Yazıçı-psixoloq Paşa Yaqub yeni yazdığı "Elmi-lədun işığında” kitabını nəşrə hazırlayıb.Kitabın birinci və ikinci hissəsindən parçaları və video-rolikiuluyol.info oxucularına təqdim edirik:

I HİSSƏ:

Yaradanın öz izni ilə ondan bir zərrəcik ayrıldı. Bu zərrəcik Yaşam zərrəciyi idi. Bu zərrəcik Kainatı partlayış nəticəsində yaratdı. Yaradılma zamanı hava, od, su, torpaq yarandı. Bu dörd ünsür də yerdə mineralları yaratdı. Mineralların da ruhu var. Çünki onlar daima hərəkətdədirlər. Əgər hərəkətdə olmasaydılar heç torpaqdan bitki bitərdimi? Minerallar və dörd ünsürün vəhdətindən bitki ruhu yarandı. Bitki ruhu minerallar və dörd ünsürlə birləşərək heyvanları - hiss duyğularına sahib olan məxluqları yaratdılar. Sonradan bu birliyin vəhdətindən bitki, heyvan, dörd ünsür və mineral birləşərək dünyanın bəzəyi və düşməni olan insan yarandı. Bu zaman dünyanın rüşeym dövrü olmuşdur. Necə ki, embrionun rüşeym dövrü olduğu kimi. Məgər inadkar insanlar bunun yalan olduğunu hesab edirlər? Bəs onlar embriondan ətə necə dönmüşdülər? İnsan İlahi qanunlarla təkamül etdi. Hal–hazırda bu təkamül insanın öz beynində getmirmi?

Vaxt var idi insan mağarada yaşayırdı və o elmsiz idi. Ehtiyac və maraq onu elmlənməyə şövq etmədimi? Yenilik gətirmək üçün mütləq elimlənməli və ifrat qadağalar zəncirini qırmalısan. İnsan elmlənmək istəsə, elm evini tikmək istəsə o evə hansı qüvvədir forma verən? Məgər bunu inadkar insanlar bilmirlərmi? Sonradan insana elm verən QÜVVƏ ona süni od əldə etməyi öyrətmədimi? İnsan elmləndikcə araba düzəltmədimi? Nə üçün insan ilahi qanun olan təkamülü inkar edir? Hələ insanlar bunu dərk etmirlərmi ki, təkamülə təkan verən qüvvə nədir? Təkamül hərəkət, zəhmət, inqilab isə, nəticədir.

 

Dünya sonradan körpəlik dövrünə qədəm qoymadımı?! Bu dövrdə təbiət ana rolunu oynamadımı?! Siz Yaradandan ağıl və səbr diləmək əvəzinə, var gücü ilə çalışmaq, araşdırmaq əvəzinə onun yaratdıqlarından qorxub ona ibadət etmədinizmi?! Körpəlik dövründə insanın ən böyük uğuru süni od, heykəltaraşlıq, rəssamlıq, çörəyin kəşf edilməsi olmadımı?!

 

 

Beləliklə, dünya uşaqlıq dövrünə doğru addımladı. Bu dövrdə insanlar heyvanları əhilləşdirdilər. Onlardan öz xeyirləri üçün minik, qoşqu, ətlik, südlük kimi, istifadə etmədilərmi?! Bir müddətdən sonra ağaclardan bu heyvanlardan istifadə etmək üçün arabalar düzəltdiniz. Bunun hamısına içinizdə olan yenilikçilik həvəsi yardım etmədimi?

Yeniliyi yaratmaq üçün Yaradandan elm diləməklə, onu sevməklə, zəhmət çəkməklə nail olmadınızmı?!

 

Vaxt ötdükcə sizin bəziləriniz tayfalar yaratdınız. Bu tayfalar sizin qohumlarınızdan ibarət idi. Sizlərin hissləriniz ağıldan üstün olduğu vaxt siz dünya malı üçün biri-birinizi öldürmədinizmi?! Axı sizin hamınız bir cüt insandan yaradıldınız; siz necədə nankorsunuz!? Bu tayfalar nəticəsində sizdə heyvani hisslər artdı. Necə ki, eyni anadan doğulmuş küçüklərin qabağına ət atanda biri- birini didən kimi, siz biri-birinizi diddiniz!

 

Sonra siz dövlət yaratdınız. Bu dövlətə quldar dövləti adı verdiniz. Özünüzdən olanlarla heyvan kimi rəftar etdiniz və onlara danışan əmək alətləri, canlı ölü adları verdiniz. Əslində siz onlardan heç nə ilə fərqlənmirdiniz. Öz hakimiyyətlərinizə bəraət qazandırmaq üçün buna dini don geyindirdiniz. Özünüzdən bütlər yaratdınız və bir də müqəddəs məkanlar yaradıb oranı Allahların evi adlandırdınız. Allahın hər yerdə olduğundan şübhəsiz siz xəbərdar idiniz. Çünki, sizlərdən elmlilər, filosoflar, peyğəmbərlər bunu dərk edirdilər. Nə fayda, onlar deyirdilər, siz isə, öz ideologiyalarınız üçün heyvanlaşıb onları bitki kimi əzib minerala döndərirdiniz. Amma, siz bunu dərk etmirdiniz ki, o günahsız kəslər Yaradana qovuşar, amma, sizlər - mənəvi aləmi zəif olanlar yalnız mineral olaraq qalarsınız.

 

Sizə elm verilmiş şəxslər gəldi. Bu şəxslər quldarlığın bir xəstə fikir olduğunu sizə dedilər və çoxlu elm adamlarının qurban verilməsindən sonra siz axırda bir az doğru yola gəldiniz. Bu dövrdə sizə elmli şəxs olan peyğəmbərlər qorxu yolu ilə sizə Haqqı göstərdi. Çünki, siz başqa yolla anlamırdınız.

Sonradan sizin bəziləriniz insanları parçalamaq üçün Yaradanın tək olmadığını və hər yerdə olmadığını sizin şüuraltınıza yeritdi. Siz onların dediklərinə inanaraq onların xeyirləri üçün ibadətgahlar yaratdınız və adınıda qoydunuz ki, bura Yaradanın evidir. Beləliklə, bütxanələr, sinaqoqlar, kilsələr, məscidlər yaratdınız. Əslində belə parçalanmalar sizi parçaladıqca parçaladı, biri-birinizə düşmən etdi.

Qorxu hissi sizə o qədər pis təsir etdi ki, sizin gözlərinizin önü pərdələndi. Qorxu hissini Yaradan insana ona görə bəxş etmişdirki, insan bu hissə çox bağlanmasın. Həqiqi qorxuya inanın, nağıllarla çulğalaşmış qorxuya yox. Siz əgər nağıllarla çulğalaşmış qorxuya inansanız mütləq hiyləgərlərin alətinə çevriləcəksiniz!

Siz Yaradandan qorxsanız, dövlətin ədalətsiz rəhbərlərindən də qorxacaqsınız. Çünki, siz Yaradanın özündən yox, Onun sizə verəcəyi əzablardan qorxarsız.

Süni inam saxta bala bənzəyər. Qorxu iradəsiz insana lazımdı; iradəli insan Yaradanı sevərək ona iman gətirər. Qiyamət günündən sui-istifadə edənlər sizin əməyinizdən sui-istifadə etdilər və sizi istismar etdilər!

Hər insanın şüuraltında xəyali şeylərə inam var. Əgər siz elmli olsaydınız, hər şeyə inanmazdınız. Vay o kəslərin halına ki, onlar qorxu hissindən sui-istifadə edərlər! Onlara inanmayın. Onların məqsədi sadəcə insanı alətə çevirməkdir. O insanlar pis əməllərindən əl çəksinlər! Qorxu tənbəllik, tənbəllik kasıbçılığı yaradır. Çalışın qorxunun dərinliyinə nüfuz edin və onu gücə çevirin. Həmin an çətinlik sizə asan görünəcək. Qorxu hissi iradəni zəiflədər; məhz o an sizin beyniniz qarışar.

Elmlənmək kimə ziyan gətirib? Siz yalnız elm və sevgi yolu ilə Yaradanı dərk edərsiniz. Elmlənsəniz ilahi qanunları kəşf edərsiniz və bəşəriyyətə yalnız fayda verə bilərsiniz. Bu dini kitab yox bu bir ağıl kitabıdır.

 

Siz bilməlisiniz ki, bu gün Dünya yeniyetməlik dövrünü yaşayır! Ağıl kitabı isə, sizi gənclik dövrünə aparan yollardan biridir. Bu kitabı yalnız aqil insanlar başa düşə bilərlər. Bu kitab sizi ruhlandıran bir kitabdır. Aqil insan xəyali qorxulardan qorxmaz! O, hər şeyin səbəbini axtarar. İnsanlarla heyvanların ortaq hisslərindən biri qorxudur. Heyvanda nə şübhə hissi var, nə də sevgi. Şübhə hissi insanı elmlənməyə şövq edir; sevgi hissi isə, ona ilham verir.

Insanlar seçimlə üz-üzədirlər: ağılın varsa yaxşı yolu seç, yoxdursa daima hər şeydən qorx, elmsizləş və ya özünə ziyan ver. Məgər insanlar bunu bilmirlərmi? Gərək onları qorxudasanmı?

 

Bütün əxlaqsızlıqların sonu erkən ölümdür. Bu ilahi qanundur; bunu heç bir insan poza bilməz! İnsanlar elmlənməlidirlər ki, hələ onlara məlum olmayan sirləri aşkar etsinlər və insanların erkən, qəfil ölümlərinin sayını azaltsınlar.

Elm inkişaf etdikcə, bütün qaranlıqlar aydınlanacaq. Ağaca nə qədər xidmət etsən, o qədər onun meyvəsi gözəl və şirin olar.

Biz hal-hazırda toplum olaraq yeniyetməlik dövründə yaşayırıq. Ona görə də bu dövrdə cəmiyyətdə yeniyetmələrə xas olan intizamsızlıq, əxlaqsızlıq, əks-cinsə maraq artır. Pis işlərə meyl çoxalır. Hamı qeyri-məqbul yollarla məhşurlaşmaq istəyir. Fikirləşin: bəşəriyyətin belə dövrü olubmu ki, kütləvi şəkildə yaşından aslı olmayaraq hamı hisslərinə hakim ola bilməsin; oxusun, əyləncə yerlərinə gediş–gəliş artsın? Hamı səbrsiz olsun? Məgər bunlar açıq-aşkar dəlil deyilmi?! Ey inadkar insan! Bunu nə üçün dərk etmək istəmirsən?!

 

Yeniyetməlik dövründən gənclik dövrünə hər adam keçə bilməyəcək. Çünki, insan hisslərini cilovlamasa tez məhv olar! Kainat insan üçün bir cəngəllikdir. Kainatda sonsuz sayda tapmacalar vardır. İnsanlar bu tapmacaları tapdıqca həm bəşəriyyət çiçəklənər, həm də tapan şəxsin vicdanı rahatlanar. Bu cəngəllikdən sağ çıxmağın yeganə yolu elmlənmək və Yaradandan ağıl və səbr diləməkdir. Bir toxumdan meyvə yaradan güc, qüvvə, enerji elm nəticəsində olmadımı?! Elmi sizə verən elmlilərin ən elmlisi Uca Yaradan deyilmi?!

 

Bütün insanlar birləşib, silahı yerə atıb, əllərinə qələm götürməli və İlahi qanunları kəşf etməlidirlər! Ən böyük tələbat bəşəriyyət üçün sülhdür! Elmi kəşflər edən, bəşəriyyət üçün çalışan, kasıba iş verən, haqqı nahaqdan ayıran, canına qəsd etməyən, kimsəsizə, yetimə əl tutan, qohuma-tanışa can yandıran şəxslər Yaradana qovuşarlar. Həmin şəxslər həm ürəklərdə, həm də vəhdət səmasına ucalar. O, Yaradanın gözü ilə görər, bütün sirlərdən agah olar, Haqqın adını öz adında müşahidə edər. Bəzi şəxslər Yaradana qovuşacaq, bəziləri isə mineral olaraq qalacaqlar. Minerallar xatırlanmayacaqlar. Xatırlansalar da yalnız pis əməl sahibləri kimi xatırlanacaqlar. Həmin şəxslər nə üçün həyatın mənasını bilmədilər? Çünki onlar elmsiz və sevgisiz idilər. İnsan daima yüksəlmək üçün yaşayır.Yaradan bu şəraiti bizə bəxş etmişdir. Məgər bu belə deyilmi?!

Bəzi insanı alətə çevirənlər nə üçün insanlara bədbinliyi aşılayır, onlara o dünyanı, ölümü tez-tez xatırladırlar? Bu şəxslər sizin yaxşılığınızı istəməz, sizi alətə çevirərlər. Toxum birdən birə ağac olmur. Rüşeym birdən birə insan olmur. Təkamül hər yerdədir. Bir şeyə nail olmaq istəyirsinizsə daima əziyyət və zəhmət çəkin. Ən böyük möcüzə ağıldır. Bundan başqa nə möcüzə varsa o cəhalətdir. Bu, insanın şüuraltında möcüzəyə inamla bağlıdır. Belə aldatmalara inanmayın. Bütün böyük adamlar sizin kimi adi insanlar olublar. Onlarla sizin aranızda heç bir fiziki fərq yoxdur. Bütün təqvimlər nisbidir. Əsl təqvim ağıllı insanın meydana çıxmasıdır. İnsan yaradılanların qaymağıdır və insan canlıların ən kamilidir.

İlk meydana gələn ağıllı insan Adəm və Həvva oldu. Həvva nəyin yaxşı və nəyin pis olduğunu adəmə öyrətdi. Məgər siz buna şübhə edirsiz? Yaranan heç bir canlı şər üçün yaradılmadı. Hər bir canlının öz missiyası var. İnsan özünə xeyirli olanlara yaxşı, pis olanlara isə, şər adını verdi. Adəm və Həvva qədim dövrün insanlarının simvolik adı olaraq qaldı. İnsan mağaradan çıxaraq gözəllikləri görmək istədi. Ona maraq və ehtiyac bu işdə yardımçı oldu. Adəm Ədndə bir baxça tikdi. Bütün heyvanların adını Adəm qoydu. Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxartmayın! Axı bu dünyada hər biriniz bir cüt insandan əmələ gəldiniz. Birləşin, bütün yer kürəsini bir kənd halına gətirin.

 

Məscidlərdə, kilsələrdə, məbədlərdə və sinaqoqlarda ibadət etmək Yaradana yaxın olmaq demək deyil! Yaradan hər yerdədir. Yaradanın sizin ibadətinizə ehtiyacı yoxdur. İnsan Yaradana özü üçün tək olanda dua edə bilər.

 

Ruhun kamilləşməsi ağılın kamilləşməsidir. Ağıllı olun ki, ruhunuz kamilləşsin. Əks təqdirdə öləndən sonra yuxulara girərək ac olduğunuzu bildirənlərdən olarsınız. Bütün incəsənət, heyrətamiz şeylər, müəssisələr, təsisatlar, kəşflər ibadətin yox, ağılın məhsuludur. Ağıl və səbrdən başqa istənilən dua istehlak təsərüfatının məhsuludur. İstehlak təsərüfatına ovçuluq, yığıcılıq və s. daxildir.

 

İnsanlar Yer planetinin körpəlik dövründə yaxşı meyvə və tərəvəzlər toplamaq üçün, yaxşı heyvanları ovlamaq üçün dua etməyə başladılar. Lakin, nemətlərin azaldığını gördükdən sonra, onlar Yaradandan ağıl istədilər. Ağıla sahib olduqan sonra onlar heyvanları əhilləşdirdilər və onlardan ətlik, südlük kimi istifadə etdilər. Bitkilərin yeni formalarını yaratdılar. Bunların hamısını elm yolu ilə etmədilərmi?! İnsan elmlənməsə onun heyvandan heç bir fərqi yoxdur. Yaradana inamı olmayanlar heç vaxt xoşbəxt olmazlar! Onlar daima həyatda "bəxtim yoxdur” deyərək ahu-zar edərlər. Yaradan kainatın hissəsi yox, Mənbəyidir.

Məqsəd, dayaq, şahid, ustad, məskən, sığınacaq, ən yaxşı dost Yaradandır! Yaranma və doğulma, hər şeyin bünövrəsi Onun qanunları ilə hərəkət edir.

 

Ey insanlar! Bitkilərdən torpağa bağlılığı, qarışqadan dostluğu, birliyi, əməksevərliyi; hörümçəkdən toxuculuğu öyrənmədinizmi?! Nə oldu keçmişinizi unutdunuz?! Özünüzü hamıdan üstün hesab etdiniz!? Bəs nə üçün təbiəti məhv edirsiniz?!

Cəhalətdən doğan zülməti biz ağıl kitabının çırağı ilə işıqlandıracağıq. Bəşəriyyəti, sivilizasiyanı irəli aparan insan şübhəsiz nicat tapacaqdır. O, bütün insanları fikirləşib, məhz bu əməli etmişdir. Bəşəriyyəti fikirləşəni şübhəsiz, bəşəriyyət də onu fikirləşər.

Hər adama da yaxşılıq etmək olmaz. Yaxşılığın qədrini bilənlərə, dürüst insanlara yaxşılıq etmək ən məqbul olandı. Həm də, yaxşılığı yerinə görə edənlərdən olun. Biri var bulağın başında bir adama ehtiyacı olmadığı halda, bir cam təmiz su verəsən, biri də var səhradaki adama bir qurtum su verəsən. Səhrada verilən bir qurtum su, bulağın yanında verilən bir cam sudan sənə daha çox hörmət gətirər.

 

Bədən sahədir birinci ruh o bədənin sahəsi, ikinci ruh isə, bədənin suyu, günəşi və havasıdır. Günəş təkbaşına yer səthini işıqlandırdığı kimi, ikinci ruhunuz da inkişaf etdikcə sizi elə işıqlandıracaq və nura qərq edəcəkdir. İnsanın ən zəif yeri göbək və başıdır. Hər iki ruhunuz da buralarda yerləşir. Amma, siz bundan xəbərdar deyilsiniz.

 

Natəmiz, yalançı və riyakar adamı düz yola gətirən adam nə bəxtiyardır. Aqil insan qəzəbə və tamaha nifrət etməlidir. Ey kainatı Yaradan! Sən vasitələrlə hər şeyə qadirsən və Sən hər yerdəsən. Dünyada yalnız sülh olsa hər yer müqəddəs olar. Səndən yalnız ağıl və səbir diləyirəm! Məni ağıl və səbr verdiyin kəslərin yoluna yönəlt! Yönəlt ki, elmlənim, hamıya yaxşılıq və bəşəriyyətə sülh gətirim. Elmi kəşflər edim ki, insanlar boş yerə ölməsin. Yaxşılıq icad edim ki, əmin-amanlıq olsun. Yaradanım! Sən bizi bunun üçün yaratmadınmı?! Bir insanı xilas edən bütün bəşəriyyəti xilas etmiş kimidir. Sənə qovuşmağım üçün mənə sirləri agah et!

Yaradan uludur, onun heç nəyə ehtiyacı yoxdur. Mələk insanın ağlı, Şeytan insanın ac hissləridir.

Yaradanın işarəsi bütün canlılarda var. Yer planeti özü də canlıdır. Bütün canlılar Yaradandan qopan zərrəciklə yaranıb. Yer planetinin də, bəşəriyyətin də ruşeym, körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, qocalıq dövrü olacaqdır.

Körpəlik dövründə hazır məhsulları mənimsəmişlər; uşaqlıqda bir-birilərini aldatmışlar, bir-biriləri ilə savaşmışlar.

Yeniyetməlik hazırki dövrümüzdür. Bu dövrdə insanlar yaşlarından aslı olmayaraq hamı soyunmaq, başqa cinsləri öyrənmək istəyir və daima diqqət mərkəzində qalmaq istəyərlər.

Gənclik dövrü isə, aqil insanların dövrü olacaqdır. Bu dövrdə insanlar okeanların, dənizlərin altında və digər planetlərdə səyyar və daimi şəhərlər yaradacaqlar.

 

Qocalıq dövrünün iltihabları gənclik dövrünün səhvlərindən qaynaqlanacaqdır. Yeniyetməlik dövründə yenidən uşaqlıq dövründəki kimi savaşlar olsa, bu yer kürəsinin məhvinə gətirib çıxaracaqdır. Gəlin gənclik dövrünə birlikdə qədəm qoyaq. Bu İlahi qanunların tərkib hissəsidir. Hərə özü üçün Yaradana dua etməlidir, çünki, sən dünyaya tək gəlirsən və öləndə tək basdırılırsan. Yalnız, əkizlər istisnadır.

Təbiətdə hər şey hərəkətdədir. Çalışın daima hərəkətdə olun, fərqi yoxdur fiziki və ya zehni hərəkətdə. Çünki, kamilləşmək yalnız bununla mümkündür. Biz cəmiyyəti elə inkişaf etlətdirməliyik ki, kömür parçası almaza çevrilsin; meyvəsiz ağac meyvə versin.

Göydəki buludlar qədər mürəkkəb olsa, saçınızdakı tüklər qədər qələm olsa, Yaradanın qüdrətinin göstərməyə azlıq edər. Bildikləriniz, öyrəndikləriniz və öyrətdikləriniz dəryada bir zərrə qədərdir. Elmlənin ki, sirlərdən agah olasınız. O şəxslər ki, Yaradana inanır, Onu məhəbbət və ağıl yolu ilə dərk etməyə cəhd edirlər, o, şəxsləri qorxutmaq qurdu quzu ilə qorxutmağa bənzəyir.

Sonsuz Kainat insan bədəninə bənzəmirmi? Bütün orqanlar bir-birilə qanunauyğun şəkildə bağlı olduğu kimi, kainatdakı hər şey beləcə biri-birinə bağlıdır. İnsanlar arasında qarşılıqlı inam olsa bir adamın barmağı belə qanamaz.

Nə istəyirsiz istəyin, amma, var gücü ilə istəyin istəklərinizi. Vərəqlərə yazın və hər gün hədəflərinizi ziyarət edin. Amma unutmayın ki, yüz mərtəbəli binanın onuncu mərtəbəsinə çıxmaq istəyirsinizsə, yüzüncü mərtəbəni hədəf alın.

 

Tibb elmi hələ yeniyetməlik dövründədir. O, hələ gənclik dövrünə çatmayıb. İnsanın bədənində tarazlıq olmasa, insan məhv olar. Gələcəkdə müalicə yeməklə, içəcəklərlə və meyvə-tərəvəzlərlə həll olunacaqdır.

Heç bir cinayətkar bağışlanmamalıdır. Əks təqdirdə ədalət zənciri qırılar, bəşəriyyət məhv olar. Unutmayın, insaf qanunların təməlidir. Ədalət bəşəriyyətin ən böyük silahıdır. Yalançı əfv isə onun ölü doğulmuş uşağıdır. Aqil insan heç vaxt cinayət törətməz. Cahillik cinayətin əsas səbəbkarıdır. Elmli, intelektual insan heç vaxt başqasına pislik etməz, cinayət törətməz. Əgər o oxumuş biridirsə, bunu edirsə, o özünü pula satan bir fahişədir.

Bəşəriyyətə olan məhəbbət Yaradana olan məhəbbətin bir parçasıdır. İnsan öz Yaradanını sevməlidir, Ondan qorxmamalıdır. Şüursuzlar qorxmalıdır. Yaradana olan məhəbbət artdıqca millətlərarası ədavətə son qoyulacaq, bəşəriyyət çiçəklənəcək, hamı tərəqqi və inkişaf edəcək.

 

Qəssab qoyunu ona görə bəsləyir ki, gələcəkdə qoyunu satıb xeyir əldə eləsin və öz balalarına çörək pulu eləsin. Həyatda insanlar ya qəssab olar, ya da qoyun. Qəssab bacarıqlı insandır, qoyun isə şüursuz. İbrət al ey bəşər övladı!

 

Bütün dini, irqi, sinfi, cinsi, və s. ideologiyaların əsas məqsədi insanları qırmaq, kölə halına salmaq və dünyanı ələ keçirməkdir. Yer planetinin heç bir yeri digər bir yerdən müqəddəs deyil. Yer əhlini dostlara və düşmənlərə bölmək çoxallahlılığa işarədir. Yaradan təkdir. Eşq atəşi alovlandımı, ağıl xırmanı yanar. Xırman hazırlandısa, çörək bol olar və bəşəriyyət həqiqət bilər; hər deyilənə inanmaz.

Hisslər daima sizi aldadar. Çalışın ağıl ilə hisslərinizi birləşdirin, sonra qərar verin. Yaradan öz əlamətlərini, ilahi qanunları, təkamülü sizin bədənlərinizdə göstərmədimi?! Siz körpə, uşaq, yeniyetmə, gənc, yetkin və yaşlı olduğunuz kimi, fəsillər – yaz, yay, payız, qış – də bu qanunauyğunluqla sıralanmışdır. Hələ bu sizə ibrət vermirmi?!

Yaradanın qanunları hər yerdə olduğu kimi, O hər yerdədir. Məgər sizlər hər hansı bir yeri müqəddəs edib, Yaradanın evi adlandırmadınızmı?! Məgər bilmirsinizmi ki, bu cəzasız qalmayacaq?! Vay o kəslərin halına Yaradana şərik qoşdular! Yaratdıqları evləri Yaradanın evi adlandırdılar. O şəxslər daima mineral olaraq qalarlar. Onlar öz mənfəətləri üçün insanları aldadarlar. Yaradan hər yerdədir! Hərəniz özünüzə bir qibləgah düzəldib, sonradan biri–birinizlə vuruşmadınızmı?! Bunlardan hələ də nəticə çıxarmırsınızmı?!

 

Yaradandan maddi şeylər diləməyin, Ondan yalnız maddini yaradan şeylər diləyin! Mənəvi nemətlərlə qidalanın, həftədə bir dəfə oruc tutun. Yuxuda böyük hikmətlər yatır, ora bir sirli aləmdir. Silahın ox və ya güllə olmağı əsas deyil, əsas odur ki, hədəfə vura biləsən.

Yeməklərinizi bitki yağı ilə bişirin, bu haqq olandır.

Gözəl geyinən insan yaxşı yarpaqları olan və meyvələri bol olan ağaca bənzəyir. Gizli yerlərinizi örtün, ədəblilərdən olun. Əks halda ucuzlaşmışlardan olarsız. Hamı sizə baxar, deyər ki, bu əcdadlarımız kimi lüt gəzir. O şəxs heyvanlara bənzər; axı heyvanların da paltarı yoxdur.

Ruhanilik tarixə qovuşmalıdır. Aqil insanlar olun ki, heç kim sizə öyüd nəsihət verməsin. Kamil insana öyüd nəsihət nəyə lazımdır? Axı o, Haqdan agahdır.

Ey insanlar, nə üçün hər hansı ideologiya üçün canınızı boş –boşuna qurban verirsiz?!

İnsan bədəninə ziyan verən şeylərdən istifadə etdikcə, ona o əşyanı 10 qat baha satın. Yaradanın heç nəyə ehtiyacı yoxdur. Sizlər fanisiniz, sizin ehtiyacınız var – maddi və ya qeyri maddi şeylərə. İbadətgahlar düzəldib Yaradanın adına çıxaranlar və bu işdən pul qazananlar, siz Yaradanı aldada bilməzsiniz.

 

Ağılla arzu tərs mütənasibdir. Ağıl artdıqca arzunun sayı azalır və konkretləşir.

Gecə-gündüz dəhşət içində olacaqsınız, əxlaqsızlığın nəticəsində cürbəcür xəstəliklərdən tələf olacaqsınız. Yaşamınızın güvənliyi olmayacaq; ürəyinizə qorxu saçan xəbərlər eşidəcəksiniz. Sabahlar: "Kaş ki axşam”, axşamlar: "Kaş ki sabah olsun” - deyəcəksiniz.

Yaradanın qüdrətini yalnız müqəddəs kitablarla məhdudlaşdıranlar, siz nə üçün insaları alətə çevirirsiniz?! Bilməyənləri aldatmaq məgər qəhrəmanlıqdırmı? Hər kəs fikirdə azaddır.

Bu kitab bütün dinləri atanın övladlarını bir-birindən ayırmadığı kimi, ayırmayan bir kitabdır. Hansı din pis yolları göstərib? Heç biri! Dinlər arası müharibələrin əsas səbəbi din başçılarının, rəhbərlərinin öz subyektiv fikirləridir. Hər din nümayəndəsi özünü haqlı sayır. Bu kitab bəzi dini kitablar kimi sizi imtahan qorxusundan danışıb, sizi ruhən şikəst etməyəcək. Bu kitab sizi imtahandan keçməyə hazırlayacaq. Sizin yolunuz zor, çətin və tikanlıdır. Siz elminiz və səbrinizlə onlara qalib gələcəksiniz. Dini kitablar daima qorxunu təlqin edirlər. Sizin imtahandan sonra necə olacağınızı yox, imtahana necə hazırlaşmağınızı sizə öyrədirik. İmtahandan sonranı fikirləşincə, imtahana hazırlaşmağı üstün tutan heç vaxt depresiyaya düşməz. Heç Adəmə ibadətgah tikmək əmr olundumu? İbadətgah pul qazanmağın ən asan yoludur.

Beyin enerjiniz bütün məlumatların açarıdır. Bu enerjidə canlı ruh var. Bu ruh kamiləşməsə məhv olar. Bu ruha gümüş tel də deyirlər.

Yenıyetməlik dövrü bir şəhvət dövrüdür. Pis günün ömrü az olar. Dünya hamıya çatacaq qədər böyükdür. Başqa ölkələrdə yaşayan insanları əzməkdənsə, onlarla qohum olun, əl-ələ verin, şöhrətiniz dünyaya yayılsın. Sizlərin hər biriniz bir lidersiniz və sizlər dünyaya böyük işlər görmək üçün doğulmusunuz. Xoş arzunuza çatmaqda Yaradan daim sizin yardımçınızdır.

Müharibələri tamahdan edirsiniz. Ey rəhbərlər, sərhədləri açın, birləşin, dünya sizin vətəninizdir. Hamınız qohumsunuz və təkrarən də qohum olacaqsınız. Yemi olan öküz heç böyürərmi? Otu olan uzunqulaq heç anqırarmı? Siz müharibə edəndə bunlardan fərqlənmirsiniz! Müharibə hər şeyin dadını qaçırdır. Həyatın mənasını itirir.

Miras olaraq sizə boş aylar verildi, nə üçün çalışıb elmlənmirsiniz? Daha nəyi gözləyirsiniz? Müharibəyə lənət olsun! Selin torpağı sürükləyib götürdüyü kimi, insan elmlənməsə onun bütün ümid və xəyalları elə yox olar. Təxirə salınan ümid xəyal qırıqlığına uğrayar. Yerinə yetən arzu isə, insanın ömrünü artırar. Nə üçün öləndən sonra adınızın dünyadan silinməsinə razı olursunuz? Qoy sizin adınızla bəşəriyyətdə yeni səhifə açılsın. Elmlənsəniz bəşəriyyətə daima işıq saçacaqsınız; qohumlarınız, sizi tanıyanlar daima sizinlə fəxr edəcəklər. Bir daha dünyaya gəlməyəcəksiniz. Pislik edənlərin, xeyirxahları təqib edənlərin sonu necə də dəhşətdir! Onlar aclıq və səfalət içində ölərlər. Bu şəxslərin Yaradana qovuşmağı yarasanın günəşi görməsi kimi bir şeydir. Əslində sizlərin elmliləri bilirlər ki, biz kafir deyilik. Biz həqiqəti dediyimiz halda, siz guya Yaradanın yanında yaxşı olmaq üçün elə bizi inkar edirsiniz. Amma, sizlər hər bizi inkar etdikcə dəli olacaqsınız və özünüzü öldürənlərdən olacaqsınız.

Həqiqəti demək üçün nə yaşca böyükdən, nə də pulca sizdən artıq olandan çəkinməyin. Daima həqiqəti deyin. Onda bu xəstə cəmiyyətə dərman olarsınız. Böyüyə yox, ağıllıya tabe olun. Bizi anlamayanların ürəyi yağ bağlayıb, ağızlarından böyük sözlər çıxır.

Bu deyilənlərdə bir pislik varmı ey ağıl sahibləri?! Yaradanın sirlərindən agah olsanız, ömrünüz uzun və üzərinizə bərəkət yağar.

Gələcəkdə memarlıq üslübları ağaclara, heyvanlara və insanlara bənzəyəcək. Biz dağın zirvəsindən axan çayıq, surətlə axa-axa gəlirik. Bəzi insalar bizim qabağımızı kəsmək istəyirlər, bizi göl edib iyləndirmək istəyirlər; amma, bu faydasızdır. Biz yolumuzdan əsla dönmərik. Biz insanları bölmürük, sizlər bölürsünüz. Həyat hərəkətdir. Bu qısa ömrü əbədi həyat kimi yaşamaq lazımdır. Bir gün ürəyinizcə yaşamaq bir il əzabla yaşamaqdan üstündür. Gələcək elimli adamlara məxsusdur. Elmsizə gələcək keçmiş, keçmiş isə, gələcək kimidir.

II HİSSƏ:

Ey bəşər övladları! Yaradanın xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar.

 

Yaradana yaxınlaşmaq üçün vasitə axtarın. Əgər yetimlərin həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə, o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun.

 

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın!

 

Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Yaradan barəsində yalnız həqiqəti deyin. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa qalan insanlar ziyan içərisindədir.

 

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Siz yetimə ehtiram göstərməlisiz, kasıbı yedirməyə bir-birinizi təhrik etməlisiniz. Mirası hərisliklə yeyirsiniz, var-dövləti də hərisliklə sevirsiniz.

Yaradan hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi. Yaradan sizi torpaqdan bir bitki kimi bitirmişdir. Çalışın biri-birinizi kasıbı yedirtməyə rəğbətləndirin.

 

Kamil insanlar dünyanı əl içi boyda bir çadıra çevirəcəklər. Sizlər bir gün səhər yuxudan oyananda görəcəksiniz ki, bir gecədə dünyaya sülh qarı yağıb, sərhədlər görsənmir. Bu sərhədlər millətləri, irqləri, ölkələri, bir–birindən ayıran bir maneədir. Sizlər o an dünyanın vətəndaşı olacaqsınız. Elə hökümətlər vardır ki, günün günorta çağı, öz xalqını soyurlar. Onıar yalandan Yaradanın adından danışarlar, adil olduqlarını deyərlər. Onların sözlərinə yox, əməllərinə baxın.

 

Hansı ölkədə ki torpaqlar məhsuldardır, orada idarəedənlər ədalətsiz, yalançı olar. Hansı ölkədə ki torpaqlar məhsuldar deyil, insanlar aqil olar, idarəedənləri isə adil olarlar. Bunun səbəbi həmin torpaqların üzərində yaşayan insanların elmə marağından aslıdır. Çalışın, torpaqla uğraşarkən elmlənməyi də unutmayın ki, əməyinizi istismar etməsinlər. Haqqınızı elminizlə qoruyun.

Güclü küləklərin qaldırdığı dalğalar ləpələnəcək, sərhədləri aşacaq, dünyaya səs salacaqdır. Ədalət bərpa olunduğu gün sülhün doğulduğu gündür.

 

Bəzi dəllallar sizin yaradıcı istedadınıza mane olarlar; sizə paxıllıq edərək belə söylərlər: "Həyat bir anlıqdır və fanidir, özünü belə şeylərlə yorma”. Belə sözlərə aldanmayın. Çalışın dünyanı və insanları mütərəqqi fikirlərlə dəyişin. Onda uğur qazananlardan olarsınız.

 

Biz elə etməliyik ki, hamı müdrük olsun. Müdrük insanın ürəyi tərəziyə bənzər və o heç bir şəxsin haqqında girməz. Avam insan isə, kar, kor, lal insana bənzəyər; onda yeni fikirlər yoxdur. Onu ancaq qədimdən gəlmə fikirlər və öz dərdi maraqlandırar. Onlarda özünə inam yoxdur.

 

Kamillik dövründə yoxsulların nəsibi susmaq və səbr etmək olmayacaq. Əsəbləşmək, hirslənmək acizlik əlamətidir. Əsəb coşğunluğu olan insanın ən böyük dərmanı oruc tutmaq, təmiz havada gəzmək və xoş ünsiyyətdir. Bütün əsəbiylə ətrafa atəş saçan insana veriləcək ən böyük cavab susmaqdır.

Şəhərləşmənin gətirdiyi yalnızlıq, susqunluq, qohumu sevməmək hissi kamillik dövründə qar kimi əriyib yoxa çıxacaq.

 

Qənaətcil olun, israfçı və xəsis yox. Aza qənaət edə bilməyən çoxa da qənaət edə bilməz. Pul sizin tanrınız yox, xidmətçiniz olsun. Pul elə bir şeydir ki, o qəfildən artdıqca insan ölümsüz olacağını düşünür. Pul sizin ömrünüzü artırar, amma, sizə əbədi həyat verməz. Gərək siz cəmiyyətə faydalı olasınız ki, Yaradana qovuşanlardan olasınız.

 

Kamil insanlar çeşməyə bənzəyərlər. Elə çeşmə ki, o susuzluqdan yanan dodaqların alovunu alan fərahlıq mərkəzidir.

 

Hər bir şeydə gözəlliklər görməyə çalışın. Hər çirkinlikdə bir gözəllik gizlədilmişdir. Aqil olun ki, bunu tapasınız. Bunu tapan insanlar uzunömürlü olarlar. Könül nə mal istər, nə mülk; könül ədalət və sevgi istər.

 

Yaxşılıq icad edənlər Yaradana qovuşarlar. Pislik icad edənlər vəhşi heyvandan fərqlənməzlər. Bütün insanlar, irqlər, dinlər bir kökdən yaranmışlar və bunları ayırmaq əti dırnaqdan ayırmağa bənzər. Can qorxusu olmasın, bəşəriyyətə fayda verməmə qorxusu olsun. Yer kürəsi bizim vətənimizdir.

Sual verməkdən qorxmayın. Dünyada sual verənlərin sayı çox olsa avamlıq tarixə qovuşar.

Xoş ətirlərdən istifadə edin; onlar ürək açandır. Ətir bayramı keçirin. Çalışın həmin bayramda yeni-yeni ətirlər yaradın, həmin ətirlərin ilk iyi ətir bayramında hiss olunsun.

 

Konstitusiyalar, qanunlar sizi qorxutmasın; unutmayın ki, onlar qələmlə yazılıb və silinərək sizin üçün daha sərfəli şərtlərlə əvəzlənə bilər. Əsas odur ki, haqqınızı, hüquqlarınızı tələb edənlərdən olun.

Həyat elə bir müəllimdir ki, heç bir tələbəsinə öz sirlərini təcrübəsiz öyrətmir.

 

Pis adamlar çoxdur. Pis adamların bəziləri istəyir ki, onun ucbatından heç kəs sevinməsin, elə olsun ki, hamı ona möhtac olsun, amma, o heç kimə təmənnasız yaxşılıq etməsin. Əgər kimsə bir başqasına yaxşılıq edirsə, paxıl adamlar kədərlənər və ürəyində deyər ki, vay, o məndən daha yüksək olacaq. Bir para pis adamlar isə, daima fikirləşər ki, qoy başqasının haqqını yeyim; nə olur olsun, pulum çox olsun, o zaman mən ölümsüz olaram. Bir qurup pis adamlar da çalışarlar ki, yaxşılıq və xeyirxahlıq həmişəlik yer üzündən silinsin.

 

Sevgi səmimilik yaradır, qorxu isə, tabeçilik yaradır.

 

İnkişaf etmiş ölkələr lütləşməklə, əxlaqsızlıqla inkişaf etmədilər. Elə olsaydı ibtidai icma quruluşunda paltarsız insanlar ən inkişaf etmiş ölkə yaradardılar. Əxlaqsızlıq insanı, ailəni, dövləti məhv edir. Ancaq elmlə, biliklə inkişaf etmək olar. Əxlaqsızlığın qarşısını almaq üçün çoxlu iş yerləri açın və gəncləri evlənməyə təşviq edin. İçimizidən keçən yaxşı niyyətlər belə bizim əxlaqımızı gözəlləşdirir və bir gün gəlir o yaxşılığı həyata keçirmək imkanı doğurur.

 

İnsan anlamalıdır ki, onun oruc tutmasının, ibadət etməsinin Yaradana xeyri yoxdu və o, bunları yalnız özü üçün edir. Bütün sıxıntılarımız özümüz üçün dua etməməyimizdən və paylaşmamağımızdandır.

İnsanı qorxuya salan məlumatsızlıqdır; oxuyun ki, məlumatınız çoxalsın.

 

Bu kitab mimikadan istifadə etməyən natiqdir. Bu kitab qədimdəki vəsiyyətləri gələcəkdəkilərə çatdırar. Maşın yanacaqsız hərəkət etmədiyi kimi, insan da yaxşı əməlsiz yaşaya bilməz. Müdrüklərin xəbərdarlıqlarına qulaq asmayan əvəzini ödəyər; buyruqlara hörmətli olan mükafatını alar. Müdrüklərin öyrətdiklərini həyat qaynağı bilin, insanları erkən ölüm tələlərindən qurtarın.

 

Ehtiyatlı adam işini bilərək edər; ağılsız adam isə, axmaqlığını sərgiləyər.

 

Yerinə yetən dilək xoşbəxtlik gətirər. Ağılsız adam pislikdən uzaq qala bilməz.

 

Müdriklərlə dostluq edən müdrik olar; ağılsızlarla dostluq edən zərər görər. Müdrik qadın evini saray edər. Axmaq qadın isə, evini xarabaya çevirər. Axmaq müdrikliyi axtarsa da tapa bilməz. Ağıllı üçünsə bu su içmək kimi asandır. Axmaq adamlardan uzaq gəzin, çünki, onda öyrəniləsi bir şey yoxdur.

Elə yol var ki, insana düz kimi görünər, amma, sonu ölümdür. Bu yol əxlaqsızlıqdır.

 

Axmaq adam hər sözə inanar. Ehtiyatlı olansa atdığı hər addımı hesablayar. Müdrik adam qorxduğu üçün, pislikdən uzaqlaşar; fikirləşər ki, bu əməl, bu qida onun səhhətinə ziyan gətirər. Axmaq isə, nağıllardan qorxub bu işi etməz. Axmağın mirası ağılsızlıqdı. Müdrükün tacı isə ağıldır. Kamillik dövründə alçaqlar yaxşılara, acgözlər isə, müdrüklərə məğlub olacaqlar.

 

Tənbəli doğmaları da sevməz; lakin çalışqanın dostu çoxdur. Daima çalışqan olun. Hər əmək qazanc gətirər. Əməlsiz ibadət isə, insanı tənbəlliyə aparar.

 

Dünyanın ucalığı xalqların vicdanının və elminin artmasına bağlıdır. Xalqlar vicdansız və elmsiz olarsa dünya məhv olar.

 

Gec hirslənən ağıllı, tez hirslənən isə axmaqdır.

 

Sülh sevən insan çox yaşayar; dalaşqan isə az.

 

Tənbəl olub cəmiyyətə yamaq olmaqdansa, çalışqan olub hamıya xeyir vermək daha üstündür.

Müzakirə olmasa nəyin düz, nəyin səhv olduğunu siz heç vaxt bilmərsiniz. Qərarlarınızı müzakirə edərək verin.

 

Halallıqla qazanılan az şey, haqsızlıqla qazanılan böyük gəlirdən daha bərəkətlidir.

İnsan ağlı, maşın sürəti, mal çəkisi ilə fərqlənər. Ağıl insanın mənəvi çəkisini artırar. Onların doğumları və ölümləri də fərqlidir. Allah buyrduqlarını ağıllı şəxslərin diliylə açıqlayar. Bu səbəbdən ağıllı şəxslər ədaləti tapdalamazlar. Dürüst danışanı hamı sevər, çünki, onlar cəmiyyəti xəstələnməkdən qoruyarlar.

 

Xoş söz pətəkdəki bal kimidir – cana şirin və bədənə şəfadır. Sülhü sevin, bu bəşəriyyətin ən böyük tələbatıdır.

 

Çörəkçini çalışdıran onun iştahıdır; tənbəllik insanı qamçılayar.

 

Göz qırpmaq əsəbiliyə və yalançılığa, hiyləgər təbəssümlər isə, pisliyə işarədir.

 

Səbrli şəxs igiddən daha üstündür. Özünə nəzarət edən şəxs uca fatehlərdən daha üstündür

 

Nəvələr babaların, ədalət də idarəedənlərin tacıdır.

 

Ağılsıza ağıl vermək balaları əlindən alınmış ayıyla vuruşmaq kimidir.

 

Davanın başlanğıcı su sızıntısına bənzəyər. Qan çıxmamış çəkişməni bitirin, axı sizlər müdriksiniz.

 

Ağılsız tez təsir altına düşər, onun gözündə bir pərdə var, onun beyni çox zəifdi, nə desələr ona da inanar. Ağılsız onu doğana dərddir, onun atası xoşbəxtlik nədir bilməz.

 

Rüşvət alan sizin haqqınızı oğurlayan kəsdir.

 

Müdrik insanın ağzından çıxan sözlər saf su kimidir. Heç kəsə nifrət etməyin, onlara həqiqəti izah edin.

 

Ağılsızın dili onu ölümə aparar. Qulaq asmadan cavab vermək ayıb və axmaqlığa yozular. Ədalət hisslə dərk olunmur, o ağılla dərk olunur.

 


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300