Professor Mehmet Şahingöz: "Osmanlıda türk sözündən istifadə edilmədiyi dönəmlərdə Çar Rusiyasındakı türk ziyalılar bu sözdən istifadə etməyə başladılar”
Yəqin ki, Azərbaycanda az adam bilir ki, Türkiyədə türkçülük adı ilə fəaliyyətə başlayan ilk təşkilatın yaradıcıları arasında azərbaycanlılar olub. Mərkəzi ofisi Ankarada eyni adlı küçədə yerləşən "Türk Ocakları” Dərnəyi hələ Osmanlı dönəmində - 1912-ci ildə qurulub. Təşkilatın qurucuları sırasında Əhməd Bəy Ağaoğlu, Əli Bəy Hüseynzadə kimi şəxsiyyətlər olub. "Türk Ocakları” qısa müddətdə, yəni Cümhuriyyət dönəmində Azərbaycanda da fəaliyyət göstərib. Qəribə də olsa Osmanlı dövlətində türklük fəaliyyətləri o zamankı Çar Rusiyası ərazilərində yaşayan türklərdən gəlib. Məhəmməd Əmin Rəsulzadə bu təşkilatla yaxından əməkdaşlıq edib.
"Türk Ocakları” Dərnəyinin sədr müavini, Qazi Universitetinin professoru Mehmet Şahingöz müsavat.com-a təşkilatın tarixçəsi, türklük mövzusunda maraqlı məlumatlar açıqlayıb.
"Sovetlər zamanı Türkiyədə hər il iyulun ilk həftəsini "əsir türklər həftəsi”
olaraq qeyd edir, SSRİ tərkibində olan türk xalqlarına həsr olunmuş proqramlar
təşkil edirdik. Bizim əsas hədəfimiz türk xalqları arasında bağları gücləndirmək,
milli-mədəni dəyərləri qorumaq, bağlarımızı daha da gücləndirməkdir”.
Bunu da söhbətin əvvəlində bildirdi həmsöhbətimiz. M.Şahingöz 1990-cı illərin əvvəlində Bakıda olub. Deyir ki, o zaman "Türk Ocakları” SSRİ-dəki türk xalqlarının ləhcələrini öyrənən kurslar yaradıblar. Daha sonra bu kursları bitirənlər Azərbaycana səfər ediblər.
Bu il "Türk Ocakları” 105-ci yaşını qeyd edəcək. Rəsmi olaraq 1912-ci ildən fəaliyyətə
başlayıb. Mehmet Şahingöz deyir ki, bu təşkilatın yaranması üçün baza səbəblər
daha əvvəldən formalaşıb: "Öncədən başlayan bir sıra fəaliyyətlər olub. Bu
proseslər dünyada gedən dəyişikliklərin bir tərkib hissəsi kimi oxunmalıdır.
Bildiyiniz kimi, Osmanlı İmperiyası 20-ci əsrin əvvəllərində zəifləmişdi, çöküş
dönəmini yaşayırdı. O zamankı Osmanlı ziyalıları dövləti qorumaq üçün bir sıra
fikirlər, ideyalar irəli sürdülər, əllərindən gələni etdilər. Daha öncə Osmanlı
xalqlar birliyi ideyası irəli sürülmüşdü, ancaq o zaman Qərb ölkələrinin
qızışdırdığı bir sıra fəaliyyətlər vardı, xüsusən də etnik azlıqlar, xristian
xalqlar arasında hərəkatlar başlamışdı. Bir tərəfdən də Osmanlılıq adı altına
xristianların türkləşdirilməsi siyasəti aparıldığı haqda fikirlər yayılmağa
başladı. Bununla da Osmanlı dövləti və Osmanlı xalqı ideyası uğursuz oldu.
Xüsusən də Balkanlarda başlayan hərəkatlar dövlət üçün narahatlıq yaratdı.
Sonrakı mərhələdə "İttihadi İslam”, yəni İslam birliyi ideyası ortaya atıldı.
Bu ideyanın əsasında ən azından müsəlman xalqların bir araya gətirilməsi,
bununla da dövlətin qorunub saxlanılması fikri ortaya atıldı. Amma bu birlik də
uğursuz oldu, çünki İslam dünyasında bir birlik mövcud deyildi. Xüsusən də Qərb
dövlətlərinin ərəb yarımadasında iqtisadi və enerji maraqlarına hesablanmış bir
sıra fəaliyyətləri də artıq nəticə vermişdi. Qərb ölkələri həm Balkanlarda müsəlman
albanların, həm də Yaxın şərqdə ərəblərin Osmanlıya qarşı üsyanlarında ciddi
rol oynamışdılar. Bu dönəmdə Osmanlı idarəçiləri və fikir adamları yeni birlik
modeli axtarışlarını davam edirdilər, ancaq bu dəfə əllərində sadəcə türk
faktoru vardı”.
Ancaq eyni zamanda bu dönəmdə Çar Rusiyasında baş verən proseslər Osmanlıya da təsir edir, ən əsası da Rusiyada 1905-ci ilə baş verən inqilabdan sonra bu coğrafiyada milli fikirlər, türklük düşüncəsi yayılmağa başlayıb. İlk dəfə türk fikirləri də o zaman yayılmağa başlayır:"Osmanlıda türk sözündən istifadə edilmədiyi dönəmlərdə Çar Rusiyasındakı türk ziyalılar bu sözdən istifadə etməyə başladılar. 1907-ci ildə Rusiyada yenidən repressiyalar gücləndiyi üçün ordakı ziyalıların bir qismi İstanbula köçməyə məcbur oldu. Bunların içərisində "Türk Ocakları”nı quranlar arasında yer alan Kazan tatarlarından Yusuf Akçura, Azərbaycandan Əhməd Ağaoğlu və Əlibəy Hüseynzadə Turan, eləcə də daha bir çox ziyalılar o zaman İstanbula gəldilər. Türkiyədə bu insanlar türkçülür hərəkatını irəli aparan insanlar oldular. 1908-ci ildə Yusuf Akçuranın rəhbərlik etdiyi "Türk Dənəyi” adı ilə təşkilat quruldu. Amma bunun ideyası daha əvvələ gedirdi. Osmanlıda türkçülük hərəkatlarının yaranmasında ən önəmli təsirlərindən biri də Rusiyada və eləcə də Avropada yaranmış türkoloji fəaliyyətləri idi. Rusiya İmperiyası ərazisində böyük sayda türk xalqları yaşadığı üçün Çar hakimiyyətinin bunları daha yaxından tanıması lazım idi. Hətta çöl xəstəliklərini öyrənməyə qədər elmi fəaliyyətlər oldu. Ruslar bunu türkləri yaxından tanımaq üçün edirdilər, ancaq eyni zamanda türklər də özlərini tanımağa başladılar. "Hər ziyanda bir xeyir var” prinsipi burda işlədi. Bu məsələdə macar türkoloqlarının öz köklərini axtaran çalışmaları və bu dönəmdə "Orxon” kitabələrinin üzə çıxması prosesi türkçülük fikrinin inkişafına böyük töhfə oldu. Bu dönəmdə Osmanlı və Rusiya ərazisində türklər arasında da bir oyanış başlamışdı”.
1908-ci ildə İstanbulda bu gün də nəşrini davam etdirən "Türk Ocağı” jurnalı nəşrə başlayır. Bu jurnal həm də 4 il sonra yaranacaq "Türk Ocakları” Dərnəyinin fikir bazası olur. Qəribə də olsa ilk dəfə bu təşkilatın qurulması çağırışı hərbi tibb kursantlarından gəlir:"Həmin günlərdə Hərbi Tibb Məktəbdə təhsil alan 190 nəfər tələbə türk ziyalılara müraciət edərək Türklər arasında təhsil, mədəniyyət sahəsində təşkilatlanmaya çağırış edirlər. Bu çağırış müsbət nəticə verir və "Türk Ocakları” Dərnəyi qurulur. Bu təşkilatın qurulması ilə bağlı dövlətə təqdim olunan qurucular siyahısında hərbi tib məktəbinin nümayəndələri ilə yanaşı şair Məhməd Əmin Yurdakul, Əhməd Ağaoğlu və doktor Fuad Sabit bəyin adları olur. Dərnəyin ilk sədri Məhməd Əmin Yurdakul olur, daha sonra Əhməd Fərid rəhbərlik edir. Bu təşkilat ideoloji olaraq türk milliyətçiliyini şüar edir. Bu ideologiyanın qurulmasında türk dünyasından gələn ziyalıların rolunun olduğunu bilirik. Başda Azərbaycandan ola ziyalılar Əhməd Bəy Ağaoğlu və Əlibəy Hüseynzadə olmaqla. Əlibəy Hüseynzadənin türk milliyyətçiliyinin və "Türk Ocağı”nın təməl əsaslarını təşkil edən, bir mənada türk millətinin manifesti olaraq ifadə edə biləcəyimiz "Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” fikrini ortaya qoyduğunu bilirik. Daha sonra "Türk Ocağı”nın önəmli şəxslərindən biri olan Ziya Gökalp bu manifesti kitaba çevirdi. Amma bu kitabın müəllifi Ziya Gökalp olsa da, fikir atası Əlibəy Hüseynzadə Turan idi. Bu ideya 3 ayaq üzərində dayanırdı. Bunlar bir-birini dəstəkləyən, bir-birinə zidd deyil, əksinə, tamamlayan bir fikir idi.
Bu mənada türklük fikrini Osmanlıya azərbaycanlı türklər gətirdiyi halda təəssüf
ki, bu gün Azərbaycanda hələ də türklük mübahisələri başlayıb. Halbuki buradakı
(Türkiyədəki - K.R) türklərə türklüyünü öyrədənlər Azərbaycan türkləri idi. Bu
vəziyyət Azərbaycan ziyalılarının üzərinə böyük bir vəzifə qoyur, əcdadların
yolunu davam etmək onların üzərindədir”.
"Türk Ocakları” yaradıldıqdan az sonra Birinci Dünya Müharibəsi başlayıb:"Müharibə
zamanı milli fəaliyyətləri aparmaq həddən artıq çətin olsa da, Dərnək
dayanmamış, İstanbulun və daha sonra bütün Anadolunun işğalına ilk etirazları
ortaya qoyub. İzmirin işğal günü şəhərdə "Türk Ocakları”nın çağırışı ilə ilk
etiraz mitinqi olub və işğala qarşı birlik nümayiş olunub. İstanbuldakı işğala
qarşı mitinqlərin əsas təşkilatçılarından biri də "Türk Ocakları” olub.
İstanbul ikinci dəfə Antanta dövlətləri tərəfindən işğala məruz qaldıqda ilk ələ
keçirilən 3 mərkəz olub. Bunlar Məclisi Məbusan (parlament), dövlət arxivi və "Türk
Ocakları” təşkilatının mərkəzi ofisi olub.
Sonrakı dönəmdə Anadoluda başlayan istiqlal mübarizəsində "Türk Ocakları”nın rəhbərliyi
daxil olmaqla ziyalıları Atatürkün yanında yer aldılar. Hətta "Sakarya Oymağı”
adlı hərbi hissə qurulub və Yusuf Akçura rəhbərlik etdiyi bu birləşmə istiqlal
müharibəsində savaşıb. Daha sonra milli mübarizə qalib gəldikdən sonra bu heyət
bütövlükdə Mustafa Kamalın yanında yeni hökumətdə yer alıb, nazirlər
Kabinetinin mühüm bir hissəsi "Türk Ocakları”ndan idi”.
M.Şahingöz deyir ki, yeni Respublikanın milli-mədəniyyət siyasətinin müəyyən
olunmasında da "Türk Ocakları” önəmli rol oynayıb. "Tarix Qurumu” və "Türk Dil
Qurumu” "Türk Ocakları” tərəfindən, daha əvvəl bir yan qurum olaraq yaradılıb:"İlk
vaxtlarda Mustafa Kamal bu qurumların fəaliyyətini "türk Ocakları” xətti ilə
idarə edirdi. Ancaq 1931-ci ildən sonra bu qurumlar dövlət təşkilatı olaraq
ayrıca fəaliyyət göstərməyə başladılar”.
Ancaq 1931-ci ildə "Türk Ocakları”nın fəaliyyəti dayandırılıb. Bunun bir çox səbəbləri
olsa da, əsas "xarici” amil, yəni SSRİ olub:"Əsas səbəb Rusiyanın təzyiqi
idi. O zaman Türkiyə savaşdan yeni çıxmışdı. Bütün Qərb ölkələri ilə faktiki
olaraq düşmən vəziyyətində idi, yeganə dost olaraq yanında olan Sovet Rusiyası
idi. Çünki Britaniya, Fransa kimi dönəmin əsas dövlətləri ilə müharibə vəziyyətində
idi, savaş yeni bitsə də, düşmənçilik hələ təzə idi. Eyni zamanda milli mübarizə
zamanı Avropa ilə ortaq düşmənlik Rusiya ilə Türkiyəni yaxınlaşdırmışdı. Ancaq
1930-cu illər fərqli dönəm idi. "Revizionist” dönəm adlandırılan illərdə artıq
Birinci Dünya müharibəsinin nəticələrini dəyişdirməyə yönəlik ilk addımlar
atılmağa başlayırdı. Avropada diktatorlar dövrü başlamışdı. Franko, Salazar,
Hitler, Stalin artıq hakimiyyətləri ələ keçirmişdi. Dünya yeni bir savaşa
gedirdi. Bu səbəbdən də Türkiyənin o zamankı rəhbərliyi Rusiya ilə münasibətləri
pozmamaq üçün dərnəyi bağlamaq qərarı verdi. Çünki "Türk Ocakları” 1917-ci il
inqilabından sonra Rusiyanı tərk edərək Türkiyəyə yerləşən ziyalıların
toplandığı əsas mərkəz idi. Azərbaycandan Məhəmməd Əmin Rəsulzadə, Türküstandan
Mustafa Tokay, Başqırdıstandan Zəki Vəlidi Toqan və çoxlu saylı ziyalılar
Türkiyəyə sığınmışdılar. Rusiya hökuməti davamlı olaraq bu ziyalıların onlara
problem yaratdığını bildirirdi. Çünki Zəki Vəlidi Toqan Başıqırdıstan
prezidenti, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan prezidenti olmuşdu. Bunların öz
ölkələrində güclü təsiri vardı. Bu adamların çoxlu sayda jurnalları, qəzetləri
vardı. Dünya yeni savaşa gedirdi və bu savaşda özünə yeni bir düşmən qazanmamaq
üçün Ankara hökuməti dərnəyin fəaliyyətini yasaqladı. Təbii ki, müəyyən qədər
daxili faktorlar da vardı. Çünki siyasi olaraq "Türk Ocakları” o dönəmin tək
siyasi partiyası olan CHP-dən daha böyük bir qüvvəyə çevrilmişdi. Türkiyənin hər
yerində yerli təşkilatları vardı, siyasi olmasa da böyük bir gücə çevrilmişdi.
Bu isə hökuməti narahat edirdi”.
Nəticədə "Türk Ocakları” bağlanır, əmlakı dövlətə verilir və onun yerində "Xalq
evləri” yaradılır. Yalnız 1949-cu ildə Türkiyə çoxpartiyalı sistemə keçdikdən
sonra, yumşalma olur və bu zaman "Türk Ocakları” da bərpa olunur. "Türk Yurdu”
dərgisi də nəşrini davam etdirməyə başlayır:"O tarixdən bu yana "Türk
Ocaklari” fəaliyyətini davam etdirir. Türk dünyası ilə fəaliyyətimizi davam
etdiririk. Bir neçə "gənclik qurultayları”nı Balkanlarda, Kırımda, Türkiyədə,
Kıbrısda, Azərbaycan və Qazaxıstanda keçirdik. Bu dərnək əsasən elmi dərnəkdir,
80 vilayətdə olan yerli təşkilatlarımızın, o cümlədən mərkəzi idarə heyətində təmsil
olunanların demək olar ki, hamısı universitet müəllimləridir. Mədəni fəaliyyətlərimiz
var, simpozyumlar təşkil edirik. Sonuncu tədbirimiz Qaqauziyada Həmdullah Sübhi
bəyə həsr olunmuş simpozium keçirdik. "Türk Ocakları”na rəhbərlik etmiş Həmdulla
bəy daha sonra Rumıniyada səfir olmuş və burada qaqauzları Türkiyəyə
tanıtmışdır.
Hazırda Türkiyədən kənarda iki ofisimiz var Almaniyada. Ancaq qədimdə, Bakıda və
Daşkənddə yerli qurumlarımız olub.
Bununla bağlı yazar Akif Aşırlının ("Şərq” qəzetinin baş redaktoru-red.) geniş araşdırması Bakıda dərc olunub. Daha sonra "Türk Ocakları” bu kitabı Türkiyədə çap etdirdi”.
Kənan Rövşənoğlu,
Musavat.com