Siqaret 2030-cu ilədək 10 milyon insanı öldürəcək

Martın 1-dən etibarən tütün məhsullarının nağdsız (kartsız) satışına yenidən icazə verilib. Buna görə də siqaretlərin qiymətində cüzi ucuzlaşma müşahidə edildiyi bildirilirdi. Bu xəbərin doğru olub-olmadığını yoxlamaq üçün siqaret satılan bir neçə marketə və köşklərə baş çəkdik. Siqaretlərin qiymətində heç bir ucuzlaşma və ya bahalaşma yox idi. Siqaretlər son bahalaşma qiymətləri ilə satılırdı. Ancaq satıcılar kartsız ödəniş həyata keçirilərsə, qiymətlərdə ucuzlaşma ola biləcəyini deyirdilər. Neftçilər metrosu yaxınlığındakı qəzet köşkünün satıcısı bir sıra bahalı siqaretləri iri marketlərin alıb gətirib satdıqlarını deyirdi: "Kartla ödəniş olduğu üçün bu siqaretlər bir başa bizə gəlmirdi. Biz xüsusən də bahalı olan "Kent”, "Sabranie”, "Viniston” kimi siqaretləri marketlərdən alıb üzərinə 20-50 qəpik qoyub satırdıq. Çox adam alanda narazılıq edir ki, bahadı. Ancaq bizə də qəpik-quruş qalmalıdır ya yox?”

"Rahat” satıcı Elvin Mürsəlov bu məlumatların yalan olduğunu dedi:"Siqaretlərin qiymətində ucuzlaşma yoxdur. Bunu niyə uydururlar bilmirəm. Bəzən alıcılar gəlib bizə irad bildirirlər ki, hər yerdə siqaretin ucuzlaşdığı yazılır, amma siz baha satırsınız. Biz başa salırıq ki, bu səhv məlumatdır”.

Siqaret alıcısı Sadiq Əliyev günə 2 qutu siqaret çəkdiyini, pis vərdiş olduğunu bilsə də ata bilmədiyini dedi: "Demək olar ki, maaşımın yarısı siqaretə gedir. Siqareti hər yerdə bir qiymətə satırlar. Məsələn 3 manatlıq siqaret köşklərdə 3 manat 50 qəpiyədir. Hətta bəzi yerlər var ki, üzərinə 1 manat qoyub satır. Bu düzgün deyil. Biz də sevinmişdik ki, siqaretin qiyməti ucuzlaşdı. Hətta elə vaxt olurdu ki, axtardığımız siqareti tapa bilmirdim”.

Qeyd edək ki, topdansatış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edildiyi üçün mağazalarda müəyyən növ siqaretlərin qıtlığı müşahidə edilirdi. Yeni qaydalara görə, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. İstənilən dükan siqaret almaq üçün ya bank hesabına, ya da VÖEN-ə bağlı kart hesabına malik olmalıdır.


Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə, 100 manat cərimə nəzərdə tutulub. Burada "az miqdarda” 50 manatlıq məbləği nəzərdə tutur.

Topdan və pərakəndə satış obyektlərinin nümayəndələri yeni qaydaların həm biznesə, həm də istehlakçılara ciddi ziyan vurduğunu bildirirdilər. Hazırda bu qaydanın ləğv edilməsi siqaretlərin ucuzlaşacağına ümid edənlər də var. Ancaq "European Tobacco Baku” ASC mətbuata açıqlamasında siqaretin qiymətinin düşməsi ilə bağlı xəbəri təkzib edərək hazırkı durumda bu məsələnin gündəmdə olmadığını bildiriblər.

Ümumiyyətlə siqaret həm cibə həm də cana ziyandır deyərək onun qiymətinin ucuzlaşmasını yox, əksinə dəfələrlə baha satılmasını arzulayanlar da var.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən tütün epidemiyası hər il 5,4 milyon insanın həyatına son qoyur. Əgər bunun qarşısı alınmazsa, 2030-cu ilə qədər tütün çəkmə ildə 10 milyon insanı öldürə bilər.

Siqaret dərinin sürətlə qocalmasına səbəb olur. Bundan başqa siqaret insanda asılılıq yaradır ki, bu da nikotin maddəsinin asılılıq yaratma xüsusiyyəti heroininkinə bənzəyir. Siqaret çəkmək bel xəstəliklərinin müalicəsinə mane olan amillərdəndir. Eyni zamanda, siqaret xəstəliyi olmayan insanlarda da kürək və bel ağrılarına səbəb ola bilir. Buna siqaret çəkən insanlarda bədənin onurğa disklərinə çox az miqdarda oksigen ötürməsi səbəb olur.

Bütün prostat xərçəngi növlərinin 40 faizinin səbəbi siqaret çəkməkdir. Siqaret çəkən qadınlar çəkməyənlərə nisbətən 75 faiz daha çox süd vəzi xərçənginə tutulma riski daşıyırlar. Anası və ya atası siqaret çəkən uşaqlar 6 qat daha artıq tənəffüs yolları xəstəliklərə tutula bilir. Siqaret çəkmək zaman keçdikcə orqanizmin insulin yaratma qabiliyyətini yox edir. Bu da şəkər xəstəliyinə səbəb olur. Siqaret çəkənlər çəkməyənlərdən 4 qat daha çox ürək xəstəsi olurlar. Siqaretin insan sağlamlığına törətdiyi fəsadları artırmaq da olar. Amerikalı alimlər "gündə neçə siqaret çəksən cana ziyanı olmaz” sualına cavab tapmağa, həm də bunun mümkünlüyünü öyrənməyə çalışıblar. Onlar 100-dən artıq könüllü üzərində araşdırma aparıblar. Eksperiment iştirakçılarının ağ ciyərlərinin vəziyyətini yoxlayıblar və sidik analizi götürüblər. Sonuncu analiz ona görə götürülüb ki, sidikdə nə qədər nikotin və kotinin olduqda ağ ciyərdə dəyişiklik baş verdiyi üzə çıxarılsın. Alimlər analizlərin yekun nəticələrini əldə etdikdə heyrətə gəliblər. Məlum olub ki, sağlamlıq üçün hətta bir siqaret də ziyanlıdır.

Həmçinin avropalılar siqaretin həm də insanın zamanını aldığı qənaətindədir. Məhz buna görə də onlar işə götürən zaman işə girmək istəyən insanın CV-də mütləq siqaret çəkir, ya çəkmir bölməsi olur. Hətta Amerikada bir çox şirkətlər, xəstəxanalar siqaret çəkənləri qəti surətdə işə qəbul etmir. Hətta işçilərdən kiminsə siqaret çəkdiyini görsələr həmin adam işdən çıxarılır. Tennessee əyalətinin Chattanooga şəhərində yerləşən Memorial Xəstəxanası iş üçün müraciət edən şəxsləri müayinədən keçirir. Əgər onların təhlillərində nikotinə rast gəlinərsə həmin adamlar işə götürülmür. Bu qayda az olsa da bir çox ölkələrdə var.

Azərbaycanda isə buna məhəl qoyulmur. Hətta digər ölkələrdə ictimai yerlərdə siqaret çəkmək qadağan olsa belə, Azərbaycanda bunun tam əksidir.

Günel Manaflı, musavat.com

 

cc54658d-3c89-4ecf-97c8-622017c4c0b9.jpg (82 KB)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300