Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin "Mühacirlərin dönüşü” adlı kitabı bu günlərdə TEAS Press Nəşriyyat evi tərəfindən nəfis tərtibatla çapdan buraxılıb. Kitabda Azərbaycanın mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar verilir.

Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmmədəli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi görkəmli şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur.

Kitabda 1918-ci ildə Məhəmmədəmin Rəsulzadənin rəhbərliyi ilə İstanbula göndərilən Azərbaycan nümayəndə heyətinə aid nadir foto da öz əksini tapıb. Müəllif bu fotonu İstanbulda bir kitabçıdan satın alıb.

Dilqəm Əhmədin verdiyi məlumata görə, ötən il mühacirət arxivlərinin alınması üçün elan edilən kampaniya nəticəsində, həmvətənlərimizin dəstəyi ilə həmin arxivlərin bir qismini almaq mümkün olub: "Həmin sənədlər əsasında bu kitabı ərsəyə gətirdik. Kitabda onlarla məktub, foto var ki, ictimaiyyətə ilk dəfə təqdim edilir. Əsəri öz hesabına, təmənnasız çap etdiyinə görə TEAS Press Nəşriyyat evinə dərin minnətdarlığımı bildirirəm. Kitabın ikinci cildi üçün yeni kampaniyaya başlamışıq. Kampaniyamıza dəstək olarsa, cümhuriyyətimizin 100-cü ildönümünə yeni kitab həsr edəcəyik”.

Qeyd edək ki, bu, TEAS Press Nəşriyyat evinin həmin mövzuda çap etdiyi ilk kitab deyil. Bundan əvvəl də nəşriyyat bu mövzuya müraciət edərək, Ədalət Tahirzadə və Oğuztoğrul Tahirlinin "Azərbaycan Cümhuriyyəti tələbələri. Tarixi arayış. Bəlgələr. Yaşamlar”, Giorgi Mamulia və Ramiz Abutalıbovun "Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi, 1920-1945”, Xaləddin İbrahimlinin "Azərbaycan mühacirəti tarixi”, Dilqəm Əhmədin "Fərqlilər. Yeni fotolar, yeni sənədlər” kitablarını çap edib.

"Mühacirlərin dönüşü” kitabının elmi redaktoru professor Ədalət Tahirzadə, nəşriyyat redaktoru Kərim Kərimlidir.

Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbə olan bu kitabları paytaxtın kitab mağazalarından əldə etmək olar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300