Dekabrın 20-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7525 məzənnəsi ilə başlayıb və 1,7570 məzənnəsi ilə yekunlaşıb. Qeyd edək ki, "qara bazar”da dolların alış qiyməti 1,90 manata, satış qiyməti isə 1,92 manata qalxıb. Hərracda dolların bahalaşmasından sonra "qara bazar”da dolların qiymətinin bir qədər də artacağı gözlənlir.

 

Manatın ikinci dəfə kəskin devalvasiyaya uğramasından bir il ötür. Ötən il FES-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarının ardından dekabrın 21-də manat kəskin devalvasiyaya uğradı. Bu il də təxminən eyni ərəfədə FES-in analoji qərarı verə biləcəyi insanları təlaşa salıb. Gözlər 21 dekabra dikilib. Yenidən devalvasiya ola bilərmi? 

 

Ekspert Natiq Cəfərli kəskin devalvasiya ehtimalının az olduğunu düşünür: "Psixoloji baxımdan belə bir gözlənti yaranıb ki, FES-in qərarından sonra Azərbaycanda da manatla bağlı vəziyyət gərgin olacaq. Həm də ona görə ki, insanların valyutaya çıxış imkanları məhdudlaşıb, insanlar dollar ala bilmirlər. Bu da ajiotajın yaranmasına səbəb olub. Kəskin devalvasiya onsuz da ağır vəziyyətdə olan bank sektorunu tamamilə iflic edə bilər. Bu da iqtisadiyyata daha çox ziyan vura bilər. Lakin burada bir məsələ də var ki, son günlərdə milli valyutamızın sürətlə dəyərdən düşməsi müşahidə oluna bilər”.

 

Ekspertin sözlərinə görə, hərracdan çıxan nəticə də maraqlıdır: "Bu hərracdan sonra məzənnənin hansı sürətlə artacağı bəlli olacaq. Kəskin devalvasiyaya gəlincə, belə bir ehtimal var, lakin çox aşağıdır. Ən böyük ehtimal odur ki, manat daha sürətlə dəyərdən düşə bilər. Bu anlamda gələn il üçün daha ciddi təhlükə var. Gələn il Mərkəzi Bankın tam üzən məzənnəyə keçidlə bağlı qərarı var. Bu  zamana Mərkəzi Bankın müdaxiləsinə qətiyyən yol verilməyəcək. Ancaq Neft Fondunun valyuta birjasına çıxışlarının təsiri olacaq. Neft Fondu isə kifayət qədər məhdud həcmdə valyuta sata bilər. Gələn ilin büdcə layihəsinə baxdıqda görürük ki, Neft Fondu təxminən 4 milyard dollardan bir qədər çox valyuta sata bilər. Bu da ölkənin ehtiyaclarını ödəmir. Bu baxımdan 2017-ci ildə daha çox problemlərin yaşanacağı proqnozlaşdırılır”.

 

Ekspert Qubad İbadoğlu isə deyib ki, gözlənilən hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq: "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq, 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı elan edilib. Verilən məlumatlara görə, hazırda tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi üçün hazırlıq işləri gedir. Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazarı qiymətlərinin ucuzlaşması səbəbindən tədiyə balansının cari hesablar hissəsində kəsirin yaranması manatın məzənnəsinə təzyiqi artırıb və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğrayıb. Sonuncu devalvasiya zamanı Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr  2015-ci il tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən-tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb. Gedən müzakirələr onu göstərir ki, son 1 ildə tətbiq olunan üzən-tənzimlənən məzənnə rejimi lazımı səmərə vermədiyindən, tam üzən məzənnə rejiminə keçid istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilib, orta müddətli dövrdə isə tamamilə ləğv edilməsindən sonra təmin edəcək. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı tam üzən məzənnə  rejiminə keçidə hələ də hazır deyil. Odur ki, böyük ehtimalla, yaxın zamanlarda da manatın kursunun təyini üzən-tənzimlənən məzənnə rejimində davam edəcək. Belə olan halda da valyuta bazarına inzibati müdaxilə strategiyası davam edəcək və manata təzyiq başlayandan, 2014-cü ilin noyabr ayından indiyə qədər 11 milyard dolları "tonqalda yandıran” Mərkəzi Bank yenə də əvvəlki siyasətini davam etdirəcək”.  

 

Ekspertin sözlərinə görə, üzən məzənnə rejiminə keçidin şərtlərinə daxili maliyyə bazarının inkişafı, bazarda risklərin sığortalanmasına istiqamətlənmiş tədbirlərin, hedcinqin həyata keçirilməsi və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim olunması daxildir: "Bundan əlavə, bu məqsədlə banklararası bazarın fəaliyyətinin səmərəli qurulması da çox önəmlidir. Bütün bu məsələlər Yol xəritəsində nəzərdə tutulsa da onların yaxın zamanlarda reallaşdırılması gerçək görsənmir. Vəziyyəti dəyərləndirmək üçün ilk növbədə xarici ticarət əməliyyatlarına nəzər yetirək. Yol xəritəsində nəzərdə tutulur ki, tam üzən məzənnə rejimi istehlak səbətində idxal məhsullarının payı azalacağı halda mümkün olacaq. Əks təqdirdə, valyutaya olan tələbatın yüksək olması manatın ABŞ dollarına nəzərən məzənnəsini də sürətlə dəyərsizləşdirə bilər. Son statistik məlumatlar onu göstərir ki, hətta ötən il tam üzən məzənnə rejiminə keçid üçün şərait bu illə müqayisədə daha əlverişli olub. Belə ki, bu ilin 11 aylıq gömrük məlumatlarına görə, Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 824 milyon 200 min dollar və ya 75 faizə qədər azalıb. Müqayisə olunan dövrdə ixracatın 2 milyard 304 milyon 300 min dollar və ya 30 faizdən çox azalması müqabilində, idxal əməliyyatları 479,4 milyon dollar və ya 6 faizə qədər azalıb. Göründüyü kimi, ixracatın azalması tempi idxalı 6 dəfəyədək üstələyib. Bu isə o qənaətə gəlməyə əsas verir ki, istehlak səbətində idxal məhsullarının payının azalması ilə bağlı gözləntilər özünü doğrultmayıb. Əksinə, bu ilin 11 ayında qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz və ya 488 milyon dollar azalıb. Deməli, "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin tam üzən məzənnə rejimi üzərində qurulacağı inandırıcı görsənmir. Çünki hazırkı şərtlər daxilində manatın ABŞ dollarına nəzərən kursu tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər. Bəs belə olan halda hazrıkı situasiyada manatı nə gözləyir? Fikrimcə qarşıda 2 ssenarı durur. Əgər hökümət tam üzən məzənnə rejiminə keçiddə israrlıdırsa, onda ya yumşaq devalvasiyanı daha sürətlə davam etdirməli, ya da kəskin devalvasiya seriyasından 3-cü devalvasiyaya qərar verməlidir  ki, sonrakı mərhələdə tarazlaşdırılmış məzənnə indiki kursdan çox fərqlənməsin. Yaxud hökümət üzən-tənzimlənən məzənnə siyasətini davam etdirəcəksə, onda manat gələn ildə də bu ildə olduğu kimi kiçik templə olsa da, dəyər itirərək yenə zəifləyəcək. Bu halda Mərkəzi Bank toplanmış strateji valyuta ehtiyatlarını "tonqalda yandırmaqla”, Dövlət Neft Fondu isə izafi manat ehtiyatı hesabına anbarlarını milli valyuta ilə doldurmaqla məşğul olacaq. Hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq. Birinci ssenaridə ucuzlaşma tempi indikindən daha sürətli, ikinci variantda isə hazırkı səviyyədə olacaq. Hər iki varinatda yenə də  hədəf manatın gerçək və tarazlaşdırılmış məzənnəyə yaxınlaşması olmalıdır ki, o da indiki səviyyədən xeyli yuxarıdır”.

 

Röya, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300