Uluyol.info mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevlə müsahibəni 24saat.org-a istinadən  təqdim edir:


– Zərdüşt Əlizadə son müsahibəsində Əbülfəz Elçibəy haqqında bir sıra iddia və ittihamlarla çıxış etdi. Ancaq maraqlıdır ki, bundan sonra hamı danışdı, siz susdunuz. Niyə?
– Əlizadə qardaşlarının xarakteri belədir. Mən nə deyim onlara? Zərdüştün anasını da, atasını da tanıyırdım. İstəmirəm bir söz deyim. Durub Zərdüşt Əlizadəyə nə deyim, mən? Ən eyib iş odur ki, 70 yaşlı Zərdüşt Əlizadə durub 17 il əvvəl vəfat edən bir kişinin arxasınca danışır. Əgər sözü var idisə, Əbülfəz bəy sağ olanda fikirlərini deyərdi. Sanki ölmüş biri haqqında danışmaq bunların şəkəridir. Yazıqlar olsun onlara.

– Bu mövzuda danışmaq istəmirsiniz?
– Çıxıb mətbuatda onlara nəsə deməklə Əlizadələr düzələn deyil. Əbülfəz Elçibəyin oğlu Ərturqut onlara cavab verdi. Məndən də, dost-tanış soruşanda fikrimi deyirəm.(Elçibəyin oğlu: "Bir övlad kimi, bütün ömrüm boyu atama minnətdar və duaçı olacağam")

– Zərdüşt Əlizadəni, onun valideynlərini şəxsən tanıyırdınız?
– Əlbəttə, tanıyırdım. Zərdüştün özünü də, elə qardaşı Arazı da tanıyıram. Zərdüşt əvvəl Azərbaycan Xalq Cəbhəsində idi, hətta İdarə Heyətinin üzvü idi. Ancaq o vaxt planı baş tutmadı, xalq onun deyil, qardaşımın arxasınca getdiyi üçün dəyişdi.


– Atası Məmməd Əlizadəni haradan tanıyırdınız?
– Tanıyırdım. Zərdüştün atası bizdə qonaqlıqda da olub.


– Kələkidə?
– Yox Bakıda. Biz əvvəl başqa yerdə qalırdıq. Rəhmətlik Valeh müəllim var idi, ortaq tanışımız. Bir məclisdə tanış olmuşduq. İndi mənə onlar haqda nəsə mənfi sözlər demək yaraşmaz. Olaram Zərdüştün bir tayı. Özləri bilər, Allahı bilər. Atası bizi yaxşı tanıyırdı. Ancaq atası da danışan idi.


– Nə mənada danışan idi?
– Danışırdı. Bəyin haqqında nələrsə deyirdi. Bir dəfə bəyə demişdilər ki, filankəs sizin haqqınızda danışır, o da cavab vermişdi ki, işiniz olmasın, qoyun danışsın.


– Siz məhkəmə prosesini nəzərdə tutursunuz?
– Əşi mən istəmirəm bu haqda danışım. Özləri hamıdan yaxşı bilir. Mən əminəm ki, cəzalarını çəkəcəklər, günahları, haqsız danışıqlarının cavabı olacaq. Zərdüşt Əlizadə durub bir müsahibə verib, ona da əlli yerdən cavab gəldi. Bunun özü göstəricisidir.


– Əlizadələrlə əlaqələriniz indi də varmı?
– Yox onları görmürəm. Ümumiyyətlə son dövrlər heç kimlə görüşmürəm, artıq yaşım səksəni keçib, əsasən evə oluram. Onlarla da o dövrdə salam-sağ olum olub. İllərdir ki, onları görmürəm. Mən bilirəm ki, çoxlu sayda şəxslər Zərdüştə cavab verib. Onlar anadangəlmə bu cür doğulublar. Əlbəttə, onlara verilən cavablar məni qane etdi. Ancaq hesab edirəm ki, daha çox adam onlara cavab verə bilərdi.


– Məsələn, Zərdüşt Əlizadə deyir ki, Əbülfəz Elçibəyin siyasi savadı yox idi, bir il hakimiyyətdə oldu amma heç nə etmədi. Bu iddialar nə dərəcədə doğrudur?
– Siz məni vadar edirsiniz ki, mən nəsə deyim. Mən axı nə deyim bu qardaşlara… Əbülfəz bəyin hansı işlər gördüyünü bütün millət, el bilir. İntəhası qardaşımın bəxti gətirmədi. Bir il ərzində görün nə qədər iş gördü. Azərbaycanın milli valyutasını ortaya qoydu, test sistemini gətirdi, rus ordusunu ölkədən çıxardı. Min iş gördü və bu işlərin hamısı da milləti üçün etdi. Hər şey göz qarşısındadır.


– Bəzi şəxslər var ki, onlar Əbülfəz Elçibəyin bütləşdirilməsinə isti baxmırlar. Siz nə düşünürsünüz bu haqda?
– Elçibəy xalqın adamı idi. Ən yüksək səviyyəyə gəlib çatanda da əslində xalqın içində idi. Onun nələr etdiyini xalq yaxşı bilir və görür. Əlizadələr Ayaz Mütəllibovla işləyirdi. Sonra AXC hakimiyyətə gəldi, bunlar keçdi müxalifətə. Onların hara və neçə işlədiyi də məlumdur. Elçibəy getdi, Heydər Əliyev gəldi. Bunlar Heydər Əliyevlə əməkdaşlıq etmək üçün yollar axtardı. Sonra prezident İlham Əliyevlə işləmək istədilər. Prezident seçkilərində Araz Əlizadə namizədliyini irəli sürmüşdü, amma öz platformasından deyil, indiki prezidentin gördüyü işlər haqda danışırdı. Bu qardaşların Rusiyaya bağlı olduğu bəllidir. Sabah hakimiyyətə başqa birisi gəlsə, dərhal dönəcəklər ona tərəfə. Deputat olmaq naminə yaltaqlıq, şər-şəbəkədən belə çəkinmədilər. İndi onların nə deməsindən asılı olmayaraq Elçibəyi hər kəs tanıyır. Əlbəttə, bəy rəhmətə gedən dövrdə bir az anlaşılmaz məsələlər var idi, bəzən insanlar yalandan deyilən sözlərə inanırdı. Amma zaman keçdikcə doğrular ortaya çıxır. Bu gün cəmiyyət, el-oba Elçibəyin şəxsiyyət olaraq kimliyi, millətinə nə dərəcədə bağlı olduğunu, vətəni və türkçülüyü necə sevdiyini bilir. Rüstəm Behrudi demişkən, Əbülfəz Elçibəyin şəxsi həyatı yox idi, onun həyatı elə millətin taleyi idi. İndi utanmadan durub şər-böhtan deyirlər. Bunlar haqsızlıq edir, nahar danışırlar. Bunun cəzası hökmən olacaq. Haqsızlığın sonunda buna cavab vermək lazım gəlir.


– Elçibəyin kürd olduğu iddiasına siz daha dəqiq cavab verə bilərsiniz…
-Sərsəmləmə, şər və böhtandır. Yazıqlar olsun.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300