlərin
elçilərinin qəbulunda Xatun da Xaqanla bərabər olardı. Mərasim və şölənlərdə
qadın, Xaqanın solunda oturar siyasi və inzibati söhbətlərdə sərbəst şəkildə
iştirak edər öz fikirlərini azad bəyan edərdi. Məsələn, böyük Hun İmparatorluğu adından Çin ilə ilk
sülh anlaşmasını Mete Xanın xatunu imzalamışdır.
Urgənc hökmdarı Ərəb Məhəmməd xanın oğlu, 1643-cü
ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı olmuşdur.
Əbülqazi Bahadır Xan "Şəcərəyi tərakimə”
(1659) və "Şəcərəyi türk” (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi
haqqında qiymətli məlumatlar, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü
və s. haqqında xeyli yazılar yazmışdır. O, Oğuz elində, yeddi qızın uzun illər
boyu bəylik etdiyini izah etmiş və bu qızların adlarını belə sıralamışdır:
"Boyu Uzun Burla, Barçın, Salur, Şənbə Hatun, Küni Körkli, Kerç buladı,
Kuğatlı xanım. Bu əsərlərdə Türk qadını, digər cəmiyyətlərdə olduğu kimi təzyiq
altında tutulmur, aşağılanmırdı. Qadının ucalığı haqqında Altay dağlarının ən
yüksək zirvəsinə "Qadınbaşı" adı verilərək, sanki əsrlər sonrasına
bir mesaj kimi verilirdi.
Türk millətinin İslamdan əvvəl öz qadına verdiyi dəyər
heç də digər millətlərdə eyni deyildi. Onlarda qadına münasibət tamamilə fərqli
və acınacaqlı halda idi .Cahiliyyə dövründə Ərəblərdə, qadının ərinin
yanındakı dəyəri, alınıb satılan bir maldan fərqsiz idi. Ərəb kişisi heç vaxt
qadını ilə bir yerdə oturmaz, onunla yeyib içməz və qərarlar qəbul etməzdi.
Eyni zamanda qadının heç bir miras haqqı yox idi. Halbuki, Türk toplumunda
qadın miras hüququna malik idi. Məsələn; Yakutlarda qadının özünə aid mülkü
mövcud olmuşdur. Buna "and" və ya "nəmsiz" adı verilmişdi.
Qadının bunu istədiyi kimi istifadə etmək hüququ vardı. Çində isə, boşanma
haqqı yalnız kişiyə məxsus idi. Qadınların belə bir haqqı yox idi. Halbuki Türk
toplumunda qadını bütün bu hüquqlara sahib idi. "Ər arvadını, qadın da ərini
boşaya bilərdi. Ər arvadının gətirdiyi cehizin əvəzini verər, qadın isə pul
vermək və ya mehrindən imtina etməklə ərindən boşana bilirdi."
Qədim Türk qadını tam hüquqlu bir fərd kimi, Roma
qadınından daha çox hüquqlara sahib idi. Roma hüquq qaydalarına görə qadın, öz
malı, mülkü üzərində hökm və ya vəsiyyət edə bilməzdi. Roma qanunları qadını
tam hüquqlu qəbul etmirdi. Onu nöqsan ağıllı sayırdı. Romada dul qadının evlənməsi
cinayət sayılırdı. Çində yeni doğulan uşaq, oğlan olduğu təqdirdə bahalı
parçalara, qız olduqda isə bez parçalarına sarılırdı. İranda isə qanları dəyişməmək
üçün yaxın qohumlarla evlilik uyğun görülmüşdür. Bu səbəbdən zamanla ana və
bacıları ilə evlənənlər də ortaya çıxmışdır. Eyni şəkildə Cahiliyyə Ərəblərinin
qız uşaqlarını diri-diri basdırmağı zamanın ən acı bir həqiqəti olmuşdur. Qız
uşağına sahib olmaq ata üçün şərəfsizlik sayılmışdır. Bundan yüz il əvvələ qədər
qadın, kişinin süfrəsinə oturma haqqına sahib olmadığı kimi, soruşulmadan sözə
başlaması da caiz deyildi. Əri başının ucuna böyük bir çubuq asardı ki, arvadı
nə zaman bir əmrini yerinə yetirməzsə onu istifadə etsin. Qadının sözü əsla qızı yanında keçərli sayılmazdı. Oğlan
uşaqları isə, analarına ev içində bir xidmətçi qadından çox dəyər verməzdilər".
Məhz belə bir dövrlərdə, başqa millətlərin
qadınları ilə yanaşı Türk qızları və qadınları, cəmiyyətin şərəfli bir fərdi
olaraq etibar görmüşlər. Türk qadınının belə ehtişam içində, hörmət görərək
yaşaması Türk xarakter və mədəniyyətinin yüksək dəyərlərə layiq olduğunun bariz
nümunəsidir.
Qadın bəşəriyyətin anasıdır. Ona dəyər vermək bütün toplum və cəmiyyətlərin ən ümdə vəzifəsi və borcudur!
Uluyol.info