Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevin jurnalist Fərqanə Novruzovaya qarşı kobudluq etməsi günlərdir social şəbəkərlərdə və mətbuatda müzakirə olunur.

Jurnalistisə bununla bağlı prokurorluğa müraciət edəcəyini açıqlayıb. O, bildirib ki, sənədlər hazırlanır, bu gün, yəni aprelin 19-da Yasamal Rayon Prokurorluğuna şikayət veriləcək"

Qeyd edək ki, F. Novruzovanın nümayəndəsi hüquqşünas Samirə Ağayevadır.

O da mətbuata açıqlamasında prokurorluğa "jurnalist fəaliyyətinə mane olma maddəsi" əsasında müraciət edəcəklərini bildirib: "Prokurorluqdan xahiş edəcəyik ki, icra başçısı İbrahim Mehdiyev Fərqanə xanıma qarşı olan əməllərinə görə, Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə məsuliyyətə cəlb olunsun, ona cinayət işi açılsın. Hazırda şikayətin hazırlanması ilə məşğulam. Şikayətə əlavə olaraq bir videodisk də əlavə olunacaq və o da şikayətlə birlikdə bu gün göndəriləcək. Şikayətin əlavə məlumatında icra başçısının əməllərini təsdiqedəcək şəxslərin adları da var. Hazırda şikayətin tərtib olunması davam edir”.

Xatırladaq ki, aprelin 12-də "Sovetski" sakinləri Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısına salınmış "Hacı Cavad" məscidinin sökülməsinə etiraz olaraq aksiya keçiriblər. Hadisə yerinə gələn Yasamal rayonun icra başçısı İbrahim Mehdiyev ondan açıqlama almaq istəyən jurnalist Fərqanə Novruzovaya qarşı kobudluq edib.

Məsələni müzakirə edənlərin əksəriyyəti icra başçısının haqsız olduğunu qeyd etsələr də, jurnalistin onu təhrik etməsi ilə bağlı rəylər səsləndirənlər də az olmayıb.

Media ekspertləri və jurnalist təşkilatlarının rəhbərləri isə burada icra başçısı tərəfindən jurnalistə qarşı edilən hərəkəti tənqid ediblər.
"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev "Yeni Müsavat”açıqlamasında bildirib ki, burada jurnalist sadəcə öz peşə fəaliyyətini yerinə yetirib: "Bu görüntülərdə icra başçısının kobud davranışı öz əksini tapıb. Lakin onun Fərqanəyə şillə vurması faktı videoda əksini tapmayıb. İcra başçısı onun kamerasını itələyib. Bu yolverilməz hərəkətdir. Dünya təcrübəsində də görürük ki, jurnalist dövlət məmurundan informasiya əldə etmək üçün israrlı davranır. İcra başçısı səlahiyyətli şəxsdir, informasiya verməyə borcludur. İnformasiya vermək istəmədikdə belə, jurnalistlə mədəni şəkildə ünsiyyət quraraq bunu bildirməlidir. Qeyd etməlidir ki, bu haqda açıqlamanı indi deyil, bir qədər sonra verəcək və ya mətbuat konfransında verəcək”.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev qeyd etdi ki, burada jurnalistin heç bir günahı yoxdur: "Azərbaycanda icra başçıları təəssüflər olsun ki, ən mədəniyyətsiz bir zümrəyə çevriliblər. Əhalinin bütün təbəqələrinin, o cümlədən də jurnalistlərin o zümrə ilə ciddi problemləri var. Dəfələrlə bu məsələlər Prezident Administrasiyası səviyyəsində qaldırılıb. Lakin heç bir nəticəsi yoxdur. Tam cəzasızlıq mühiti onlara imkan verir ki, kamera qarşısında da, əhalinin önündə də belə hərəkətlər etsinlər. Biz dəfələrlə icra başçısının hansısa vətəndaşı döyməsini, jurnalistlərə qarşı hörmətsizlik etməsini, aşağılamasını, onlara təzyiq göstərməsini görmüşük. Hələ ki, cəza alan olmayıb, qüsurları ilə artıq gözə girənlər isə vəzifəsindən kənarlaşdırılıb. Bu cür cəzasızlıq mühitində formalaşmış icra başçıları hələ daha pis ola bilərdilər... Bu halda Yasamal rayon icra başçısını məhkəməyə vermək olar. Mən hesab edirəm ki, ümumiyyətlə belə halları məhkəmədə hallandırmaq lazımdır, kənarda qoymaq olmaz. Həmin şəxs və ya onun təmsil etdiyi KİV öz hüquqlarını bərpa etməyə çalışmalıdır. Amma bütövlükdə bur prosesi qiymətləndirmək istəyirəm ki, tamamilə lazımsız olan icra hakimiyyəti institutunu ləğv etmək lazımdır. Normal ölkələrdə belə strukturlar, belə vəzifələr yoxdur. Bu əlavə vəsait yığmaq üçün, hansısa dairələri qorxuda saxlamaq üçün yaradılmış zümrələrdir. Nə iqtisadi, nə də kənd təsərrüfatı baxımından rayonlarda heç bir rola malik olmayan qurumdur. Yalnız inzibati rolu var ki, əhalini qorxutmağa, itaətdə saxlamağa yarayır. Başqa heç bir rol oynamırlar. Haradasa Təhsil Nazirliyinin funksiyasını yerinə yetirirlər, haradasa Səhiyyə Nazirliyinin funksiyasını yerinə yetirirlər, ancaq özlərinin heç bir spesifik rola və ya vəzifəyə malik deyillər. Mən bütövlükdə bu baxımdan qiymətləndirmək istəyirəm ki, bu cəzasızlıq mühiti cəmiyyətin dəyərlərini sarsıdır. Jurnalistlərin heç bir əsas olmadan məhkəmələrdən çıxarılmasının da şahidi olmuşuq. Digər strukturlarda da belə hallara rast gəlmişik”.

Arif Əliyev vurğuladı ki, jurnalist sərt sual versə də, hətta təhrik etsə də, icra başçısı kimi yüksək vəzifə nümayəndəsi heç bir şəxslə bu cür davrana bilməz: "Onun belə bir hüququ yoxdur. O, hakimiyyət nümayəndəsidir. Əgər kimsə hakimiyyətə qarşı haqsızlıq edirsə, bu o demək deyil ki, o, çomağını götürüb vətəndaşı vurmalıdır. Jurnalistə əl qaldırmaq, onun informasiya əldə etmək hüququnun qarşısını almaq faktiki olaraq qanundan kənar əməllərdir. Nə qədər ki cəzasızlıq mühiti var, onlar bu əməllərini davam etdirəcəklər. Çünki nə təhsil , nə də mədəniyyət baxımından onlar elə bir ciddi səviyyəsi olmayan şəxslərdir”.

Nərgiz LİFTİYEVA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300