Sumqayıt şəhər İcra Hakimiyyəti niyə susur?
Bu yaxınlarda Sumqayıt şəhər İcra hakimiyyətinin qarşısında sahibkarlar etiraz aksiyası keçirdilər. Onlar Sumqayıt dəniz bulvarının salınmasında istifadə olunan mal və xammallara, fəhlələrə görə ödənişləri ala bilməmələrindən şikayət edirdilər. Şəhər İcra hakimiyyəti isə onlara pulların Müqayis Verdiyev adlı iş adamından almalı olduqlarını bildirir.

Prezidentin sərəncamı ilə 02 sentyabr 2015-ci ildə Sumqayıta icra başçısı təyin olunan Zakir Fərəcov şəhərdə xeyli abadlıq işləri görməyə başladı. Şəhərin giriş-çıxış yolları təmir olundu, ağaclar əkildi, hasarlar dikildi, dəniz bulvarı salındı. Bütün bu işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan milyonlarla pul vəsaiti ayrıldı.

13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrıldı.

15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrıldı.

03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 manat pul ayrıldı.

10 iyun 2016-cı ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb.

27 sentyabr 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi üçün 5 milyon manat ayrılıb.
Zakir Fərəcov Sumqayıta icra başçısı təyin edildikdən indiyə qədər 49,7 milyon manat pul ayrılıb. Bu ayrılan pullar təyinatı üzrə xərclənsəydi, yeni şəhər salmaq olardı. Amma ..

Sumqayıt şəhərinin dəniz kənarında geniş bir park salındı. Onun açılışında prezident İlham Əliyev də iştirak etdi. Bulvarın gözəlliyinə valeh olan İ. Əliyev Z. Fərəcovu II dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif etdi.

Həmin bulvarın salınması, abadlıq işlərinin görülməsi Müqayis Verdiyev adlı iş adamına tapşırıldı. İcra başçısı Zakir Fərəcov Müqayis Verdiyeva müxtəlif vədlər verərək əlindən gələni etməyi, qısa zaman ərzində bulvarın abadlaşdırmasını tapşırdı, bunun üçün ona ev, torpaq sahəsi, maşın belə vəd etməkdən çəkinmədi. M. Verdiyev sahibkarları bu işə cəlb etdi, onlardan çoxlu sayda xammal, avadanlıqlar aldı. Ümumilikdə 12 milyon manata yaxın pul vəsaiti sərf olundu görülən işlər üçün. Sumqayıt şəhər İcra hakimiyyəti M. Verdiyevə əvvəlcə 4 milyon manata yaxın vəsait versə də, sonradan qalan 8 milyon manatı verməkdən imtina etdi.

M. Verdiyev dəfələrlə icra hakimiyyətindən sahibkarlara çatası pulu tələb etsə də, ona bu pullar ödənilmədi, əvəzində M. Verdiyev həbsxana divarları arasına salındı.

Sumqayıt şəhər Prokurorluğunda M. Verdiyevə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanılır və onun barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilir.

M. Verdiyevə verilən ittihamlara baxanda ortaya xeyli suallar çıxır. Belə ki, verilmiş ittihama görə, M. Verdiyev 2016-cı ilin fevral ayından sentyabr ayına kimi olan dövrdə Sumqayıt şəhərində aparılan təmir tikinti işləri zamanı əmək müqaviləsi olmadan xeyli sayda – 10 nəfərdən artıq şəxsi həmin tikintidə işlərin yerinə yetirilməsinə cəlb edib, bundan başqa, o qulluq mövqeyindən istifadə edərək həmin tarixlərdə tikinti işlərini yerinə yetirən işçilərə əmək haqqı kimi ayrılmış 30.000 manat pulu onlara verməyin qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə mənimsəyib.
Iş üzrə zərərçəkmiş kimi tanınan sahibkarlar, iş adamları dəfələrlə Sumqayıt şəhər İcra hakimiyyətinə gedərək pullarını tələb ediblər. Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov mətbuata verdiyi açıqlamasında bildirib ki, "biz tender həyata keçirmişik, tenderin qalibi Müqayis olub, pul da onun hesabına köçürülüb, zərərçəkmiş şəxslərin pulları ondadır”.

Beləcə zərərçəkmiş sahibkarlar onlara dəyən zərər ödənilmədən qapılarda qalıb. İcra hakimiyyəti hər vəchlə günahı M. Verdiyevin üstünə atsa da, sonuncunun Sumqayıt şəhərində aparılan təmir tikinti, abadlaşdırma işlərinin hansı sənəd əsasında etməsi, ona pulun hansı formada köçürülməsi barədə heç bir sübut mövcud deyil. Bu hallara aydınlıq gətirilməsi üçün Sumqayıt şəhər İcra hakimiyyətinə sorğu ilə müraciət etdik. Sorğuda aşağıdakılara dair məlumatların verilməsi xahiş olunurdu:

– Sumqayıt şəhərinin giriş yolunun və dəniz bulvarının tikintisi, yenidən qurulması, abadlaşdırması və yaşıllaşdırması işləri hansı qərar əsasında aparılıb?

– Bu işlərin aparılması hansı vəsait (Prezidentin Ehtiyat Fondu və yaxud Şəhər icra hakimiyyətinin daxili mənbələri hesabına həyata keçirilib?

– Bu işlərin aparılmasına bütövlükdə nə qədər vəsait ayrılıb?

– İşlərin aparılması üçün tender elan olunubmu?

– Tender elan olunubsa, həmin tender hansı dövrü əhatə edib, genderlə bağlı hansı Kütləvi informasiya vasitəsində elan verilib? Tenderdə neçə şirkət iştirak edib və qalib hansı şirkət olub?

– Tenderdə qalib gəlmiş şirkətlə İcra hakimiyyətinin münasibətləri hansı müqavilə ilə rəsmiləşdirilib?

– Sumqayıt şəhərinin giriş yolunun, dəniz bulvarının tikintisi, yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması işləri üçün bütövlükdə nə qədər vəsait xərclənib?

– Quruculuq və abadlaşdırma işlərini həyata keçirən şirkətlə hesablaşmalar hansı qaydada – nağd və ya hesabda hesaba həyata keçirilib?

– Həmin vəsaitin nə qədəri tikinti və digər mal və materialın alınmasına, nə qədəri əmək haqqı xərclərinə yönəldilib?

– Abadlaşdırma işlərinə nə qədər işçi qüvvəsi cəlb edilib?

– Cəlb edilən işçilərlə əmək və ya xidmət müqaviləsi bağlanıbmı? Müqavilələr işçilərlə hansı qurum arasında bağlanılıb?

– Abadlaşdırma işlərində çalışmış işçilərə bütövlükdə nə qədər pul ödənilib?

– İşçilərə borc qalıbmı? Qalıbsa həmin borc nə qədər təşkil edir?

Sorğunun göndərilməsindən 1 ay keçsə də, İcra hakimiyyəti hələ də susur. O susmaqda, M. Verdiyev həbsdə qalmaqda, pullarını ala bilməyən iş adamları və fəhlələrsə ümidsizcəsinə gözləməkdədirlər.

Müqayis Verdiyevin müdafiəçisi ​Fariz Namazlı

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300